Nəzmlə və rəsmlə 1582-ci il Qəbələ hadisələri
18-12-2016

Fariz Xəlilli

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

 MİRAS jurnalının 7-ci sayında nəşr olunmuşdur... 

 

 

 

Giriş

Azərbaycanın son orta əsr (XIV-XVIII əsr) şəhərlərinin öyrənilməsi Azərbaycan tarixinin əsas problemlərindəndir. Dövrün bir sıra şəhərlərindən bu günə bəzi tikililər gəlib çatsa da, ümumilikdə şəhərlərin topoqrafiyasını, ayrı-ayrı məhəllələri, şəhər əhalisinin məişətini, ictimai həyatı, təsərrüfatı öyrənmək üçün arxeoloji tədqiqatlar əsas mənbələrdir. Əgər aşkar olunan maddi-mədəniyyət abidəsini yazılı və təsviri mənbələr dəstəkləyirsə, bu tədqiqatın dəyəri daha da artır.

2011-ci ilin iyul-avqust aylarında SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ arxeoloji ekspedisiyasının professor Qafar Cəbiyevin rəhbərlik etdiyi Qala dəstəsinin tərkibində Qədim Qəbələ şəhərinin Qala hissəsində arxeoloji qazıntılarda çox maraqlı tapıntılara şahid oldum. Geniş sahədə (1644 kv.m.) aparılan qazıntılar əvvəlki illərdə aparılmış arxeoloji tədqiqatları dəstəkləyir və yeni materiallar verirdi. Materiallardan və tikili qalıqlarından şəhərin üst təbəqəsinin XIV-XVIII əsrləri əhatə etdiyi görünür.

Qəbələ şəhərinin XIV-XVIII əsr təsviri görüntülərini araşdırarkən 1582-ci ildə Qəbələ qalasının Osmanlı ordusu tərəfindən mühafizəçisi olan Asəfi adlı şairin “Şücaətnamə” əsərində miniatürlərini əldə etdik. Qəbələnin orta əsrlərdə ilk görüntüsü mahiyyətində olan bu miniatürlər böyük elmi əhəmiyyətə malikdir. Miniatürlər Asəfinin şeirləri əsasında tərtib edilmişdir.

 Asəfi kimdir?

Türk ədəbiyyatında Asəfi məxləsini istifadə edən dörd şairdən biri Asəfi Dal Mehmed Çələbidir. O, XVI əsrdə Sultan III Murad (1574-1595) dövründə yaşamışdır. Təhsilini aldıqdan sonra ilk dövlət vəzifəsi Divanı-Humayun katibliyi olmuşdur. Katiblikdən sonra təzkirəçilik vəzifəsi ilə Özdəmiroğlu Osman Paşanın əmrinə məmur edilmişdir. Asəfi vəzifəsinin də tələb etdiyi kimi bir çox döyüşlərdə iştirak etmişdir. İlk qatıldığı döyüş 1578-ci il 9 avqust Çıldır döyüşü idi. Bu döyüşdən sonra Asəfi Özdəmiroğlu Osman paşa ilə Şirvana gəlmiş, sancaqbəyi rütbəsi ilə Şirvan vilayətinin təhrir işlərindəki maliyyə məsələlərinə baxmışdır.  Asəfi 1578-ci il osmanlıların çətinliklə qələbə qazandıqları Şamaxı döyüşündə də iştirak etmişdir. Bununla yanaşı, digər hərbi  toqquşmalara da qatılmışdır.  Osman paşa 1582-ci ildə Asəfini Qəbələ qalasını təmir etmək üçün göndərmişdir. Asəfi şəhərə yenicə daxil olduğu sırada Səfəvi ordusu bundan xəbər tutmuş və gecikmədən şəhəri mühasirəyə almışdır. Asəfinin rəhbərlik etdiyi Osmanlı əsgərləri qalanı uzun müddət müdafiə etmişlər. Lakin osmanlı əsgərləri arasına nifaq düşmüşdür. Belə ki, səfəvilər yalandan Sultan III Muradın Səfəvi taxtının barışıq təklifini qəbul etdiyinə və artıq müharibənin bitdiyinə osmanlı əsgərlərini inandırmışlar.  Səfəvi qoşunu qaladan çıxanları qılıncdan keçirmiş, Asəfi də əsir düşmüşdür. Asəfi bundan sonra 3 il Səfəvilərin Ələmut qalasında əsir həyatı yaşamışdır. Köhnə dostu və yoldaşı Qazi Gərayın köməyilə Ələmut qalasından azad olunmuşdur. Asəfinin İsfahanda başlayan qurtuluş macərası 1585-ci ilin ortalarında Ərzurum yaxınlığındakı Cinisdə Təbriz yürüşü hazırlığı ilə məşğul olan Özdəmiroğlu Osman paşanın yanında başa çatmışdır. O, Təbriz yürüşündə iştirak etmiş, çoxdan arzuladığı Təbrizin fəthinə yetişmişdir. Osmanlı sultanına yazılan ərz məktubu ilə Təbrizin mühafizəsində qalmaq şərtilə Kəfə bəylərbəyi təyin edilmişdir. Təbrizin mühafizəsində qaldığı müddətdə 29 oktyabr 1585-ci ildə Özdəmiroğlu Osman paşa vəfat etmişdir. Osman paşaya kin bəsləyən Fərhad paşanın təsirilə Asəfi yenicə təyin olunduğu Kəfə bəylərbəyi vəzifəsindən də azad edilmişdir.  Asəfi 1590-cı ildən sonra iki dəfə rəisül-quttablıq vəzifəsinə gətirilmişdir. Bu vəzifəsindən sonra Asəfi haqqında məlumat yox dərəcəsindədir. Onun 1604-cü ildə vəfat etdiyi və Xirqəyi-Şərif Məscidində dəfn edildiyi göstərilir.

 Tarixi mənzumə - Şücaətnamə

Asəfinin yeganə əsəri Şücaətnamədir. Onun Osmanlının şərq yürüşlərində yaxından iştirakı, dövlət orqanlarında yuxarı vəzifələrə çəkilməməsi adının mənbələrdə az xatırlanmasına imkan vermişdir. Lakin Asəfi nəzm və nəsrdə özünə inanan şairdir. Asəfi haqqında XVI əsr tarix və ədəbiyyatının görkəmli nümayəndələrindən Gelibolulu Əli həm Künhül-Əxbar, həm də Nüsrətnamə əsərində bəhs etmişdir.  Asəfi dini, elmi və ədəbi sahədə özünü yetişdirmiş, Mövlanə, Hafiz və Sədidən, Quran ayəsi və hədislərdən mövzuya uyğun iqtibaslarla dini elmlərə və təsəvvüfə vaqif olduğunu göstərmişdir. Asəfi yeri gəldikcə lirik, didaktik və pastoral hekayələrlə əsərini axıcı eləmiş, atalar sözləri, deyimlər, hekayələr, ayələr və hədislərdən istifadə etmişdir. Şücaətnamə nəzmlə məsnəvi şəklində və qazavatnamə formasında qələmə alınmışdır. 6982 beytdən ibarətdir. Əsər nəinki qazavatnamə formasında ədəbi əsər, həm də mənzum tarixi əsərdir. 

Şücaətnamənin Türkiyə kitabxanalarında iki nüsxəsi vardır. İstanbul Universiteti Kitabxanasındakı TY. 6043 inventar saylı əsər bir nəsr dibaçə ilə başlayır, nəzm mətnlə davam edir, hərəkəli nəsx xətti ilə və miniatürlü olaraq 289 vərəqdir. Şücaətnamənin digər Topqapı Sarayı Muzeyi Kitabxanası Revan 1301 inventar saylı nüsxəsi hərəkəli nəsx xətlə miniatürsüz olaraq qələmə alınmışdır. Nüsxə nəsr dibaçə və nəzm mətndən ibarət olub, 318 vərəqdir.

