Azərbaycanda inklüziv turizm
9-6-2016

Azərbaycanda fiziki imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində xeyli işlər görülür. Bununla belə, əlillərin özlərini cəmiyyətin bir parçası hesab etməsi üçün onların turizm və mədəni irs obyektlərindən rahatlıqla istifadəsi də təmin olunmalıdır. Bəs bu sahədə vəziyyət necədir? 

 

 

AZƏRBAYCANDA “ARXEOLOJİ ABİDƏLƏRİN İNKLÜZİV TURİZM PERSPEKTİVLƏRİ VƏ ƏLİLLƏRİN REABİLİTASİYASINA DƏSTƏK” LAYİHƏSİ

Dr. Fariz Xəlilli

Gülşən Hüseynova 

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi

 

XÜLASƏ

 

Azərbaycan əhalisinin təqribən 5,2%-i, yəni, 500 min nəfərdən çoxu əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir, yəni dünyada 650 milyondan artıq əlil yaşayır. Əlillərin reabilitasiyası, onların sosial müdafiəsi və ictimai həyatın bütün sahələrində iştirakı, onların layiqli həyat sürmələri üçün normal şəraitin yaradılması Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu, Konstitusiymızda, habelə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və digər hüquqi-normativ sənədlərdə təsbit olunub.

Azərbaycanda fiziki imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində xeyli işlər görülür. Bununla belə, əlillərin özlərini cəmiyyətin bir parçası hesab etməsi üçün onların turizm və mədəni irs obyektlərindən rahatlıqla istifadəsi də təmin olunmalıdır. Bəs bu sahədə vəziyyət necədir? Təəssüf ki, həm paytaxtda, həm də bölgələrdə hələ də əlillərin müvafiq nəqliyyat vasitələri ilə təminatı, əlil arabalarının hərəkəti üçün xüsusi səkilərin tikintisi qənaətbəxş deyil. Xüsusilə də mövcud mədəniyyət ocaqlarının bir çoxunun köhnə binalarda yerləşməsi əlillərin mədəni irsimizlə tanışlığı yolunda çox ciddi problemlər yaradır. Halbuki, bütün dünyada tarixi, mədəni, memarlıq, təbiət abidələrinin, arxeoloji qazıntı sahələrinin, muzeylərin, teatr, kinoteatr, sərgi salonlarının əlillərin reabilitasiyasında rolu dəfələrlə elmi əsaslarla və tədqiqatlarla sübut olunub.

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun daha çox gəlir gətirə bilən sahəsi kimi turizmin rolu hər zaman qeyd edilir. Son illər Azərbaycanda bir-birinin ardınca keçirilən beynəlxalq miqyaslı tədbirlər və genişlənən olimpiya hərəkatı iri şirkətlərlə yanaşı, turistlərin də geniş marağına səbəb olur və ölkəmizə turist axını daim artmaqdadır. Bütün bunlar yeni turizm-mehmanxana komplekslərinin yaranması, istirahət mərkəzləri şəbəkəsinin genişlənməsi ilə paralel gedir. Lakin həmin komplekslərdə, turizm şirkətlərinin təklif etdikləri tur marşrutlar içərisində fiziki imkanları məhdud olan insanlar üçün nəzərdə tutulmuş inklüziv turizmin həyata keçirilməsinə şərait varmı?

Təbiidir ki, bu gün Azərbaycanda yaşayan və xarici ölkələrdən gələn əlillər inklüziv turizmin təkliflərini gözləyir, səyahətdən yararlanmaq, ölkənin mədəniyyətini, təbiətini, tarixini, nadir incilərini tanımaqla yanaşı, onlardan bəhrələnərək reabilitasiya prosesini sürətləndirmək, analoji dəyərləri yaratmaq və müəyyən gəlir əldə etmək arzusundadırlar.

Azərbaycanda bu sahə hələlik inkişaf etməsə də, geniş potensiala malikdir. Bu potensialı tədqiq edib, mövcud vəziyyətin monitorinqini keçirmək, araşdırmaq, bunun əsasında müvafiq tövsiyyələr vermək məqsədilə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsini gerçəkləşdirib.

Açar sözlər: inklüziv, turizm, Ağsu, Şamaxı, İsmayıllı

 

 

PROJECT “INCLUSIVE TOURISM PERSPECTIVES OF ARCHAEOLOGICAL MONUMENTS AND SUPPORT OF THE REHABILITATION OF THE DISABLED" IN AZERBAIJAN

 

Dr. Fariz Khalilli 

Gulshan Huseynova 

MIRAS Social Organization in Support of Studying of Cultural Heritage

Approximately 5, 2% of the Azerbaijani people, more than 500, 000 people are disabled. According to the data of World Health Organization 15% of the world population is disabled, i.e. over 650 million invalids live in the world. Creation of normal suitable conditions for the disabled people’s rehabilitation, their social protection, participation in all fields of public life, their normal living is one of the main directions of social policy of the Azerbaijani State. This is verified in our Constitution and also “DEVELOPMENT CONCEPT “AZERBAIJAN - 2020: Outlook for the Future” and other legal and normative documents.

Rather much work is carried out in Azerbaijan in the line of integration of disabled people to the society. Furthermore, the disabled people’s visiting tourism and cultural monuments in an easy way must be provided in order they could consider themselves as a part of the community. How is the situation in this field?  Regretfully, provision of the disabled people with relevant transportation in the centre and outskirts, and construction of special fences for wheels is not satisfactory. Particularly, location of existent cultural places in old buildings causes very serious problems in the disabled people’s acquaintance with our cultural heritage. Historical, cultural, architectural, natural monuments, as well as archaeological sites, museums, theatres, cinemas, exhibition halls in the whole world are very useful in the rehabilitation of the disabled people on the basis of proved scientific evidences and researches. 

