Uğurun rəngi, dadı, qoxusu, səsi, görüntüsü necədir və ona toxunmaq nə zaman mümkündür?
- Mənə görə uğurun rəngi yaşıldır, yaşıl otu çeynəyəndə alınan ləzzət dadındadır, aprelin yaz yağışının qoxusu kimi həyat qoxuyur, səsi navalçaların şırıltısıdır, görüntüsü şəffafdır, o xəyal ediləndə gözəldir, onu qazanmaq üçün sadəcə xəyalpərəst olmaq lazımdır, toxunmasan da olar. Deyəsən nə zamansa təxminən bu sual üçün "şer" də yazmışdım.
Deyirlər, yanlışlar olmadan doğrular tapılmaz. Uğursuzluq yanlışlardanmı doğar sızcə?
- İnsan səhv etməsə, insan olmaz. Yanlışlar bizə görə yanlışdır, əslində yanlış bildiklərimiz bəlkə də həqiqətin özüdür. Ona görə yanlış bildiklərimə heç zaman bağlanıb qalmamışam. Uğursuzluq anlayışını qəbul etmirəm, ALLAH bizə uğursuz heç nə qismət eləmir, sadəcə biz insanlığımızdan elə anlayırıq.
Apardığınız mübarizədə uğursuzuqlarla üzləşəndə nə edirsiniz?
- Desəm ki, hər hansı qeyri-adi uğursuzluqla rastlaşmışam, doğru olmaz. Qəbul edilməyən layihələrim və ideyalarım gələcəkdə qəbul ediləcək layihə və ideyalarımın özəyini təşkil edir. Mən yenilik tərəfdarıyam, amma köklü yenilikləri arzulayıram, kökü olmayan yeniliklər məncə çürük gələcək vəd edir. Ona görə də problemlərlə üzləşəndə deyirəm ki, narahat olmayın, ən azından gedib Gəgəlidə camaatımızın qoyunlarını otara bilərəm. Özümə, kəndimə, torpağıma, köklərimə dönməyi və qüvvətlənməyi xoşlayıram.
Hər insanda bir istedadın olduğunu söyləyərlər, bunu necə üzə çıxarmaq olar sizcə?
- Təcrübə istedadı üzə çıxara bilər, zamanla cilalaya bilər. Ona görə də hər zaman işləmək lazımdır. İşlədikcə istedad da özlüyündən üzə çıxır. Əsas odur ki, insan sevdiyi işi görsün, əgər belə bir işə nail olursa, istedadı yüzdə-yüz bəlli olacaq.
Bəzi gənclər bir işə başlayanda “Düşün, tətbiq et və nəticələndir” prinsipini unudurlar. Yəni, onlar düşündüklərini ya tətbiq etmir, ya da nəticələndirmirlər. Bu problemlə üzləşənlərə nə söyləmək istərdiniz?
- Əgər sonunu görmədiyiniz işə başlayırsınızsa, burada sadəcə icraçı ola bilərsiniz, yaradıcı deyil. Elə insanlar var ki, icraçı olmağı xoşlayırlar, təşəbbüskar olmur, olanlara da barmaqarası baxırlar. Elə qrup insanlar da var ki, ən azı bu sualda qoyulan prinsiplə hərəkət edirlər. Ona görə də gəncləri sadəcə sevdikləri işlə məşğul olmağa səsləyirəm, inadkar olmaqla yanaşı, təvəkkül etməyi də bacarsınlar.
Bəs qarşısındakına “əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?
- Hər zaman nikbin olsunlar və görünsünlər. Gülərüz və səmimiyyət nümayiş etdirsinlər. İnsanların əhəmiyyətli olduğunu hiss etdirmək o qədər də çətin deyil, yetər ki, qarşımızdakı insan özü də motivə olunmağa hazır olsun. Əks halda, belə ziddiyyətli insanlara təzadlı üsullarla əhəmiyyətliliyini hiss etdirmək olar.
Övladlarınızın gələcəkdə uğurlu ola bilməsi üçün nə edirsiz? Daha fərqli davrana bilirsiniz?
- Özünə inansın. Bu inamı formalaşdırmaq üçün yaxşı təhsil almasına, özfəaliyyətini qəbul etməklə yanaşı, ona kömək etməyə çalışıram. Anasının da öz yanaşmaları var, uyğunlaşdırıb inkişaf etdirməyə çalışırıq. Kəndimdə yaşamalarını və torpağımdan bəslənmələrini, ləhcəmdə danışmalarını çox arzulayıram. Əks halda övladım olsalar da, əsillikdən uzaq qalacaqlarını düşünürəm, göz işlədikcə uzanan üfüqdən, xəyallar doğuran və baxdıqca bitməyən səmadan məhrum olacaqlarını düşünürəm. Xəyalpərəsətliyim ideyalarımın mənbəyidir, övladlarıma da xəyallar qurmağı və bunu söyləməkdən çəkinməməyi aşılayıram.
