“GÜN”ün adamı” rubrikasının budəfəki qonağı Azərbaycanın mədəni irsini ölkəmizdə və xaricdə təbliğ edən gənc lider, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir:
- Fariz müəllim, ilk baxışdan səmimi adama oxşayırsınız.
Ona görə də inanıram ki, bugünkü söhbətimiz maraqlı və səmimi alınacaq. İlk sualım uşaqlıq illərinizlə bağlıdır. Maraqlıdır, uşaqlıq illəriniz necə keçib? Dəcəl, ya sakit uşaq olmusunuz?
- Ağsu rayonunda böyüyüb boya-başa çatmışam. Uşaqlıq illərim sakit keçib. Belə ki, mən dəcəl bir uşaq yox, əksinə, qorxaq birisi olmuşam. Hətta, qorxaqlığımdan sarılıq xəstəliyi də keçirmişdim (Gülür).
Lakin elə uşaq vaxtlarımdan, yeni ideyalara təşəbbüs göstərən, nələrsə barəsində fikir yürüdən idim. Bu da təbii ki, ətrafımda olan dostlarımın sayının artmasına səbəb olurdu. Maraqlı idi həmin illər.
- Harada oxumusunuz? Məktəb və tələbəlik illəriniz barədə danışardınız.
- Mən 1986-cı ildə Ağsu rayonunun Gəgəli kənd orta məktəbinə daxil olmuşam. Bu elə bir dövr idi ki, həmin illərdə məktəbəqədər hazırlıq mərhələsi olur və məktəblərdə 4-cü sinfi oxumurdular. Yəni 3-cü sinifdən birbaşa 5-ci sinfə keçirirdilər.
Ancaq bizim zamanımızda bu qaydalar ləğv edildi. Deyim ki, 11 illik məktəb bizim ilimizlə başladı. Yəni, təhsil sahəsində xeyli yeniliklər oldu.
Buna görə də, ilk vaxtlarda həmin illər bir qədər çətin keçdi. Çünki kitab çatışmazlığı ilə qarşılaşırdıq. Orta məktəbi yaxşı qiymətlərlə oxumuşam.
Həmin illərdə zona olimpiadalarına qatılaraq birincilik əldə etmişdim. Ancaq 11-ci sinfi Bakının I Zabrat qəsəbəsində 192 saylı orta məktəbdə oxumuşam.
Daha sonra isə 1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul oldum. Tələbəlik illərim də çox aktiv keçib.
Həmin illərdə ancaq dərs oxumaqla məşğul idim. Demək olar ki, günümün çoxu kitabxanalarda keçirdi.
Dərs bitən kimi ya arxivə, ya da kitabxanaya gedirdim. Yəni, ictimai fəaliyyətdən daha çox məndə elmi istiqamətdə aktivlik olub.
Həmin illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetindəki “Şən hazırcavablar klubu”nun da üzvü olmuşam.
Uşaq vaxtlarından aktyorluq bacarığım vardı. Orta məktəbdə, hətta, “İblis”i, Xosrovu da canlandırmışam (Gülür). Beləliklə, universiteti qırmızı diplomla başa vurdum.
- Tələbəlik illərində hər bir tələbənin gözəl, yadda qalan xoşbəxt, eyni zamanda acılı günləri çox olur. Maraqlıdır, bəs sizin həyatınızda bu günlərdən ən yadda qalanı hansı olub?
- Tələbəlik illərim bir qədər çətin keçib. Hətta, demək olar ki, iki ilim çox ağır keçdi. Təqaüdümüz də az idi. Universitetə Zabratdan şəhərə gedən qatarla gəlib-gedirdim.
Çünki qatara pul vermirdim, yəni, bizi gəlib yaxalaya bilmirdilər. Ona görə də iki il universitetə pulsuz gedib-gəlmişəm (Gülür).
Ancaq deyim ki, bunlar istəmədən olurdu, çünki imkanımız yox idi. Gündəlik xərcliyim də bir-iki peraşki pulu olub.