The tourism has the role of bringing much revenue as the branch of the non-oil sector in Azerbaijani economy. International events held in Azerbaijan and expansion of Olympic games’ scale lately grow the tourists interest, as well as that of the large companies and the growth of tourists expand year by year.  All of these take place parallel with establishment of new touristic facilities, hotels and resort centers. However, is there any condition for inclusive tourism provided for people with physical disabilities among those tour routes offered by tourism agencies in those complexes? 

In fact the disabled people resided in Azerbaijan and those coming from abroad wait for the inclusive tours, want to travel, to recognize the countries’ culture, history, unique pearls, as well as accelerate rehabilitation procedure, create analogous values and get revenues somehow.

Though this field did not develop in Azerbaijan so far it has great potential. MIRAS Social Organization in Support of Studying of Cultural Heritage has realized the project “Inclusive tourism prospects of archaeological monuments and support to the rehabilitation of the disabled" financed by the Council on State Support to NGOs under the auspices of the President of the Republic of Azerbaijan in order to monitor the current situation by applying this potential, to comply relevant recommendations on this ground.

 Keywords: inclusive, tourism, Agsu, Shamakhi, Ismayilli

 

Giriş. İnklüziv turizm nədir? İnklüziv turizm – (frans. inclusif – bura daxildir, lat. include- bağlayıram, daxil edirəm) – turizmin hamı üçün açıq, turizm mərkəzlərinin infrastrukturunun və turistik nümayiş obyektlərinin hamıya, o cümlədən əlillərə, ahıllara, onların himayədarlarına və ailə üzvlərinə, fiziki imkanları müvəqqəti olaraq məhdudlaşmış insanlara, uşaqlı ailələrə uyğun olmasını nəzərdə tutan inkişaf prosesidir. İnklüziv turizmə tələbat ilbəil artır. 

• Dünya turizm bazarında xarici turistlərin 7-8%-i əlillik dərəcəsinə malikdirlər (Darcy, 2005) 

• ABŞ və Avstraliyada daxili turizmin 11%-ni - əlverişli turizm təşkil edir (Darcy&Dickson, 2008) 

• 2009-cu ildə Avropa mehmanxanalarında qonaqların 11%-ni məhdud imkanlı şəxslər və onların müşayiətçiləri təşkil edib (accessibletourism.org).

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi 2015-ci il aprel-sentyabr aylarında həyata keçirilib. Layihə icraçıları 22-27 iyul 2015-ci il tarixlərində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-ə yaxın obyektdə araşdırmalar apararaq 135 nəfər arasında sorğu aparıb.

İsmayıllı. İsmayıllı rayonunda sorğuda 39 (14 qadın, 25 kişi) nəfər iştirak edib. Müxtəlif yaş qruplarını (17-70 yaş arası) əhatə edən respondentlərimizin arasında müəllimlər, Sosial Müdafiə Mərkəzinin əməkdaşları, həkim, kitabxanaçılar, jurnalist, muzey işçiləri və başqa peşə sahibləri var. Onlardan 21-i İsmayıllı, qalanları Mican, İsmayıllı, Laləzar, Diyallı, Cülyan, Basqal, Aşağı Başkənd kəndlərinin sakinləridir. Sorğuya Heydər Əliyev Mərkəzində, İsmayıllı şəhəri Mədəniyyət Evində, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində, “Çıraqban” ailə-istirahət mərkəzində, Basqal qəsəbəsi çayxanasında, “Kələğayı” ipək mərkəzində, Basqal qəsəbəsi Tarix-Mədəniyyət qoruğunda, “Qızılqaya” ailəvi-istirahət mərkəzində, İsmayıllı rayon Mərkəzi Kitabxanasında, İsmayıllı Turizm-İnformasiya Mərkəzində, Əhalinin Sosial Müdafiəsi Mərkəzində, Ailə və Uşaq Mərkəzində, Diyallı kənd orta məktəbində çalışanlar, fiziki imkanları məhdud insanlar, Qarabağ qaziləri, şəhid ailələrinin üzvləri və başqaları cəlb olunub. 

Sorğular göstərir ki, İsmayıllı zəngin təbiəti, landşaftı, abadlığı və böyük turizm potensialı ilə diqqəti cəlb etsə də, rayon mərkəzindən uzaqlaşdıqca, qəsəbə və kəndlərdə infrastrukturun zəif olması, yol, nəqliyyat, səhiyyə xidmətlərinin, apteklərin, zəruri ehtiyacların ödənilməsi üçün lazımi şəraitin qənaətbəxş olmaması turizmin inkişafına mane olur. Bölgədə ən böyük problemlərdən biri əhalinin respublikada qəbul olunmuş dövlət proqramları haqqında məlumatsızlığı, bütün istiqamətlərdə (sosial, ekoloji, qanunvericilik, səhiyyə, elm və təhsil və s.) maarifləndirmənin aşağı səviyyədə, bəzən isə ümumiyyətlə aparılmamasıdır. Təəssüf ki, bunu cəmiyyətin həssas təbəqələrinə də, dövlət orqanlarına çalışanlara da şamil etmək olar. Bütün bunlar sorğuya cəlb olunan şəxslərin cavablarında aydın görünür.

