Fariz Xəlillinin İtaliyanın Palermo şəhərində 24-26 may 2010-cu il tarixində keçirilən 2-ci “Mədəni İrsin Konservasiyasında Gənclər” Beynəlxalq konfransında iştirakına dair hesabatı

24-26 may 2010-cu il tarixlərində İtaliyanın Palermo şəhərində “Mədəni İrsin Konservasiyasında Gənclər” beynəlxalq konfransı keçirildi. Konfransın təşkilatçıları İtaliya Konservasiya Alimlərinin Assossasiyası (İtalian Association of Conservation Scientists – IA-CS), İtaliya Milli Tədqiqat Mərkəzi Nanostrukturlu Materiallar İnstitutu (The Natioanl Research Council of İtaly İnstitute of Nanostructured Materials – CNR-ISMN), Palermo Regional Restavrasiya və Planlaşdırılma Mərkəzi (The Regional Centre of Planning and Restoration – CRPR), Palermo Universiteti idi.
Azərbaycan konfransda Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix elmləri namizədi Fariz Xəlilli, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçiləri – tarix elmləri namizədi Ceyhun Eminli və Namiq Hüseynli ilə təmsil olunurdu.
Mayın 24-də üzvi və tekstil materialların, şüşə və saxsı məmulatının konservasiyasından bəhs edən maraqlı məruzələr dinlənildi. Katya Kavklerin həmmüəllifliklə təqdim etdiyi “Tarixi tekstil nümunələrinin mikrobioloji tənəzzülü” məruzəsi konfransın ən yaxşı məruzəsi elan edildi.
Mayın 25-də posterlər İtaliya Milli Tədqiqat Mərkəzi Nanostrukturlu Materiallar İnstitutundakı (CNR-ISMN) panellərdə asıldı. Fariz Xəlillinin “Milli Azərbaycan Tarixi Muzeyində mühafizə edilən arxeoloji tekstillərin öyrənilməsi və konservasiyası” adlı posteri konfransın ən yaxşı posteri elan edildi.
Həmin gün mədəni təcrübə mübadiləsi, metal və daş məmulatının konservasiyası mövzusunda məruzələr dinlənilmişdir. Namiq Hüseynli həmüəllif olaraq “Mədəni irsimizin mühafizəsində orta əsr Şəmkir şəhərinin yeri” və Ceyhun Eminli həmmüəllif olaraq “Azərbaycanda arxeoloji abidələrin qazıntısı, konservasiyası və əhəmiyyəti” məruzələrində Azərbaycanın arxeoloji abidələrinin qorunması və konservasiyasından danışmışlar.
Mayın 26-da boyalar və divar rəsmlərinin konservasiyası haqqında maraqlı məruzələr dinlənildikdən sonra konfransın mükafatları elan və təqdim edildi.
Konfrans müddətində və sonra Palermo şəhərindəki arxeoloji və memarlıq abidələri, bərpa mərkəzləri ilə yaxından tanış olduq.Mədəni İrsin konservasiyasında gənclərin aktivliyini artırmaq üçün növbəti konfranslardan birinin Azərbaycanda keçirilməsi məqsədəuyğun olardı.

Oxunub: 1039