TARİXİ ŞAMAXI ŞƏHƏRİNİN QORUNMA PROBLEMLƏRİ VƏ ONUN QORUQ ELAN OLUNMASININ ƏHƏMİYYƏTİ
25-4-2018

 

Fariz Xəlilli

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

tarix üzrə fəlsəfə doktoru

 

XÜLASƏ

Şamaxı Azərbaycanın qədim şəhərlərindəndir. Şamaxı şəhərində torpaq altında ən azı beş mədəniyyət qorunur. İlk tunc dövrü, antik dövr, ilk orta əsrlər, Şirvanşahlar, Səfəvilər, Şirvan xanlığı, XIX-XX əsrlərin təbəqələri hər qazıntı işlərində üzə çıxır. 1 saylı məktəbin həyətindəki saray qalıqları, Xınıslı, Sabirin xatirə muzeyinin yeri, yollar çəkilərkən üzə çıxan bina qalıqları, qala divarları, su ovdanları Şamaxının kompleks qorunmasını zəruri etmişdir. Buna Şamaxının ətrafındakı Şahxəndan və Yeddi Günbəz qəbristanlıqları da daxil edilməlidir. Şamaxının adını ilk dəfə Ptolomeyin əsərində Kamaxeya kimi oxuyuruq. Şamaxı kimi minillərin şəhərinin dövlət tərəfindən qoruq elan olunması gecikmişdir. Şamaxı kimi paytaxt şəhər dünyanın hər yerində qorunur. Mən bir arxeoloq, tarixçi və mədəni irs eksperti kimi bildirirəm ki, Şamaxı şəhərinin yerüstü tikililəri və infrastrukturu nəzərə alınmadan da şəhər kompleks şəkildə qoruq elan olunmalıdır.

Açar sözlər: Şamaxı, Şirvan, qoruq, Xınıslı, Gülüstan

 

ABSTRACT

 

Protection Problems of Historical Shamakhi City and the Importance of Announcement of Its Preservation

 

Shamakhi is one of the ancient cities of Azerbaijan. At least 5 cultures are protected under the ground in Shamakhi City. The layers of Early Bronze Age, Antique Period, Early Middle Ages, Shirvanshahs, Safavids, Shirvan Khanates and the 19th-20th centuries were discovered during each excavation. The ruins of the palace in the courtyard of school No. 1, Khynysly and remains under Sabir Memorial Museum, the ruins of the building displayed upon laying the road, the fortress walls and water reservoirs made the complex protection of Shamakhi urgent. It should also include cemeteries Shahkhandan and Yeddi Gunbaz (Seven Tombs) around Shamakhi. We saw “Shamakhi” name for the first time as “Kamakheya” in Ptolemy's work. Denouncement of Shamakhi, the city of the thousands of years, as a reserve by the government, is delayed. Everywhere in the world the capital city as Shamakhi, is protected. As an archaeologist, historian and cultural heritage expert, I would like to state that, Shamakhi city should be declared a reserve regardless of the overhead structures and infrastructure.

Key words: Shamakhy, Shirvan, preservation, Khynysly, Gulustan

 

Giriş. Tarix çox böyük və qədim şəhərlər görüb. Bu şəhərlər bəzən imperiyaların mərkəzi olub, bəzən də kiçik dövlətlərin. Ur, Babil, Suz, Roma, İstanbul, Bağdadı xatırlayanda əsrlərin o tayında qədimdən qədim Şamaxı şəhəri də yada düşür. Qədim şəhərlərin zənginliyindən fərqlənməyən Şamaxı mirası bu gün gözlə görünmür, səsi eşidilmir. Çünki, qədim Şamaxı müasir Şamaxının ağırlığı altında uyuyur. 

UNESCO niyə Şamaxıdan bixəbərdir? Niyə Dünya İrsi siyahısında Şamaxının adı qeydə alınmayıb? Şamaxı, Şirvanşahların o minillik tarixinin yadigarı niyə dövlət qeydiyyatına parça-parça alınıb? Sualları öz-özümə cavablandıranda anladım ki, qoruq kimi dövlət qeydiyyatına alınmasa Şamaxı ümumdünya tarixi əhəmiyyətinə çətin qovuşa. Bu məqsədlə, ictimai rəyi yoxlamaq üçün dünya səviyyəli change.org internet səhifəsində imza kampaniyası başlatdım. Tezliklə yüzlərlə insan kampaniyanı imzalayaraq Şamaxı şəhərinin qoruq elan olunmasına dəstək verdi, verir (1).

