18-20 mart 2010-cu il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin Qazi-Mağusa şəhərində Doğu Akdeniz Universitetinin təşkilatçılığı ilə beynəlxalq konfrans və festival keçirildi.
Azərbaycan konfransda Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix elmləri namizədi Fariz Xəlilli, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçiləri – tarix elmləri namizədi İdris Əliyev və tarix elmləri namizədi Ceyhun Eminli, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ülviyyə İmamverdiyeva ilə təmsil olunurdu.
18 martda film və foto sərgisinə təqdim olunmuş işlərə baxıldı, gənc sualtı tədqiqatçıların layihələri dinlənildi və juri tərəfindən qiymətləndirildi.
19 martda 4-cü “Sualtı Tədqiqatlar” konfransı öz maraqlı məruzələri ilə davam etdi. Kipr, Türkiyə, Rusiya, İtaliya, Nigeriya, Ukraynadan olan məruzəçilərin çıxışları nəinki sualtı arxeologiyanı, eləcə də biologiya, ekologiya, pedoqogikanı da əhatə edirdi.
Mənim çıxışım “Milli Azərbaycan Tarixi Muzeyində sualtı arxeoloji materiallar” adlanırdı. Məruzəni dinləyən Bodrum Muzeyinin əməkdaşları onların Muzeyində Azərbaycanın sualtı arxeoloji materialları mövzusunda seminar verməyi xahiş etdilər. Konfrans iştirakçılarına Viktor Kvaçidzenin “Xəzər Atlantidası” kitabını, Muzeyin son buklet və kataloqlarını hədiyyə etdim. Muzeyin 90 illiyi münasibətilə keçiriləcək bəzi tədbirlər haqqında məlumat verdim.
20 martda Qazi-Mağusa qalası, Salamis xarabalıqları, Girnə qalası, Girnə Sualtı Muzeyi, Barnabas Kilsəsi ilə tanış oldum.
Konfrans müddərində Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşdük.