XIX ƏSRDƏ QAFQAZDA TƏSƏVVÜFİ CƏRƏYANLAR
Dr. Fariz Xəlilli
Azərbaycan Müəllimlər İnstitutu
Xülasə
Tarixi Azərbaycan və Qafqaz torpaqları İslamın ilk yayıldığı bölgələrdən olduğu kimi, təsəvvüfi cərəyanların da yarandığı və yayıldığı mərkəzlərdəndir. Burada Veysəl Qarani sevgisindən, Dədə Qorqud müdrikliyindən, Əbünnəcib Sührəverdi arifliyindən xəlvətilik və nəqşibəndiliyin məktəbləşməsinə qədər təsəvvüf yolu keçilmişdir. Orta əsrlərdə insanların ruhuna və qəlbinə, ictimai həyatına təsir edən sufi cərəyanları XIX əsrdə də davam etmiş, xarici işğalçılara, gavurlara qarşı mübarizə məktəbinə də çevrilmişdir.
XIX əsrdə Qafqazda nəqşibəndilik, qadirilik, xəlvətilik və üveysi təriqətlər hesab edilən zikrçilər geniş yayılmışdılar. Bu haqda ən maraqlı yazı XIX əsrin sonlarında yazılmış Mahmud bəy Mahmudbəyovun “Qafqazda müridzm cərəyanları” məqaləsidir. Mahmud bəy məqalədə əsasən İsmayıl Şirvani ilə Qafqaza gəlmiş nəqşibəndilikdən və Şeyx Əyyubla Şirvanda yayılmış zikrçilik məktəbindən bəhs etmişdir.
Nəqşibəndilərin səssiz, qadirilərin, xəlvətilərin və zikrçilərin səsli zikrləri haqqında XIX əsr müəlliflərində maraqlı məlumatlar vardır. Zikr məclislərində nəqşibəndilər Əsgəri və Həmzə Nigaridən odalar, qəzəllər, zikrçilər yerli şairlərdən qoşmalar oxuyurdular.
Seyid Cəmaləddin Qazıqumuği Nəqşibəndiyyə təriqətinin ədəblərinə dair yazdığı əsərində Qafqaz müridizminin əsaslarını təşkil edən məqamlara diqqət çəkmiş, “şeyxi olmayanın şeyxi şeytandır” deməklə müsəlmanların bu məsələdə diqqətli olmasını istəmişdir.Nəqşibəndiliyin Azərbaycanda və bütün Qafqazda sürətlə yayılması onun həm şiəliyi, həm sünniliyi qucaqlaması, Qızıl Silsilədən gəlməsi ilə bağlı olmuşdur. Bunu Seyid Cəmaləddinin təqdim etdiyi silsilədə aydın görmək mümkündür.
Sovet İttifaqı dövlətlərində sufizm cərəyanlarını araşdıran fransız müəllifi Aleksandr Benniqsen XIX-XX əsrlərdə Qafqazda yayılmış nəqşibəndilik və qadirilik məktəblərinin adını çəkmiş, onların yayılma arealına diqqət çəkmişdir.
Xəlvətilərin Azərbaycanda, Quba bölgəsində davam etdiyini göstərən maraqlı sənədlərdən birini Dos.Dr. Mehmet Rıhtım Qubanın Seyidlər kəndində Ramiz Əliyevdə olan “Virdü-Səttar” əsərinin içərisindəki silsilədən aşkar etmişdir.
SUFI ORDERS IN CAUCASUS IN 19TH CENTURY
Dr. Fariz Khalilli
Azerbaijan Teachers’ Institute
Historical Azerbaijan and Caucasus are the lands where Islam, as well as sufism currents were first spread and created. There Sufism way passed from Veysel Garani love, Dede Gorqud wisdom, Abunnajib Suhraverdi sagacity till Khalvatilik and Nakhibendilik. Sufi currents influenced upon spirits and soul, as well as social life of people in middle ages continued in 19th century and become school of struggle against foreign occupations and gavurs.
Remembrance of God, considered Nakhshibendilik, Gadirilik, Khalvatilik and uveysi spread widely in 19th century in Caucasus. The most interesting script about this is the article “Novitiation currents in Caucasus” by Mahmoud bey Mahmudbeyov at late 19th century. Mahmoud bey dealt with Nakhshibendilik flown to Caucasus by Ismayil Shirvani and Remembrance of God by Sheik Eyyub in Shirvan, in the article.
There is interesting information by 19th century authors about calmness of Naqshibendis, sounded thoughts of Gadiris, Khalvatis and Remembrance. Nakhishibendis read in Remembrance ceremonies ghazals by Asgari and Hamza Nigari, while zikrchis read goshmas from local poets.
Seyid Jamaladdin Gaziqumugi focused attention to the moments on the basis of Caucasus education in his work concerning decency of Nagshibendiyye sect, wanted Moslems’ attention in this issue bu saying “sheikh of those without sheik is devil”. Fast spread of Naqshibendilik in Azerbaijan and the whole Caucasus was connected with association with Shiah and Sunnite and derivation from Gold Range. It is possible to see this clearly in the range presented by Seyid Jamaladdin.
French author Alexander Bennigsen studied Sufism currents in Soviet Union States mentioned schools of Nakhibendilik and Gadirilik expanded in Caucasus in 19-20th centuries and drew attention to their expansion area. One of the interesting documents showed continuance of Khalvatilik in Azerbaijan including Guba was revealed from “Virdu-Sattar” work which Ramiz Aliyev has, by Dos. Dr. Mehmet Rihtim in Seyidler Village of Guba.
Şimali Qafqazda nəqşibəndilər.Nəqşibəndiliyin (müridizmin Şimali Qafqazda da yayılması İsmayıl Şirvaninin, xüsusilə onun xəlifəsi ağdaşlı Xas Məhəmmədin adı ilə bağlıdır (Fadееv-1960, s. 326). Kürin xanlığının Yuxarı Yaraq kəndində Molla Məhəmməddən dərs alan Xas Məhəmməd 1823-cü ildə İsmayıl Şirvani haqqında eşitmiş, Ağdaşa qayıdarkən Kürdəmirdə dayanmış, orada onun müridi olmuşdur. O, İsmayıl Şirvanidən təsəvvüf və İslam fəlsəfəsi mövzusunda, nəqşibəndilik cərəyanı haqqında geniş biliklər əldə etmişdir. İsmayıl Şirvani Xas Məhəmmədə xilafətnamə vermiş və Dağıstanda təhsil aldığı kənddə təsəvvüfi bilikləri yaymasını tapşırmışdır. Xas Məhəmməd Şirvani Yaraq kəndinə qayıtmış, irşad fəaliyyətinə başlamışdır. Bir neçə aydan sonra xilafətnamə verdiyi, müəllimi Molla Məhəmməd Yaraqlı və digər dağıstanlı mollalarla Kürdəmirə İsmayıl Şirvaninin yanına gəlmişdir.İsmayıl Şirvani Molla Məhəmməd Yaraqlını Dağıstanda irşad etmək üçün göndərmişdir. O vaxtdan Xas Məhəmməd Dağıstan hadisələrində az xatırlanır.
Mövlud Yarəhmədov Xas Məhəmməd Şirvaninin ömrünün sonuna qədər Dağıstanda yaşadığını qeyd edir. O, Qadarda Hacı Abdullanın mədrəsəsində Şərq fəlsəfəsini tədris edirdi. Burada onun həmyerlisi ağdaşlı Abdulla əfəndi isə fars və türk dillərindən dərs deyirdi. Xas Məhəmməd Şirvaninin yazılı qeydlərinin olması haqqında Fridrix Bodenştedt xəbər verir. O, Qafqaz tarixindən bəhs edən əsərində “Hacı İsmayılın görüşləri” bölməsini məhz həmin qeydlər əsasında yazmışdır.
Yaraq mədrəsəsinin yerləşdiyi Yuxarı Yaraq kəndi XVIII əsrdə Kürin xanlığının mərkəzi hesab olunurdu. Bu günə qədər qalmaqda olan Kürin Xan sarayının xarabalarından aydın olur ki, saray ətrafında bəylər üçün tikilmiş yeddi ev vardı. Bu evlərdə xanın qardaşları yaşamışdı. Xan sarayı və bəylər üçün tikilmiş imarətlər hündür və qalın hasar içərisinə alınmışdı. Bu saraya Bülbülkənd bulağından su kəməri çəkilmişdi. Hələ Yusif xan dövründə burada mədrəsə təşkil olunmuş, XIX əsrin ilk illərində ona Molla Məhəmməd Yaraqlı rəhbərlik etməyə başlamışdı. Burada onun onlarla şagirdi vardı. Yaraq mədrəsəsində Xas Məhəmməd Şirvani, tahircallı Əmirəli, əlqadarlı Abdulla, ağdaşlı (Qaraxan kəndindəndir) Abdulla, Yalsuqlu Yetim Emin, əlqadarlı Həsən (Abdullanın oğludur), uştullu Mirzə Kərim, uştullu Mirzə Cəbrayıl (qardaşlar), gimrili İmam Qazı Məhəmməd, gimrili İmam Şamil kimi alim, şair və ictimai xadimlərin yetişdiyi məlumdur.
Molla Məhəmməd Yaraqlının şagirdlərindən biri şirvanlı Xas Məhəmməd Mövlanə İsmayıl Şirvanidən nəqşibəndiyyə təriqətinin əsaslarını öyrənmiş, xilafətnamə alaraq Dağıstana mürşid kimi dönmüşdü. Molla Məhəmməd Yaraqlı əvvəlcə tələbəsindən, daha sonra isə Kürdəmirdəİsmayıl Şirvanidən bu təriqətin əsaslarını öyrənmişdir. Bu müddətdən sonra o, Dağıstanda bu təlimin yayılmasına həyatını həsr etmişdir (Fadееv-1960, s. 327). O, əvvəlcə Kürin xanlığında təriqəti yaymağa başlamış, ətrafına hər tərəfdən müridlər toplamışdır. Cəmaləddin əl-Qumuğiyə xilafətnamə vermiş, İmam Qazı Məhəmmədə və İmam Şamilə təriqətin yollarını öyrətmişdir.
1825-ci ildə Yermolovun əmri ilə Molla Məhəmməd Yaraqlı həbs olundu. Aslan xan onu Qurah kəndində dustaq etdi. Lakin müridlərinin köməyi ilə Molla Məhəmməd Yaraqlı həbsxanadan azad oldu və Tabasaranda gizləndi. Ailəsini və kitablarını gətirtdikdən sonra Avar xanlığında məskunlaşdı. 1838-ci ildə (h. 1254) Soqratl kəndində vəfat etdi. Orada dəfn olundu. Türbəsi ziyarət edilir.
