“Adı siyahıda olub, özü olmayan o qədər abidələrimiz var”
2-8-2012

Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən 2012-2016-cı illər ərzində Azərbaycanın qədim yaşayış məskənlərindən olan İsmayıllı rayonundakı dünya əhəmiyyətli mədəniyyət abidələrində bərpa və konservasiya işləri aparılacaq. Bununla əlaqədar xüsusi əhəmiyyətə malik abidələrin siyahısı çıxarılıb, zəruri hazırlıq işləri başa çatdırılıb.

Bərpa və konservasiya işləri Azərbaycan tarixi üçün əhəmiyyətli olan Cavanşir və Qız qalalarında, habelə dünya əhəmiyyətli Lahıc tarixi mədəniyyət qoruğu ərazisindəki abidələrdə həyata keçiriləcək. Təkcə Lahıc tarixi-mədəniyyət qoruğunun ərazisində 108 abidə var.

Azərbaycanın hansı rayonlarında abidələrin bərpa və konservasiya işlərinə ehtiyacı duyulur? Bu sualla ``Miras`` Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarixçi alim Fariz Xəlilliyə müraciət etdik.

Fariz Xəlilli dedi ki, abidələrin qorunması və təbliği üçün Mədəniyyət və Turizm Nazirliyi çox iş görür: “Bununla əlaqədar geniş planların, xüsusi qoruqların və çoxsaylı personalın olması nazirliklə əlaqəsi olan bir ictimai sektorun nümayəndəsi kimi mənə də bəllidir. Bu qərar təqdirəlayiq hadisədir. İsmayıllı rayonu ərazisində dünya əhəmiyyətli çoxsaylı abidələrimiz var. Lahıc, Basqal, Fitdağ, Cavanşir və Qız qalası onlardan bir neçəsidir... Bütün abidələrin kiçikliyindən, böyüklüyündən asılı olmayaraq qorunmağa ehtiyacı var. Burada ayrım etmək düzgün deyil.

Qanuna görə, aşkar olunan bütün abidələr qorunmalıdır. Bu, birmənalıdır. Amma insanla təmasda olan, təbiət hadisələrindən qorunmaq problemi ilə üzləşmiş abidələrin mühafizəsinə üstünlük verilməlidir. Abidənin dağılmasında ən əsas faktor antropogen, insan faktorudur. Bunun üçün cəmiyyət maariflənməlidir. Bizə elə gəlir ki, cəmiyyət sanki nə isə bilir, amma heç nədən, qanunlardan belə xəbərdar deyil”.

“Miras” İctimai Birliyi bu il QHT Şurasına "Azərbaycanda mədəni irsə ictimai münasibətin monitorinqi və yerlərdə maarifləndirmə işlərinin aparılması" adlı layihə təqdim edib: “Amma layihə möhürün birinin artıq olması ucbatından keçmədi”.

Tarixçi hesab edir ki, cəmiyyətdə abidələrə qayğı formalaşdırmaq lazımdır: “Abidələrin qeydiyyatına gəldikdə isə düşünürəm ki, bu iş yenilənməlidir. Adı siyahıda olub, mövcud olmayan o qədər abidələrimiz var ki... Məsələn, Orta əsr Ağsu şəhəri dövlət qeydiyyatına 3 inventar sayı ilə düşmüşdü... Əgər orada tədqiqat aparmasaydıq və ciddi-cəhdlə dəyişiklik etməsəydik, indi də bir abidə 3 adla qorunurdu. Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə işlər aparır. İnanıram ki, yeni abidələr aşkar olunduğu kimi, mövcud olmayan inventar sayları da dəqiqləşdiriləcək”.

Cəlil Cavanşir
www.teleqraf.com

Oxunub: 831