Milli Azərbaycan Tarixi Muzeyində Mingəçevir, Xarabagilan və Şirvanşahlar Sarayında qəbirlərdən aşkar olunmuş müxtəlif dövrlərə aid qədim parçalar (geyim hissələri) mühafizə edilir. Azərbaycanda toxuculuğun tarixi qədimdir. Eneolit (e.ə. VI-IV minilliklər) və İlk tunc dövrünə (e.ə. IV-III minilliklər) aid saxsı, daş və sümük əyircəklər, sümük və mis iynələr, bizlər burada toxuculuğun ilkin əlamətləri olub, ev sənətkarlığı içərisində artıq bu sahənin də yer tutduğunu göstərir (Абибуллаев О.А.). Milli Azərbaycan Tarixi Muzeyində mühafizə edilən ən qədim parça və sap nümunələri Mingəçevirin Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VIII əsrlər) qəbirlərindən aşkar olunub (Асланов Г.М., Ваидов Р.М., Ионе Г.И., s. 152). Bu parça nümunələri əsasən yun və kətandandır. Bəzən metal bəzək əşyalarının üzərində parça izlərinə də rast gəlinir. Mingəçevirin ilk orta əsrlərə (III-VII əsrlər) aid yaşayış yeri və qəbirlərindən aşkar olunmuş parça nümunələri daha yaxşı saxlanıb. Onların bizə gəlib çatan nümunləri daha iridir. Belə parçalardan birinin üzərində müxtəlif həndəsi və nəbati naxışlar aydın seçilir (AF 493). Onun ölçüsü 30x39 sm-dir. Çoxlu miqdarda yun, ipək, pambıq və kətan parça nümunələrinin tapılması və onların toxunma üsullarının müxtəlifliyi ilk orta əsrlərdə Azərbaycan ərazisində toxuculuğun bir sənət sahəsi kimi xeyli inkişaf etdiyini, yerli əhalinin təsərrüfatında müəyyən yer tutduğunu göstərir (Vahidov R.M., s. 86). Azərbaycana kənarda toxunmuş ipək parça nümunələri də gətirilmişdir. Belə zərif parçaların daha çox Çindən gətirildiyi güman edilir. Qədim dövrün parçaları təbii boyalarla – marena, yovşan, qoz, nar, soğan qabığı ilə boyanmışdır. Bunu etnoqrafik müşahidələr və yazılı mənbələr də təsdiq edir (Кулиев М.М., s. 72). Bu parçaların toxunması üçün istifadə edilən dəzgah – yer xanası da arxeoloji qazıntılardan tapılmışdır (Ашурбейли С., s. 152). Mingəçevirin Kür çayının sol sahilindəki III yaşayış yerində (48/54-cü kvadratda) 1,5 metr dərinlikdən 3 monqol qəbiri aşkar olunmuşdur. Bu qəbirlər XIII-XIV əsrlərə aid edilir. Bu qəbirlərdən ipək parçalar, xalatlar, dəmir ox və nizə ucluqları, tozağacından oxqabı, dəmir payza, saxsı yəhər qalıqları, mis toqqa bəzəklər və s. tapılıb. Bu tapıntılar içərisində iki ədəd monqol xalatı (AF 2545) və bir iri ipək parça (ölçüsü 115x90 sm) maraq doğurur (AF 2547). 1979-cu ildə Naxçıvanın Xarabagilan şəhər yerində dəfinə axtaranlar tərəfındən üzərində türbə də olan bir sərdabə qarət olunmuşdur. Dəfinə axtaranlardan sonra yerli əhalinin də kütləvi şəkildə bura axışması və sərdabədə hər şeyin alt-üst edilməsi tabutların ılkin vəziyyətinin necə olduğunu və buradan hansı materialların aparıldığını müəyyən etmək mümkün olmamışdır. Xarabagilan arxeoloji ekspedisiyası 1980-ci ildə sərdabə və onun ətrafında arxeoloji tədqiqat işləri aparmış, olduqca maraqlı faktlar aşkara çıxarmışdır (İbrahimli B.İ., s. 394). Ətrafdan tapılan dekorativ kərpiclərlə və mavi kaşılarla yazılmış Qurani Kərimdən ayələr, altıbucaqlı və dördbucaqlı dekorativ kərpiclər üzərində Məhəmməd Peyğəmbərin (s.ə.s), xəlifələrin (Ömər, Əbubəkr və Əlinin) adlarının olması türbənin müsəlman şəxsin qəbri üzərində ucaldıldığını göstərir. Lakin mərhumlar taxta tabutlarda, geyimlə, silah, bəzək və başqa əşyalarla birlikdə dəfn olunmuşlar (İbrahimli B.İ., s. 396). Bəhlul İbrahimli tarixi mənbələrin məlumatlarına və sərdabədən tapılan materiallara əsasən, türbənin islamı qəbul etmiş, lakin qədim monqol adəti ilə dəfn olunmuş bir Hülaku zadəganına məxsus olduğunu ehtimal edir (İbrahimli B.