Qoruğa nələr daxil olmalıdır? Qoruğa Şamaxı şəhərinin yer altındakı qədim ərazisi (mühafizə zolağı müəyyən edilməlidir), Gülüstan qalası, Xınıslı yaşayış yeri, Şahxəndan qəbristanlığı və Yeddi Günbəz qəbristanlığı daxil edilməlidir. "Minillərin daşlaşmış yaddaşı - Şamaxı şəhəri" 2018-ci ildə qoruq elan olunarsa və qarşıdakı 3 ildə planlı işlər görülərsə, inanıram ki, 3 ildən sonra Dünya İrsi siyahısına daxil ola bilər. Şamaxının mədəni irsinin buna haqqı var.

Şamaxı şəhərinin adı. Yunan-roma müəlliflərindən coğrafiyaçı və astronom Klavdi Ptolomey (70-147) "Coğrafiya dərsliyi" əsərində Qafqaz Albaniyasının 29 şəhər və yaşayış məntəqələrinin adlarını və coğrafi koordinatlarını vermişdir. Bu əsərin V kitabının XI fəsilində IV sırada "Göstərilən çay (Alazan çayı olduğu ehtimal edilir) və həmçinin Qafqazdan axan Alban çayı arasında" Mamaxiya (coğrafi koordinatları - 79°45' - 45°40') şəhərinin adı da çəkilir. Tədqiqatçılar Mamaxiya (bəzən Kamaxiya) şəhərinin müasir Şamaxı yaxınlığındəkı Xınıslı abidəsində tədqiqatlar zamanı xarabalığı aşkar olunmuş şəhər yeri ilə eyniləşdirir və onu Qədim Şamaxı adlandırırlar. Şəhərin adının baş hərfinin dəyişməsinə gəldikdə isə bu, yunan dilində cingiltili "ş" samitinin olmaması ilə izah edilir (2, 39).

Bəzi ərəb mənbələrində Şamaxı şəhərinin adı X-XI əsrlərdə baş vermiş hadisələrlə əlaqədar Yəzidiyyə kimi çəkilir. XVII əsr türk tarixçisi Münəccimbaşının yazdığına görə Yəzidiyyə şəhərini 918-ci ildə Şirvan hakimi olan Əbu Tahir Yəzid saldırmışdır. Vladimir Minorskinin fikrincə Əbu Tahir Yəzid ancaq keçmiş yaşayış məntəqəsini abadlaşdıraraq öz adı ilə adlandırmışdır.

XIV əsrin tarixçi və coğrafiyaşünas alimi Həmdullah Qəzvini Şirvan və Şamaxı haqqında danışarkən göstərir ki: "Şamaxı Şirvanın qəsəbəsidir. Beşinci iqlimə daxildir (tul dairəsi 82°30', ərz dairəsi 40°39'). Ənuşirəvan adına tikdirmişdir. Havası istiyə maildir. O, (Şirvanın) qalan yerlərinə nisbətən ən yaxşısıdır.

Xalq arasında olan əfsanəyə görə Şamaxı iki adın birləşməsindən əmələ gəlmişdir. Bu məlumata görə kəlmənin birinci hissəsi "Şah", yəni "böyük", ikinci hissəsi isə "Mah", yəni "şəhər" sözlərinin birləşməsindən əmələ gələn “Şah mah-ı", yəni “Böyük şəhər" deməkdir.

Sovet dövründə Şamaxı şəhərini tədqiq edən arxeoloq Hüseyn Ciddi Şamaxı (Kamaxiya) adını türkdilli kimak tayfaları ilə əlaqələndirir. XI əsr müəlliflərindən biri kimakları İrtış çayı sahilində gördükdən sonra onların bura qədimdə gəldiklərini qeyd edir. Əl-İstəxri kimakların hun, xəzər və qıpçaqlar kimi türk tipinə aid olduğunu göstərir. Vasili Bartold kimakın türk dilindəki "iki oymaq" olduğunu qeyd edir (2, 39).

