HƏQİQƏTİN GÖZÜNÜN İÇİNƏ DÜZ BAXMAQ
1-8-2014

Bu yazını yazmaya da bilərdim. Amma savadlı, bilikli dostlarımızın da ucuz emosiyalara qapılması (bəzən onları ədəbiyyatçı, yazıçı olduğu üçün anlamaq istəyirəm, amma bacarmıram), həqiqətin gözünün içinə düz baxa bilməməsi məni “yaz” deyə vadar etdi.
Azərbaycan dünyəvi dövlətdir, konstitusiyası var, insanların vicdan azadlığı orada təsbit olunub. Hər kəs istədiyi kimi inana bilər. Amma bu prosesin xaotik şəkil almaması üçün müvafiq qanunlar və ənənələr mövcuddur. Dövlət inanc azadlığının təminatçısıdır və müvafiq qurumlar bu işin öhdəsindən lazımınca gəlməyə çalışır.
Bir elm adamı, bir yazıçı, bir siyasətçi, bir məmur ilahiyyatçı olmaya bilər, amma dinə inanması və əməl etməsində, buna dair fikir söyləməsində heç bir problem olmamalı və yaşanmamılıdır, deyə düşünürəm. Çünki nəhayətdə həmin insan da fərddir və inanır. İnandıqlarını içində saxlamaqdansa, başqaları ilə bölüşməsi onun təbii haqqıdır, hörmətlə yanaşmaq bütün digər vətəndaşlarımızın da borcudur.
Azərbaycanlılar daim tolerans və dözüm göstərməkdə başqalarına nümunə olmuşdur. Müxtəlif din və məzhəb mənsubları burada bir arada yaşamış və yaşamaqdadır.
Azərbaycan əhalisinin təxminən 94 faizi müsəlmandır. İslamın keçdiyi tarixi yolda azərbaycanlıların hər sahədə mühüm rolu olub, bu danılmazdır. İslam şəriəti formalaşdıqca və dünya düzəni dəyişdikcə yeni məktəblər yaranmış, ənənələr qorunub saxlanmağa çalışılmışdır.
Azərbaycanda ateizmin yayılmağa başlamasına qədər məzhəbsizlik bir ictimai xəstəlik kimi görünürdü və bəzən təhqir (yumşaq desək, söyüş) vasitəsi kmi istifadə olunurdu. Ədəbiyyatçılar ədəbi əsərlərimizə bir daha yaxşı baxsalar bunu aydın görərlər. Məzhəbsiz olmaq əqidəsiz, ədəbsiz olmaq mənasına gəlirdi.
Tariximizdən bəllidir ki, Azərbaycanda ənənəvi islam məzhəbləri XV-XVI əsrlərə qədər sünni əsaslı şafiilik və hənəfilik məzhəbləri olmuşdur. Azərbaycan coğrafiyasından olub, həmin tarixlərdən əvvəl hənbəli və maliki məzhəbləri haqqında əsər yazan alimlərimiz, eləcə də daha sonralar ortaya çıxmış şiə və sələfi əqidələri haqqında əsər yazan alimlərimiz yox deyəcək qədər azdır, yoxdur da deyə bilərik.
Lakin XV əsrdən bu günə qədər çox müddət keçib və ənənəvi islam məzhəblərindən biri kimi şiəlik də formalaşmışdır. Siyasi əhəmiyyət kəsb edən və qızılbaşlıq, şahsevənlik kimi ortalığa çıxan bu dini cərəyan Nadir şah dövründə indiki bildiyimiz cəfərilik adını almışdır. Din dövləti olan Səfəvilər dövlətində rəsmi məzhəb şiəlik olsa da, zamanla sünni şafii və hənəfi məzhəbi mənsubları ilə bir-birlərini yaxından tanımış və qəbullanmışlar. Bunun də əsas səbəbi Azərbaycan şiəliyinin sufizmdən gəlməsi olmuşdur. Odur ki, tarixdə bəzi xırda məqamları nəzərə almasaq bölünmə olmamışdır. Mənim kəndimdə olduğu kimi yolun altı şiə, üstü isə sünni kəndləri olmuşdur, qız verib, qız almışlar.
Hazırda şiələr ölkəmizdə müsəlmanların təxminən 65 faizini təşkil edir. Yerdə qalan müsəlmanların əsas hissəsini ənənəvi sünnilər – şafiilər və hənəfilər təşkil edir. Azərbaycan tarixini və buradakı dini durumu anlamaq üçün mütləq bu həqiqətin gözünün içinə düz baxmaq lazımdır. Yoxsa, “nə şiəyəm, nə sünni, əsl müsəlmanam” yanıltmacaları ilə iş düzəlməz, cizgilər vardır və bu cizgiləri həssas tərəflər nəzərə almalıdır.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkəmizə bir də qeyri-ənənəvi, lakin dünyada geniş yayılmış və əksəriyyəti özünü nə şiədən, nə də sünnidən (ənənəvi sünnilər ya maturidi, ya da əşari əqidəsindədir) hesab edən sələfi əqidəsinin təəssübkeşləri də daxil olmuşdur. Qeyd etmək istərdim ki, sələfi əqidəsi düşünülənin əksinə ənənəvi sünnilərin içərisində deyil, məhz şiələrin arasında geniş yayılmaqdadır. Ən azından öz rayonumdakı müşahidələrim bunu deməyə əsas verir. Sosioloqlar bunun səbəbini də gərək araşdırsınlar.
Əlqərəz, bu bayram günlərində yenidən ortalığa çıxan məzhəb mübahisələrində dinin İran, Səudiyyə-Ərəbistanı və Türkiyə kimi siyasiləşmədiyi Azərbaycanda tərəfgirlik etmək, hansısa cizgiləri aşmaq ümumi topluma zərər verdiyi kimi, dinin siyasiləşməsinə də gətirib çıxarır. Şeyxülislam Qazilər Şurasının yekdil qərarı ilə fətva versə də, artıq 31-ci günü oruc tutmağa məcbur edilən sünni kəsimi nəzərə almalı idi, bunun üçün sadəcə İrana baxmaq deyil, geniş mənada dünyaya və cihazlara baxmaq kifayət edərdi. Ümumilikdə, düşünürəm ki, din böyüklərimiz və bu məsələdə fikir yürüdənlərimiz unutmasınlar ki, Azərbaycan İran, Səudiyyə-Ərəbistanı və Türkiyə kimi hər hansı bir məzhəb hegomoniyasına malik deyil və iddiada da deyil, ona görə də müxtəlif fikir və düşüncələrin olması bölünmüşlük kimi görülməməli, inanc azadlığı kimi yozulmalıdır.
Azərbaycan müsəlmanlarının ikiməzhəbli olmasını qəbullanmağı, bundan narahat olmamağı, bir-birlərini sevməyi bacarmağı həqiqətin gözünün içinə düz baxmaq kimi qəbul edirəm.

Oxunub: 1647