İsmayıllı sakinlərinin bölgədə mövcud tarixi, arxeoloji, mədəniyyət, təbiət, memarlıq abidələri sırasında yalnız Cavanşir qalası, Qız qalası, Tarix-Diyarşünaslıq Muzeyi, Qədim qəbiristanlıq, Diyallıdakı uçulub-dağılan, ancaq gözəlliyi ilə bizdə ürək ağrısı yaradan Şeyx Məcid Əfəndi Məscidi, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu, Fit dağı, Xocalı faciəsinin qurbanlarına ucaldılan “Ana” abidəsi, Şəhidlər xiyabanı, Heydər Əliyev Mərkəzi, Naməlum əsgər abidəsini göstərməsi də insanların yaşadığı bölgə barədə məlumatsızlığından xəbər verir.

Yollarda, müxtəlif təyinatlı bina və qurğularda əlil arabası, uşaq arabası ilə hərəkət üçün müvafiq pandusların, keçidlərin, lift və qaldırıcı qurğuların olmaması fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasına mane olur, onların bərabərhüquqlu vətəndaş kimi təhsil almasına, idmanla məşğul olmasına, turizmdən yararlanmaq, istirahət və əyləncə hüquqlarından tam istifadəsinə imkan vermir. Lakin sorğuların nəticələrinə əsasən demək olar ki, İsmayıllı rayonunda fiziki imkanları məhdud insanların sosial müdafə məsələləri digər bölgələrə nisbətən daha qənaətbəxşdir. Belə ki, xüsusi ayrılmış sosial işçilərin - baxıcıların onlara qulluq etməsi təqdirəlayiq haldır və digər bölgələrdə də yayılması vacib olan təcrübədir. Lakin sosial işi həyata keçirən şəxslərin nəqliyyat xərci problemi nəzərə alınmalıdır. Ünsiyyətin, mədəniyyət və incəsənətin, təbiət qoynuna səyahətin ən gözəl sosial reabilitasiya olduğunu hamı bilir. Lakin araşdırma apardığımız bölgələrin heç birində buna şəraitin olmaması, məhdud fiziki imkanlı şəxslərin mədəni-maarif ocaqlarından, idman meydançalarından, istirahət-əyləncə və turizm obyektlərindən uzaq düşməsinə səbəb olur.

İsmayıllı, Şamaxı rayonlarının inzibati ərazilərinin bir hissəsi Şahdağ Milli Parkının ərazisinə daxil olduğu halda, respondentlərin heç biri Milli Parkın adını çəkməyib. Bu isə, Milli Parkın və bölgədə fəaliyyət göstərən ekoloji təşkilatların ekoturizmi inkişaf etdirməməsindən, ekoloji maarifləndirmə işinin zəifliyindən irəli gəlir. Məhz bu səbəbdəndir ki, bölgədə tullantıların idarə olunması, içməli su ilə bağlı problemlər yaşanır, burada yaşayan fiziki imkanları məhdud insanlar arasında oftalmoloji, onkoloji, qan-damar, dayaq-hərəkət orqanları xəstəlikləri üzündən əlillik alan insanların sayı üstünlük təşkil edir. Ekoloji, genetik, sosial, tibbi amillər nəzərə alınmaqla səbəb-nəticə təhlilinin aparılmasına ciddi ehtiyac var və bu təhlil respublikanın digər bölgələrində də aparılarsa, statistik məlumatların səhihliyi müntəzəm yoxlanılarsa, xəstəliklərin dəqiq coğrafi xəritələşdirilməsi aparılarsa, onların aradan qaldırılması da asanlaşar. 

Sorğuya cəlb olunanların böyük əksəriyyəti “inklüziv turizm” anlayışını ilk dəfə eşitdiklərini bildirdilər. Bu gün dünyada 650 milyon real inklüziv turizm istifadəçisi var və onların gözəllikləri, ənənələri, zəngin tarixi, mədəni irsi ilə seçilən Azərbaycana gəlişi qeyri-neft sektorunun inkişafı sahəsində səylərin artırılmasına yönəlmiş çağırışların əhəmiyyətli icrası deməkdir. Bunun üçün isə öz evimizin içindən, 535 min nəfər həmvətənimizin nörmal həyat şəraitinin təmin olunmasından, infrastrukturun yaradılması və inkişafından başlamaq lazımdır.

Şamaxı. Şamaxı rayonunda ümumilikdə sorğuda 60 (21 qadın, 39 kişi) nəfər iştirak edib. Burada da suallarımızı müxtəlif yaşlı insanlar (17-70) cavablayıb. Ən müxtəlif peşə və vəzifə sahibləri olan respondentlərimiz Şamaxı və ətraf kəndlərin – Nağaraxana, Çuxuryurd və Çaylının sakinləridir. Sorğuya cəlb olunanlar Əfzələddin Xaqani adına Şamaxı rayon Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Mirzə Ələkbər Sabirin ev muzeyi, Seyid Əzim Şirvani adına Tarix-Diyarşünaslıq Muzeyi, Pirqulu Fortuna İstirahət Mərkəzi, Şamaxı rayon Mərkəzi Kitabxana Sistemi, Şamaxı Turizm-İnformasiya Mərkəzi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, qapalı tipli Psixonevroloji Xəstəxanada işləyənlər və oranın sakinləri, poliklinikada, Şamaxı Cümə Məscidində çalışanlar, fiziki imkanları məhdud insanlar, Qarabağ qaziləri, şəhid ailələrinin üzvləri və əhalinin digər nümayəndələri olub. 21 nəfərin inklüziv turizm haqqında məlumatlı olduğunu, 30 nəfər isə, olmadığını deyib.

Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, Şamaxı rayonu Mədəniyyət və Turizm şöbəsinin qapalı tipli Psixonevroloji Xəstəxanada sığınacaq tapmış fiziki imkanları məhdud şəxslərin, ahılların asudə vaxtının təşkili istiqamətində gördüyü işlər həqiqətən də təqdirəlayiqdir və Respublikanın digər bölgələrində təbliğ olunmalı fəaliyyətdir.

Şamaxı sakinlərinin bölgədə mövcud tarixi, arxeoloji, mədəniyyət, təbiət, memarlıq abidələri sırasında M.Ə.Sabirin ev muzeyi, Yeddi Gümbəz Türbələr Kompleksi, Cümə məscidi, Gülüstan qalası, Buğurd qalası və ya Qəleyi-Bəyğurd, İmamzadə məscidi, Pirdirəyi dağı, 31 Mart Soyqırım Abidəsi, S.Ə.Şirvani adına Tarix-Diyarşünaslıq muzeyi, Şamaxı Astrofizika Rəsədxanası, Şah Xəndan qəbiristanlığı, Qala dərəsi, Qoşabulağı, Qalabazar Hamamı, Qız qalası, Diri Baba Türbəsi, Pir Mərdəkan, Kələxana Türbələrinin adlarını çəksələr də, sözügedən yerlərdə fiziki imkanları məhdud insanların istifadəsi üçün müvafiq strukturun olmadığını qeyd ediblər. Şamaxı Rəsədxanasında çalışanlar isə teleskopların gələn turistlərə çox maraqlı olduğunu, lakin Rəsədxananın yaxınlığında inşa olunmuş Hotelin istifadəyə verilməsindən sonra güclü əksolunma ilə bağlı müəssisənin fəaliyyətinə, eyni zamanda hoteldə dincələnlərə narahatlıq törədəcəyini də qeyd ediblər.

Şamaxıda da müşahidələrimiz və apardığımız sorğular göstərdi ki, yollarda, müxtəlif təyinatlı bina və qurğularda əlil arabası, uşaq arabası ilə hərəkət üçün müvafiq pandusların, keçidlərin, lift və qaldırıcı qurğuların olmaması fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasına mane olur, onların bərabərhüquqlu vətəndaş kimi təhsil almaq, idmanla məşğul olmaq, turizmdən yararlanmaq, istirahət və əyləncə hüquqlarından tam istifadə etməyə imkan vermir. Ümumiyyətlə, araşdırma apardığımız rayonların hər üçündə inklüziv turizmlə bağlı problemlər bir-birinə bənzəyir. Bu bölgələr içində yalnız Şamaxı Palace Hotel-də fiziki imkanları məhdud insanların qalması, istirahət və əyləncəsi, idmanla, üzgüçülüklə məşğul olması üçün tam şərait yaradılıb və bütün xidmətlər beynəlxalq standartlara uyğundur. 

Şamaxı rayonunda da fiziki imkanları məhdud şəxslərin işlə təminatında ciddi problemlər mövcuddur. Yalnız Şamaxı Astrofizika Rəsədxanasında 1 nəfər fiziki imkanı məhdud şəxs işlə təmin olunub. Yenə də həssas təbəqənin təhsilə cəlb olunması, peşə-sənət almaq problemləri gündəmdə qalır.

Fiziki imkanları məhdud insanlara qarşı münasibətin dəyişdirilməsi, tək yaşayan ahıllara, tənha analara, şəhid ailələrinə qayğının artırılması, gənclərin bu işə fəal cəlb olunması istiqamətində təhsil ocaqlarında, dövlət və özəl qurumlarda müvafiq maarifləndirmə işlərinin aparılması vacibdir. Bunu sorğuların nəticələri, səslənmiş arzu və təkliflər, qaldırılan problemlər aydın göstərir. Sorğuda iştirak edənlər turizm sektorunda qiymət məsələsinə yenidən baxılması, nəqliyyat sektorunda qiymətlərin endirilməsi, təqaüdlərin, sosial yardımların artırılması, tibbi xidmətin yaxşılaşdırılması, müalicə və reabilitasiyaya göndərişlərinin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, evlərin təmirinə kömək, səyahət arzularını xüsusilə qeyd ediblər. Fiziki imkanları məhdud insanların istəklərini nəzərə alaraq Şamaxı Mərkəzi Kitabxana Sistemi səyyar kitabxana xidməti göstərməsini tövsiyə edə bilərik. Fiziki imkanları məhdud insanlar müxtəlif emalatxanaların və kursların açılmasını (xüsusən bərbərlik, dülgərlik və s.), burada işləməklə yanaşı, bilik və bacarıqlarını gənclərə öyrədə biləcəklərini vurğulayıblar. Daha çox Pirqulu, Qəbələ, Naxçıvan, Quba rayonlarına, eləcə də Türkiyə, Almaniya, Fransa və Rusiyaya səyahət etmək arzularını bildiriblər. Şamaxı rayonunda turizm sahəsində çalışanlar arasında sorğu zamanı Seyid Əzim Şirvani adına Tarix-Diyarşünaslıq Muzeyi, Fortuna İstirahət Mərkəzində fiziki imkanları məhdud insanlara xidmət göstərilmədiyi aydın olub. Ə.Xaqani adına Mədəniyyət Mərkəzində göstərilən konsert və tamaşalarda əlillər iştirak edirlər. Lakin onlar üçün xüsusu imkanlar yaradılmayıb. Şamaxı rayon MKS-də il ərzində ümumilikdə 18 nəfər fiziki imkanları məhdud insanın onların xidmətlərindən istifadə etdiyini bildiriblər. 