Qədim Şamaxı – Xınıslı. Xınıslı müasir Şamaxı şəhərindən 1-1,5 km şimal-qərbdə qədim yaşayış məskəni və qəbristanlıqdır. 1958-ci ildən arxeoloji qazıntılar nəticəsində zəngin maddi-mədəniyyət nümunələri, pul dəfinəsi və s. aşkar edilmişdir. Yaşayış məskəni müxtəlif təbii və siyasi hadisələrlə əlaqədar dəfələrlə öz yerini dəyişmişdir. Mədəni təbəqənin alt qatları Kür-Araz mədəniyyətinə aiddir. Gil qablar, daş və sümükdən alətlər, silahlar buranın ilk tunc dövründə böyük yaşayış yeri olduğunu göstərir (2, 41). 

E.ə. VI-V əsrlərdə Xınıslı iri yaşayış məskəninə çevrilmiş, e.ə. I minilliyin sonlarında isə şəhər kimi formalaşmışdır. Müxtəlif formalı zövqlə bəzədilmiş saxsı məmulatı, incə şüşə qablar, metal məmulatı şəhərdə sənətkarlığın Ön Asiya, Roma və qonşu ölkələrdən gətirilmiş bəzək əşyaları, şüşə qablar və s. isə geniş iqtisadi və mədəni əlaqələrin inkişafını göstərir. VI əsrdə Sasanilərin şimala hərbi yürüşləri zamanı Xınıslı dağıdılmışdır. Qəbiristanda xeyli daş qutu qəbir tədqiq edilmiş, sasani sikkəsi, möhür, şüşə, gümüş, saxsı qablar tapılmışdır. Xınıslıda yaşayış izləri müsəlmanların Azərbaycanı fəthinə qədər mövcud olmuşdur.

Şamaxı şəhəri ərazisində Xınıslı məhələsində yerləşən antik və ilk orta əsr abidəsinin ilk tunc dövrü təbəqəsi olduğu hələ keçən əsrin 60-cı illərində arxeoloq Cabbar Xəlilovun apardığı arxeoloji qazıntılar zamanı əldə olunan keramika məmulatından məlumdur. Çox təəssüflə qeyd etmək lazımdır ki, bu yaşayış yeri üç invertar nömrəsi ilə dövlət qeydiyyatında olsa da, Şamaxı bələdiyyəsi tərəfindən arxeoloji abidənin ərazisi yerli sakinlərə həyətyanı sahə kimi verilmiş, Xınıslı abidəsinin öyrənilməsi və gələcəkdə konservasiya edilərək Azərbaycan elminə və turizminə qazandırılması məhdudlaşdırılıb (4). Dəfələrlə tərəfimdən Xınıslının Cabbar Xəlilov tərəfindən aparılmış qazıntı sahəsi nəzərdən keçirilmiş, sahənin tullantılarla doldurulduğu müşahidə edilmişdir. Son dəfə əraziyə baxış keçirərkən yeni binaların tikilməsi üçün çox sayda daş qalaqlarına rast gəlinmişdir. Abidənin əhəmiyyətinin gündəmdə saxlanması və ilk tunc dövrü təbəqəsinin araşdırılması üçün gələn il ərazidə AMEA-nın müxbir üzvü Vəli Əliyev tərəfindən kəşfiyyat qazıntısının aparılması nəzərdə tutulmuşdur.

Xınıslı dəfinəsi 1958-ci ildə üzüm plantasiyaları salmaq məqsədilə təpəlik sahədə təsərrüfat işləri aparılarkən Xınıslı yaşayış yeri ilə birlikdə aşkar edilmişdir. 300-dən çox gümüş sikkə tədqiq olunmuşdur. Sikkələr Roma (denari), Afina (5 tetradraxma), Frakiya (3 tetradraxma), Vifiniya (7 tetradraxma), Pont (1 tetradraxma), Selevki (76 tetradraxma), Arşaki (161 draxma) və yerli bənzətmə alban (72 ədəd) pullarından ibarətdir. Dəfinədə ən qədim pul Lisimaxın (e.ə. 323-281) Frakiyada zərb edilmiş tetrdraxma, ən sonuncu isə III Fraatın (e.ə. 70-58) Arşaki draxmasıdır. Dəfinənin e.ə. təqribən birinci əsrin III rübündə basdırıldığı ehtimal olunur. Sikkələrlə yanaşı, gümüş bəzək əşyasının bir parçası (5,52 qr), yastı gümüş lövhə (58,74 qr), gümüş külçə (29,96 qr) da tapılmışdır. Külli miqdarda bənzətmə alban sikkələri ilk dəfə Xınıslı dəfinəsində aşkar edilmişdir. Bu sikkələr əsasında əvvəllər ayrı-ayrı yerlərdən tapılmış naməlum pulları müəyyənləşdirmək mümkün olmuşdur. Xınıslı dəfinəsi hələ eramızdan əvvəl Azərbaycanda yerli sikkələrdən kəsildiyini, geniş pul əmtəə tədavülünün olduğunu göstərir (2, 46).

