AXTAÇILAR/AKHTACHI’S
4-2-2017
XÜLASƏ
Türklərin və monqolların ortaq birləşdiyi adlardan biri axtaçı adıdır. Sözün kökü axta – axtalamaqla əlaqədar olub, monqol dilindədir. Ona əlavə edilən şəkilçi isə türk dilindəki – çı şəkilçisidir. Zəki Vəlidi Toğan bu adı oğuzlarla əlaqələndirir. Amma mənbələrdə axtaçı adına ilk dəfə Çingiz xanla əlaqədar hadisələrdə rast gəlinir. Sonralar monqol-türk dövlətlərinin və hakim tayfaların başında məhz axtaçıların durduğu və onun ilkin mənasından ayrılaraq sərkərdə, tayfa başçısı kimi işlədildiyi görünür. Maraqlıdır ki, Sultan Əlaəddin Keyqubad Axtaçı ünvanı almış, Ərtoğrul Qazi axtaçı akıncılarına başçılıq etmişdir. Lakin axtaçılar tədricən obalar şəklində fəaliyyət göstərmiş, indiyə qədər monqol qarışığı müsəlman türk obaları kimi gəlmişlər. Yarımköçəri, tərəkəmə həyat tərzi keçirən axtaçılar Azərbaycan, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Ukrayna kimi dövlətlərin ərazisində yayılmışlar. Həmin dövlətlərin türk toplumunun inkişafı və millətlərin formalaşmasında iştirak etmişlər.
ABSTRACT
“Akhtachi” is one of the common names of Turks and the Mongols. The root of the word is related to “Akhtachi” and is in Mongolian. The suffix “chi” attached to that is in Turkic (çı). Zeki Velidi Toghan links this name with Oghuz tribes. The name of “Akhtachi” is encountered for the first time in the source events related to Genghis Khan. Later, it is seen that, mainly Akhtachis dominated the Mongol-Turkic tribes and the ruling tribes, and the word’s meaning turned to “warlord” and “tribal leader” afterwards. It is interesting that, Sultan Alaeddin Keykubad was addressed as Akhtachi. Moreover, Ertugrul Gazi headed Akhtachi raiders. But Akhtachis gradually acted as clans and have come so far as Muslim-Turkic clans of mixed Mongolian ancestry. Akhtachis passing semi-nomadic and tarakama lifestyle, spread on the territory of Azerbaijan, Turkey, Iran, Uzbekistan, Kyrgyzstan, Afghanistan and Ukraine. Those states have participated in the development of Turkic community and formation of nations.
Key words: axtaçı, tərəkəmə, monqol, türk, oba
Giriş. Tarixdə elə adlar var ki, açar kimidir. Onları tarixçilər tapmasa çox bağlı sandıqları aça bilməzlər. Axtaçı belə adlardan biridir. Türklər və monqollar ataları və anaları bir doğma qardaş kimidirlər. Onları birləşdirən əsas məqam dilləri ilə yanaşı, həyat tərzləri olub. Tarixin müxtəlif çağlarında fərqli dinlərdə inanclarını yaşasalar da, yarımköçəri həyat tərzləri dəyişməmiş, qanun və idarəçilik bu həyat tərzinə və törələrə əsaslanmışdır. Çingiz xanla Nadir şahın keçirdiyi qurultaylar arasında necə bağlılıq vardısa, bütün sonrakı orta əsr hökmdarlarının Çingiz xana qohumluq çıxarmaq kimi ənənəsi də vardı. Yasaya, yarlıq və talaqlara uymayan heç bir hakimiyyət nişanı qəbul edilmirdi. Şəriət və törə zaman-zaman ziddiyyət təşkil edir, zaman-zaman eyniləşirdi, uyğunlaşırdı. Belə tarixi kəsişmə nöqtəsində ordunun və dövlətin heyvanlarına, xüsusilə atlarına baxan məsul şəxslər – axtaçılar meydana çıxmışdır. Onu bəzən atçəkən, bəzən də miraxurla eyniləşdirirlər.