Asəfi şeirlərindən də göründüyü kimi, əsərin nəzm hissəsini 1586-cı ilin oktyabr ayında, nəsr hissəsini isə 1587-ci ildə bitirmişdir. Əsər 3 hissədən ibarətdir: giriş, mövzunun işləndiyi bölmə, xatimə. Giriş hissəsi 23 beytlik bismillah və tövhid, 6 beytlik nət, 12 beytlik dörd raşidi xəlifəyə tərif, 27 beytlik Sultan III Murada mədhiyyə və Özdəmiroğlu Osman paşanın tərcümeyi-halından ibarətdir. Mövzusu Özdəmiroğlu Osman paşanın fəthlərini mədh etmək olan Şücaətnamə Çıldır döyüşü ilə Özdəmiroğlu Osman paşanın ölümü arasında baş verən hadisələri təsvir edir. Lakin Çıldır döyüşündə ordunun komandanı Lələ Mustafa paşa olduğu üçün əsərin ağazı-dastan hissəsi Çıldır qələbəsi ilə deyil, Osman paşanın sərdar kimi ilk qələbəsi olan Şamaxı qələbəsi ilə başlanır. Şücaətnamənin xatimə hissəsində əsərin yazılışına, bitmə tarixinə dair məlumat verilir və əsər dua ilə başa çatır.

Azərbaycanda ilk dəfə Dos.Dr. Mehmet Rıhtım “Azerbaycan tarihi için kaynak bir eser: Şecaatname ve XVI. asırda Bakü” məqaləsində əsər haqqında geniş məlumat vermişdir. Məqalədə Asəfinin həyatı və yaradıcılığı ilə yanaşı, əsərdəki Bakı qeydləri və miniatürləri işıqlandırılmışdır.

 Qəbələnin təsviri

 Əsərin tarixi əhəmiyyət daşıyan hissələrindən biri Qəbələ qalasının təsviri və qala ətrafında baş verən hadisələrdir. Qəbələ qalasını qorumaq və təmir etdirməklə vəzifələndirilən Asəfi adəti üzrə qala haqqında daha əvvəllər yazılmış tarix kitablarından məlumat əldə etdiyini qeyd edir. Qaynaqlarla əlaqələndirilərək bəhs edilən qala 1582-ci ildə Asəfi tərəfindən sığınacaq kimi istifadə edilmişdir. Asəfi oxuduğu məlumatlarla qalanın o zamankı vəziyyətini müqayisə edir, oxuduqları və gördükləri arasındakı ziddiyyətdən bəhs edir, qalanın bilindiyi kimi möhkəm olmadığını söyləyir. Əsir düşməsini qalanın pis vəziyyətinə bağlayan Asəfi hərbi baxımdan əlindən gələni etdiyini də yazır. 

Qəbələnin təsviri bu hissədən başlayır: “Qızılbaş ordusunun hücumunu müşahidə edən Osman paşa Asəfini sərdar təyin edir və sancaqbəylərindən Qayqı bəyi ona qoşub Qəbələ qalasına göndərir. Şair Qəbələyə göndərilməsini, dosta vəfanı, ona olan etibarı qələmə alır, sonra Qəbələ qalasının vəziyyətini təsvir edir, mənbələri araşdırdığını, amma qalanın tarixdə yazıldığı kimi möhkəm olmadığından bəhs edir.

 ...Qələdir namı, vəli divarı yok

Küçə, yok divarı, amma darı çok...

 ...Alur imiş qələnin su çevrəsin

Qələ ortada alur su devrəsin

 Böylə yazmışlar bilənlər ol dəmi

Şəhrə sandalla varırmış adəmi...

 1582-ci il Qəbələ hadisələri 

 Asəfi Qəbələyə gəldikdən sonra qalanın təmiri ilə məşğul olur, möhkəmləndirməyə çalışır. Lakin Səfəvi ordusu tezliklə qalanı mühasirəyə alır, qanlı döyüşlər, qalada aclıq başlayır. 

