MİRAS arxeoloji materiallar əsasında Azərbaycan milli geyimlərini bərpa etmək niyyətindədir
22-9-2014

Tarixi, mədəni, memarlıq, ədəbi irsimizin öyrənilməsi sahəsində fəaliyyət göstərən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctmai Birliyi hazırda Azərbaycanda milli geyimlərin öyrənilməsinə “Şirvan milli geyimlərinin rekonstruksiyası” layihəsi ilə start verib. Bu məqsədlə Birliyin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Nuridə Hüseynova 9-15 sentyabr 2014-cü il tarixlərində İstanbul şəhərinə ezam olunmuş və 9-12 sentyabr 2015-ci il tarixlərində İstanbul Bərpa və Konservasiya Mərkəzini və Bölmə Laboratoriyasını (İstanbul Restorasyon ve Konservasyon Merkez ve Bölge Laboratuarı Müdürlüğü), Təbii Boya Araşdırmaları və İnkişafı Laboratoriyasının işi ilə tanış olmaqla yanaşı, geniş təcrübə mübadiləsi aparmışdır.
Bununla əlaqədar, 10 sentyabr 2014-cü il tarixində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli, MİRAS üzvləri Gülşən N.Hüseynova və Nuridə Hüseynova sözügedən laboratoriyalarda olmuş, onların rəhbərliyi ilə görüşmüş, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etmişlər.
Professor, doktor Ali Osman Avşarın rəhbərlik etdiyi, Topqapı Sarayı Muzey Kompleksində yerləşən, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan İstanbul Restorasyon ve Konservasyon Merkez ve Bölge Laboratuarı Müdürlüğü tekstil, metal, qrafika, ağac, sualtı tapıntıların bərpası, keramika, şüşə, kimya, gön-dəri bölmələrindən ibarətdir və Türkiyə Cümhuriyyətində mövcud muzeylərə xidmət göstərir, bölgə laboratoriyalarının fəaliyyətini əlaqələndirir. Laboratoriyada çalışan bərpaçı-konservator Uğur Gencin müşayiəti ilə bölmələrin fəaliyyəti haqqında geniş məlumat alınmış, həmin gün iş başında olan mütəxəssislərlə görüşülmüşdür. Mütəxəssislərin əksəriyyəti çöl ekspedisiyalarında, bölgə laboratoriyalarında muzeylərdə, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan obyektlərdə praktik fəaliyyət, metodiki köməklik göstərirlər. Bu bölmələrin əhatə etdikləri sahələr üzrə mütəxəssislər arxeoloji artefaktların, muzey əşyalarının bərpası və konservasiyası ilə məşğuldurlar. Laboratoriya rəhbərliyi Nuridə Hüseynovaya tekstil bölümündə fəaliyyəti üçün şərait və səmərəli təcrübə mübadiləsi üçün işgüzar mühit yaratmışdır. Tekstil bölümündə Seda Büyükbayrak və Yasemin Çetiner hazırda üzərində çalışdıqları bayraq haqqında, eksponatın konservasiyaya hazırlıq prosesindən və onun üzərində görüləcək işlər haqqında ətraflı məlumat vermişdir.
Nuridə Hüseynova digər bölmələrdə xəttatlıq nümunələrinin, qəndillərin, su altından tapılmış Eros heykəlinin, saxsı kuzələrin, dəri qalxanın və s. əşyaların üzərində aparılan bərpa və konservasiya işləri ilə tanış olmuşdur. Laboratoriyanın müdiri Ali Osman Avşarla görüş zamanı bərpa və konservasiya sahəsində müştərək layihə, simpozium, dəyirmi masa, işgüzar görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qənaətinə gəlindi və bu sahədə fəaliyyəti genişləndirmək məqsədilə gələcək perspektivlər müzakirə olundu.
Növbəti görüş Mədəni İrsi Qoruma və Təbbi Boya Laboratoriyasında Prof.Dr. Receb Karadağ və laboratoriyanın aparıcı mütəxəssisi Emine Torganla olmuşdur. MİRASla sıx əməkdaşlıq bağları olan laboratoriya müasir təchizatı və işə kompleks yanaşması ilə fərqlənir. Burada analitik tədqiqatla yanaşı, təcrübi tətbiq də geniş inkişaf edib. Avropada tanınan laboratoriya yaxın zamanlarda akkreditasiyalı beynəlxalq elm ocağına çevriləcək.
Laboratoriyanın analitik bölməsində mövcud müasir avadanlıqların X-RF spektroxromatoqrafın, ultrasəs hamamının, infraqırmızı, kolormetr avadanlıqlarının, 3D və müxtəlif təyinatlı optik, elektron mikroskopların və s. köməyi ilə liflərdə, iplik və saplarda təbii boyaların, strukturların texniki təhlili aparılır, destruksiyaya uğrama səviyyəsi müəyyənləşdirilir, onların kimyəvi və fiziki xüsusiyyətləri əsasında bərpanın üsulu təklif edilir. Bütün bunlar 1 mq-lıq nümunənin təhlilinin nəticəsidir. Təhlillər dağıdıcı olmayan üsulla, mikroskopik ölçmələrlə aparılır. Əldə olunan məlumatdan isə artefaktın dövrü və mənşəyi müəyyənləşdirilir.
Laboratoriya texniki imkanları və mütəxəssislərin yüksək peşəkarlıq səviyyəsi sayəsində Türkiyə, Avstraliya, Azərbaycan, ABŞ müzeyləri ilə sıx əməkdaşlıq edir və onlara sözügedən sahələr üzrə xidmətlər göstərir.
Burada qədim Osmanlı parçalarında istifadə olunan sapların bərpası, təbii boyalarla boyanması həyata keçirilməklə yanaşı, onların orta əsrlərdən başlayaraq istifadə olunan dəzgahlarda toxunması da həyata keçirilir. Beləliklə, həm muzey əşyasının ömrü uzanır, həm də onun nüsxəsi orijinala maksimum yaxın formada toxunaraq tamaşaçılara təqdim olunur. Laboratoriyanın fəaliyyəti bununla da bitmir. Modelyer qədim parçalara yeni nəfəs verərək “Armaggan” brendi altında dəblə geyinməyə üstünlük verən xanımlara nəfis geyimlər, aksessuarlar təqdim edir. Burada gözəl parçalara, çantalara, milli geyimlərə baxdıqca zövq alırsan və bütün bunları dərzilərdən, boyaqçılardan, modelyerdən, rəssamlardan və digər mütəxəssislərdən ibarət olduqca mehriban bir kollektiv həyata keçirir. Parçaların toxunduğu sexdə naxışların eskizləri isə animasiya filmlərinin hazırlığı prosesində istifadə olunan eskizləri xatırladır. 7-8 sm-lik naxışın dəzgahda toxunması üçün 80-dən çox eskizdən istifadə olunur. Bütün bunlar addım-addım fırlanaraq bir neçə metrlik parçanı ərsəyə gətirir.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yeni layihəsinin əsas məqsədi Azərbaycan Rəssamlar İttifaqının üzvü, Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı, birliyin fəalı Nuridə Hüseynovanın topladığı təcrübənin və etnoqrafik araşdırmalarının nəticəsində ilkin olaraq Şirvan milli geyimlərinin rekonstruksiyasına nail olmaqdır.

Oxunub: 906