Molla Məhəmməd Yaraqlı çoxlu əsərlərin müəllifidir. Bununla belə, ərəb şeir üslubunda da misilsiz olmuşdur. Belə ki, təsəvvüfə dair ərəb dilində “Böyük qəsidə” və “Kiçik qəsidə” adlanan iki şeiri çox məşhurdur. Onun “əl-Asar” kitabı 1910-cu ildə Temirxan-Şurada, Mirzə Məhəmməd Mavrai əl-Çoxinin tipoqrafiyasında, ərəb dilində nəşr olunmuşdur. Kitab 192 səhifədən ibarətdir.
Molla Məhəmməd Yaraqlının təsəvvüfdə xəlifəsi, ardıcılı Seyid Cəmaləddin Qumuğidir. Təhsilini başa çatdırdıqdan sonra gənc Cəmaləddin Qazıqumuq xanı Aslan xanın mirzəsi olmuşdur. Xidmətlərinə görə Aslan xan ona ümumi adı Astal olan üç kənd bağışlamışdır.Həmin ərəfədə Yuxarı Yaraq kəndindən nəqşibəndiyyə şeyxi Molla Məhəmmədin şöhrəti bütün Qazıqumuğa yayılmışdı. Odur ki, Aslan xan Cəmaləddini onu bu əməlindən daşındırmaq üçün Yaraq kəndinə göndərdi. Lakin Cəmaləddin, Molla Məhəmməd Yaraqlının haqq işini anladı və ona intisab etdi. Molla Məhəmməd ona təriqəti öyrətdi və arzu edən şəxsləri həqiqət yoluna müstəqil olaraq dəvət etməsinə icazə verdi.
Seyid CəmaləddinQazıqumuğa qayıtdıqdan sonra vaxtını təriqətin yayılmasına, ibadət edərək onu ziyarətə gələnləri həqiqət yoluna dəvət etməkdə keçirdi. Dağıstanın hər yerindən ətrafına ardıcıllar toplaşdı. Hətta gimrili Qazı Məhəmməd və Şamil də Cəmaləddin Qumuğiyə intisab etdilər. Cəmaləddin Qumuği Qazı Məhəmmədə xilafətnamə vermişdi. Lakin onun dövlət işləri ilə məşğul olması ilə əlaqədar bu vəzifəsindən məhrum oldu. Şamil isə xilafətnamə almamışdı.
Cəmaləddin Qumuği Aslan xan tərəfindən dəfələrlə təzyiqə məruz qaldı. Odur ki, Dağıstanın Sudahar kəndinə köçdü. Aslan xanın vəfatından sonra yenidən Qumuq kəndinə qayıtdı və Şamilin imamlığına qədər burada qaldı.Şamilin imaməti dövründə (1834-1859) onun hakimiyyəti altında olan dağıstanlılar, çeçenlər Cəmaləddin Qumuğini ustad qəbul etdilər. Şamil mürşidinin qızı Zahidə ilə evləndi. Özünün iki qızını isə Cəmaləddinin oğlanlarına verdi.
Cəmaləddin Qumuği Qazavat başlanandan sonuna qədər müharibə əleyhdarı olmuşdur.
Mənbələrin incələnməsindən aydın olur ki, Cəmaləddin Qumuği öz mürşidindən Qazavat göstərişi almamışdır. Qazavat və Müridizm hərəkatı Qazı Məhəmmədin ideyası olmuşdur.
Çar zabiti Orbeliani Cəmaləddin Qumuği haqqında yazır:“Dağıstanda imamlığın ilk günlərindən bugünə qədər hər an və hər yerdə ən böyük ehtiram ilə qəbul edilən bir adam var ki, sakit və səssiz həyatı, mənfəət axtarmaması, doğruluğu, ədaləti, elmi və şəriət qaydalarına sıx bağlılığı xalqın nəzərində ona bir övliya şöhrəti qazandırmışdır...Rəvayətə görə mələklər onu dəfələrlə qazıqumuqlu Aslan xanın işgəncəsindən qurtarmışdır. İnsanlar onun mələklərlə birlikdə havada uçduğunu və üzünün gözqamaşdırıcı bir şəkildə parladığını görmüşdülər... O, boş-boşuna qan axıtmağı qınamaqda, qətliyamın qarşısını almağa çalışmaqdadır”.
Cəmaləddin Qumuği Dağıstanın işğalından sonra Osmanlı dövlətinə köçdü (1859). Osmanlı sultanı Əbdüləziz (1861-1876) ona ehtiram göstərdi və Dağıstan şeyxi adlandırdı. O, Qars şəhərində yaşayırdı. Xəlifələrindən qubalı Ələsgər əfəndi Quba-Nuxa-Tiflis-Qars yolu ilə gələrək şeyxinə yetişmişdi. Cəmaləddin Qumuği, alim, mömin şəxs olub, gözəl xəttə, natiqlik qabiliyyətinə, ərəb dilində şeirlər yaratmaq bacarığına malik idi. Nəqşibəndiyyə təriqətinə dair “Əl-ədəbül-mərziyyə fit-tarikatin Nəqşibəndiyyə” əsəri, təsəvvüf baxımından dəyərli mənbədir.
İmam Qazı MəhəmmədGimridə boya başa çatmış, təhsilini Dağıstan kəndlərində və obalarında almışdır. Elmi biliklərini tamamladıqdan sonra onun ətrafına müxtəlif kəndlərdən şagirdlər toplaşmışdı. Onların arasında Qazı Məhəmmədin sevimli dostu, həyət qonşusu Şamil də vardı.Qazı Məhəmməd şəriətə, xüsusən Məhəmməd Peyğəmbərin (s. a. s.) tərcümeyi halı, təfsirlərə dair kitablar oxuyurdu. Onun qələmindən çıxan əsərlər də vardır. O, alim, mömin, nəfssiz, igid, səxavətli insan idi. Qazı Məhəmməd öz imamlığı dövründə heç vaxt xəzinədən (beyt əl-mal) şəxsən özü üçün pul götürməmişdi.
Qazı Məhəmməd zahiri elmlərə yiyələndikdən sonra nəqşibəndiyyə təriqətinə girməyi arzuladı. Bu məqsədlə Qazı Məhəmməd öz tələbəsi Şamillə Seyid Cəmaləddin Hüseyni Qazıqumuği Dağıstaniyə intisab etdi. Qazı Məhəmməd batini elmlərdə də müvəffəqiyyət qazanmış, seyr və süluk məclislərində iştirak etmiş, müəyyən müddət şeyxinin xidmətində durmuşdu. Nəticədə Seyid Cəmaləddin Qazı Məhəmmədə təriqətdə irşad etməsi üçün icazə verdi.Qazı Məhəmməd Gimriyə qayıtdı. Onun üçün Gimri ətrafında inşa olunmuş hücrədə şeyxinin tapşırığı üzrə tərkidünyalığa çəkildi. Ətrafına xeyli müridlər toplaşdı.Qazı Məhəmməd daha sonra Molla Məhəmməd Yarağini ziyarətə gedərək ona intisab etdi. Məhəmməd əfəndi də Qazı Məhəmmədə təriqəti nəşr etməsi üçün icazə verdi və tərkidünya həyat keçirməsini əmr etdi. Qazı Məhəmməd, Məhəmməd əfəndi ilə qohum oldu və onun qızı ilə evləndi.
Həmin illərdə Qazı Məhəmməd din uğrunda müharibəyə - cihada başlamaq fikrinə düşdü.O, öz istəyini ilk əvvəl Şamil ilə bölüşdü. Dostlar bu məqsədlə ətraflarına xeyli silahlı mürid topladılar. Məsələdən onun mürşidi Seyid Cəmaləddin xəbərdar oldu. Əksinə, Seyid Cəmaləddin onunla razılaşmadı. Yazdığı məktublarda cihad və qazavat ideyasına qəti etiraz etdi.Qazı Məhəmməd məqsədindən dönmədi. Bu dəfə o, Molla Məhəmməd Yarağidən dəstək istədi: “Uca Allah öz kitabında kafirlərə və imansızlara qarşı vuruşmağa çağırır. Ustad Cəmaləddin mənə din uğrunda mübarizəni yasaq edir. Mən hansı buyuruğa uymalıyam?” Molla Məhəmməd cavabında - Biz Allahın hökmünü öncə yerinə yetirməliyik, nəinki insanların – dedi.Həmin andan Qazı Məhəmməd insanlara sərxoşedici içkilərdən istifadə etməyi, tütün çəkməyi, qumar oynamağı, qadınlarla rəqs etməyi yasaqladı. Qazı Məhəmməd Dağıstanın birinci imamı kimi fəaliyyətə başladı.
“Məhz Qazı Məhəmməd, Koysubulinlidən azad icmanın kəndli oğlu Dağıstan və Çeçenlərin milli-müstəqillik uğrunda mübarizə aparan hökmdarı-ilk seçilmiş imamı oldu. Məhz Qazı Məhəmməd şəriəti müxtəlifdilli xalqların yeni vətəndaş birliyinin başlıca əsası elan etdi. Həmin əsaslarla yeni dövlətçiliyin, yeni ümumdağıstan düşüncəsinin bünövrəsini qoydu”.
Qazı Məhəmməd “Zahir əl-burhan fi irtidad hürəfa Dağıstan” (Dağıstan ağsaqqallarının dini dönüklüyünün aşkar edilməsi) adlı ərəbcə müraciətnamə - əsərində elan edirdi ki, adətlə ədalətin bərqərar edilməsində dinin inkar olunması vardır. Dağıstan alimlərinin əksəriyyəti onunla razılaşırdı.
1830-32-ci illərdə Qazı Məhəmməd bəzi feodallar və işğalçı rus ordusu ilə qanlı döyüşlər apardı. Lakin 1832-ci ildə Gimri qalasında doqquz müridi ilə birlikdə mühasirəyə düşdü və döyüşdə həlak oldu. Onun ölümündən sonra İmaməti İmam Həmzət bəy (1832-1834) idarə etdi (Fadееv-1960, s. 334).
İmam Şamilin əsl adı Əlidir. Dağıstanın Gimri kəndində, 1797-ci ildə anadan olmuşdur. Atası Dəngi Məhəmməd avar kəndlisi idi.Əli altı yaşında xəstələnmiş, valideynləri narahatçılıq keçirmişlər. Odur ki, sağaldıqdan sonra ona “Şamil” deyə müraciət etmişlər. Şamil öz adını “Şamuil” yazırdı.İlk təhsilini qonşusu, dostu və müəllimi Qazı Məhəmməddən almısdır. Sonra isə Balakəndə Laçinilyau adlı müəllimdən dərs almağa başlamışdır. Bu zaman Qazı Məhəmməd Qazıqumuqda Seyid Cəmaləddindən təsəvvüfi bilikləri öyrənirdi. Seyid Cəmaləddin Qazı Məhəmmədə icazənamə verərkən deyir ki, “təriqəti Gimri sakini Şamilə ver və ya onu mənim yanıma gətir”.
