Fariz Xəlilli: “Məqsədimiz mədəni irsimizi turizm obyektinə çevirməkdir”
23-1-2014

 Layihə çərçivəsində müsahibimiz MİRAS Mədəni İrsə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.

-Öncə son dövrlərdə həyata keçirdiyiniz layihələrlə bağlı məlumat verərdiniz.
-İctimai Birliyin əsas məqsədi mədəni irsin, milli və mənəvi dəyərlərimizin öyrənilməsi üzrə elmi-tədqiqat işlərinin aparılmasına və təbliğinə, tarixi abidələrin və digər obyektlərin təmiri və bərpasına, yaddan çıxmış adət-ənənələrimizin tədqiqinə və gənc nəslə çatdırılmasına köməkdir. Bu məqsədlərə çatmaq üçün o, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər və turlar təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçirir. Dörd illik fəaliyyəti ərzində təşkilat respublikamızda mədəni irsin təbliği, maddi və mənəvi irsimizin ölkəmizin hüdudlarından kənarda tanıtımı istiqamətində genişmiqyaslı işlər görüb.
2010-cu ilin mart ayında MİRAS İctimai Birliyinin müraciəti əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiya Orta əsr Ağsu şəhərində arxeoloji tədqiqatlara başlayıb və qazıntılar nəticəsində yerin altından zəngin mədəniyyətə malik şəhərin xarabalıqlarını aşkarlayıb. Hazırda həmin ərazidə turizm kompleksi yaradılır və tədqiqatlar davam etdirilir. 2012-ci ilin iyun ayında Orta əsr Ağsu şəhərində aşkar olunan qızıl Holland sikkələri tariximizin öyrənilməsində əhəmiyyətli fakt kimi dəyərləndirilir.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bir çox yerli və beynəlxalq elmi konfrans, simpozium və festivallarda iştirak edir, bu qəbildən olan tədbirlər təşkil edir. 31 may - 1 iyun 2012-ci il tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya Universiteti, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə Türkiyənin Amasiya Universitetində "Qarabağdan Amasiyaya Könül Körpüsü - Beynəlxalq Həmzə Nigari Simpoziumu”, 18-20 iyun tarixlərində Belçikanın Antverpen şəhərində İtaliya Konservasiya Alimləri Assosiyasiyasının təşkilatçılığı ilə “Mədəni İrsin Konservasiyasında Gənclər” - YOCOCU konfransı, 11 iyul 2012-ci ildə Türkiyə Cümhuriyyətinin Bayburt şəhərində XVIII Beynəlxalq Dədə Qorqud Festivalı, 17-21 sentyabr 2012-ci ildə İtaliyanın Milan şəhərində VI Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsi Simpoziumu bunlara misal ola bilər.
MİRAS indiyə qədər Ağsu arxeoloji ekspedisiyası ilə bağlı 3 kitab və 1 film hazırlayaraq kütləviləşdirib, hazırda 4-cü kitab üzərində iş gedir. Ətrafına geniş oxucu kütləsi toplamış, alimlərimizin, mirassevərlərin sevimli mətbu məkanı olan “Miras” jurnalı da Birliyin məhsuludur və artıq 7 nömrəsi oxuculara təqdim edilib. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ötən il ərzində istər ölkədaxili, istərsə də beynəlxalq simpozium, konfrans, seminarlarda Azərbaycanın milli irsinə dair məruzə və təqdimatlarla fəal iştirak etməklə yanaşı, bəzilərinin təşkilatçısı oldu. İctimai birlik 2013-cü il ərzində 4 beynəlxalq konfransda, 1 sərgi, 1 seminar, 2 simpoziumda fəal iştirak edib. MİRAS həmçinin bir çox beynəlxalq təşkilatlarla birlikdə Makedoniyada “Tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği”, Ordu şəhərində (Türkiyə) “Arxeoloji və ekoloji miras” seminarlarını, “Beynəlxalq Tarixi-Mədəni Azərbaycan turu” layihəsi çərçivəsində Tiflis Dövlət Universitetinin tələbələri üçün Beynəlxalq Mədəni İrs Düşərgəsi, VII Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumu, Bayburt şəhərində (Türkiyə) XIX Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalında iştirak və “Gənc Azərbaycan rəssamlarının əsərləri” rəsm sərgisi, Qahirə şəhərində (Misir) “Antik fotoların konservasiya-bərpası” üzrə seminar və təlim, Şəkidə "Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvani Perspektivində Azərbaycandan Anadoluya İrfan Yolu" mövzusunda konfransın təşkilatçılarından olan MİRAS “Seyyid Yəhya Şirvani (Bakuvi) yaradıcılığının tanıtımı istiqamətində fəaliyyətini davam etdirərək Bakı, Ağsu, Şamaxı, İsmayıllı, Cəlilabad, Lənkəran, Astara, Zaqatala şəhərlərində yerli icra strukturları, ali təhsil ocaqları və QHT-lərin iştirakı ilə müxtəlif seminarlar təşkil edərək keçirib. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi ilə birlikdə “www.seyidyahyashirvani.az” saytının təqdimatı baş tutub.
MİRAS ölkə daxilində “Folklorumuz və Qobustan”, “Orta əsr şəhər mədəniyyəti və Beyləqan”, Quba Özəl Türk Liseyində “Tarixin bir günü“, “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” mövzusunda Şamaxı və Gəncə şəhərlərində seminarlar təşkil edib.
