Gənclər arasında yeni medianın imkanlarından istifadə edilərək milli-mənəvi irsimiz necə təbliğ olunmalıdır?
Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var. Bu fikirləri deyən dahi şəxsiyyət Qoqol da gəncliyin hansı gücə malik olduğu elə öz zəmanəsindən dərk edib.
Bəli, gənclik inkişaf, tərəqqi, ümid deməkdir. O, bir nurdur ki, məqsədi keçmişi aydınlatmaq, bu günü dünənin fonunda dərk etmək, gələcəyə isə inamla irəliləməkdir. Bir sözlə, gənclik – sabaha gedən yoldur. Çətin, ağır, eyni zamanda şərəfli bir yol. Bu yolun yolçuları olan gənclərin çiyinlərində məsuliyyət adlı bir yük var. Təbii ki, xalqın rifahı, gələcəyi, dövlətin qüdrəti bu məsuliyyət yükünün necə dərk olunmasından asılıdır. Son zamanlar qloballaşan dünyamızın reallığından doğan qənaət bizə gəncliyin inkişafının nə dərəcədə vacib olduğunu anlamağa imkan verir.
Belə ki, qloballaşan dünya prosesləri bizdən həyati bacarıqlara yiyələnən və yüksək milli-mənəvi dəyərlərə malik vətəndaşın yetişdirilməsini tələb edir. İnsan fərd kimi doğulub tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, sözsüz ki, bilavasitə Vətənə, dövlətə və cəmiyyətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafının iddiasında olmaq isə təbii ki, əbəsdir.
Mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması və inkişaf etdirilməsi demək olar ki, bir qədər də yeni medianın üzərinə düşür. Hazırda bu istiqamətdə fəaliyyət göstərən hər bir gənc fərdin və ya mətbu orqanın üzərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür.
Bəs gənclər arasında yeni medianın imkanlarından istifadə edilərək milli-mənəvi irsin qorunması imkanları necə təbliğ oluna bilər?
Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid deyir ki, bu gün sözügedən yeni media – online media çoxları üçün faydalı və fərqli baxış bucağına çevrilib: “Demək olar ki, online medianın ən səviyyəli qolu KİV-lərdir. Sözügedən bu online media hazırda həm ictimaiyyət, həm də dövlət tərəfindən diqqət mərkəzindədir. Belə ki, KİV-lərə Dəstək Fondu, Mətbuat Şurasının yığıncaqlarında hər zaman online medianın hazırkı və gələcək perspektivləri müzakirə edilir”.
Baş redaktor həmçinin bir məsələdən də narahat olaraq təəssüfləndiyini dilə gətirib: “Bu gün təəssüf ki, bəzi KİV-lər tərəfindən bir sıra yaddan çıxan dəyərlər, milli mənəvi irsə aid ənənələr pozulur. Təəssüf ki, onlar IP xatirinə hətta deyərdim ən iyrənc yollara əl atırlar. Düşünürəm ki, bunun inzibati yolla qarşısını almaq qeyri-mümkündür, çünki bu çarə artıq geridə qalıb. Ancaq bir sıra KİV-lər var ki, onlar Mətbuat Şurasının üzvlüyündədirlər və onlar mümkün qədər çərçivəni qoruyub saxlamalıdırlar”.
R.Məcidin fikrinə görə, Mətbuat Şurası mental qaydaları pozan saytlarla yəqin ki, bundan sonra mübarizəni daha da gücləndirəcək: “İctimai qınaq da düşünürəm ki, bu cürlərini düzgün yola çəkə bilər”.
Bəzi mental dəyərlər pozulsa da gənclərimiz arasında son 5-6 ildə kitab oxumağa, mütaliəyə marağın artdığını deyən R.Məcid inanır ki, zaman hər şeyi öz axarına salacaq və milli mənəvi irsimiz layiqincə gənclər arasında təbliğ olunacaq: “Sabir demiş, çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”.
Qarabağın ayrılmaz hissəmiz olduğunu hayqırmaq üçün internet medianın imkanları daha əhəmiyyətlidir
Gənc jurnalist, Əfsələddin Ağalarov isə düşünür ki, yeni media gənclərə təbliğat xarakterli məlumatları daha böyük auditoriyaya çatdırmaq üçün əvəzolunmaz imkan yaradır: “Təbii ki, nəzərə alsaq ki, bu gün bizim qəbul etdiyimiz həqiqətlər var. Tarixən başımıza gətirilən müsibətlər, dünya birliyinin ölkəmizə olan ikili siyasi xətti bizim qəbul etdiyimiz həqiqətlərdir”.
Ə.Ağalarova görə, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, Qarabağın ayrılmaz hissəmiz olduğunu hayqırmaq üçün internet medianın imkanları daha əhəmiyyətlidir: “Bu mənada düşünürəm ki, internet media öz məhdudsuz imkanları sayəsində eyni zamanda milli-mənəvi irsin qorunmasının da əvəzolunmaz vasitələrindən biridir. Bunu isə gənclik özündə dərk etməlidir”.
Mənəvi dəyərlərin təbliği pafoslu təşkil edilməməli, daha çox öyrədici olmalıdır
Yeni medianın əsas geniş yayılmış növü olan online media bu günümüzün reallıqlarındandır deyən “Miras” Mədəni İrsin Qorunmasına Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli isə düşünür ki, bu sistem virtual olsa da, insanların çox müraciət etdiyi və məlumatlandığı informasiya məkanıdır. Onun fikrincə, dünya üzrə gənclərin virtual məkanlara marağını nəzərə alsaq online medianın nə qədər vacib və zəruri imkanlara sahib olduğunu görərik:
“Milli-mənəvi irsin qorunması və təbliği üçün online media vasitə olmalıdır və ağıllı menecerlər və idarəçilər bunu dəyərləndirirlər. Hər hansı bir hadisə haqqında məlumatlar sürətlə yayılır, online media onu saniyələr ərzində cəmiyyətə çatdırır”.
QHT rəhbəri deyir ki, Azərbaycanda online medianın əsas problemi xüsusi nişana çevrilə bilməməyində, daha çox ucuz xəbərlərin ardınca gedərək milli-mənəvi dəyərlərin təbliğini ikinci plana atmalarındadır:
“Mənəvi dəyərlərin təbliği də pafoslu təşkil edilməməli (çünki gənclər pafosu xoşlamırlar), daha çox öyrədici olmalıdır. Onlar belə bir dəyərə sahib olduqlarının, lakin indiyə qədər bunun fərqində olmadıqlarını hiss etsinlər. Bölgələrə, kəndlərimizə, obalarımıza enmək, oradan dəyərli reportajlar, yazılar hazırlamaq lazımdır, yeni və keyfiyyətli foto və video bankı yaratmaq lazımdır”.
F.Xəlilli onu da diqqətə çatdırıb ki, rəhbərlik etdiyi Birlik yeni bir layihə üzərində işləyir ki, məqsəd Azərbaycanın bölgələrindən biri olan Ağsu rayonu və çevrəsinin bütün mümkün potensialını xəbərləşdirmək, online ortama gətirməkdir: “İnanıram ki, oxşar layihələr Azərbaycanın milli-mənəvi dəyərlərini nəinki Azərbaycan gəncləri, eləcə də dünyada təbliğinə xidmət edəcək”.
Bu məqalə Beynəlxalq Mətbuat Klubunun Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.
Fidan Əliyeva
Mənbə: www.azadinform.az