Dostlar Gimridə görüşürlər. Qazı Məhəmməd, Şamilə Seyid Cəmaləddin haqqında danışır və ona intisab etməsini istəyir. Şamil Balakənli müəllimi və digər tələbə dostu ilə Qumuğa gəlir. Şamil və dostu Əmir xan təsəvvüfi bilik əldə etmək məqsədilə müəyyən müddət Seyid Cəmaləddinin yanında qalırlar. Şeyxi Şamilə öz seyr və sülukunu Qazı Məhəmmədin məqamında davam etdirməyi məsləhət görür. Şamil o vaxtdan ta mürşidinin ölümünə qədər (1832) Qazı Məhəmməddən ayrılmır.
İmam Şamil Qazı Məhəmməd ilə birlikdə Seyid Cəmaləddinin mürşidinə (Molla Məhəmməd Yaraqlı) də intisab edir. Yaraq kəndindən Gimriyə qayıdan dostlar şəriət və təriqət haqqındakı islami bilikləri tamam əxz edirlər. Qazı Məhəmmədin “Qazavat” haqqındakı ideyasını dərinləşdirən Şamil Həmzət bəyin ölümündən sonra imam seçilmiş, o vaxtdan dağlıların çar Rusiyasına qarşı azadlıq mübarizəsinə başçılıq etmişdir. Onun təşkilatçılıq bacarığı və iradəsi sayəsində dağlılar birləşmiş, yerli feodallar tabe edilmişdi. Şamilin şəxsi igidliyi, sərkərdəlik bacarığı, gözəl natiqliyi ona geniş şöhrət qazandırmışdı. Naib müridlərinə (azad kəndlilərə-uzdenlərə) və təriqət müridlərinə arxalanan Şamil hərbi-teokratik dövlət-İmamət yaratmışdı. İmamətdə dünyəvi və dini hakimiyyət Şamilə məxsus idi (1848-ci ildən irsi elan olunmuşdu). XIX əsrin 40-cı illərində Şamilin ordusu çar qoşunları üzərində bir neçə dəfə əhəmiyyətli qələbə qazanmışdı. Bu illərdə onun qoşununun sayı 20000 nəfərə (o cümlədən 6000 süvari) çatırdı. Bəzi əməliyyatlarda 10-15000 döyüşçü iştirak edirdi.1859-cu ilin avqustunda general-feldmarşal A.İ.Baryatinskinin çoxminlik ordusu hücuma başladı. Şamil 400 müridlə Qunib yaxınlığında mühasirəyə alındı və avqustun 26-da fəxri şərtlərlə təslim oldu. O, imperator II Aleksandr ilə görüşdükdən və Rusiyanın bir sıra şəhərlərində olduqdan sonra ailəsi ilə birlikdə Kaluqaya göndərildi.
1870-ci ildə Şamilə Məkkəni ziyarət etməyə icazə verildi. Şamil İstanbula gəldi, Sultan Əbdüləziz ilə görüşdü, Seyid Cəmaləddinin qəbrini ziyarət etdi, Misirə yola düşdü. Misir xədivi İsmayıl Paşa və Əlcəzair azadlıq hərəkatının rəhbəri Əbdülqadir ilə görüşdü, Süveyş kanalında naviqasiyanın açılışı mərasimində iştirak etdi. İmam Şamil Məkkəni ziyarət etdikdən sonra Mədinəyə gəldi. Qafqazın böyük lideri Mədinədə vəfat etmiş və orada dəfn olunmuşdur.
İmam Şamilin şəriət və təsəvvüf haqqındakı görüşləri A.Runovskinin gündəliklərində daha qabarıq verilmişdir. Həmin gündəlik 1904-cü ildə QAKA-nın (Qafqaz Arxeoqrafiya Komitəsinin Aktları) XII cildində ayrıca nəşr edilmişdir .
Abdulla Əlqadari Dağıstanın Qadar kəndində doğulub. İlk təhsilini atası Qurbanəli Əlqadaridən almış, Kürin xanlığındakı mahmudkəndli Səlim əfəndinin mədrəsəsində təhsilini davam etdirmişdir.Molla Məhəmməd Yarağiyə intisab etmiş, ondan zahiri və batini elmləri əxz etmişdir. 1829-cu ildə mürşidi ilə Avar xanlığına köçmüş, daim şeyxinin xidmətində durmuşdur. 1838-ci ildə ailəsi ilə Qadara qayıtmış, mədrəsədə zahiri və batini elmləri tədris etmiş, təriqəti nəşr etməkdən çəkinməmişdir.
Abbasqulu ağaBakıxanovla dostluq etmiş, onun şəxsi kitabxanasındakı Təftəzani Sadəddin Məsud ibn Ömərin “Mütəvvəl şərhi təlxis” (ərəb dilində), Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” (fars dilində) və Abbasqulu ağa Bakıxanovun “Gülüstani İrəm” əsərlərinin üzünü köçürmüşdür. Abbasqulu ağa Bakıxanov ona Əlişir Nəvainin “Çahar divanı”nı (özbək dilində) bağışlamışdır.
Dostlar -Abdulla Əlqadari, Şeyx Əmirəli Tahircallı və Abbasqulu Ağa Bakıxanov Həccə getmiş, 1847-ci ildə Abdulla Əlqadari onları Ərəbistanda itirmiş, Qafqaza tək qayıtmalı olmuşdu.
Həccdən qayıtdıqdan sonra da Hacı Abdulla mədrəsədə dərs demiş, 1861-ci ildə qızdırmadan vəfat etmişdir.
Dağıstanın Ruquca kəndindən (indiki Qunib rayonunda) olan Qurban Məhəmməd gənc yaşlarındaMolla Məhəmməd Yaraqlıya intisab etmiş, onun xidmətində durmuşdur.Molla Məhəmməd Yuxarı Yaraq kəndini tərk edərkən Yaraq məscidinin qazılığını və kiçikyaşlıların təhsil aldığı mədrəsənin rəhbərliyini ona həvalə etmişdir. Şeyxinin tapşırığı ilə Qurban Məhəmməd həmişəlik Kürində qalmış, Yuxarı Yaraq kəndində məskən salmışdır.
Seyid Cəmaləddin əl-Qumuğinin xəlifələrindən biri soqratllı Hacı Əbdürrəhmandır. O, çar Rusiyasının Qafqazda apardığı müstəmləkəçi siyasətinə qarşı mübarizə aparmış, nəqşibəndiyyə rəhbərlərindəndir. Hacı Əbdürrəhman 1877-ci il Dağıstan və Çeçenistan hərəkatında fəal rol oynamışdır. Odur ki, hərəkat məğlubiyyətə uğradıqda ruslar onu və hərəkatın digər rəhbərlərini həbs etmiş, Sibirə sürgün etmişlər. O, Sibirdə vəfat etmişdir.Hacı Əbdürrəhmanın Dağıstanın iki kəndində (Nijnie-Qazaniş və Soqratl) türbəsi vardır.
Soqratllı Hacı Əbdürrəhmanın xəlifəsi Şeyx Bəşir Qumuği Qafqazda Aksay Nəqşibəndi “xanədanı” kimi tanınan nəqşibəndiyyə məktəbini yaratmışdır. O, Dağıstanın Xasavyurd qəzasına daxil olan Aksay kəndindəndir. Şeyx Bəşir həmin kənddə təsəvvüfi fəaliyyət göstərmişdir. Türbəsi Aksay kəndində olub, yanında iki oğlu (Əbdi və Ərəb) dəfn edilmişdir.Şeyx Əlixan Qumuği Şeyx Bəşir əl-Qumuğinin xəlifəsi olub, Aksay Nəqşibəndi “xanədanı”nın ikinci mürşidi idi. O, nəqşibəndiyyə təriqətinin bu məktəbinin mərkəzini Çeçenistanın Şiddiyurd kəndinə keçirmişdir.Şeyx Deni Arsanov Şeyx Əlixan Qumuğinin xəlifəsi olub, Çeçenistanın Kenyurd kəndindəndir. O, illərlə Terek kazaklarının koloniyalarına qarşı basqınlara rəhbərlik etmişdir. Şeyx Deni Arsanov dindarlığı ilə Qafqazda böyük şöhrət qazanmışdır. O, 1917-ci ildə kazaklar tərəfindən öldürülmüşdür.
İmam Nəcməddin Qodsinski 1917-ci ildə (avqust) Andi kəndində Dağıstanın bütün dini liderlərinin və alimlərinin toplandığı konqresdə Dağıstan və Çeçenistanın imamı olaraq elan edilmişdir. Beləliklə, nəqşibəndiyyə müridlərinin rəhbərliyi ilə yenidən imamlıq bərpa olunmuşdur. Onların məqsədi şəriət qanununa əsaslanan dini monarxiya idarə üsulu qurmaq, rusları vurub çıxarmaq, kafirlərin bayrağı altında toplanmış “pis müsəlmanları” əritmək idi.
1918-ci ildə İmam Nəcməddin Qodsinski və Şeyx Uzun Hacının tabeliyində əksəriyyəti Şimali Qafqazın ən döyüşkən gücü sayılan nəqşibəndiyyə müridlərindən təşkil olunmuş on min nəfərlik kiçik bir ordu vardı. Həmin müridlərin iştirakı ilə 1920-ci ildə başlanan Böyük Dağıstan üsyanı bir il çəkmiş və 1921-ci ilin qışında məğlubiyyətə uğradılmışdır. Lakin üsyan 1925-ci ilə qədər Çeçenistanın yüksək dağlıq ərazilərində davam etmişdir. İmam Nəcməddinin və həyatda olan iki nəqşibəndi liderin (Ansaltalı Şeyx Emin və Vallah Asdəmirov) həbs edilməsi ilə üsyana qəti son qoyulmuşdur.
Şeyx Məhəmməd Mədəninin mürşidi Seyid Cəmaləddin Qumuğinin xəlifəsi Şeyx Əhməd Suhuridir. Məhəmməd Mədəni Dağıstanda yaşamışdır. Çar hökuməti təsəvvüfi fəaliyyətinin qarşısını almaq məqsədi ilə onu Sibirə sürgün etmişdir. Sürgündən qayıtdıqdan sonra Osmanlı dövlətinə mühacirət edən Şeyx Məhəmməd Mədəni Yalovada məskunlaşmış, şeyxin təkyəsi ətrafında müridləri tərəfindən kənd salınmışdır.Şeyx Məhəmməd Mədəni 1913-cü ildə Yalovada vəfat etmişdir.Şeyx Şərəfəddin Dağıstani onun xəlifəsidir.