MİRAS-ın ötən müddət ərzində Ağsu və İsmayıllı rayonlarında I MİRAS Rəssamlıq Simpoziumu, Baku Art Gallery sərgi salonunda “Molla Nəsrəddin irsinin müasir dövrümüzdə təzahürləri” mövzusunda rəssamlıq sərgisi, Birliyin üzvü, fotoqraf Məmməd Rəhimovun “Kərpic memarlığı” sərgisini, Türkiyədə çalışan həmyerlimiz Gülxan Bəydəmirin Bakı Rəsm Qalereyasında "Sirli hərflər" xəttatlıq sərgisini, “Keçmişdən gələcəyə mədəni irs” rəsm sərgisi keçirib.
MİRAS cəmiyyətimizin həssas təbəqəsi sayılan əlillərimizi və uşaqları da unutmamış, 2 Fevral Gənclər Günü münasibətilə Respublika Gözdən Əlillər Kitabxanası ilə birlikdə “Xeyirxah oxucu” layihəsini həyata keçirib, Nizami rayonundakı 129 saylı məktəbdə məktəblilər üçün “Xocalı yaddaşlarda və əl işlərində” sərgi-müsabiqəsini, Bakı Uşaq Teatrı ilə birlikdə Abdulla Şaiq Talıbzadənin “Əşxas” pyesinin teatr layihəsini, 3 aprel - Beynəlxalq Uşaq Kitabı günü münasibətilə açıq havada qiraət, Bakı Uşaq Teatrının əməkdaşlığı ilə Ağsu şəhər Mədəniyyət Evində “Şrek və dostları” adlı nağıl-tamaşanın nümayişini təşkil edib.
18 aprel - Tarixi yerlər və bidələr günü, 18 may - Beynəlxalq muzeylər günü, 28 May Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi münasibətilə I Mədəni İrs Olimpiadasının keçirilməsini ötən ilin maraqlı və əhəmiyyətli tədbirlərindən biri kimi qeyd etmək istəyirəm.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Şirvanşahlar Sarayı Kompleksində Seyid Yəhya Bakuvinin “Səfa əl-Əsrar” kitabının təqdimatını keçirmiş, Mir Həmzə Nigari simpoziumunun materialları əsasında kitab nəşr edib, IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransının kitabını nəşrə hazırlayıb.
“Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” layihəsi çərçivəsində Gəncə-Qazax və Şirvan bölgəsində monitorinq aparıb.
Ötən ilin yadda qalan hadisələrindən biri də Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şölə xanım Bayramovanın təklifi ilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə, ilk növbədə, Özbəkistan, Tacikistan, Hindistan, Almaniya səfirlikləri əməkdaşlarına Azərbaycan bölgələrinin qorunub saxlanmış tarixi və mədəni dəyərlərini, abidələrinin zənginliklərini və mədəni irsimizi təqdim etmək məqsədilə mədəni irs turları təşkil olunub.
Birlik 3 sayt hazırlayıb və ötən il onlar erməni xakerlərinin hücumuna məruz qalıb. Bizim bəzi materiallarımız itsə də, səhifələri bərpa elədik. Deməli, düşmənlər Azərbaycan mədəni irsinin rəqəmsal mühitdə təbliğindən narahatdır və bundan qıcıqlanır. Biz isə işimizi davam etdirərək, Azərbaycan həqiqətlərini dünyaya tanıdacağıq.
-Azərbaycan mədəni irsinin daha çox hansı konkret istiqamətlər üzrə tanıdılması aktualdır? Hansı istiqamətlər üzrə tanıtma daha zəifdir?
-Bu gün Azərbaycanda mədəni irs daha çox beynəlxalq sərgilər, festivallar, konfranslar, simpoziumlar, seminarlar, filmlər, reklam çarxları vasitəsilə tanıdılır. Eyni zamanda, Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin - Muğamımızın, İçərişəhər Tarix Memarlıq Qoruğunun, Azərbaycan xalçasının, Novruz bayramının, tarımızın və ən nəhayət “Çövkən” oyununun YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edilməsi, beynəlxalq miqyasda Azərbaycan mədəni irsinə marağı artırdı. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin bu ilin yanvar ayında Makedoniyanın Ohrid şəhərində beynəlxalq konfrans çərçivəsində təşkil etdiyi “Azərbaycanın arxeoloji inciləri” fotosərgisi dünyanın bir çox ölkələrindən gələn alimlərin, tədqiqatçıların, mədəniyyət xadimlərinin böyük marağına səbəb olmaqla yanaşı, Azərbaycan xalqının zəngin mədəni irsi, tarixi və mədəni abidələri haqqında təsəvvür yaratdı. 3 gün davam edən sərgiyə gələn ziyarətçilər məmnunluq hisslərini bildirməklə yanaşı, sərginin əhəmiyyətini, fotoqraflarımızın peşəkarlığını dəfələrlə vurğuladılar. Azərbaycan dünyada nefti ilə tanınır. Mədəniyyəti haqqında artıq anlayışlar yaranmağa başlayır. Məqsədimiz həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mədəni irsimizi, sənətkarlarımızı tanıtmaq, mədəni irsimizi turizm obyektinə çevirməkdir. Bu istiqamətdə olan boşluqlar isə orta məktəblərdə, gənclər arasında mədəniyyətə marağın bir qədər zəif olmasıdır. Biz həssas məqamları araşdırmalı və onun üzərində dayanaraq, dövlətimizin bu istiqamətdə siyasətinin həyata keçirilməsinə kömək etməliyik.

İlkin AĞAYEV
Mənbə: palitranews.az

Oxunub: 991