Şamaxı Cümə məscidi. Azərbaycanda və dünyada ən qədim məscidlərdən biri Şamaxı şəhərindəki Cümə məscididir. Dövrümüzə qədər gəlib çatmış Cümə məscidi 1902-ci ildə Jozef Ploşko və memar Zivər bəy Əhmədbəyovun layihəsi ilə qədim məscidin özülü üzərində tikilmişdir.

Şamaxı Cümə məscidi nəinki VIII əsr İslam memarlığının qədim tarixi baxımından, həm də yaxşı plan həllinə görə Cənubi Qafqazın görkəmli dini tikililərindəndir. Müsəlmanlar birinci dəfə şəhərdə çox da böyük olmayan və mehrabı Məkkəyə istiqamətləndirilmiş məscid inşa etmişdilər. Şamaxı məscidinin günbəzi yerli təbii əhəng daşı ilə taxta parasız inşa olunmuşdu.

Şəriət qanununa görə, qədim məscidlər yenisi ilə əvəz ediləndə mümkün qədər əvvəlkinin plan həllini saxlamaq lazımdır. Bu baxımdan XX əsrin əvvəllərində qədim məscidin özülü üzərində inşa edilmiş Şamaxı Cümə məscidinin ilkin planını təyin etmək mümkün olmuşdur. Uzunluğu 47 metr, eni 28 metrə çatan düzbucaqlı formalı məscidin nəhəng zalı kvadratşəkilli 3 sərbəst hissəyə bölünərək bir-biri ilə arasındakı geniş keçidlərlə əlaqələndirilir. Məscidin belə plan həlli müəyyən dərəcədə məşhur ərəb məscidlərini - həmin dövrdə (VIII əsr) inşa edilmiş Dəməşqdəki Əməvi və Kordovadakı Böyük məscidi yada salır. Belə plan quruluşuna malik olan məscidləri mərkəz xətti boyunca memarlıq və konstruksiyasına xələl gətirmədən hər iki istiqamətə genişləndirmək olar (2, 62).

1926-cı ildə Cəmil Aleksandroviç-Nasıfi Şamaxıdan 13 kilometr aralıda yerləşən qonşu Ağsu kəndində hələ 1918-ci ildə ermənilər tərəfindən yandırılan və dağıdılmış bir məscid xarabalığı aşkar etmişdir. Həmin məsciddə aparılmış tədqiqatlar göstərir ki, onun da memarlıq planı Şamaxı Cümə məscidi ilə eynidir. Məscidin inşa olunma dövrü VIII əsrdə Şirvanı və Dağıstanı fəth edərək İslamı yayan xəlifə Validin qardaşı Əbu Müslümün hakimiyyəti illərinə təsadüf edir. Cəmil Aleksandroviç-Nasıfi məscid divarlarındakı müxtəlif hörgü qalıqlarına əsaslanaraq onun çox qədim olması və müxtəlif dövrlərdə bərpa edilməsi nəticəsinə gəlmişdir. Doğrudan da Şamaxı və Ağsu məscidləri eyni dövrdə tikilib. Onlar Şirvan abidələri qrupuna daxil olub İslam memarlığının nadir nümunələridir. Bu məscid interyerlərinin bilavasitə analoqu yoxdur (7, 210).

1902-ci il zəlzələsindən sonra yaradılmış xüsusi komissiya şəhərin belə çox dağıntıya məruz qalma səbəblərini araşdırdı. Elə o zaman Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar ərəb yazılarına əsasən Cümə məscidinin əsasını müsəlman tarixi ilə 126-cı illə bağlamışdı. Beləliklə, demək olar ki, Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir və təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə, Dərbənddə inşa edilmiş məsciddən sonra (733-34) ən qədim məsciddir.

Şamaxıda sufizm. Təsəvvüf elm ilə əməl etməyə səy göstərməkdir... Elmsiz mürid murada çatmaz. Murada çatmaq üçün elm, ibrət görmək üçün göz, yola girib məqsədə çatmaq üçün vasitə, iman ağacı kölgəsində rahat xəlvət tapmaq üçün qəlbi-səlim və tabi-müstəqim gərəkdir. Seyid Yəhya Şirvani Bakuvi.“Şifaül-əsrar”, 8b.