Şamaxı rayonunda arxeoloji abidənin yerləşdiyi infrastrukturda çalışanlar obyektlərdə fiziki imkanları məhdud insanlar üçün turizm marşrutları, nəqliyyat vasitələri, ekskursiya mətni və ekspozisiya imkanlarının olmadığını bildiriblər.

Ağsu. Ağsu rayonunda ümumilikdə sorğuda 34 (12 qadın, 22 kişi) nəfər iştirak edib. Yaş həddləri o biri rayonlarla eynidir. Mədəni-maarif işçisi, mühəndis, iqtisadçı, mühafizəçi, müəllim, tibb bacısı, məsləhətçi-reabilitoloq, filoloq, kitabxanaçı, özfəaliyyət teatr kollektivi rejissoru, muzey direktoru, memar və başqa sənət sahibləri olan respondentlərimizdən 12 nəfər inklüziv turizm haqqında məlumatlı olduğunu, 17 nəfər ilk dəfə eşitdiyini deyib. 2 nəfər isə suala cavab verməyib. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sorğuda iştirak edən nümayəndələrinin göstərdikləri rəqəmlərə görə Ağsu rayonunda fiziki imkanları məhdud insanların ümumi sayı 6064 nəfərdir. 

Sorğuda iştirak edənlər Ağsu sakinlərinin bölgədə mövcud tarixi, arxeoloji, mədəniyyət, təbiət, memarlıq abidələri sırasında Şeyx Dursun Türbəsi, Bilal Əfəndi Məscidi, Ağ Gümbəz Türbəsi, Pir Bəxtiyar Türbəsi, Şeyx Əmir Əhməd Türbəsi, “Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksi, Mehrəvan qalası, Seyidağa Pirini göstəriblər.

Araşdırmalar apardığımız bölgələr arasında Ağsu yeganə rayondur ki, burada fiziki imkanları məhdud insanlar “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin ətrafında birləşiblər. Cəmiyyətə inteqrasiya olunmaq məqsədilə burada təşkil olunan kurslarda təhsil almaqla sənət əldə edirlər. Bölgədə veteranların, ahılların toplaşdığı, ünsiyyət qurub birlikdə çay içdikləri bir yer Veteranlar klubu da var. Lakin qeyd edilənlərlə yanaşı, bu bölgədə də uyğun infrastrukturun olmaması nəticəsində turizmin inkişafı qənaətbəxş səviyyədə deyil. Rayon ərazisində heç mehmanxana da yoxdur. Bölgənin orta əsrlər tariximizin araşdırılmasında əhəmiyyətini, arxeoloji turizmin inkişafı üçün potensialın olduğunu nəzərə alsaq, müşahidə etdiyimiz problemlərin bir çoxunu - içməli su, qaz problemi, fiziki imkanları məhdud insanlar üçün infrastrukturun olmaması, yollarda, səkilərdə əlil arabası üçün cığırların açılması və s. yerli səviyyədə belə həll etmək mümkündür. 

Ağsu rayonun Mərkəzi Kitabxana Sistemində audiokitab fondunun yaradılması, uşaqlar, yeniyetmələr, gənclər və ahıllar arasında ünsiyyət körpülərinin qurulması, şəhid ailələrinə, Qarabağ qazilərinə, Çernobılda sağlamlığını itirmiş şəxslərə diqqətin artırılması, bu sahədə dövlət qurumlarının vətəndaş cəmiyyəti ilə əlaqələrinin genişləndirilməsi həm maarifləndirmə işinin sürətləndirilməsinə, həm də böyüməkdə olan nəslə dinimizdən, milli adət-ənənələrimizdən gələn paylaşmaq, dinləmək, məsləhətləşmək və yerinə yetirmək kimi keyfiyyətlərin aşılanmasında, xüsusən bunların fiziki imkanları məhdud insanlara münasibətdə özünü doğrultmasında kömək edər. 

Ağsu rayonunda Əhalinin Sosial Müdafiəsi Mərkəzindən verilən məlumata görə son 5 ildə 24 ədəd “OKA” markalı maşın alınıb müharibə əlillərinə, 1 ədədi Çernobıl əlilinə verilib. Son 5 ildə 44 ədəd əlil arabası alınıb və lazım olan şəxslərə paylanılıb. Son bir ildə 100 nəfər əlillə istirahət və müalicə üçün sanatoriya-kurort göndərişləri verilib. Sorğunun nəticələrinə görə, Ağsu rayon Mədəniyyət Mərəzində və Mərkəzləşmiş Kitabxana Sistemində, eləcə də Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində də əlillər üçün şərait yoxdur. Qeyd edək ki, təqdim olunan layihə çərçivəsində məhz həmin kompleksin inklüziv turizm perspektivlərinə həsr olunmuş planı pilot layihə kimi hazırlanıb. Başqa yerlərdə olduğu kimi, xəstəxanada da fiziki imkanları məhdud insanların hərəkəti üçün xüsusi qaldırıcı liftlər, panduslar yoxdur. Lakin əlillərə evdə ambulator tibbi xidmət göstərmək imkanı təqdim olunur. Həkimlər həmçinin bütün qrupdan olan əlillərə Naftalan və Şağan sanatoriyalarına istənilən vaxt göndərişlər vermək imkanının olduğunu bildiriblər.

