TƏHSİL VƏ ELM OCAĞI: SEYİD CƏFƏR PİŞƏVƏRİ ADINA RESPUBLİKA HUMANİTAR FƏNLƏR GİMNAZİYASI
5-5-2018

 Məktəb seçimi zamanı valideynlərin qarşısına çox alternativlər çıxır. Yaşayış yerinə yaxın məktəbləri seçən valideynlərlə yanaşı, təhsilverənlərin şəxsiyyətyönümlü insan yetişdirdiyi və bu sahədə təcrübəsi geniş olan məktəblərə üstünlük verən valideynlər də çoxdur. Bəzən məktəblinin özünün fərdi xüsusiyyət və keyfiyyətlərinə də diqqət yetirən məktəblərə və təhsilverənlərə ehtiyac duyulur. Bu mənada özəl məktəblərin təcrübəli və müasir təhsil standartlarını əsas alan müəllimləri xüsusilə seçilir. Amma özəl məktəblərdə övladını öxutmağa hər valideynin imkanı çatmır. Mən də son zamanlar yaşadığım Şamaxı şəhərindən qayıtdıqdan sonra hərəkətliliyi və sərbəstliyi ilə seçilən qızım Fidan üçün məktəb axtarışına başladım. Fidan bir neçə məktəbə daxil olmaq üçün imtahan versə də, Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasına daxil oldu.

Əvvəlcə qeyd edim ki, Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası 1959-cu ildə fəaliyyətə başlayıb, 1992-ci ildən Gimnaziya statusu alıb. Gimnaziyada təhsil iki səviyyəlidir:
- Ümumi orta təhsil (V-IX siniflər);
- Tam orta təhsil (X-XI siniflər).
Niyə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasını seçdik? Çünki, Gimnaziyada təhsil səviyyəsinin yüksəldilməsi üçün danışıq klubları, respublika və beynəlxalq olimpiadalara hazırlıq dərnəkləri, IQ təlimləri, dəyirmi masa, debat, forumlar, elmi-praktik konfranslar, müsabiqə və intellektual yarışlar keçirilir. Zəif nəticə göstərən şagirdlər üçün əlavə məşğələ və konsultasiyalar təşkil olunur. "Hər bir şagird fərqlidir" prinsipi ilə məktəb praktik psixoloqunun təşkil etdiyi seminarlar və konsultasiyalar maraq doğurur. Müdiriyyətin keçirdiyi monitorinqlərlə müntəzəm olaraq şagird nailiyyətləri izlənilir. Tədris prosesinin təşkilində interaktiv təlim metodları tətbiq olunur, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi vəziyyəti daimi nəzarətdə saxlanılır, bu məqsədilə mütəmadi açıq dərslər təşkil edilir. Dərs müddətində müəllim-şagird, şagird-şagird əməkdaşlığının və dialoji təlimin formalaşması məqsədilə siniflər üzrə özünü qiymətləndirmə üsulundan istifadə edərək sorğular aparılır. Müəllimlər tərəfindən elektron resurslar hazırlanır və dərslərdə istifadə olunur. Məktəb-valideyn əməkdaşlığının formalaşdırırılması məqsədilə valideyn klubu təşkil edilib. Valideynlər üçün şagird nailiyyətlərinin qiymətləndirilməsi meyarları haqqında seminarlar təşkil olunur, onların dərsdinləmələrdə iştirakı təmin edilir və dərsdinləmələrdən sonra müzakirələr aparılır. Hər ayın sonu bütün siniflər üzrə müxtəlif fənlər üzrə monitorinqlər keçirilir.
Qeyd edim ki, Gimnaziya beş günlük dərs həftəsi ilə işləyir. Dərslər səhər 08:30-da başlayır. Birnövbəlidir. Dərs bitdikdən sonra əvvəlcə şagirdlərin asudə vaxtı, sonra isə etüd saatları olur. Asudə vaxtın təşkili şagirdlərin məktəb həyatında daha vacib rol oynayır. Dərs bitdikdən sonra şagirdlər Gimnaziya yeməkxanasında nahar edirlər. Nahardan sonra muxtəlif sosial fəaliyyətlərlə - gimnaziya həyətində müxtəlif idman oyunları, sinif təşkilat saatları, debat, şahmat, diyarşünaslıq, gənc bələdçilər(turizm), ingilis dili danışıq, eko klub və s. dərnəklərdə məşğul olurlar. 15:30-dan etibarən etüd saatı olur. Etüd zamanı tərbiyəçi müəllimlər şagirdlərlə məşğul olur, onların nizamlı olaraq dərslərini çalışmasına yardım edirlər.
Gimnaziyanın yataqxanası var. Başqa rayonlardan və Bakının uzaq qəsəbələrindən gələn şagirdlər üçün orada rahat şərait yaradılıb. Şagirdlər yataqxanada gecələdikləri günlərdə tərbiyəçi müəllimlər onların asudə vaxtlarını təşkil edir, müxtəlif fəaliyyətlər həyata keçirilir.