Sizcə insanların ən güclü silahı nədir-ağıl, yoxsa ürək?
- Hər ikisi. Zamana və mühitə görə dəyişir. İnsanın dəyişkən xasiyyətliliyi də elə bundandır. Yaxınların olduğu meydanda nə qədər ağıllı görünsən də, hamı ürəkli olmağını arzulayır, uzaqların olduğu meydanda nə qədər ürəkli və səmimi davransan da hamı sənin ağılınla məşğuldur. Sevgi və bilik izhar eləməyin yerləri müxtəlif olub, sənin təvazökarlığını da müəyyən edir.
Uğurun yaşı olur yoxsa başı, nə düşünürsüz?
- Yaşı da var, başı da. Təcrübə hər zaman öz sözünü deyir. Amma elə yaşda uğurlara imza atasan ki, gərək bu sənin intizazmını da artırsın. Əks halda əlində imkanlar olsa da, iş görməyə və yaratmağa həvəsin olmayandan sonra baş da bir işə yaramır.
Fərqliliyiniz və fərdliliyiniz haqqında nə deyə bilərsiz? Nəyə görə siz sizsiniz?
- Fərqlənmək istəmişəm, özüm olmağa çalışmışam. Yalana düşmənəm, açıqsözlülüyü xoşlayıram, səmimi insanam, ürəyimdəkini gizlətmirəm. Təvazö nümayiş etdirmək, inadkar olmaq, daim araşdırmaq, eləcə də hər şeydən əvvəl təvəkkül sahibi olmaqla mən mənəm.
İnanmaq asandır, yoxsa inandırmaq?
- İnanmaq inandırmaq qədər çətindir. Bəzən insanlar deyir, mən ona inanmışdım, heç gözləməzdim. Əslində bu sözdə səmimiyyət yox deyəcək qədər azdır. Hər kəs qəti inancını ürəyinə soruşsun.
Həyatın enini və uzununu ölçdüzmü heç, yaşamı üzün edən nədir sizcə?
- Ölçü nisbi anlayışdır. Onu insanlar müəyyən edir. Ona görə də hər kəs özünə görə ölçülərlə görür, həyatın eni və uzunluğunu. Hər şey bir göz qırpımında baş verir. Əslində bu göz qırpımını biz sonradan hiss edirik. Hadisələr bizə yaxın olduqca, uzun davam etdiyi qənaətində olduqlarımız belə sonradan an məsələsinə çevrilir. Hadisələrin çoxluğu yaşamın uzunluğu hesab edilə bilər, amma bu da təfəkkür etdikcə ortalığa çıxır.
Əgər sizə dünyada yalnız bir şeyi dəyişdirmək imkanı verilsəydi, siz nəyi dəyişdirərdiz?
- Heç nəyi. İlahi mizandan yaxşı nə ola bilər?
Həyat toplananlar, çıxılanlar, vurulanlar və bölünənlərdən ibarətdir deyirlər, sizin payınıza ən çox hansı əməl düşüb?
- Toplananlar və çıxılanlar. Digərləri olubsa da hiss eləməmişəm. Xatırlamaq istəsəm bəlkə də faktsız qalaram.
Bəs siz özünüz özünüzə dost ola bilsəydiniz, özünüzə sizin kimi bir dost istəyərmiydinizmi?
- İstəyərdim. Xəyalpərəsət dostlar istəyirəm. Luigi Skrinzi kimi. Çıxarları xəyallarını reallaşdırmaqdan ibarət olsun.
Əgər balaca uşağa bütün həyatı boyu ona gərəkli ola biləcək bir məsləhət versəydiniz, nə deyərdiniz?
- Dürüst olsun.
Dəlinin doğru xəbəri nə olar sizcə? Dəliliyin gözəlliyi mümkünmü?
- Sevgi. Sevgisini izhar etmək istəməsi. Məcnunu yada salın.
Hesab - kitab dəftəriniz var?
- Var. Amma çox dağınıqdır. Çərçivəyə sala bilmirəm işlərimi, dolayısı ilə xəyallarımı.
Təbliğ etdiyiniz gercəklər hansılardı, necə düşünürsüz sevginin təbliğata ehtiyacı varmi?
- Sevginin təbliğata ehtiyacı var. İnsanlara sevməyin yollarını öyrətmək də bir sevgidir. Sevgi üçün bir az sufiyana olmaqda xeyir var deyə düşünürəm.
Yaşamaq və var olmaq arasında fərq nədir?
- Varlıq səbəbimizi anlayaraq və sevərək həyat sürməkdir, yaşamaq. Səbəbini anlamadan və həyata sevgi ilə yanaşmadan var olanlar da var.
Cəfər Mənsimi