İ., s. 396). Həmin sərdabədən aşkar olunmuş 6 ədəd müxtəlif parça nümunəsi Bəhlul İbrahimli tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə verilmişdir. Parçalar zərifliyi və rənglərinin bolluğu ilə diqqəti cəlb edir. Parçaların bir hissəsi qızıl və gümüş saplarla işlənmişdir. İpək parçaların birinin (ölçüsü 25x58 sm) üzəri müxtəlif rəngli üçləçək gül təsvirləri ilə bəzədilmişdir (AF 2717). Azərbaycan xalçalarının naxışları ilə bəzədilmiş yun parça (ölçüsü 30x9,5 sm) isə nisbətən qalındır (AF 2716). İpək parçalardan birinin (ölçüsü 40x12 sm) üzərində nöqtəvari (üçnöqtəli) naxışları vardır (AF 2715). Kənarları haşiyəlidir. Səlcuqların bu cür parçaları çintəmani adlandırdıqları məlumdur. Üzərində kufi xətli ərəb hərfləri ilə naxışlar vurulmuş ipək parça (ölçüsü 42x42 sm) qırmızı rəngin ahəngi ilə seçilir (AF 2714). Qızıl və gümüş saplarla işlənmiş parçanın (ölçüsü 6,5x 3 sm) demək olar ki, yalnız saçaqları qalmışdır (AF 2719). İpək parçalardan biri (ölçüsü 6x4 sm) özünün şux yaşıl zolaqları ilə diqqəti cəlb edir (AF 2718). Orta əsr kətan parçalarının iki nümunəsi Bakıda XV əsrə aid Şirvanşahlar türbəsindən tapılmışdır. Nisbətən yaxşı saxlanılan kətan parçalardan birinin üzəri işləməlidir. Digəri pis mühafizə edilmiş, tökülmüşdür. Bu parçaların Şirvanşah I Xəlilullahın anasının qəbirindən əldə edildiyi məlumdur. Bu tapıntıların əksəriyyəti Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş etdirilir. Həmin parçaların böyük bir qismi haqqında 2008-ci ilin oktyabr ayında Türkiyənin Mərmərə Universitetində keçirilən “Tarixdə və Arxeologiyada Boyama” adlı Beynəlxalq konfransda məruzə edilmiş, dünyanın boya üzrə mütəxəssislərinin marağına səbəb olmuşdur (Khalilli F.S., s. 54). Bu ilin əvvəllərində yuxarıda təsviri verilən arxeoloji parçaların böyük bir qisminin (cəmi 12 ədəd) boyaları Türkiyənin Mərmərə Universitetində Türkan Yurdun (Faculty of Pharmacy, Department of Pharmaceutical Toxicology, Marmara University) və Rəcəb Qaradağ (Laboratory for Natural Dyes, Faculty of Fine Arts, Marmara University) tərəfindən kimyəvi analiz edilmiş, maraqlı nəticələr alınmışdır (hal-hazırda analizin nəticələri nəşrə hazırlanır). Azərbaycanda geyim və parçalarla əlaqədar sənət sahələrinin - toxuculuğun, boyaqçılığın və s. tarixinin öyrənilməsində arxeoloji tapıntıların tədqiqi xüsusilə vacibdir.
İstifadə edilmiş ədəbiyyat və qeydlər
Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку: Элм, 1982, 315 с.
AF - AMEA Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya Fondunun inventar sayıdır.
Асланов Г.М., Ваидов Р.М., Ионе Г.И. Древний Мингечаур. Баку: Элм, 1959, 240 с.
Ашурбейли С. Ремесла и торговля раннесредневековых городов Азербайджана. Баку: Элм, 1984, с. 152.
Khalilli F.S. Textile and dyeing in 4th-14th centuries in Azerbaijan. 27th Meeting of Dyes in History and Archaeology, 8th-11th October 2008, Istanbul-Turkey, s. 54.
Кулиев М.М. Древнее ремесло Азербайджана и этноботаника. Материалы по истории Азербайджана, том IX, Баку: Элм, 1973, с. 72.
İbrahimli B.İ. Ortaq taleli şəhərlər. Şəmkir: Arxeoloji irsi, tarixi və memarlığı. I Respublika elmi-praktik konfransının (28-29 noyabr 2007-ci il) materialları. Bakı: 2008, s. 392-400.
Vahidov R.M. Mingəçevir III-VIII əsrlərdə. Bakı: Elm, 1961, 162 s.
Məqalənin ingilis dilində nəşr olunduğu yer: “Community in National Clothes and Modern Fashion”, 2009 Korea-Azerbaijan İnternational Conference, Baku, Azerbaijan, 4 July, 2009, p. 91-92.