Qarabağ və Qazaxda nəqşibəndilər.Qarabağda təsəvvüfün qədim tarixi vardır. XIX əsrdə bu ənənələrin davamı Mir Həmzə Seyid Nigarinin adı ilə bağlıdır. O, İsmayıl Şirvaninin xəlifəsi idi.Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndində 1805-ci ildə dünyaya gəlmişdir. Atası Mir Paşa (türk mənbələrində Seyid Əmir Paşa) təxəllüsü ilə tanınan Mir Rüknəddin Əfəndi, anası isə Qız Xanım adı ilə tanınan Xeyrənsə Xanım olmuşdur.
Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kəndində tamamladıqdan sonra mürşid axtarmaq məqsədilə səyahətə çıxmışdır. Yolçuluğu sırasında Mövlanə Xalidin adını eşitmiş və Xarputa qədər gəlmişdir. Lakin bu zaman Mövlanə Xalidin vəfat etməsi xəbərini almış və Sivasa gəlmişdir.
Həmzə Nigari Sivasdan Qarabağa qayıtmış, oradan İsmayıl Şirvaniyə mürid olmaq üçün yola çıxmışdır. O, rusların müstəmləkəçi siyasətinə tuş gəlmiş, mürşidi ilə Sivasda görüşmüş, sonra Amasiyaya gəlmişdir.
Həmzə Nigari müəllimindən icazə alıb, əvvəlcə Konyaya Mövlanə türbəsinə, sonra isə Məkkə, Mədinə, Şam, Qüds, şəhərlərinə getmişdir. Ziyarətlərinə son verib Amasiyaya dönmüş və bir il sonra İsmayıl Şirvanidən xilafətnamə almışdır.
Həmzə Nigari irşad fəaliyyətinə Bərgüşad və Bərdə ətrafında başlamışdır. Krım müharibəsi onun Osmanlı dövlətinə mühacirət etməsinə səbəb olmuşdur. 1886-cı ildə vəfat edən Həmzə Nigarinin nəşi vəsiyyətinə uyğun olaraq Amasiyaya gətirilmişdir. Qarabağdakı müridlərinin yardımı ilə türbəsi və türbənin yaxınlığında məscid inşa edilmişdir.Həmzə Nigarinin “Fütuhatı-məkkiyyə”yə yazdığı Təvzihat, türkcə və farsca Divanı, ayrıca “Nigarnamə” və “Saqinamə” adlı əsərləri vardır.
Həmzə Nigarinin Qarabağ, Qazax və Borçalıdakı müridləri içərisində Hacı Mahmud əfəndi Aslanbəyli, Ağarəhim ağa Dilbazi, Şahnigar xanım Rəncur kimi tanınmış insanlar olmuşdur.
Hacı Mahmud əfəndi 1835-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Atası, Veysəl Qarani adlı şəxsdir.Hacı Mahmud əfəndi ilk təhsilini atasından almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. O, zahiri elmlərdə biliyini artırmaq və batini elmlərlə tanış olmaq məqsədi ilə Şəkiyə gedir. O, müəyyən müddət Şəkidə qalır və təhsil alır. Mahmud əfəndi təhsilini tamamladıqdan sonra yenidən Aslanbəyliyə qayıdır. Burada özünə şəxsi evlə yanaşı, kənddə elmi bilikləri tədris etmək üçün hücrə tikdirir. Onun ətrafına yaxın və uzaq yerlərdən çoxlu sayda tələbələr toplaşır.
Hələ 1863-cü ilin rəsmi rus hərbi sənədində incəli Mahmud əfəndi Tiflis quberniyasının müridləri içərisində qeyd olunur. 1874-cü ilə aid digər sənəddə isə Qazax qəzasındakı üç kəndin sakinlərinin tamamilə Osmanlı dövlətinə köçmək istəyindən bəhs olunur. Görünür, həmin illərdə Hacı Mahmud əfəndi Amasiyada məskunlaşaraq Mir Həmzə Seyid Nigariyə intisab etmişdir. Həmzə Nigari seyr və sülukunu tamamlayan Hacı Mahmud əfəndiyə icazənamə vermiş və Qazax bölgəsində irşad etməsini istəmişdir.
Mahmud əfəndi Aslanbəyliyə qayıtmış, bir müddət sonra Həcc ziyarətinə getmişdir. O, Həmzə Nigarinin qəbri üzərində türbə və məscid inşa edilməsinin əsas təşəbbüskarı olmuşdur.
Hacı Mahmud əfəndi 1891-ci ildə vəfat etmişdir. Vəfatından az əvvəl rus məmurları tərəfindən ona Osmanlı dövlətinə köçmək tövsiyə olunmuşdur. Hacı Mahmud əfəndi Aslanbəyli kəndində dəfn olunmuş, müridlərinin vəsaiti və köməkliyi hesabına qəbri üzərində türbə ucaldılmışdır. Türbənin içərisində iki qəbir vardır. İkinci qəbir Seyid Yasin adlı sufiyə məxsusdur. O, bu kəndə gəlmə olmuş, Hacı Mahmud əfəndi tərəfindən hörmət görmüşdür. Hacı Mahmud əfəndinin məzar daşında “Ya Allah, Ya Seyid Nigari, Ya Hz. Mövlanə” və şeyxin öz adı yazılmışdır. Daş kitabələrdə Füzulinin və Həmzə Nigarinin şerlərindən parçalar həkk olunmuşdur.
Şirvanda təsəvvüfi fəaliyyət. Mövlanə İsmayıl Siracəddin Şirvaninin təsəvvüfi məktəbi onun Amasiyaya köçməsindən sonar da davam etmişdir. Kürdəmir kəndi o zaman Şirvan xanı Mustafa xanın xanımı və şair təbiətli Şəki xanı Hüseyn xan Müştaqın qızı Fatma bəyimə məxsus idi. Fatma bəyim İsmayıl Şirvaninin ruslar tərəfindən həbs olunmasına mane olmuş, onun Osmanlı dövlətinə köçməsinə köməklik etmişdir. Fatma bəyimin İsmayıl Şirvaninin müridlərindən olduğu aşağıdakı şeirindən aydın görünür:
Qəni mövlam səndən dilək eylərəm,
Mənim Əfəndimə bir yol ver gəlsin.
Ömür keçdi, belə günü neylərəm,
Mənim Əfəndimə bir yol ver gəlsin
On beş aydır bəkləmişəm yolları,
Rəvan oldu axdı çeşim selləri,
Aman Allah, Sən sevindir qulları,
Mənim Əfəndimə bir yol ver gəlsin
Məlaikələrə yaşıl əba gətirsin,
Ənbiyalar müşkül işin bitirsin
Qadir Allah səni bizə yetirsün,
Mənim Əfəndimə bir yol ver gəlsin.
İsmayıl payinə üzünü sürtər,
Qüssələr üz verib günbəgün artar,
Düşməmiş səhraya Məcnundan betər
Mənim Əfəndimə bir yol ver gəlsin
Ağlamaqdan cigər dönübdür qanə,
Təbib yoxdur dözəm dərdi-hicranə,
Əfəndim gəlməsə ollam divanə,
Mənim Əfəndimə bir yol ver gəlsin.
Dağlar başı duman imiş, qar imiş,
Müxlüsünün işi ahu-zar imiş,
Bu məclisdə övliyalar var imiş
Mənim Əfəndimə bir yol ver gəlsin.
Ərzimi yazmadım xana, soltana,
Bağladım sidqimi Qadir Sübhana,
Fatmayam, qapuva gəldim dərmana,
Mənim Əfəndimə bir yol ver gəlsin.
İsmayıl Şirvanidən sonra Kürdəmir kəndində nəqşibəndi məktəbinin geniş yayılmasına Hacı Mahmud Baba rəhbərlik etmişdir.Hacı Mahmud Baba Şirvan xanlığıBölükət mahalının Kürdəmir kəndində anadan olmuşdur.Atasının adı Tahirdir.Hacı Mahmud Baba gənc yaşlarından İsmayıl Şirvaniyə intisab etmişdir.Onun Kürdəmirdə təşkil etdiyi nəqşibəndiyyə mərasimlərində seyr və sülukunu tamamlamış, şeyxi Osmanlı dövlətinə mühacirət etdiyi vaxtlarda icazə alaraq Kürdəmirdə irşad məqamına keçmişdir.İsmayıl Şirvani Hacı Mahmud Babaya Şirvan müridlərinin irşadını və qohumlarına nəzarət etməsini tapşırmışdır.
Hacı Mahmud Baba xəlifəsi kürdəmirli Molla Mirzə Usta Kərim oğlu ilə 1859-cu il iyulun 26-da Bakı hərbi qubernatorunun 9157 saylı sərəncamı əsasında Bakı şəhərinə göndərilmişdir. Məqsəd, onun polisin nəzarəti altında müəyyən müddət yaşaması idi. Lakin qubernator oktyabrın 28-də onun Kürdəmirə qayıtmasına icazə vermişdir.
Hacı Mahmud Baba haqqında Bakı quberniyasının qazısı diyallı Hacı Məcid Əfəndi Ömər Faiq Nemənzadəyə belə rəvayət edirdi:“Bir gün evdə oturmuşdum. Birdən ürəyimə düşdü ki, filan Hacı ilə birlikdə Şeyx Mahmudun ziyarətinə gedim.Arzumu Hacıya söylədim. On beş dəqiqə sonra köhlən atların qapımda hazır olduqlarını xəbər verdilər. Atlara minib sürdük. Yolda Hacıya dedim ki, atları bir az daha yeyin sürək, şeyx babamı gözlətməyək. Bir az sonra qurban olduğum babamın evi önündəki bağçaya yaxınlaşdıq. Gördük ki, balkonda qolları çirməkli bizi gözləyir. Ona yaxınlaşar-yaxınlaşmaz Mahmud Baba dedi: “Sizi gözləyirdim ki, günorta namazını birlikdə qılaq! Sizin üçün hazırlatdırdığım aşı da bərabər yeyək.”Doğrudan da namazı bərabər qıldıq, aşı da bərabər yedik”.
Şeyxlərin var-dövlətindən bəhs edən rəsmi sənəddə (1863) Hacı Mahmud Baba Kürdəmirli ən kasıb şeyx kimi göstərilir.Qeyd olunur ki, 80 yaşlı qoca fiziki işlə hələ də məşğul olur.Odur ki, xalq arasında onun nüfuzu daha güclüdür.
Hacı Mahmud Baba (1281/1864)-də vəfat etmiş, Şahsevən qəbiristanlığında (Kürdəmir rayonu) dəfn olunmuşdur. Qəbri üzərində “Ağ Günbəz” türbə kompleksi tikilmişdir.