 ...On səkiz gün hasili hər qaltəban

Yürüyüş idüp qoydılar nərdiban

 Dəf idərdik gəh tüfəng ü tir ilə

Hər gədikdə cəng idüp şəmşir ilə

 Virmədik ol qələnin bir taşını

Düşmənin taşilə yardıq başını

 Bellərin bükdü və lakin aclıq

Gitdi qida, qalmadı yoldaşlıq

 Niçə günlər yendi tuzsız at əti

Gəldilər “acız” diyu hər nəkbəti

 Yürüdülər, Asəfinin üstünə

Aldı hər biri yer ağız dəstinə

 Virür idi anlara hər gün bir at

Qane olmazdı yinə ol muhməlat

 Bir bölük başilə hep yoldaşları

Qaçdı bir gicə gör ol əv başları...

 Asəfinin ordusundan Ğəssani sancaqbəyi Mahmud bəy qızılbaşlara əsir düşür. Onun adından qalaya məktub yazılır ki, Osmanlı və Səfəvi dövlətləri arasında sülh əldə edilib, ona görə də döyüşməyə lüzum yoxdur. Aclıqdan əziyyət çəkən osmanlı əsgərləri bu şaiyəyə inanırlar və Asəfiyə qarşı çıxırlar. 

 ...Anun ağzından yazılmış namələr

Qələyə qarşu idüb həngamələr

 Padişaha elçilər gitmiş imiş

Şahı sülh içün vəkil itmiş imiş

 Adına dirlərmiş İbrahim xan

Gəldi anın adamı şimdi həman

 Cəngimiz sülhə mübəddəl eyləmiş

Barışıq babında çok söz söyləmiş...

 ...Gəldilər həp bir-birə cəm oldılar

Xanəsinə Asəfinin doldular

 Didilər biz nə dürüz şəmdən giru

Cəngə niçün baş uruz şimdən giru

 Çünki sulh olmış Qızılbaş ilə Rum

Layih olmaq bizə layiqmi ümum...

 Asəfinin qaladan çıxması üçün təzyiqlər göstərilir:

 ...Yar olmaz kimsəyə, gitdi fələk

Asəfi biçarəyə nitdi fələk

 Gəldi qul qardaşlarına ittifaq

Anladı Qayqı bəg anda çok nifaq

 Qələdən çıkmağa çün meyl itdilər

Pür yarağ oldılar, andan gitdilər

 Didilər gəl çık və yaxud başını

Aluruz qətl idərüz yoldaşını...

...Bəzi silahdaşları Asəfiyə deyirdilər:

 ...Gidəriz bundan qızılbaş oluruz

Anda həm bu dənlü dirlik buluruz

 Bundan əvvəl gitdi bir yoldaşımız

On nəfər yoldaş ilə qardaşımız

 Vardığı dəmdə riayət itdilər

Zər kəmər xəncər inayət itdilər

 Varuruz anda səni qətl eylərüz

Daxi şimdən sonra bunda neylərüz...

 Əgər Asəfi qaladan çıxmasa, silahdaşları onu ölümlə hədələyirdilər:

 ...Asəfiyə itdilər cümlə hücum

Qələdən çık git deyu qivm şum

 Hasili bunlarla çox cəng eylədi

Hər birisi rəzmə ahəng eylədi

 Didilər çık taşraya bin atına

Yok dirsən hazır ol ovqatına...

 Asəfi bu təzyiqlərin qarşısında qaladan çıxmaq məcburiyyətində qalır:

 ...Qələdən ki çıkdılar çay üstünə

Sorxsərlər aldı tiğin dəstinə

 Cümləsi olmuş idi yalın yaraq

Yürüdülər üstünə bi-l-ittfaq

 Qayqı bəg gördi ki hal oldı yaman

Atunun ismin qodı can qurtaran

 Bırakdı qaçdı Asəfi biçarə

Ağərə atdı getdi ol avarə...

 Tək-tənha qalan Asəfi qala yaxınlığındakı bir bataqlığa saplanır və əsir düşür:

 ...Gəldi yol üzrə öginə bir bataq

Olmuş imiş aba ol yirlər yataq

 Çünki girdi Asəfi ol balçığa

Cümlətən saplandı ol yol balçığa

 Yalnız olmayayın didi həman

Atdı çakmaklu tüfəngin bi-kəman...