Ancaq deyim ki, sevincli günlərim də az olmayıb. Tələbə yoldaşlarımızla imtahanlardan uğurla çıxanda, bir çox yarışlarda qalibiyyət əldə edəndə, yəni, əziyyətimizin bəhrəsini görəndə çox sevinirdik.
- Bildiyimizə görə, siz ailəlisiniz. Həyat yoldaşınızla necə tanış olmusunuz?
- Biz 2005-ci ildən ailə həyatı qurmuşuq. Onunla tanışlığım iş yerimizlə bağlı olub. Belə ki, mən Milli Azərbaycan Tarixi Muzeyində çalışırdım.
O da həmin muzeyə yeni işçi kimi gəlmişdi. Muzeyin ümumi şöbəsində işləyirdi. Mən də muzeydə aktiv fəaliyyət göstərdiyimə görə ümumi şöbəyə tez-tez yolum düşürdü. Məhz elə oradan görüb bir-birimizi tanıdıq. Hazırda çox xoşbəxtik və iki övladımız var. Demək olar ki, xoşbəxt ailə görüntüsü görmək istəyənlərə biz nümunə ola bilərik (Gülür).
- Xarakteriniz necədir? İşdə və işdən kənar mühitdə, məsələn, ailədə necə birisiniz?
- Deyim ki, təbiətən mülayiməm. Deyilənə görə, səbirli insanlardan biri də mənəm. Hətta, balaca qızım Fidanın şıltaqlıqlarına da dözürəm (Gülür). Onun şıltaqlıqlarını mülayim qarşılaya bilirəm. Deməli, uşağa qarşı səbirliyəmsə, böyüklərə qarşı bunun iki misli edər məncə.
Lakin birdən elə anlar olur ki, gərgin vaxtlarda səbirsizlik məndə də başlayır. Bir şey ağlıma girirsə tez yola gələnəm. Birdən başqa maraqlı təkliflə qarşılaşsam dərhal öz fikrimdən daşınıb onunla razılaşıram.
Yəni, məndə adaptasiya problemi yoxdur. Bu mənim iş və ailə həyatıma da öz təsirini göstərir.
- Boş vaxtlarınızı necə keçirməyə üstünlük verirsiniz?
- Mən həm də arxeologiya ilə məşğulam. Bu səbəbdən gəzintilər, axtarışlar çox olur. Boş vaxtım az olur, açığı. Lakin çalışıram ki, heç olmasa həftə sonlarını yay mövsümündə kənarda keçirim.
Müxtəlif turlarda ailəmlə bərabər iştirak edirəm. Həmin turlarda ünsiyyət də çox olur. Yeni insanlarla tanış oluruq. Bir sözlə, həm ziyarət, həm də ticarət edirik. Ancaq boş vaxtlarda yarımçıq qalmış və ya başlamadığım kitablarım var ki, onları oxumağa üstünlük verirəm.
- Hər bir insan öz-özlüyündə digərlərinə müəyyən keyfiyyətlərinə görə önəm verir. Fariz müəllim, bəs siz insana daha çox hansı keyfiyyətinə görə dəyər verirsiniz? Sizcə hər bir insanda ilk öncə hansı insani keyfiyyətlər olmalıdır?
- Mənə elə gəlir ki, heç kim istər yaxşı mənada, istərsə də pis mənada yalan danışmamalıdır. Yəni, bir insandan ki, yalan görürsən, o artıq tamam gözdən düşür.
İnsanlarda bu cür məfhumlar olmasa çox yaxşı olar. Axı biz bir-birimizdə inam, etibar yaratmalıyıq. Yalan oldusa mən o insandan tamam uzaqlaşıram. Həmçinin, öz tərəfimdən də görmüşəm ki, kimsə mənə inanmır, etibar etmir, onunla sağollaşmışam.
-Bəs olubmu ki, həyatınızda yaxın bir dostunuz tərəfindən yalanla qarşılaşmısınız və onu bağışlama gücünü özünüzdə tapmısınız?