Hacı Mahmud Babanın əksəriyyəti Şamaxı qəzasından və Qəbələ dairəsindən olan 500-ə qədər müridi vardı. Hacı Mahmud Babanın üç oğlu (Hacı Murad, Hacı Yəhya, Hacı Mustafa) olub. Şеyxin övladlarından Hacı Mustafa Kürdəmir rayonunun Yеnikənd kəndində irşad fəaliyyəti göstərmişdir. Onun təşəbbüsü ilə həmin kənddə məscid tikilmişdir. Məsciddə sovеt dövründə də zahiri və batini еlmlər tədris olunmuşdur. Hacı Mustafa Babanın yеrində irşad məqamına oğlu Molla İbrahim kеçmişdir.
İsmayıl Şirvaninin bölgədəki ikinci xəlifəsi Hacı Əhməd əfəndi olmuşdur. O, Şirvan xanlığıBölükət mahalının Külüllü kəndində (Ağsu rayonu) yaşamış və fəaliyyət göstərmişdir.M.Mahmudbəyov Hacı Əhməd əfəndinin İsmayıl Şirvaninin xəlifəsi olduğunu qeyd edir: “… kürdəmirli Hacı Mahmud Baba və külüllülü Hacı Əhməd əfəndi öz müəllimlərinin səpələnmiş ardıcıllarını ətraflarına yığmağa başladılar. Hacı Əhməd əfəndi hələ öz müəllimi Türkiyədə məskunlaşana qədər şeyxliyə hazırlaşırdı: o, illərlə oruc tutmuş, vaxtını dua etməkdə keçirmişdi. Belə həyat tərzi sayəsində o, Şirvanda nəqşibəndilərin başçısı olur”.
Güman etmək olar ki, Əhməd əfəndi mürşidi ilə Osmanlı dövlətinə mühacirət edən müridlərindən olmuşdur.1848-ci ildə İsmayıl Şirvaninin vəfatından sonra vətəninə qayıdaraq təsəvvüfi fəaliyyətini burada davam etdirmişdir.Rus rəsmi sənədlərində 1849-cu ildə Şamaxı quberniyasından kütləvi sürgün hallarının olması haqqında qeydlər vardır.Sürgünlərə əsas səbəb kimi Şirvan əhalisinin yeni təlim-müridizm bayrağı altında mübarizəyə başlamaları göstərilir.İğtişaşın rəhbərinin isə Hacı Əhməd əfəndi Külüllü olduğu bildirilir. Hadisədən yeddi il sonra knyaz Behbudov təəssüf edirdi ki, 1849-cu il sürgünləri zamanı Hacı Əhməd əfəndinin kənarda qalması 1855-1856-cı illərdə yeni Şirvan üsyanının başlanmasına təkan vermişdir.
1855-ci ilin yanvarından başlayaraq çar məmurları Şeyx Əhməd əfəndinin fəaliyyətindən narahat olur və onu təqib edərək izləyirdilər. Knyaz Behbudov Daxili İşlər Nazirinə 1856-cı il 6 sentyabrda ünvanladığı 552 saylı rəsmi sənəddə Hacı Əhməd əfəndinin və Qaraqoyunlu Qəhrəman Bəyin həbs edilərək Tambov quberniyasına sürgün olunduğunu qeyd edir.
Hacı Əhməd əfəndi 1856-cı il dekabrın 24-də Tambov şəhərində vəfat etmiş, orada dəfn olunmuşdur. XX əsrin əvvəllərinə qədər Azərbaycan dindarları, tacirlər Moskvaya gedərkən Şeyxin qəbrini ziyarət edirdilər.
1905-ci ildə Hacı Əhməd əfəndinin oğlu Bilal əfəndinin məsləhəti və vəsaiti hesabına Külüllü kəndində məscid tikilmişdir.Məscid dindarların istinadgah yeri, sufilərin dərgahı, tələbələrin məktəbi olmuşdur.Bilal əfəndi məscidin şərq hücrəsində dəfn edilmişdir.Məsciddə çoxlu kitab və əlyazma külliyyatı olduğu halda sovet rejiminin mədəni irsimizə təcavüzünün nəticəsi kimi yox edilmişdir.Yalnız qəbrin olduğu hücrədən baxımsızlıqdan keyfiyyətini itirmiş xeyli sayda dəyərli kitab və əlyazma hissələri əldə edə bilmişdik.Bu kitablar Bilal əfəndi və tələbələrinin fəaliyyət dairəsi haqqında təsəvvürləri genişləndirir.
Ömər bəyvə Osman bəy Qasımxanlı qardaşları Şirvan xanları nəslindən olub, külüllülü Şeyx Hacı Əhməd əfəndinin müridləri idilər.Ömər bəy 1816-cı ildə anadan olmuş, ilk təhsilini Şamaxı şəhərində dövrün tanınmış müəllimlərindən almışdır.Onun ədəbiyyata və şerə xüsusi hüsn-rəğbəti vardı. Qardaşı Osman bəy ilə Şirvan sufi ədəbi mühitinin təsiri altında olmuş, ədəbi məclislərin təşkil edilməsində mühüm rol oynamışdır. Seyid Əzim Şirvani məşhur təzkirəsində Ömər bəyə və Osman bəyə ayrıca yer vermiş, onlar haqqında xoş ifadələr işlətmişdir.
Ömər bəy 1855-ci il Şirvan hadisələrində, hökumətə qarşı fikrini dəyişməkdə, müsəlmanları iğtişaşa təhrik etməkdə günahkar bilinmiş, Şirvandan uzaqlaşdırılaraq Atlı-Müsəlman Alayının Komandir köməkçisi təyin olunmuşdur. Həmin il, Qars ətrafındakı döyüşlərdə Osmanlı ordusu tərəfə keçmişdir. Bu zaman Ömər Bəy rütbəcə podpolkovnik idi.Ömər Bəy Osmanlı dövlətində liva rütbəsi ilə Şam ətrafında hərbi vəzifə daşıyırdı.Onun Azərbaycandakı müridlərlə daimi yazışdığı və əlaqə saxladığı rəsmi sənədlərdə qeyd olunmaqdadır.
Qəzəli-Ömər bəy
Ol məhin sanma ki, eşqim ləbü ruxsarınadır.
Yaki şəhla gözünə türreyi-tərrarınadır.
Bütə etməkdi sitayiş, eləmək surətə meyl,
Eşqimiz, zahid, onun şiveyi-ətvarınadır
Osman bəy isə 1855-ci il sentyabrın 30-da Şamaxının hərbi qubernatoru, general-mayor Çelyayev tərəfindən həbs olunmuş, Tiflisə göndərilmişdir. 1855-ci il oktyabrın 8-də Qafqaz canişini, general-leytenant Behbudov podporuçik Osman bəyin Tambov şəhərinə sürgün olunması haqqında 577 saylı sərəncam vermişdir. Lakin o, Daxili İşlər Nazirinin əmri ilə Don kazaklarının Finlandiyada yerləşən 63-cü alayının sərəncamına göndərilmişdir. 1857-ci il oktyabrın 12-də Sestroretski Silah Zavodunun komandiri öz vəzifəsindən azad olunandan 7 gün sonra Sankt-Peterburqdan İstanbula mühacirət etmişdir.
Osman bəyin adına Şamaxı rayonunda Osmanbəyli kəndi vardır.
Qəzəli Osman bəy
Eşqimiz sanma o şuxun xət ilə xalınadır,
Ya ki geysuyi-siyahına, rüxi-alınadır.
Məni ərbabı özün surətə etməz aşiq,
Bizim aşiqliyimiz ol məhin əhvalınadır.
Səhər nəsimi gəldi, qorxdum ki, ona əziyyət verər,
Ətirli saçlarını tərpədib onu yuxudan oyadar.
Hacı Qəhrəman bəy Qaraqoyunlu külüllülü Şeyx Əhməd əfəndinin xəlifələrindəndir. O, Şirvan xanlığıXançoban mahalının Qaraqoyunlu kəndində (Ağsu rayonu) anadan olmuşdur. Atası Qaraqoyunlu Salman bəydir.Hacı Qəhrəman bəy qardaşı Nurməmməd bəy ilə birlikdə külüllülü Hacı Əhməd Əfəndiyə bağlanmış, uzun müddət onun Külüllü kəndindəki məqamında zahiri və batini elmləri öyrənməklə məşğul olmuşdur.
1856-cı ildə çar hökuməti Hacı Əhməd Əfəndi Külüllünü Tambov quberniyasına sürgün edərkən onun ən sevimli şagirdi olan Hacı Qəhrəman bəyi də Əziz əfəndi Qafur əfəndi oğlu ilə birlikdə Arxangelsk quberniyasına ötürmüşdülər.1862-ci ildə çarın əfv fərmanından sonra Hacı Qəhrəman bəy Qaraqoyunluya qayıtmış, davamlı təzyiqlərin olmasına baxmayaraq yenə də təsəvvüfi fəaliyyətlə məşğul olmuşdur. O, bütün varidatından əl çəkmiş, həyatını sufilikdə keçirmişdir. Şeyxi Hacı Əhməd əfəndi Hacı Qəhrəman bəyi “nəqşibəndiyyə təriqətinin soltanı” adlandırmış, Şirvan müridləri o zamandan ona Hacı Soltan Baba deyərək müraciət etmişlər.
Hacı Soltan Baba 1869/70-ci ildə vəfat etmişdir.Onun qəbri üzərində qırmızı kərpicdən türbə ucaldılmışdır.Kərpicinin rənginə görə qaraqoyunlular bu türbəni Hacı Soltan Babanın “Qırmızı Günbəzi” adlandırmışlar.
Hacı Hüseyn əfəndi Şəkəristani Qaraqoyuni Şirvani Nəqşibəndi Şeyx Əhməd əfəndinin xəlifələrindəndir. O, Şirvan xanlığıSərdərin mahalının Şəkər kəndində (Göyçay rayonu) 1824-cü ildə anadan olmuşdur.
Mürşidi 1855-ci ildə Tambova sürgün edilərkən Hacı Hüseyn əfəndi təsəvvüfi fəaliyyətə hazır idi. O, şeyxinin zahiri və batini təhsil görmüş qızı Hacı Gülpəri ilə evlənmək şərəfinə də nail olmuşdu. O zaman şeyxlərin təqib olunması ilə əlaqədar uzun müddət təsəvvüfi fəaliyyət gizli həyata keçirilirdi. Səbəb, Dağıstan və Çeçenistanda nəqşibəndiyyə müridlərinin liderlik fəaliyyəti və ruslarla müharibə aparan osmanlılarda həmin təriqətin üstünlük təşkil etməsi idi.Lakin 1856-cı ildə Krım müharibəsi, 1859-cu ildə Qafqaz müharibəsi başa çatdı.İmperiyanın radikal siyasətində yumşalma və yerli nüfuz sahibləri ilə razılaşma nəzərə çarpır.Beləliklə, Hacı Hüseyn əfəndinin irşad fəaliyyəti genişlənir.1863-cü ildə Hacı Hüseyn əfəndi Bərgüşad dairəsinin İncə kəndində (Göyçay rayonu) yaşayır və təsəvvüfi fəaliyyətlə məşğul olurdu.