Fiziki imkanları məhdud insanların əlillik dərəcəsini müəyyənləşdirən xüsusi komissiyanın Ağsu rayon Xəstəxanasının 1-ci mərtəbəsində yerləşməsi müsbət haldır. Bölgədə fiziki imkanları məhdud olan insanlar sosial və tibbi reabilitasiyaı üçün respublika əlillərin tibbi bərpa mərkəzinə göndərilir.

Sorğular və müşahidələr nəticəsində aşkarlanan problemlər.

- Rayonlarda fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək məqsədilə səkilərdə, inzibati binalarda, səhiyyə müəssisələrində, mədəni-maarif ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, parklarda, ticarət və s. obyektlərdə pandusların, xüsusi liftlərin və qaldırıcı qurğuların olmaması; 

- İsmayıllı rayonu Diyallı və Basqal kəndlərində tibb məntəqələri, apteklərin olmaması;

- İsmayıllının Diyallı kəndində Şeyx Məcid Əfəndi Məscidinin acınacaqlı vəziyyəti;

- Fiziki imkanı məhdud insanların tibbi reabilitasiya məqsədilə Bakıya göndərilməsi ağrılı, məsrəf tələb edən prosesdir və əksəriyyətin maddi durumu bu xidmətdən istifadə etməyə imkan vermir;

- Səhiyyə müəssisələrində olan çatışmazlıqlar;

- Fiziki imkanları məhdud insanlara, Qarabağ döyüşlərində sağlamlığını itirənlərə , şəhid ailələrinə diqqətin azlığı;

- Bəzi fiziki imkanları məhdud insanların evində başlanan təmirin yarımçıq qoyulması;

- Fiziki imkanları məhdud insanların, tək anaların, aztəminatlı ailələrin mənzil şəraitinin ağır olması;

- Fiziki imkanları məhdud insanlara sosial, tibbi yardımların qənaətbəxş olmaması;

- Kəndlərdə yaşayan əlillərin problemlərinin diqqətdən kənarda qalması;

- Zəngin mədəni irsə, tarixi, arxeoloji, mədəniyyət, təbiət abidələrinə malik bölgələrin sakinlərinin əksəriyyətinin bu haqda məlumatsızlığı və ya zəif bilgilərə malik olması;

- Mədəni-maarif ocaqlarında fiziki imkanları məhdud insanların hərəkəti üçün müvafiq şəraitin olmaması üzündən əlillərin onları ziyarət edə bilməməsi;

- Fiziki imkanları məhdud insanların əksəriyyətinin orta təhsilli olması, onların təhsilə cəlb olunmasında ciddi problemlərin olması;

- Fiziki imkanları məhdud insanlar arasında oftalmoloji, onkoloji, qan-damar, dayaq-hərəkət, astma xəstəlikləri nəticəsində sağlamlığını itirənlərin sayının daha çox olması;

- İstirahət ocaqlarında qiymətlərin bahalığı və inklüziv turizm imkanlarının olmaması;

- Bölgələrdə turizm infrastrukturunun zəif inkişafı;

- Əhali arasında fiziki imkanları məhdud insanlarla davranışla bağlı ciddi maarifləndirməyə ehtiyacın olması;

- Fiziki imkanları məhdud insanların işlə təminatı;

- Mehmanxana, restoran, kafe və s. obyektlərdə xidmət səviyyəsinin aşağı olması;

- Kitabxanalarda, görmə imkanları məhdud insanlar üçün səsli kitabların olmaması;

- Şamaxı qapalı tipli Psixonevroloji Xəstəxanada həkim və tibbi personalının çatışmazlığı.

Təkliflər:

- Təhsil müəssisələrində, sosial obyektlərdə, dövlət qurumlarında, xidmət sahəsində çalışanlar arasında fiziki imkanları məhdud insanlarla etik-davranış qaydalarının aşılanması, müvafiq təlimlərin təşkili; 

- Müxtəlif təyinatlı bina və qurğuların inşası, rekonstruksiyası zamanı fiziki imkanı məhdud insanların istifadəsi üçün zəruri şəraitin yaradılması;

- Sözügedən binaların layihələrinin işlənməsi və təsdiqi prosesində sosial müdafiə işçilərinin rəy və təkliflərinin öyrənilməsi və nəzərə alınması;

- Lifti olmayan səhiyyə müəssisələrində fiziki imkanları məhdud insanları, ürək, qan-damar və ağciyər xəstəliklərindən əziyyət çəkənləri nəzərə alaraq, xüsusi kabinələrin 1-ci mərtəbədə yerləşdirilməsi;

- Fiziki imkanları məhdud insanlar arasında oftalmoloji, onkoloji, qan-damar, dayaq-hərəkət, astma xəstəlikləri nəticəsində sağlamlığını itirənlərin sayının daha çox olması təşviş doğuran faktdır, onların yaranma və yayılma səbəblərinin araşdırılması, səbəb-nəticə təhlili zamanı genetik, ekoloji və sosial amillərin nəzərə alınması və bununla bağlı bölgədə landşaft dizaynı, yaşıllaşdırma tədbirləri zamanı ağacların seçiminə, xüsusən fitonsidlərlə zəngin endemik iynəyarpaqlı ağacların əkilməsinə üstünlük verilməsi;

- Əhalinin Sosial Müdafiə Mərkəzində çalışan və əlillərə xidmət göstərən baxıcıların nəqliyyat xərclərinin ödənilməsi;

- Gənclərə fiziki imkanları məhdud insanlarla ünsiyyətin qarşılıqlı faydalılığı və milli ənənələrimizdən irəli gəlməsinin aşılanması, onların bu işə cəlb olunması;