Françesko Meninski Axtaçı sözü haqqında. Françesko Meninskinin XVII əsrdə hazırladığı “Thesaıırııs Lingııarıım Orientalium. Turcicae. Arabicae. Persicae. Lexicon Turcico. Arabico. Persicıım” əsərinin 341-ci sütununda monqolca “akta” sözü maddəbaşı olaraq verilmiş, əsl formanın “achte” olduğu bildirilmişdir. Sözün fars dilində qarşılığı isə "yedək atlar" formasındadır. Cağatay dilində sözlüklərin hamısında axta yazılışı ilə yer alan söz xüsusilə at olmaqla bütün heyvanlar üçün “iğdiş edilmiş” anlamındadır. Bu sözdən türk dilində -çı şəkilçisi ilə törəmiş axtaçı sözünün anlamı “seyis”dir. Cağatay dilindəki sözlüklərdə də axtaçı sözü “seyis, baytar, imraxor” anlamları ilə yer alır (Zühal Kargı Ölmez., 2010).
Zəki Vəlidi Toğan axtaçılar haqqında. Axtaçı adının elmi izahına ilk dəfə başqırd əsilli türk tarixçisi Əhməd Zəki Vəlidi Toğanın “Ümumi Türk tarixinə giriş” əsərində rast gəlinir. Müəllif yazır ki, kiçik bir topluma başçı təyin olunan xan və naibi dörd qəbilə başçısına əsaslanırdı: tuvaçı və ya ona bənzər ünvan daşıyan bəyə tabe olan bir neçə nəfər nökər və bir neçə nəfərdən ibarət gecə növbətçisi (tunqatar, monqolca kəbtəvül) və gündüz növbətçisi (bəkçi, monqolca turqavul) olan keşikçilər, xanın bükəvül deyilən oduncu aşçısı və atlarına baxan axtaçısı. Beləcə hər biri ayrı ünvan daşıyan və sayları bir neçə on nəfərə çatan bəylər və sair mənsəbdarlar olurdu. Lakin dövlət böyüdükcə, o bir neçə nökər sayı yüzminlərə çatan ordu şəklini alır, tuvaçı da bu dünya dövlətinin hərbi naziri olur, keşikçilər sayı on minlərə çatan mühafiz alaylarına çevrilir, bavurcı dövlətin iqtisadiyyatını idarə edən və əlindən milyonlar, milyardlar keçən bir iqtisad naziri, axtaçı da yüzminlərə çatan ordunun süvari təşkilatını idarə edir. Fəth edilən məmləkətlərdə yerli mədəni ünsürün təsiri ilə dəyişmələrə məruz qalan, yaxud ortadan qalxan bu təşkilat sistemi böyük bozqır dövlətinin əsas bölgələrində - Ulu Yurdda öz xüsusiyyətlərini olduğu kimi qoruyub saxlayır. Böyük bozqır dövləti dağılarsa, törə yenə yerində qalır, bu tuvaçı, bükəvül və axtaçı təşkilatı yenə xırda toplumlara bölünür. Lakin, bir az sonra yenidən daha böyük bir toplumun başına keçir. Bütün bu təşkilat üsulu türk və monqol toplumlarında idarəedici qəbilələrin təməlinə aşılanmış bir adət və ənənə şəklində yaşayırdı (Toğan A.Z.V., 1981: 113).
Göründüyü kimi, Əhməd Zəki Vəlidi Toğan “axtaçı” adını bir vəzifə kimi qəbul edir və türk obalarının ata baxan vəzifəliləri adlandırır. Dövlət yaradan və ya hakimiyyət başına keçən həmin obanın axtaçısı sonradan dövlətin süvari təşkilatını idarə edir.
Anadoluda axtaçılar. Axtaçı adı Anadolu oğuz səlcuq toplumunda həm vəzifə kimi, həm də süvari təşkilat kimi ortaya çıxmışdır. Maraqlıdır ki, Anadoluya monqol basqınlarının qarşısını almaq üçün Konya Səlçuq sultanı Böyük Əlaəddin Keyqubad Monqol Ali xaqanı Ögedey xana barışıq üçün müraciət etmiş, xan ona “Axtaçı” unvanı vermişdir. Beləliklə, Konya Səlcuq dövlətinin sərhədləri monqol basqınlarından xilas olmuşdur. Çingiz xanın dövlət təşkilatından görəcəyimiz kimi axtaçı ünvanı xandan sonra üçüncü ali vəzifə sayılırdı. Ögedey xan Sultan Böyük Əlaəddin Keyqubada məhz xaqandan sonra üçüncü vəzifə olan axtaçı ünvanını vermişdir. Tahir Harimi Balcıoğlu yazır ki, Konya Səlcuq sultanı Əlaəddin Keyqubad Monqol xaqanından Axtaçı ünvanını almasından sonra tabe hökumət mahiyyəti ilə monqol istilalarından ölkəni qurtardı (Balcıoğlu T.H., 1940: 82).