Gimnaziyada bütün şagirdlər dövlət hesabına təhsil alır. Hazırda Gimnaziyanın binasında əsaslı təmir işləri aparılır. Gimnaziya müasir formada qurulur, avadanlıqlarla təchiz edilir. Gimnaziyanın yeni binası sentyabr ayından etibarən şagirdlərin istifadəsinə veriləcəkdir.
Gimnaziyanın məzunları yüksək nəticələrlə - 2015/2016-cı tədris ilində 93%; 2016/2017-ci tədris ilində 96% nəticə göstərərək ali məktəblərə qəbul olublar. Əvvəlki illərdə də gimnaziyanı bitirən və bu gün respublikada kifayət qədər yüksək nüfuza malik olan məzunlar var. Onlardan biri Azərbaycanın yeni Kənd Təsərrüfatı Naziri İnam Kərimov Gimnaziyanın 1994-cü il məzunudur.
Gimnaziyada savadlı və yüksək potensiallı müəllimlər dərs deyir. Son iki ildə Gimnaziyada Müəllimlərin İşə Qəbulu imtahanından yüksək bal toplayan 12 yeni müəllim işləməyə başlamışdır. 2016/2017-ci tədris ilindən Gimnaziyaya şagird qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzləşmiş imtahanı ilə aparılır və qəbul üçün müraciət edənlərin sayı ildən-ilə artır.
Mənim Gimnaziyaya yolum ilk dəfə tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədlinin "Şəhidlərə kəfən lazım deyil" pyesi əsasında Gimnaziyanın Teatr Klubunun hazırladığı səhnəciyə tamaşa etmək üçün düşmüşdü. Maraqlı idi ki, tamaşada şagirdlərlə yanaşı, ana rolunda Gimnaziyanın direktor müavini Cəmilə Allahverdiyeva da iştirak edirdi. Müəllim və şagird münasibətlərinin bu səviyyəsi hələ o zaman məndə xüsusi maraq oyatmışdı.
Gimnaziyanın rəhbərliyinin təşəbbüsü ilə məktəblilər üçün "Qarabağ və mədəni irsimiz" mövzusunda seminar verəndə onların necə sərbəst düşündüklərini və davrandıqlarını mənə ünvanladıqları suallardan da görürdüm. 
Gimnaziyadakı bu araşdırma və şəxsiyyət yönümlü mühit 2017-ci ildə eksperti olduğum “Arxeoməktəb: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığı” layihəsini uğurla həyata keçirməyə şərait yaratmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən bu layihə nəticəsində Gimnaziyada Arxeoməktəb Klubu yaradıldı. Layihənin rəhbəri, gimnaziyanın Tarix müəllimi Anar Əliməmmədov klubun rəhbəri, psixoloq Fəridə Əliyeva isə klubun əlaqələndiricisi seçildi. Anket-sorğu ilə seçim əsasında 40 “məktəbli arxeoloq” klubun işinə cəlb edildi. Məktəblilər, müəllimlər və valideynlərlə işləyərək Gimnaziyada təşkil olunmuş otaqda təsadüfən aşkar edilmiş arxeoloji, həmçinin etnoqrafik materiallar toplandı. Arxeoloqlarla görüşlər keçirildi Arxeoməktəb Klubunun üzvləri üçün “Arxeoməktəb klubunun fondunun yaradılması və inventarlaşdırma” mövzusunda təlim keçdim. Məktəbli arxeoloqlara arxeoloji materiallarla işləmək, onların pasportunun hazırlanması və inventarlaşdırma ilə bağlı məlumat verildi. AMEA-nın müxbir üzvü, görkəmli tarixçi-alim Vəli Əliyev məktəbli arxeoloqlar üçün “Arxeologiya tariximiz” mövzusunda məruzə ilə çıxış etdi. Məktəbli arxeoloqlar Milli Azərbaycan Tarixi Muzeyində Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadənin muzeyin arxeoloji materialları ilə bağlı mühazirəsini dinlədilər. Məktəbli arxeoloqların Şamaxı-Ağsu arxeoloji ekspedisiyası zamanı Qobustan rayonundakı Diri Baba türbəsi, Şamaxı Diyarşünaslıq Muzeyi, Şamaxı Cümə Məscidi, Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi ilə tanışlıq oldu. Məktəbli arxeoloqlar üçün arxeofotoqrafiya təlimi keçirildi. Daha sonra şagirdlər müəyyən edilmiş qazıntı sahəsində mənim rəhbərliyim ilə imitasiya olunmuş arxeoloji qazıntıda iştirak etdilər. Qazıntı zamanı məktəbli arxeoloqlar orta əsrlər dövrünə aid 5 ədəd mis sikkə, saxsı qab parçaları, müxtəlif metal əşyalar və heyvan sümükləri aşkar etdilər. Məktəbli arxeoloqlar layihə çərçivəsində öyrəndikləri, gördükləri və qazandıqları təcrübələrlə bağlı digər məktəblilər qarşısında təqdimatla çıxış etdilər.
Yaxşı ki, mən Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasını tanıdım, qızımın təhsili və tərbiyəsini belə təcrübəli müəllimlərə və tərbiyəçilərə etibar etdim.
Oxunub: 1782