Hacı Qəhrəman bəyin vəfatından sonra Şirvan müridlərinin əksəriyyəti yenidən bir şəxs-Hacı Hüseyn əfəndi ətrafında toplaşır.Odur ki, onu “nəqşibəndiyyə təriqətinin şeyxi, arif, ali (şəxslərin) qütbü” kimi vəsf etmişlər.
Hacı Hüseyn əfəndi (1297/1880)-də vəfat etmişdir. O, öz yerinə qardaşıHacı Süleymanın irşad etməsini istəmiş, ailəsini və kitablarını ona əmanət etmişdir.
Hacı Hüseyn əfəndi Qaraqoyunluda, Nazırçay sahilində (Ağsu rayonu) dəfn edilmişdir.Qəbri üzərində türbə ucaldılmışdır.Lakin çayda sel sularının artması nəticəsində kəndin ümumi qəbristanlığı zərər çəkmişdir.Odur ki, 1907-1909-cu illərdə şeyxin oğlu Hacı Mustafa Şah tərəfindən qəbrin və türbənin yeri dəyişdirilmişdir. Xıdırlı müridlərinin Ələtdən gətirdiyi ağ əhəng daşlarından memar bakılı Xələf “Ağ günbəz” türbə kompleksini inşa etmişdir.
Hacı Seyidqulu əfəndiŞirvan xanlığının Avaxıl kəndində (Şamaxı rayonu) 1814-cü ildə anadan olmuşdur.“Hacı Seyid əfəndi” kimi tanınmışdır.Mükəmməl dini təhsil alan Hacı Seyidqulu əfəndinin Quranı Azərbaycan türkçəsində təfsir etdiyi haqqında məlumatlar vardır.Seyidqulu əfəndi gənc yaşlarında Həcc ziyarətində olmuşdur.
Hacı Seyidqulu əfəndinin təsəvvüfdə şeyxi külüllülü Hacı Əhməd əfəndi olmuşdur.Şeyxinin 1856-cı ildə sürgün edilməsindən sonra kürdəmirli Hacı Mahmud Baba və şamaxılı Hacı Əbdürrəhman əfəndinin yanında təsəvvüfi təhsilini davam etdirmişdir.Onların məsləhəti ilə Hacı Seyidqulu əfəndi Quba əyalətində irşad fəaliyyətinə başlamışdır.Hacı Seyidqulu əfəndinin məsləhəti və yardımı sayəsində 1872-ci ildə doğma Avaxıl kəndində məscid tikilmişdir.Onun Quba və Şirvan əyalətlərində çoxlu sayda müridləri olmuşdur.
Hacı Seyidqulu əfəndi 1902-ci ildə vəfat etmişdir.Vəsiyyət etdiyi kimi Avaxıl kəndində yeni ərazidə dəfn olunmuşdur.Türbəsi ziyarət edilir.
Övladları Seyidbaba əfəndi, Ələddin əfəndi, Seyidəhməd əfəndi, Xütbəddin əfəndi olmuşdur.Atasının ölümündən sonra Seyidbaba əfəndi (1842-1934) mürşidlik məqamına keçmişdir.Sovet rejimi Seyidbaba əfəndidən də yan keçməmiş, qardaşı Ələddin əfəndi 1923-cü ildə həbs edilərək güllələnməyə məhkum olunmuşdur.Lakin təsadüf nəticəsində sağ qalmışdır.Atasının tikdirdiyi Avaxıl məscidinin minarəsi sökülmüş, dini kitablar məhv edilmişdir.Təqiblər içərisində yaşayan, hədsiz dərəcədə incidilən Seyidbaba əfəndi 1934-cü ildə vəfat etmişdir.Hacı Seyidqulu Əfəndinin yanında dəfn olunmuşdur.
Seyidbaba əfəndinin ölümündən sonra oğlu İsaməddin əfəndi (1899-1978) mürşidlik məqamına keçmişdir.Sovet rejiminin hökm sürdüyü bir zamanda bu şeyxin böyük nüfuz sahibi olduğu danılmazdır.Odur ki, tez-tez təzyiqlərə məruz qalmışdır.İsaməddin əfəndiyə məxsus bir neçə nüsxə əlyazma onun qızı mərhumə Mədinə xanım tərəfindən bizə təqdim olunmuşdu.İsam Əfəndi 1978-ci ildə vəfat etmişdir.Atasının yanında dəfn olunmuşdur.
Cavad ağa XIX əsrin ilk illərində Bölükət mahalının Növcü kəndində (Ağsu rayonu) anadan olmuşdur. O, Şirvanın irsi feodal hakimlərindən olan Əbdülkərim ağanın oğludur.Cavad ağa Hacı Əhməd Əfəndinin tələbəsi olmuş, şeyxindən zahiri və batini elmləri əxz etmişdir.Seyr və sülukunu tamamladıqdan və Hacı Əhməd əfəndinin Tambova sürgün olunmasından sonra Növcüdə irşad fəaliyyətinə başlamışdır. O, bütün var-dövlətindən imtina etmiş, mütəvazi həyat keçirməkdə çoxlarına nümunə olmuşdur.
Cavad ağa Şirvanın xan sülaləsi olan Sərkərilərdən axtaçılı Sultan bəyin qızı Töhfə xanımilə 1855-ci ildə evlənmişdir.Bu izdivacdan dörd övladı - Mehdi bəy, Bəkir bəy, Əminə xanım və Xanım bəyim-doğulmuşdur.Cavad Ağa və müridlərinin məskunlaşdığı ayrıca kənd yaranmış, XX əsrin ortalarına qədər Cavadağa kəndi kimi tanınmışdır.
Kürdəmirli Hacı Mahmud Babanın xəlifəsi Şeyx Hacı Əbdi əfəndi 1825-ciildə Şirvan əyalətininSərdərinmahalınınQaracallı kəndində anadanolmuşdur.Yeddiyaşındaatası vəfatetmiş, onyaşındaisə anası SeyidMəmmədadlı şəxsə ərə getmişdir.Odurki, Əbdi Əfəndi əmisiRəhiminhimayəsialtındaböyümüşdür.
On iki yaşında ikən İncəli Məhəmməd Əfəndinin yanında təhsilə başlamış, təhsilini Müsüslü İsmayıl əfəndinin və nəhayət, Kərim əfəndinin (?-1857) yanında davam etdirmişdir. İyirmi dörd yaşında ikən Əbdi əfəndi Qaracallı kənd mollası seçilmişdir.
Mürşidinin icazəsi ilə təsəvvüfi fəaliyyətə başlayan Şeyx Əbdi əfəndi təriqətin əsaslarını daha dərindən öyrənmək məqsədi ilə Həcc ziyarətindən qayıdarkən Amasiyaya və İstanbula getmiş, müəyyən müddət Osmanlı dövlətində yaşamışdır. XIX əsrin 50-ci illərinin əvvəllərində Qaracallıya qayıdan Şeyx Əbdi əfəndi Şirvandakı nəqşibəndi şeyxlərinin ənənəvi təsəvvüfi fəaliyyətindən nisbətən fərqlənən irşad məqamına keçmişdir. O, “Cəmiyyət” adlanan və cümə gecələri keçirilən cəzbə mərasimlərində qadın və kişilərin iştirak hüquqlarını bərabərləşdirir, ney sədaları altında bayatı və mahnıların oxunmasına, rəqslərin təşkil edilməsinə icazə verir.
Şeyx Əbdi əfəndinin şəxsiyyəti haqqında rəsmi sənəddə belə arayış var: “O, əsl tatar (azərbaycanlı) kimi ortaboylu, üzünün cizgiləri düz və zərif şəxsdir. Səsi incə, aydın, bir qədər tutqun olub, sürətli nitqə malikdir. Cəsarətlidir. Silahdan məharətlə istifadə edir. Ova çıxmağı xoşlayır. Qonaqpərvərdir. Yeyəcəyi xörəyi hazırlamaqdan çəkinmir. Yunköynəkgeyinir.Varlıdır.Nökərlərivar. Seçmə atlarsaxlayır.Qəza şəhərlərində yüksəkmənsəbsahibiailələrlə münasibətdədir.Qaracallıdaminarəliməscidtikdirmişdir.Məscidinyanındaisə qonaqqəbuletmək üçün üç evinşaetdirmişdir. Rəhbərliyə hörmətlə yanaşandır.Savadı azolub, şəxsimirzəsivardır.”
Şeyx Əbdi əfəndinin təsəvvüfi fəaliyyəti daim çar hökumətinin nəzarəti altında olub, təzyiqlərə məruz qalmışdır. Onun Qəbələ, Xaçmaz, Nuxa, Ərəş, Bərgüşad, Lahıc, Xançoban dairələrindən, Mustafaxanlı pristavlığından, Dağıstanın müxtəlif kəndlərindən çoxlu sayda müridi vardı.
Şeyx Əbdi əfəndi XIX əsrin 70-ci illərinin əvvəllərində naməlum şəxs tərəfindən öldürülmüşdür. Bu zaman mürşidin on iki xəlifəsi var idi. Lakin bizə onlardan səkkiz xəlifənin adı məlumdur: Molla Xəlil Zərdablı, İsgəndər Hacı Həsən oğlu Zərdablı, Həmid Hacı Xəlil oğlu Şilyanlı, Molla Əyyub əfəndi Abdulla əfəndi oğlu,Molla Qasım Haputlu,Molla Məmməd əfəndi Abdulla əfəndi oğlu Qutqaşınlı, İsgəndər Əhməd oğlu, Molla Məmməd Rəhim oğlu Qaracallı. Şeyx Əbdi əfəndinin yerində irşad məqamına oğlu, Şeyx Hacı Əli Baba keçmişdir.
Şirvanda nəqşibəndilərlə yanaşı zikrçilər adlanan ayrı bir təsəvvüfi məktəb də vardı. Acıdərəli Şeyx Əyyubun adı ilə bağlı olan bu məktəbin ardıcılları nəinki çar Rusiyası, eləcə də Sovet dövründə bölgədə nüfuza malik idilər. Səsli zikrləri və “cümlə” adlanan cəzbə mərasimləri Şamaxı və Ağsunun xeyli kəndlərində uzun müddət icra edilmişdir. Bu haqda dövrün rəsmi sənədləri ilə yanaşı, Mahmud bəy Mahmudbəyovun “Qafqazda müridlik cərəyanları” əsərində xüsusilə bəhs olunur. Babadağa və Diri Baba Türbəsinə böyük önəm verən zikrçilərin mürşidi Şeyx Əyyub vəfat etdikdən sonra Şamaxının Ərəbqədim kəndində dəfn olunmuşdur.