İznik imperatorluğu Konya Səlcuq dövlətinin sərhədlərinə tez-tez basqınlar təşkil edirdi. Odur ki, 1231-ci ildə Sultan Böyük Əlaəddin Keyqubad ordusu ilə Sultanönü tərəflərə gəlir. Ərtoğrul bəy bütün ailəsi və oğulları ilə Sultan Əlaəddinin yanında yer alır. Sultan Əlaəddin Ərtoğrul bəyi axtaçı adlanan axıncı (öncül) dəstələrə başçı təyin edir. Ərtoğrul Qazi yunan ordusu üzərinə hərəkət edir. O, İznik imperatoru Laskarisin Rumelindən köməyə çağırdığı Aktav tatarları ilə döyüşür, qələbə çalır, yunan ordusu döyüş meydanından qaçır və İnəgölə qədər təqib olunur. Eskişehir tərəflərdə Sultan Əlaəddinlə görüşən Ərtoğrul Qazi Soğut və Saraycık bölgəsini qışlaq, Domaniç dağını da yaylaq olaraq əldə edir (Öcal S., 1987: 26).
Göründüyü kimi, Osmanlı dövlətinin yaranmasındakı əsas hadisələrdən birində axtaçı axıncıları mühüm rol oynamışlar. Anadoluda qayıların “atçəkən” qolunun olması və qaynaqlarda Ərtoğrul bəyin “axtaçı” axınçılarına başçı təyin edilməsi çox maraqlıdır. Bu onu göstərir ki, Anadoluda axtaçı yerinə atçəkən adı daha çox işlədilmişdir. Sonralar axtaçılar digər bölgələrdə obalar yaratdığı kimi, atçəkən adı ilə qayılar içərisində də yerləşmişlər.
Çingiz xan və axtaçılar. 1203-cü ildə Çingiz xan törəyə əsasən öz idarəçilik sistemində on müxtəlif vəzifə müəyyənləşdirmişdi:
1. Qorçular – yay və oxlara nəzarət edən dörd nəfər;
2. Axtaçılar – otlaq nəzarətçiləri;
3. Baurçılar – yeməklərin bişirilməsinə nəzarət edənlər;
4. Teriginlər – araba nəzarətçiləri;
5. Çərbilər – evə nəzarət edənlər;
6. 4 nəfər qılınc daşıyan;
7. 3 nəfər atlara baxan;
8. Gizli xəbərləri çatdıranlar;
9. At məşqçiləri;
10. Hökmdarın müşavirləri.
Hülakülər dövründə Axtaçı bəyləri. Əbülqasım Abdullah Kaşanlının əsərində Olcaytu xanın dövründəki idarəçilik sistemindən bəhs edən bilgilər vardır. Burada “Sutay Axtacı Əmiri-Biladi-Diyarbəkir ki, bi muhafazatı-kənarı-Fərat və sərhaddı-Şam” ifadəsi ilə Diyarbəkir əyalətinin Sutay Axtaçı idarəsində olduğu bildirilir. Müasir Cənubi-Şərqi Anadolu bölgəsini əhatə edən Diyarbəkir əyalətinin və Fərat çayı vadisindən Şam sərhəddinə qədər uzanan qərbdəki torpaqları göstərir (Özüyılmaz Ö., 2008: 220).
1307-ci ilin iyununda Ölcaytu xan tərəfindən həyata keçirilən Gilan yürüşü zamanı Mantu Axtaçı ve Şeyx Bəhlulun əmrindəki qüvvələr lur, gürcü və xorasanlılardan təşkil edilmişdir (Uyar Mustafa, 2009: 497).