Azərbaycan islam ilə qarşılaşan ilk bölgələrdəndir. Sufizmin bura gəlməsi də elə ilk dövrlərdə olmuşdur. Sufizm tarixində adına rast gəldiyimiz bir çox görkəmli sufi Azərbaycanda yaşamış, bir sıra məşhur təriqət burada meydana çıxmışdır. Azərbaycan sufizmi Əbu Səid Əbulxeyrin müridləri tərəfindən əsası qoyulan təkyələrlə geniş yayılmışdır.Sührəverdiliyin təsiri ilə əbhərilik, zahidilik, xəlvətilik və səfəvilik təriqətləri yaranmış, işraqilik, əxilik və hürufilik kimi mühüm fəlsəfi və mistik hərəkatlar ortaya çıxmışdır. Bununla yanaşı, Babakuhi Bakuvi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Mahmud Şəbüstəri, İmadəddin Nəsimi, Qasım Ənvar və s. yüzlərlə sufi-şairin vətəni olan Azərbaycan, təsəvvüf fəlsəfəsi, tarixi və ədəbiyyatı baxımından mühüm mədəniyyət mərkəzi kimi təsirlərini əsrlərlə dünyanın hər tərəfinə yaymışdır.

Xəlvətilik təriqəti XIV əsrin əvvəllərində Pir Ömər Avaxıli əş-Şirvani tərəfindən Şamaxının Avaxıl kəndində qurulmuş, sührəverdilik-əbhərilik-zahidilik xəttinin təsəvvüfi-fəlsəfi baxışları əsasında formalaşmışdır. Şirvanşah I Xəlilullah bu təriqəti himayə etmiş, məşhur filosof, xəlvətlik təriqətinin ikinci piri Seyid Yəhya Şirvanini (XIV əsrin sonu, Şamaxı – 1466, Bakı) Şamaxıdan Bakıya dəvət edərək sarayının yaxınlığında xəlvəti təkyəsi qurmasına şərait yaratmışdır. Azərbaycanın islam-türk mədəniyyət anlayışı Bakı xanəgahından xəlvəti xəlifələri, müridləri vasitəsilə daha uzaqlara yayılmışdır. Dədə Ömər Rövşəni və İbrahim Gülşəni ilə Şirvandan Qarabağa, oradan Təbrizə - Uzun Həsənin sarayına yol alan xəlvətilik Azərbaycanın hər bölgəsində, Osmanlıda, Misirdə rəğbət görmüşdür. Seyid Yəhyanın xəlvəti müridləri üçün tərtib etdiyi virdlər əsrlərlə dünyanın hər yerində oxunmuş, zikr olunmuşdur.

Şamaxı ipəyi. Müasir dövrümüzün iqtisadi-siyasi həyatında neftin oynadığı mühüm rolu bütün orta əsrlər boyunca ipək oynamışdır. Azərbaycanın ipəkçilik sənəti öz istehsal səviyyəsinə, iqtisadi dəyərinə görə ənənəvi sənət sahələri içərisində hakim mövqeyə malik idi.Şirvan Azərbaycanda ipəkçiliyin qədim vətənlərindən biri olmuşdur. Şirvanda isə karxana şərbaflığının əsas mərkəzi tarix boyu Şamaxı və onun ətraf kəndləridir. Bu əhəmiyyətli sənət sahəsi orta əsrlər Şamaxısında yüksək inkişaf səviyyəsinə çatmışdı. Şamaxı karxanalarında ölçü, keyfiyyət, dözüm və rəng etibarilə fərqlənən zəngin çeşiddə ipək məmulatı toxunduğu haqqında maraqlı məlumatlar var. Venesiya səfiri Ambrocco Kontarini 1475-ci ildə Şamaxıda olarkən onun hər cür həyat nemətləri ilə zəngin olduğunu xəbər verərək yazırdı ki, bu şəhərdə bizim “talaman ipəyi” kimi tanıdığımız ipək və müxtəlif növ ipək parçalar istehsal olunur. Feodal çəkişmələrinin iqtisadiyyata vurduğu güclü ziyana baxmayaraq Şamaxı karxanalarında XVIII əsrin sonlarında 1500 toxucu dəzgahı işləyirdi. Bu dəzgahlarda əsasən tafta, mov, darayı və qanovuz toxunurdu. XIX əsrin birinci yarısında şərbaf karxanalarının fəaliyyəti yüksək səviyyədə idi. Şamaxı bu dövrdə də karxana şərbaflığının əsas mərkəzi olaraq qalırdı. 1841-ci ilə aid olan bir məlumatda Şamaxının 220 şərbaf karxanasında 500 dəzgah olduğu və burada 2000-dən çox sənətkar işlədiyi bildirilirdi. 1851-ci ildə isə bu dəzgahların sayı artaraq 310-a çatmışdı. Bu isə karxana toxuculuğunun inkişaf edərək manufaktura istehsalının astanasına çatması demək idi. Azərbaycanın sənət həyatında bu hal yalnız şərbaflıq sənətində baş vermişdir. Şamaxıda Şirvan şərbaflığının üstün mövqeyi XIX əsrin sonlarınadək davam etmişdir.