 ...Hasili aldı tüfəngin urmağa

Bir yeka ol vərtələrdən çıkmağa

 Ağız utin rəf idüb badı-qəza

Ut evində qalmamış olmuş hata

 Kargər olmaduğın gördi ədu

Bir ağuzdan itdilər ana ğulu

 Kimi niz ilə kimi şəmşir ilə

Kimi şeşpər ilə kimi tir ilə

 Balçık içrə yıkdılar atdan anı

Sanki balçıkdan yapılmış adamı

 Dutdılar anı müqəyyəd itdilər

Bənd ilə sərdarədək algətdilər...

 Qəbələnin miniatürləri

 “Şücaətnamə” əsərində Qəbələ qalasının üç miniatürü vardır. Birinci miniatür 144a vərəqindədir. Qalanın dörd tərəfi su kanalları ilə əhatələnmişdir. Ancaq qabaq hissəsində daşdan böyük və tağvari girişin qarşısından qalaya doğru yol görünür. Qalanın dörd tərəfində, qala divarları boyunca üçbucaq örtüklü dörd bürc rəsm edilmişdir. Bu bürclərdən hər hansı pəncərə görünmür. Qala divarları xaricdən qırmızı, daxildən mavi, ağ, yaşıl və sarı rəngdədir. 146b və 147b vərəqlərindəki digər iki miniatürdə də eyni memarlıq cizgiləri ilə verilmiş və qala əsasən səhnənin mövzusuna xidmət etmişdir.

 1 - “Qəbələ qalası mühasirədə” miniatürü

 144a vərəqində rəsm edilmiş miniatürün ölçüsü 15,5×12,1 sm-dir. Rəsmin ortasında, ətrafı sularla əhatə olunan Qəbələ qalası, qalanın içərisində əlində gürz tutan solda Asəfi paşa, sağda qırmızı papaqlı Qayqı bəy oturub, söhbət edir. Qalanın dörd bir tərəfində qalanı müdafiə edən tüfəngli əsgərlər görünür. Qızılbaş əsgərləri dörd tərəfdən qalanı atəşə tutmuşlar. Səma göy rəngdədir. Rəssam şair-sərkərdə Asəfinin Qəbələ qalasını qorumalı olduğu vaxtda qızılbaşlar tərəfindən mühasirə edildiyini təsvir edir. O, səhnənin ortası yerləşdirilən çox bürclü qalanın tamaşaçıya baxan alt hissəsinə əsas giriş qapısını yerləşdirərək, bu qapıdan çıxan yolun quru əraziyə birləşdiyini göstərir. Rəssam səhnənin üst hissəsində ayrı yollardan gələn çayların qalanın ətrafını sararaq alt hissədə birləşdirmiş, tək bir çay kimi davam etdiyini vurğulamışdır. Çay tünd rəngdə təsvir olunmuş, çayın quru ərazilərlə təmasda olduğu yerlərdə rənglərin tonunda dəyişiklik edilmişdir.

 2 – “Qəbələ qalasının təslim olmasının müzakirəsi” miniatürü

 146b vərəqində rəsm edilmiş miniatürün ölçüsü 15,2×11,5 sm-dir. Rəsm əsərinin ortasında ətrafı sularla əhatə edilən Qəbələ qalası, qala içində üzərlərinə adları yazılan, solda Asəfi paşa, sağda Qayqı bəy oturub. Qalanın içində və sipər yerlərində əsgərlər ətrafı izləyirlər. Qaladan kənarda dörd bir tərəfdə iki nəfərlik qrup halında əllərində kitab tutan gənc qızılbaş əsilzadələri görünür. Bunlardan sağda olanlarının üzərində “Qacar bəyləri” yazısı vardır. Yer bənövşəyi və firuzəyi rəngdədir. Rəssam Qəbələ qalasını bu miniatürdə daha geniş planda təqdim etmişdir. O, bununla qalaya yaxınlaşan səkkiz qızılbaş əsilzadəsini ön plana çıxarmaq istəmişdir. Qalada Asəfi paşa və Qayqı bəy mübahisə edir, qızılbaş əsilzadələri isə əllərində Quran kitabı ilə qalaya yaxınlaşırlar. Onlar qaladakılara sülh niyyətlərini göstərmək üçün Qurana əl basırlar. Bu səhnədə rəssam az olsa da gül təsvirlərinə yer vermişdir. Qalanın memarlıq quruluşu, qalanı əhatə edən çay birinci miniatürlə oxşar şəkildə təsvir edilmiş, miniatürlər arasında əlaqə təmin edilmişdir.