- Bəli, olub. Hətta, bir qabdan yemək paylaşdığım insanlar olub ki, onlardan yalan görmüşəm və yollarımızı ayırmışıq. Çünki onlar öz yalanları üzərində israr ediblər. Bağışlamağı da bacarıram. Çünki Allah bağışlayandırsa, biz nə karəyik. Ümumiyyətlə, mən kinli insan deyiləm.
- Öz peşə həyatımızda hər birimizin müəyyən dərəcədə uğur formulu, uğur düsturu olur. Maraqlıdır, sizin uğur düsturunuz nədir?
- Mənim fikrimcə, ilk olaraq atdığımız addımın hesabatını özümüzə verməliyik. Mənim də özümə qarşı etdiyim hesabatlılıq var və düşünürəm ki, onun çox böyük bir əhəmiyyəti olub. Belə ki, gənc yaşımda tarix üzrə fəlsəfə elmləri doktoru adını almışam.
Yəni, bu yolda özünə qarşı hesabatlı, inadkar, səbirli olmaq, Allaha inanmaq və ümidlərini üzməmək lazımdır. Mən bütün uğurlara bu cür nail olmuşam.
Bizdə belə bir tendensiya var ki, əgər nə isə alınmırsa pis oluruq, ümidsizləşirik. Ancaq belə olmaz. Çünki əgər bu bizlər üçün məsləhət olsa idi, Allah onu bizə qismət edərdi. Deməli, xeyirlisi bu imiş. Məndə nə isə alınmadıqda, hər zaman özümə bunu deyirəm.
- Necə oldu ki, ictimai-siyasi həyata qədəm qoydunuz? Bu sahəyə marağınız necə yarandı?
- Bizim təşkilat öz yolunu mədəni işlər üzərində qurub. Belə bir təşkilatın yaranmasına ehtiyac var idi. Çünki Azərbaycanda mədəni irs problemi var. Doğrudur, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə bir çox işlər görülür.
Lakin bəzi abidələrimizin tədqiqinə böyük ehtiyac var. Biz demirik ki, hansısa problemi həll edəcəyik. Biz problemə dəstək verməyə və dəstəkçilər axtarmağa çalışırıq.
Təşkilatın yaranmasında tədqiqatlarımızın rolu olub. Belə ki, təşkilatımız 4 nəfərlik bir heyətlə 2010-cu ilin yanvar ayında təsis olundu, mart ayının 31-i isə dövlət qeydiyyatından keçdi.
- Sizcə gənclərimiz daha çox hansı sahədə maarifləndirilməlidir?
- Elə öz sahəmiz üzrə deyim ki, gənclərin maariflənməsinə böyük ehtiyac var. Çünki bəzi gənclər var ki, mədəni irsin nə olduğunu bilmirlər. Əgər bu gənc mədəni irsi bilmirsə ona necə münasibət bildirəcək? Gənclərin bir hissəsi heç abidələrimizi tanımır və tanımaqda da maraqlı deyil.
Bizim elə əsas problemlərimizdən biri də keçmişimizi zəif bilməyimizdir. Mən demirəm, heç bir gənc bilmir. Bilənlər də var, ancaq azlıq təşkil edirlər. Buna görə də biz bu sahədə gənclərin maarifləndirilməsi üçün işlər görürük. Məktəblərdə, internat məktəblərində seminarlar təşkil edirik ki, yeni nəslə nəyisə öyrədə bilək.
- Sonda gənclərə nə deyərdiniz?
- Mən özüm də hələ gəncəm. Gənclərə isə arzum budur ki, səbirli, inadkar olsunlar. Daim öz üzərlərində çalışsınlar. Həmçinin, pis vərdişlərə aludə olmasınlar. Çünki pis iş elə öz-özlüyündə özünü büruzə verir. Gənclərə hər zaman bütün işlərində uğurlar arzu edirəm.
Fidan Əliyeva
Tofiq Babayev (Foto)
Gün.Az