Gülüstan qalası. Gülüstan qalası Şamaxı şəhərinin şimal-qərbində, Qız qalası dağındadır. IX əsrdən mövcud olduğu ehtimal edilir. Qalanın ön iştehkamı dağın yamac hissəsində, narınqalası isə zirvəsində tikilmişdir. Xaqani, Arif Ərdəbili və başqaları əsərlərində Gülüstan qalasını tərənnüm etmişlər. Qala şərq, şimal və qərb tərəfdən uçurumla əhatə olunmuşdur. Burada istehkamın divar və bürclərinin xarabalıqları qalır. Gülüstan qalası xalq arasında Qız qalası adı ilə məşhurdur. 

Mənbələrdə XI əsrin əvvəllərində Yəzidiyyə şəhərinin adı ilə birlikdə çəkilir. XI-XVII əsrlərdə Şirvan şahlarının müdafiə qalası və iqamətgahı olmuşdur. Odlu silahların meydana gəlməsi və yayılması ilə Gülüstan qalası müdafiə əhəmiyyətini tədricən itirdi. Arxeoloji qazıntılar nəticəsində Gülüstan qalasının saray kompleksinə daxil olan bina qalıqları, IX-XII əsrlərə aid çoxlu maddi-mədəniyyət nümunəsi aşkar edilmişdir. Gülüstan qalasına su saxsı tünglərlə gətirilirdi. Gülüstan qalasının yeraltı gizli yolu olmuşdur.

Gülüstan qalasında 2011-ci ildən başlayan və hər il davam etdirilən arxeoloji qazıntılar zamanı maraqlı tikili və infrastruktur qalıqları üzə çıxmışdır. Hazırda Gülüstan qalasının Azərbaycanın turizm marşrutuna daxil edilməsi istiqamətində işlər görülür.

Səfəvilər və Şamaxı. Səfəvilik təriqəti XIV əsrin əvvəllərində Şeyx Səfiəddin Ərdəbili tərəfindən qurulmuş, sührəverdilik-əbhərilik-zahidilik xəttinin təsəvvüfi-fəlsəfi baxışları əsasında formalaşmışdır. Hülakü xanları və Əmir Teymur bu təriqətin şeyxləri ilə dost münasibətdə olmuş, onların irşad fəaliyyətlərinə şərait yaratmışdır. Lakin, səfəvilik Şeyx Cüneydin dövrün siyasi proseslərinə fəal müdaxiləsindən sonra parçalanmışdır. Təriqətin bir qolu olan qızılbaşlıq ideologiyasının tərəfdarları nəticədə Azərbaycan Səfəvilər dövlətini (1501-1736) qurdular. Siyasətə qoşulmayan səfəvilər isə bayramilik adı ilə irşad fəaliyyətlərini davam etdirdilər.

1500-cü ilin payızında Səfəvi şahı I İsmayıl öz qoşunu ilə Şamaxını ələ keçirdi. Şirvanşah Fərrux Yasar Cabanı adlı yerdə öldürüldü. Onun oğlu Şirvan qoşunlarının qalıqları ilə geri çəkilərək Gülüstan qalasında gizləndi.

1538-ci ildə Səfəvi şahı I Təhmasibin dövründə Şirvanşahlar dövlətinin müstəqilliyinə son qoyuldu. Şamaxı yeni inzibati ərazi bölgüsünün – Şirvan bəylərbəyliyinin mərkəzinə çevrildi. Şirvan bəylərbəyi Abdulla xan Ustaclı dövründə Şirvan yenidən xarici tacirlərin alış-veriş üçün gəldiyi iri ticarət mərkəzinə çevrildi.