Şəki-Zaqatala bölgəsində təsəvvüfi fəaliyyət. Bu dövrdə Azərbaycanda fəaliyyət göstərən digər bir nəqşibəndi şeyxi İsmayıl Şirvani və Abdullah Məkkinin xəlifəsi Hacı Yəhya bəy Qutqaşınlıdır. Son Qəbələ əmiri Hacı Nəsrullah Sultanın oğlu və tanınmış yazıçı İsmayıl bəy Qutqaşınlının böyük qardaşı olan Yəhya əfəndi əvvəlcə İsmayıl Şirvanidən, daha sonra Məkkədə Abdullah Məkkidən icazə alaraq irşad fəaliyyətinə başlamışdır. Bu bölgədəki fəaliyyətləri nəticəsində təqiblərə məruz qalan Hacı Yəhya bəy Osmanlı dövlətinin dəvəti ilə əvvəlcə Çoruma, sonra da İstanbula gedərək bir müddət buralarda yaşamış və fəaliyyət göstərmişdir. Daha sonra Məkkəyə köç edərək vəfatına qədər burada yaşamışdır.“Məqsədüt-Talibin” və “Hüsnü-Xülq” adında iki əsəri vardır. “Məqsadüt-Talibin” onun təsəvvüfə dair yazdığı dəyərli bir əsər olub, təsəvvüfün və nəqşibəndiliyin bir sıra məsələlərini açıqlayır.
Almalılı Mahmud əfəndiQax rayonunun Almalı kəndində 1809-cu ildə anadan olmuşdur. O, təhsil almış, gəncliyində İlisu sultanı Daniyal Sultanın və qohumu Hacı Ağa bəyin yanında işləmiş, mirzə olmuşdur. Onun, bir sıra elmləri, hətta kimyanı da əxz etməsinə baxmayaraq mənəvi dünyasında boşluq vardı.Almalı Mahmud əfəndi var dövlətini tərk edərək Hacı Yəhya bəy Qutqaşınlının müridi olan Mollalı Hacı Yunis əfəndiyə intisab etmişdir. Mahmud əfəndi tezliklə Almalı və ətrafında irşad fəaliyyətinə başlamışdır. Ətrafına çoxlu müridlər yığılmasından çar hökuməti narahat olmuşdur. Odur ki, Mahmud əfəndi həbs edilmiş və Sibirə sürgün olunmuşdur. O, 1862-ci ildə sürgündən qayıtmışdır.Lakin vətəndə sakitlik tapmayan Mahmud əfəndi 1864-cü ildə Həştərxana köçmək məcburiyyətində qalmışdır. Bu zaman o, səkkiz nəfərə xilafətnamə vermişdi.
Mahmud əfəndi 1876-cı ildə vəfat etmiş və Həştərxanda Şeyx Buxarinin yanında dəfn olunmuşdur.
Şeyx Əhməd əfəndiZaqatalanın Tala kəndində, 1839-cu ildə anadan olmuşdur. O, beş yaşından mədrəsə təhsilinə başlamış, Mürsəli müəllimdən Quran, təcvid, əmsilə, əlfiyyə və s. öyrənmişdir. Lakin “dünya işlərində heç bir bacarığının olmadığını” görən atası “oğlum hara istəyirsən, get, mən daha səni heç bir işə buyurmayacağam. Hara gedirsən, ziyanla gəlirsən. Yəqin ki, bu işdə Allahın bir hikməti var” - deyir. Əhməd əfəndi elm öyrənmək məqsədilə Suvagilə, Hətəm əfəndinin yanına gedir. Bir il sonra yenidən Talaya qayıdır. Atası vəfat etmiş, ailə başsız qalmışdı. İki ildən sonra elmə olan həvəsi onu səyahətlərə, kamil insanlarla ünsiyyətə cəlb etdiyinə görə anasının razılığı ilə İlisuya gedir və bir il Səid əfəndidən təhsil alır.
1862-ci ildə dostu Həmzət əfəndi ilə birlikdə Sibir sürgünlüyündən yenicə qayıtmış, İsmayıl Şirvani silsiləsindən nəqşibəndiyyə şeyxi olan Almalılı Mahmud əfəndiyə intisab edirlər. Altı ay mürşidinin xidmətində duran Əhməd əfəndi Talada irşad etmək üçün fəaliyyətə başlayır.Lakin çar hökuməti 1863-cü ildə onu İrkutsk vilayətinə sürgün etdi. Üç il sürgündə qalan Şeyx Əhməd əfəndi Talada evləndi, iki dəfə Həcc ziyarətinə getdi. İkinci Həcc səfərinin sonunda İstanbula gəldi. Səkkiz il burada yaşadı. İkinci dəfə evləndi və burada Firdövs adlı qızı dünyaya gəldi. Sultan Əhməd Camisində dərs deyən Şeyx Əhməd əfəndi Misirin əl-Əzhər universitetinə dəvət almasına baxmayaraq, xanımının ölümündən sonra Talaya qayıtdı. Həmin ərəfədə İstanbulda İmam Şamilin oğlu Qazı Məhəmməd ilə görüşən Şeyx Əhməd əfəndi onun “Qazavat” istəyini sonralar yazdığı məktubunda belə dəyərləndirmişdir: “İndi vuruşmağın əhəmiyyəti yoxdur. Atan 30 il vuruşdu, lakin o, da lazım olanda qılıncı yerə qoydu. Türk böyük xalqdır, amma, yenə deyirəm ki, hər işin öz vaxtı var”. Şeyx Əhməd əfəndinin məsləhəti və vəsaiti hesabına Tala kəndinə on dörd kilometr uzunluğunda su kəməri çəkilmişdir. Onun bu kənddə tikdirdiyi sahəsi 2000 kvadrat metr olan məscid (1901-1910-cu illərdə inşa edilmişdir) keçmiş SSRİ-də ən böyük məscid hesab olunurdu.
Şeyx Əhməd əfəndi 1904-cü ildə (h. 1321) vəfat etmiş və Tala kəndindəki Böyük Ahal məzarlığında dəfn olunmuşdur.
Hacı Osman əfəndi1862-ci ildə (h. 1280) Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Atası, Almalı Şeyx Mahmud əfəndinin xəlifəsi Hacı Həzrət əfəndi idi. Osman əfəndi dörd yaşında ikən atası vəfat etmiş, o, əmisi Abdullah əfəndinin himayəsində böyümüş, yanında təhsil almışdır.
Gənc yaşlarında ziddiyyətli həyat keçirən Osman əfəndi atasının yolunu davam etdirmək və təsəvvüfi təhsil almaq məqsədi ilə Talalı Şeyx Əhməd Əfəndiyə intisab etmişdir. Üç il onun müridi olduqdan sonra müstəqil olaraq insanlara təsəvvüfi bilikləri aşılamaq və təbliğ etmək üçün icazə almışdır.
Şeyx Hacı Osman əfəndi Ləkit kəndinə köçmüş, orada irşad fəaliyyətinə başlamışdır. O, gözəl şair, ərəbşünas alim, türk, ərəb, fars ədəbiyyatının bilicisi idi. Osman əfəndi əmisinin “Mahmudiyyə” qəsidəsinə yazdığı şərhdən, dövrün islam alimlərinin həyat və fəaliyyətindən bəhs edən “Töhfətül-əhbab əl-Xalidiyyə fi şərhil-qəsidətil-Mahmudiyyə” adlı əsərin müəllifidir. Əsər, 1914-cü ildə Temirxan-Şurada, ərəb dilində, müəllifin öz vəsaiti hesabına nəşr olunmuşdur.
Əsərdə Abdullah əfəndinin “Mahmudiyyə” qəsidəsi beyt-beyt şərh edilir. Həmin şərhdə beytlərdə toxunulan tarixi hadisələr, Şeyx Mahmud əfəndinin həyatı verilir. Şərh kitabın yarısını əhatə edir. Sonrakı fəsillər o dövrün islam alimlərinə, onların həyatındakı maraqlı hadisələrə, xüsusən Nəqşibəndiyyə təriqətinin izahına həsr olunmuşdur.
Şeyx Osman əfəndi 1918-ci ildə vəfat etmiş, Ləkit kəndində dəfn olunmuşdur.
Şeyx Məhəmməd Nasih əfəndiZaqatalanın Muxax kəndində, 1917-ci ildə dünyaya gəlmişdir. Atası, bölgənin tanınmış alimlərindən Məhəmməd əfəndidir. Nasih əfəndi dini elmləri atasından öyrənmişdir.Nasih əfəndinin atası bir gün ona və qardaşlarına (Məhəmməd Saleh və Məhəmməd Fateh) böyüyüncə nə olmaq istədiklərini soruşmuşdur. O, atasından Molla Camiyə məxsus və Şafii fiqhinə dair əsərləri göstərərək “Bu əsərləri yazanlar bizim kimi insanlar deyilmidir?” deyə soruşmuş, atası da “Əlbəttə bizim kimi insanlardır” deyincə Nasih əfəndi “Onlar nə şəkildə kitab yaza bilmişlərsə mən də onlar kimi kitab yaza biləcək səviyyəyə gəlməyə qədər oxuyacağam” şəklində cavab vermişdir.
1935-ci ildə atasını itirən Nasih əfəndi 20 yaşında zahiri elmləri tamamladıqdan sonra özünü mənəvi elmlərdə də yetişdirmək məqsədilə III Tala kəndində yaşayan Cəlisullah Hacıyev əfəndiyəintisab etmişdir.Bir müddət sonra şeyxindən icazə alaraq öz kəndində təsəvvüfi bilikləri yaymağa və tələbələrini yetişdirməyə başlamışdır.Nasih əfəndi 25 yaşında evlənmiş, üç oğlu və dörd qızı dünyaya gəlmişdir.Övladlarına elmi-hal bilgiləri vermiş və Quran oxumağı öyrətmişdir.1971-ci ildə kitabxanası yanmış və müridlərinin yardımı ilə yeni kitabxana təsis etmişdir. O, ərəb dilini, qrammatikasını yaxşı bilirdi.
Nasih əfəndi 1996-cı ildə Muxaxda vəfat etmiş və buradakı qəbristanlıqda dəfn edilmişdir.