- Məktəblərdə II Dünya Müharibəsi veteranlarının və Qarabağ qazilərinin iştirakı ilə “Hünər dərs”lərinin təşkili;

- Fiziki imkanları məhdud insanların təhsillərini davam etdirmək, peşə-sənət əldə etmələri üçün şəraitin yaradılması, bu sahədə fəaliyyətə müxtəlif ixtisaslı fiziki imkanları məhdud sənətkarın da cəlb olunması;

- Rayonda əlillərin toplanması üçün yer ayrılması, bəzi idman növlərində yarışların keçirilməsi;

- Əlillərin küçələrdə, müxtəlif təyinatlı bina və qurğularda sərbəst hərəkətinin təmin olunması üçün tədbirlərin görülməsi;

- Fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası ilə bağlı qəbul edilmiş Dövlət Proqramlarının bölgələrdə icrasının təmin olunması;

- Sosial yardımların, təqaüdlərin artırılması;

- Dövlət və özəl strukturlarda fiziki imkanları məhdud insanların işlə təminatı ilə bağlı qanunvericiliyin tələblərinin təmin olunması;

- Bölgədə turizm şirkətlərinin açılması və müvafiq infrastrukturun genişləndirilərək turizmin müxtəlif növləri üzrə səyahətə çıxan turistlərin tələbatına uyğunlaşdırılması;

- Fiziki imkanları məhdud insanların səyahət imkanlarını təmin edən infrastrukutun yaradılması və xüsusi tur marşrutların təşkili;

- Gözəl təbiətə malik Diyallı kəndində sosial və turizm infrastrukturunun, fiziki imkanları məhdud insanlara səhiyyə xidmətləri göstərən obyektlərin açılması;

- Naftalana və digər kurort-sanatorya ocaqlarına müalicəyə göndərişlərin verilməsinin nizamlanması;

- Tibbi ekspertiza zamanı şəffaflığın təmin olunması;

- Özünəməxsus çeşniləri ilə tanınan İsmayıllı rayonunda xalçaçılıq sənətinin inkişaf etdirilməsi və bu sahədə təcrübəsi olan peşəkarların tədris işinə cəlb edilməsi;

- Ehtiyac yarananda əlillərin xaricdə müalicənin təşkili;

- Fiziki imkanları məhdud insanlar üçün fizioterapiya prosedurları imkanlarının yaradılması;

- Şəhid ailələrinə maddi və mənəvi dəstəyin, diqqətin artırılması;

- Əlil uşaqların reabilitasiyası, həyata, cəmiyyətə inteqrasiyası istiqamətində əməli tədbirlərin görülməsi;

- Əlillərin mədəniyyət ocaqları və digər sahələrlə daha rahat istifadə etməsinə şəraitin yaradılması; 

- Əlillərin müalicəsi və istirahəti üçün qəsəbələrdə düşərgə yaxud istirahət mərkəzlərinin tikilməsi; 

- Müəyyən olunmuş təşkilatların maliyyə dəstəyi ilə əlillərə turların təşkili istiqamətində müəyyən köməkliyin göstərilməsi; 

- Yerlərdə görüşlərin keçirilməsi, mətbuatda, radioda, televiziyada bu barədə verilişlərin aparılması;

- İçməli suyun keyfiyyətinə, ekoloji və bakterioloji norma və standartlara cavab verməsi;

- Bərk məişət tullantılarının çeşidlənməsi və xüsusi poliqonlara yerləşdirildiyi zaman sanitar-qoruyucu zolaqların dəqiq müəyyənləşdirilməsi, su hövzələrindən, xüsusilə içməli su hövzələrindən uzaqda yerləşdirməklə, infiltrasiyanın, yəni tullantı qalıqlarının atmosfer çoküntülərinin təsiri nəticəsində torpağa hoparaq, yeraltı və yerüstü suların çirklənməsinin, infeksiyaların yayılmasının qarşısının alınması;

- Kitabxanalarda görmə problemləri olan insanlar üçün səsli kitab fondunun yaradılması;

- Muzeylərdə muzey əşyalarının, eksponatların etiketajını tərtib edərkən, ekskursiya mətnləri hazırlayarkən bütün kateqoriyalardan olan fiziki imkanlalrı məhdud insanların nəzərə alınması, etiketlərin yerləşdirilməsinə, kağızın rənginə, şriftin ölçüsünə diqqət yetirilməsi, audiobələdçi və surdobələdçi xidmətlərinin tətbiqi.

Nəticə. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində 22-27 iyul 2015-ci il tarixlərində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-ə yaxın obyektdə araşdırmalar apararaq 135 nəfərin arasında sorğu keçirib.

Layihənin ilk mərhələsi sözügedən bölgələr haqqında məlumatın toplanması, ikinci mərhələ bölgələrdə icra hakimiyyəti, əmək və əhalinin sosial müdafiə mərkəzləri, xəstəxana, poliklinika, mədəniyyət və turizm obyektləri, qeyri-hökumət təşkilatları, ictimai birlik və cəmiyyətlər, fiziki imkanları məhdud insanlar və ümumi əhali arasında sorğulardan ibarət idi. 

Sorğular zamanı bölgələrin əksəriyyətində fiziki imkanları məhdud insanların mədəni-maarif ocaqlarından, turizm obyektlərindən istifadəsində əsas maneə kimi məhz xüsusi nəqliyyatın, pandusların, yolların, səkiyə qalxmaq və düşmək üçün cığırların, lift və qaldırıcı qurğuların olmaması, maddi imkanların azlığı, fiziki imkanı məhdud insanları müşayiət edəcək bələdçilərin yoxluğu qeyd edilib. 