XVI əsrin sonlarında Osmanlılar Lələ paşanın rəhbərliyi ilə Şirvanı ələ keçirdilər. Özdəmiroğlu Osman paşa Şirvanın hakimi təyin olundu. Osman paşadan sonra növbə ilə Həsən paşa, Mahmud paşa və Əhməd paşa Şirvanı idarə etmişlər.

1607-ci ildə Səfəvi şahı I Abbas Şirvanı ələ keçirdikdən sonra buranı qızılbaş bəylərbəyləri idarə etmişlər. Nadir şaha qədər Şirvanda Zülfiqar xan, Yusif xan, Ərəb xan, Fərəc xan, Mehralı xan kimi qızılbaş sərkərdələri bəylərbəyi olmuşlar.

1734-cü ildə Nadir xan Əfşar Şamaxını ələ keçirdi. O, Şamaxını yer üzündən silmək istəyirdi. Odur ki, şəhəri bütünlüklə dağıtdı.Şamaxıdan bir qədər cənubda, düzdə yerləşən Ağsu kəndində yeni qala tikdirərək bütün əhalini ora köçürdü. 

1821-ci ildən Şamaxı şəhərinin yenidən qurulmasına başlanıldı və müasir şəhərin mənzərəsi yaradıldı. İki dağıdıcı zəlzələ (1859; 1902) Şamaxı şəhərinə böyük zərbə vurmuş, yenidən qurulması nəticəsində şəhər bugünkü görkəmini almışdır.

Nəticə. Şamaxı şəhərinin istər maddi, istərsə də qeyri-maddi mədəni irsinə nəzər yetirəndə belə bir mirasın indiyə qədər UNESCO Dünya irsi siyahısına daxil olmamasının səbəbləri anlaşılmır. Azərbaycanın mədəni irsinə və turizminə göstərilən son zamanlardakı dövlət qayğısı imkan verir ki, Şamaxı şəhərinin dünya irsi kimi öyrənilməsi, qalıqların konservasiya və bərpa olunması, muzeylərin zənginləşməsi, irsin təbliğ olunması Azərbaycan iqtisadiyyatının, xüsusilə turizm sahəsinin inkişafında önəmli addım olacaqdır.

 

Ədəbiyyat:

 

1. www.change.org/p/farizkhalilli-gmail-com-%C5%9Famax%C4%B1-qoruq-olsun

2. Fariz Xəlilli. Şamaxı Tarix Diyarşünaslıq Muzeyi. Bakı: Elm və Təhsil, 2009, 204 s.

3. Mehmet Rıhtım, Fariz Xəlilli. Mövlanə İsmayıl Siracəddin Şirvani və Qafqazlı müridlər. Bakı: CBS, 2011, 166 s.

4. Qafar Cəbiyev, Fariz Xəlilli, Arzu Soltan, Rəşad İbrahimov, Albina Rzayeva. Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Təbliği: Araşdırma, Təklif və Tövsiyyələr. Bakı: QHT Nəşriyyatı, 2013, 32 səh. 

5. Fariz Xəlilli, Ağasəlim Əzizov, Gülşən Hüseynova, Arzu Həsənli. Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasina dəstək: Araşdırma, Təklif və Tövsiyyələr. Bakı: QHT Nəşriyyatı, 2015, 32 səh.

6. Fariz Khalilli, Tarlan Guliyev. Cities of Common Cultural heritage - scientific-research report. Baku: 2014

7. Aydın İsmiyev, Məleykə Hüseynova, Fariz Xəlilli, Tərlan Quliyev, Türkan Rüstəmova. Türk-İslam Mədəniyyəti və Ümumi Mədəni İrs Şəhərləri Arxeoloji Turizm Layihəsi // III Uluslararası Türk Sanatları, Tarihi ve Folkloru Kongresi/Sanat Etkinlikleri, 20-26.09.2014, Delhi-Hindistan, səh. 205-216.

 

Məqalə Azərbaycan Memarlıq və İnşaat Universitetinin 01 -02 dekabr 2017-ci  il tarixlərində təşkil etdiyi 

“XXI əsr və tarixi İslam şəhərləri - II” beynəlxalq konfransının materialları toplusunda nəşr olunub.

Oxunub: 2168