Nasih əfəndi deyirdi:“… Əgər səndən soruşsalar ki, “İmanın mərtəbələri neçədir?”Cavab verərsən ki, “İmanın mərtəbələri beşdir.”Birinci – “Təqlid” imandır.Bu dəlil - sübut bilmədən, başqasının sözü ilə inanmaqdır.Bu iman, avamların imanıdır.İkinci – “İstidlal” imandır.Yəni dəlil - sübutu, iman əqidələri elm ilə bilib inanmaqdır.Bu “elm əl-yaxın” adlanır.Bu zahiri kitab oxuyub alim olan adamların imanıdır.Bu iki iman mərtəbəsi fərzdir.Üçüncü –“Əyanı müraqəbə” imanıdır.Allahu-Təalanı ürəkdən zatı sifətinə vüsul, yönəlməklə bilib inanmaqdır.Bir saniyə olsa da Allahdan qafil olmayıb, Ondan heybət etmək, hüzuruna utanaraq durmaq, ürəkdə daim olub, Allah özünü görür kimi durub.Bu, müraqəbə məqamıdır.“Eyn əl-yaxın” adlanır.Dördüncü – “Haqq” imandır.Allahu-Təalanı ürəklə görməkdir.Bu, övliyaların, “əl-Arifü yəra rabbəhu fi külli şeyin” deyən sözün mənasıdır. Yəni Allahı bilən adam hər şeydə öz Allahını görür. Bu müşahidə məqamıdır.“Haqq əl-yaxın” adlanır.Beşinci – “həqiqət” imanıdır.Bu, Allahu-Təalada fəna olmaqdır.Allahu-Təlanın məhəbbətində qərq olan, Allahu-Təaladan qeyri şeyi görməyən adamdır.Bu son üç iman mərtəbələri hər kəsə fərz olmaz.Bu üç mərtəbə Allahu-Təalanın xüsusi adamlarına verilir. Çünki, o, ulumi-Rəbbanidir və ilahidir.”
Nəticə. Qafqazda təsəvvüfi hərəkatların ardıcılları, davamçıları haqqında daha geniş işlərin aparılması nəticəsində məlum olacaqdır ki, Qafqaz müsəlmanları müxtəlif etnik qruplara məxsus olsalar da onları bir yerə bağlayan İslamçar Rusiyasının və Sovet İttifaqının ağır müstəmləkəçi siyasətinə baxmayaraq heç bir zaman bölgədən əksilmədi, məhz təsəvvüfi hərəkatların təsiri ilə öz canlılığını qoruyub saxlaya bildi. Bu yazıda əsasən xəfi zikrlərə üstünlük verən nəqşibəndilik haqqında məlumat verilsə də, istər qadirilik, istərsə də zikrçilik məktəbləri sayəsində səsli zikrlər də var olmuş, hətta dövrümüzə qədər gəlib çatmışdır. Gələcək tədqiqatlarda bütün Qafqazı və bütün məktəbləri əhatə etməyə çalışacağıq.
İstifadə olunmuş ədəbiyyat
1. Abdullayev M. A. XIX əsrin 20-50-ci illərində Dağıstan və Çeçen xalqlarının azadlıq hərəkatının ideologiyası // BEKM 13-14 oktyabr 1993-Maxaçqala., 1997. səh. 33-39 (rus dilində)
2. Acaloğlu A. A. Qarabağlı şair-Mir Həmzə Seyid Nigari // İrs-Nasledie N2-Bakı 2002 səh. 36-37 (rus dilində)
3. ADTA. fond 24, siyahı 1, iş 84 (rus dilində)
4. ADTA. fond 24, siyahı1, iş 347. (rus dilində)
5. ADTA. fond 45, siyahı 2, iş 82 (rus dilində)
6. Atalar və oğullar // Şamaxı qəzeti N9. Şamaxı, 28 iyun 1993
7. Azərbaycan ədəbiyyatı tarixi. II cild-Bakı, 1960
8. Bakıxanov A.A. Gülüstani İrəm-Bakı, 1991 (rus dilində)
9. Bardaqçı M.N. Sosial-mədəni həyatda təsəvvüf-Isparta, 2000 (türk dilində)
10. Benniqsen A., Lemersye-Kelkeje C. Sufi və komisar. Rusiyada islam təriqətləri (fransızcadan tərcümə edən Osman Türər)-Ankara, 1988. (türk dilində)
11. Bodenştedt F. Qafqaz xalqları və onların ruslara qarşı azadlıq müharibəsi (1855-ci ildə Berlində nəşr olunmuş II cildin istifadə etdiyimiz VII fəsilini İ. Maqomed tərcümə etmişdir)- Maxaçqala., 1996. 39 səh. (rus dilndə)
12. Cəmaləddin əl-Qumuği. Ədəbül-Marziya. (ərəb dilindən oğlu Seyid Əbdürrəhman tərcümə etmişdir). // QDHMT II buraxılış-Tiflis., 1869 səh 2-22. (rus dilində)
13. Dağıstan töhfələri (tərtib edəni, ön söz və şərhlərin müəllifi Mövlud Yarəhmədovdur)- Bakı. 1987.
14. Deqoyev V. İmam Şamil. Övliya, Hökmdar, Döyüşçü-Moskva, 2001. (rus dilində).
15. Doğramacı B. Seyid Nigari haqqında (Məqaləni Mirvarid Dilbazi hazırlamışdır) // Elm qəzeti N7-8 (266-267)-Bakı, 16.II. 1991 ., N9-10 (268-269)-Bakı, 2. III.1991
16. Dubrovin N. F. Rusların Qafqazda müharibə və hökmdarlıq tarixi., I-VI cildlər–Sankt-Peterburq., 1871-1888. (rus dilində)
17. Əbdizadə H. H. Amasiya tarixi. I-IV cidlər-İstanbul 1330-1332 və 1927-1935
18. Əl–Qadari M. H. Ə. Asari-Dağıstan-Maxaçqala, 1926 (rus dilində)
19. Əliyev V. Xəlilov F. Ağsunun tarixi səhifələri-Bakı, 2001.
20. Xəlilov F.S. Osman Bəy və Osmanbəyli kəndi //Elm qəzeti, №39-40 (640-641)-Bakı, 20 dekabr 2002.
21. XIX əsrin 20-50-ci illərində Şimal-Şərqi Qafqaz dağlılarının hərəkatı-Maxaçqala, 1960. (rus dilində)
22. Fadeyev A. Rusiya və Qafqaz XIX əsrin birinci qərinəsində-Moskva, 1960. (rus dilində)
23. Fatsa M. Təsəvvüfdə Məkki qolu-İstanbul, 2000. (türk dilində)
24. Hacı Əli. Şamil haqqında şahid rəvayətləri-Maxaçqala, 1990. (rus dilində)
25. İbnül Emin M. K. B. Osmanlı dövründə son sədrəzəmlər-İstanbul, 1982. I cild. (türk dilində)
26. Kazım Bəy M. Müridizm və Şamil-Maxaçqala, 1990 (rus dilində)
27. Kazım Bəy M. Seçilmiş əsərləri-Moskva, 1985. (rus dilində)
28. Kox K. Gürcüstana, Xəzər dənizi sahilinə və Qafqaza səyahət., Veymar 1847 (alman dilində)
29. QAKA., V cild-Tiflis, 1873. səh 1109-1118 (rus dilində).
30. QAKA., V cild. səh. 53. sənəd 87 (rus dilində)
31. QAKA., V cild. səh 126. sənəd 190. (rus dilində)
32. QAKA., VI cild-Tiflis, 1874. sənəd 1208. (rus dilində)
33. QAKA., XII cild-Tiflis, 1904.(rus dilində)
34. Qafqaz toplusu, X cild-Tiflis, 1886. (rus dilində)
35. Qakstqauzen A. Zaqafqaziya diyarı.I-II hissə-Sankt-Peterburq, 1857. (rus dilində)
36. Qazıyev Ş. İmam Şamil-Moskva, 2001. (rus dilində)
37. Mahmudbəyov M. Qafqazda müridlik cərəyanları // QƏXTMT., 24-cü buraxılış Tiflis 1898. (rus dilində)
38. Maqomedov R. İmamətin mənbəyindən // BEKM 13-14 oktyabr 1993-Maxaçqala, 1997 (rus dilində)
39. Məhəmməd T. Şeyx Şamil-Bakı, 1992
40. Məmiş Ə. Xalid Bağdadi və Anadoluda Xalidilik-İstanbul., 2000. (türk dilində)
41. Muslu R. Azərbaycanlı bir Mütəsəvvüf: Məhəmməd Nasih Əfəndi (1917-1996) // Təsəvvüf jurnalı N9-Ankara, iyul-dekabr 2002. (türk dilində)
42. Nemanzadə Ö.F. Xatirələrim-Bakı, 1985.
43. Nemət M. Azərbaycanın epiqrafik abidələrinin korpusu. II cild. XIV-XX əsrin əvvəllərində-Şəki-Zaqatala, bölgəsinin ərəb fars-türkdilli kitabələri-Bakı, 2001. (rus dilində)
44. Neverovski A. Şimali və Orta Dağıstanda narahatçılığın başlanğıcı haqqında // V. J. 1847. N1. (rus dilində)
45. Pokrovski N.İ. Qafqaz müharibəsi və Şamilin İmamlığı-Moskva, 2000. (rus dilində)
46. Pruşanovski K. Yol qeydlərindən xülasələr // QT., 23-cü cild-Tiflis, 1902. (rus dilində)
47. Rıhtım M.M. Xəlilli F.S Mövlanə İsmayıl Siracəddin Şirvani. Bakı: CBS, 2011.
48. Runovski A. Şamil haqqında xatirələr-Moskva., 1989. (rus dilində)
49. Sadıqi Q. Şeyx və Mürşid Məhəmməd əl-Yarağı // BEKM. 13-14 oktyabr 1993-Maxaçqala, 1997. səh. 58-65 (rus dilində)
50. Seyidov F.Ə. Aslanbəylidən başlanan xatirələr – Bakı, 2000.
51. Səidov M. XVIII-XIX əsrlərdə ərəbdilli Dağıstan ədəbiyyatı-Moskva, 1960 (rus dilində)
52. Şabanoğlu M. Talanın yastı yolu-Bakı., 2001.
53. Şıxsəidov A. Qazıqumuğlu Əbdürrəhman birinci imam Qazı Məhəmməd haqqında // BEKM. 13-14 oktyabr 1993-Maxaçqala, 1997 səh. 78-85(rus dilində)
54. Şirvani S.Ə. Seçilmiş əsərləri, III cild – Bakı, 1985.
55. Yarəhmədov M. Azərbaycan və Dağıstan ədəbi əlaqələri tarixindən. B. 1985
56. Zelkina A. Qafqaz azadlıq müharibəsində Nəqşibəndiyyənin rolu haqqında. // BEKM. 13-14 oktyabr 1993-Maxaçqala, 1997 (rus dilində)
Məqalənin nəşr olunduğu yer: "XIX əsrdə Qafqazda təsəvvüfi cərəyanlar" I Beynəlxalq Həmzə Nigari Simpoziumunun Materialları, 31 May - 1 iyun 2012, Amasiya, Türkiye. Bakı: Qafqaz Universiteti, 2013, səh. 75-93.