Fəzlullah Rəşidəddin “Cəmi ət-Təvarix” əsərində monqollar və hülakülərdən bəhs edərkən xeyli sayda “axtaçı” hərbi ünvanı daşıyan əmirlərdən bəhs edir. Onlardan bəzilərinin adları belədir: Sutay Axtaçı, Nard Axtaçı, Bukday Axtaçı, Şaday Axtaçı, Qacar Axtaçı, Tamuday Axtaçı, Qaban Axtaçı, Qoniçi Axtaçı, Cəbə Axtaçı. Fəzlullah Rəşidəddin axtaçıların xüsusi bəratlarla torpaqlar və imtiyazlar əldə etdikərini yazır. Onların az vaxtda varlandıqları mənbədən anlaşılır (Рашид-ад-дин Фазлуллах, 2011).
Əmir Teymur dövründə axtaçılar. Əmir Teymurun ordu təşkilatında da at və atlılardan məsul olan vəzifə sahiblərinə axtaçı deyirdilər. Sarayda mətbəxə və yeməklərə nəzarət edən, yeməklərdə zərərli maddələri təftiş edənlərə bukavul, aşbaz kimi çaışan bavurçu, hökmdar əlini yuyarkən aftafa tutana aftafaçı, hökmdar paytaxtdan ayrılanda çadırını quranlara fərraşlar, təşrifat işini görənlərə şiqavul, xacib, eşikağası və hökmdarın çətirini daşıyan şökürcü, atlar və axırlardan məsul olan axtaçı, yəhərlər, gəm və yem torbaları, eləcə də heyvanlara dair ləvazimata nəzarət edən riqabdar, hakimiyyət əlamətlərindən olan növbətin ifa olunması və onun üçün istifadə olunan alətlərin olduğu təbilxana və nağaraxanaya baxan nağaraçı, ov heyvanlarının yetişdirildiyi quşxanaya baxan quşxana əmiri və quş bəyinin olduğu bilinməkdədir (Aka İ., 2002: 526).
İranda axtaçılar. İranın Qərbi Azərbaycan ostanının kəndistanları içərisində aşağıda adları çəkilən axtaçı kəndistanlıqları fərqlənir. Qərbi Azərbaycan ostanı Bukan şəhristanı Mərkəz bəxşi Axtaçı kəndistanına 27 kənd daxildir. Qərbi Azərbaycan ostanı Bukan şəhristanı Simminə bəxşi Axtaçı mahalı kəndistanının əhalisi 10 min nəfər, 2000 ailədən ibarətdir. 30 kənd daxildir). Qərbi Azərbaycan ostanı Mahabad şəhristanı Mərkəz bəxşi Qərbi Axtaçı kəndistanının isə əhalisi 8 min nəfər, 1450 ailədən ibarətdir. 38 kənd daxildir. Həmədan ostanı Bahar şəhristanı Mərkəz bəxşi Abrumand kəndistanına Axtaçı kəndi də daxildir. Əvvəllər çox sayda axtaçı obasının yaşadığı həmin kəndistanlıqlarda indi kürd əhalinin üstünlüyü vardır. Hal-hazırda türk obaları həmin bölgələrdə azalıblar (Minorsky V., 1957).
Özbəkistanın Buxara şəhərinin məhəllələrindən biri də tarixən Axtaçı məhəlləsi kimi tanınıb. 1926-cı ildə tədqiqatçılar həmin məhəllənin sakinlərinin 90 faizinin tacik əsilli olduğunu qeyd ediblər. Maraqlıdır ki, Axtaçı nəsillərinin adını daşıyan məhəllədə XX əsrin əvvəllərində tədricən tacik sakinlər üstünlük təşkil edib.
Azərbaycanda axtaçı obaları. Azərbaycanda Şirvan bölgəsinin iri obalarından biri olmasına rəğmən Axtaçı obası haqqında az yazılmış, etnoqraf və folklorşünasların tədqiqatlarından kənarda qalmışdır. Axtaçı obasını oğuz boy təşkilatı ilə əlaqələndirən Zəki Vəlidi Toğan onların getdikləri yerlərdə geniş torpaqlara malik olduğu və tümənlərə rəhbərlik etdiklərini yazır. Axtaçı obasının əsasını təşkil etdiyi kəndlərimizdən biri Ağsu rayonunun Gəgəli kəndidir. Əhalisi tarixən qışlaq, yaylaq və yazlaq torpaqlarında maldarlıqla məşğul olmuş bu türk obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Axtaçı adının etimologiyası, yerləşdiyi coğrafi məkanın tarixi, axır çərşənbədə gecənin qaranlığından səhərin alatoranına qədər oturmaq, insanların və ev heyvanlarının iki odun arasından keçməsi, atın gövşəməsinə inam kimi folklor hadisələri haqqında maraqlı etnoqrafik müşahidələr tədqiqata cəlb edilərək öyrənilmişdir.