 3 – “Alayların üsyanı” miniatürü

 Bu miniatür 147b vərəqində olub, ölçüsü 21×11,7 sm-dir. Rəsmin ortasında dörd tərəfi sularla əhatə olunan Qəbələ qalası görünür. Qalanın giriş qapısından quru əraziyə doğru incə bir yol uzanır. Qalanın ortasında qırmızı rəngli altıbucaq kətil üstündə outran Asəfi paşa, üsyançıların başçıları, arxasında iki silahdarı, alt hissədə mübahisə edən əsgərlər görünür. Yer firuzəyi, qalanın həm bayır hissəsi, həm də su kənarı bənövşəyi və mavi rəngli, üzərində müxtəlif gül topaları vardır. Rəssam qalanın içərisində baş verən hadisələrə diqqəti çəkmək üçün digər iki miniatürə nisbətən qalanı daha böyük formada verir. O, Asəfini tək göstərməklə onun meydanda tək qaldığını göstərmək üçün təsvir etmişdir.

 Nəticə

 Asəfinin “Şücaətnamə” əsərindəki miniatürlər Qəbələ qalasının bizə bəlli olan ilk və yeganə miniatürləridir. İndiyədək Qəbələ qalasının heç bir təsviri Azərbaycan tarixşünaslığına bəlli olmadığı üçün bu miniatürlər böyük əhəmiyyət daşıyır. Düzdür, rəssamın əsas məqsədi qalanı təsvir etmək olmamışdır, onu Asəfinin başına gələn hadisəni oxucuya çatdırmaq maraqlandırmışdır. Lakin Asəfinin mətnini yaxşı mənimsədiyi və Qəbələ qalası haqqında əlavə bilgilərə malik olduğu qalanın müasir real görüntüsünə yaxınlıq təşkil edir. 

İstifadə edilmiş ədəbiyyat

 Dündar H. Rahimizade İbrahim (Harimi) Çavuşun Gence Fetihnamesi adlı eserinin transkripsiyonu ve kritizasyonu, yüksek lisans tezi. Kocatepe Universiteti. Afyon: 2006, 98 səh.

Eroğlu S. Asafinin Şecaatnamesi (İnceleme-metin), doktora tezi. Uludağ Universiteti. Bursa: 2007, 594 səh.

Eroğlu S. Asafinin Şecaatname mesnevisi // Turkish Studies International Periodical For the Languages, Literature and History of Turkish or Turkic,  Volume 4/7 Fall 2009, səh. 253-297.

Eravci M.H. Osmanlı-Safevi Münasebetleri ile ilgili Türkçe Kaynaklar // Türkiyat Araştırmaları, səh. 249-260.

Kaya G. Resimli bir Osmanlı tarihi: Asafi Paşanın Şecaatnamesi, yüksek lisans tezi. Uludağ Universiteti. Bursa, 2006, 289 səh.

Rıhtım M.M. Azerbaycan tarihi için kaynak bir eser: Şecaatname ve XVI. asırda Bakü // Journal of Qafqaz University, Number 20, 2007, səh. 34-42.

Topal A. Asafinin Cezire-i Mesnevi adlı eseri ve bu eserde yer alan mesnevinin ilk on sekiz beytinin tercümesi // Turkish Studies International Periodical For the Languages, Literature and History of Turkish or Turkic,  Volume 4/7 Fall 2009, səh. 603-618.

Üzümcü H. Zafer-name-i Ali paşa (transkript ve değerlendirme), yüksek lisans tezi. Afyonkarahisar Kocatepe Üniversiteti. Afyonkarahisar, 2008, 104 səh.

Oxunub: 1392