Azərbaycanda son zamanlar fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası istiqamətində qəbul olunan dövlət proqramlarında bu məqamlar nəzərə alınsa da, sözügedən obyektlərin inşası zamanı sosial müdafiə sahəsində çalışanların, həkim-reabilitoloqların rəylərinin öyrənilməməsi, nəticədə həssas təbəqənin özünə qapanmasına gətirib çıxarır. İlkin nəticələr yalnız Şamaxı Palace Hoteldə fiziki imkanları məhdud insanların rahat hərəkəti və istirahəti üçün tam şəraitin, xüsusi nömrələrin, liftlərin olduğunu göstərib. 

Araşdırma zamanı həmçinin fiziki imkanları məhdud insanlar üçün tikilmiş evlərin də əksəriyyətində ciddi qüsurlar olduğu, kommunal şəraitin tələblərə cavab vermədiyi, onların birlikdə toplaşması, mütaliə və müzakirələr keçirmələri üçün məkanlarının olmadığı aydınlaşıb.

İsmayıllı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində fiziki imkanları məhdud insanlara xüsusi baxıcıların təyin olunması, səhhətində problem olan uşaqlarla çalışan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti, Şamaxı rayonunda qapalı tipli Psixonevroloji Xəstəxananın sakinlərinin isə müntəzəm ekskursiyalara aparılması, rayonun Mədəniyyət və Turizm şöbəsinin onlara konsert proqramları təşkil etməsi, Ağsuda “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin cəmiyyətə inteqrasiya istiqamətində fəaliyyəti və “Veteranlar” klubu çox təqdirəlayiq hallardır. Bu təcrübənin öyrənilməsi, KİV-də yayımlanaraq digər bölgələrdə tətbiqi müsbət hal ola bilər. 

Şamaxı və Ağsu rayonlarında həkim-ekspertlərlə, tibb işçiləri ilə söhbətlərimizdə əsas problem kimi bu kateqoriyadan olan insanlara səyyar xidmətin olmaması, onların müalicə və reabilitasiya üçün yalnız Bakıya getmələri, bunun isə istər maddi, istərsə də sağlamlıq baxımından ağrılı məqam olması qeyd edilib.

Görüşdüyümüz fiziki imkanı məhdud insanların bir qismi işləmək istədiklərini, xüsusən xalçaçı xanımlar böyük həvəslə sənətlərini maraqlananlara öyrətmək həvəsini bildirdilər. Araşdırma zamanı rəyi soruşulanlar mənəvi təzyiqin psixoloji kompleksə çevrildiyini söylədilər. Bu ağrıdıcı fakt gələcəkdə tək fiziki imkanları məhdud insanlar deyil, əhali arasında da ciddi maariflənməyə ehtiyac olduğuna bariz nümunədir. Bu işə isə kompleks yanaşılmalı, sosial müdafiə, səhiyyə və təhsil sahəsində çalışanlarla yanaşı, vətəndaş cəmiyyəti kimi QHT-lər də geniş iş aparmalıdırlar. 

Araşdırmalar zamanı bölgələrdə tarixi, mədəniyyət və memarlıq abidələrinə baxış keçirildi, fotolar çəkildi. Hər obyekt inklüziv turistik, tarixi, memarlıq, ekoloji və tibbi baxımdan öyrənildi. 

Azərbaycanda yeni sahə olan inklüziv turizm haqqında məlumatsızlıq, bu sahədə ciddi maarifləndirməyə ehtiyac olduğunu göstərdi. Bütün bu məqamlar layihənin üçüncü mərhələsində, sözügedən bölgələrdə inklüziv turizm perspektivlərinə dair seminarlar zamanı da nəzərə alındı. Layihə müvafiq tövsiyələr kitabının, inklüziv tur marşrutların hazırlanması, pilot layihə kimi Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin inklüziv turizm maketinin təqdimatı ilə yekunlaşıb. 

Foto 1 - Layihənin elan forması

Foto 2 – Şamaxıda araşdırma zamanı

Foto 3 – Şamaxıda sorğular aparılarkən

Foto 4 – İsmayıllı rayonu icra hakimiyyətində görüş

Foto 5 – İsmayıllı rayonu Diyallı kəndində məscid qarşısında

Foto 6 – İsmayıllı rayonu Basqal qəsəbəsində çayxanada sakinlərlə görüş

Foto 7 – Orta əsr Ağsu şəhərində Arxeologiya festivalı zamanı

Foto 8 – Mehrəvan qalasında könüllülərlə iş 

Foto 9 – Şamaxıda təlim zamanı

Foto 10 – Şamaxıda Sosial müdafiə müəssisəində

Foto 11 – İsmayıllı rayonu Diyallı kəndində təlim iştirakçıları 

Foto 12 – İsmayıllı rayonu Basqal qəsəbəsində təlim iştirakçıları 

Foto 13 – İsmayıllı şəhərində təlim

Foto 14 – Ağsu şəhərində təlim

Foto 15 – Ağsu şəhərində təlimdən sonra

Foto 16 – İsmayıllı Ailə və Uşaq Mərkəzinin üzvləri Ağsuda qazıntı sahəsində 

Foto 17 – Bakıda layihənin tövsiyələr kitabının təqdimatı

 
 
Mənbə: IX Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi Simpoziumunun Materialları. Sentyabr 2015 Verona-İtaliya. 
Oxunub: 1377