Azərbaycanda axtaçı obasının tarixi ilə məşğul olmağa başlayanda qarşıya çıxan sənədlərdə çox az sayda məlumat vardı. 1850-ci illərə aid sənədlərdə Gəgəli obasının adı Axtaçı-Gəgəli kimi yazılırdı. 1821 və 1831-ci ilin kameral təsvirlərində isə Şirvan xanlığı dövründən miras qalmış, 5 hissəyə parçalanmış və 5 yüzbaşılığı olan Axtaçı obası vardı. Şirvan xanlığının əhalisinin sayına görə ön böyük obası olan və Xançoban mahalına daxil olan Axtaçı obasından Axtaçı, Axtaçı-Gəgəli, Axtaçı-Yekəqurşaqlı, Cavanşir, Padar Gülmalı kəndləri ayrılmışdır.
Şirvan xan ailəsinə bağlı olan Yolçu bəyin övladlarına məxsus rəncbər obaları isə indiki Kürdəmir və Sabirabad kəndlərində məskunlaşan axtaçı kəndləridir.
Göründüyü kimi, axtaçılarla bağlı tarixi mənbələrdə kifayət qədər məlumat vardır. Lakin indiyə kimi sistemləşdirilib, tədqiqata cəlb edilmədiyi üçün tarixçilər belə axtaçı obalarının tarixdəki önəmindən xəbərsiz qalmışlar. Gələcəkdə tədqiqatın genişləndirilməsi və yeni axtarışların aparılması planlaşdırılır.
Ədəbiyyat:
Aka İ., 2002
Timurlular. Türkler. III cild. Ankara: 2002. səh. 517-533
Balcıoğlu T.H., 1940
Türk Tarihinde Mezhep Cereyanları. Ankara: Kanaat Kitabevi
İsakov A., 2007
Doğu Türküstanın Tarihinde Kırğızların Tesirleri (1700-1878). Yüksek Lisans tezi. Bursa: Uludağ Universitesi Sosyal Bilimler Enstitüsü
Minorsky V., 1957
Mongol Place-Names in Mukri Kurdistan (Mongolica 4) // Bulletin of the School of Oriental and African Studies, Volume 19, Issue 1, February 1957, pp. 58-81
Рашид-ад-дин Фазлуллах, 2011
Джами-ат-Таварих. Баку: Нагыл Еви, 2011, 540 str.
Öcal S., 1987
Devlet Kuran Kahramanlar. İstanbul: Türk Dünyası Araştırmaları Vakfı
Özüyılmaz Ö., 2008
Gurmanc və Kürtlerin Kökeni. İstanbul: ISBN 9789944714372, 460 sayfa.
Toğan A.Z.V., 1981
Ümumi Türk Tarihine Giriş. I cilt. III baskı. İstanbul Universitesi Edebiyat Fakultesi Yayınları.
Uyar Mustafa, 2009
İlhanlı (İran moğolları) ordusunun önemli bir birimi: Selçuklu yardım birlikleri // Selçukludan Osmanlı’ya Bilim, Kültür ve Sanat, ed. Mustafa Demirci, Konya, pp. 297-306.
Zühal Kargı Ölmez., 2010
Meninskinin Sözlüğündeki "Tatarca" Sözlükler // Çukurova Universitesi Türkoloji Araştırmaları, 10.03.2010 - http://turkoloji.cu.edu.tr/ESKI%20TURK%20DILI/zuhal_kargi_olmez_meninski_tatarca_sozcukler.pdf
Nəşr yeri: Fariz Xəlilli. Axtaçılar // VI. Uluslararası Türk Sanatı, Tarihi ve Folkloru Kongresi Materyalları, Konya: Selçuk Universitesi, 2016.
Oxunub: 1697