ORTA ƏSR AĞSU ŞƏHƏRİ VƏ ƏTRAFINDA TÜRK İSLAM ABİDƏLƏRİ
20-11-2015
ORTA ƏSR AĞSU ŞƏHƏRİ VƏ ƏTRAFINDA TÜRK İSLAM ABİDƏLƏRİ
(MƏSCİD, TÜRBƏ VƏ QƏBİRLƏR)
Prof.Dr. Qafar Cəbiyev
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Dr. Fariz Xəlilli
MİRAS İctimai Birliyi
XÜLASƏ
Orta əsr Ağsu şəhəri və Orta əsr Şıxməzid qəsəbəsində 2010-2013-cü illərdə aparılan arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş məscid, türbə və qəbirlər öz önəminə görə dövrün dini və xatirə abidələri içərisində fərqlənir. Məqalədə əsasən Orta əsr Ağsu şəhərinin Cümə məscidi və ətrafı, Şıxməzid türbəsi və Şıxməzid məscidinə məxsus tikililər tarixi-arxeoloji baxımdan təhlil edilir.
Açar sözlər: Ağsu, arxeoloji, Şıxməzid, məscid, türbə
TURKIC-ISLAMIC MONUMENTS IN MEDIEVAL AGSU TOWN AND NEIGHBOURHOOD (MOSQUE, TOMB AND GRAVES)
ABSTRACT
Mosques, tombs and graves revealed during archaeological explorations conducted in 2010-2013 years in medieval Agsu town and Medieval Shikhmazid settlement are particular amongst religious and memorial monuments of their age for their significance. Juma Mosque and neighbourhood areas of Medieval Agsu Town, Shikhmazid Tomb, edifices of the latter are analysed from historical and archaeological aspect in the article.
Keywords: Agsu, archaeological, Shikhmazid, mosque, tomb
Giriş. Orta əsr Ağsu şəhəri XVIII əsrdə əhalisinin sayına və ərazisinə görə Azərbaycanın ən böyük şəhəri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə ən əhəmiyyətli iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər - Şirvan xanları bu qalada otururdular. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında yazmışlar. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdi.
2010-2013-cü illərdə MİRAS İctimai Birliyinin təşəbbüsü və ağsulu ziyalıların yaxından dəstəyi ilə “Orta əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksi layihəsi həyata keçirilmişdir. Məqsəd Azərbaycanın turizm marşurutlarından kənarda qalmış Ağsu rayonunun tarixi abidələrini tədqiq etmək və nümayişə hazır vəziyyətə gətirməklə turistlərin diqqətini bu bölgəyə çəkmək idi.
Ağsu arxeoloji ekspedisiyası 2012-1013-cü illərdə fasilələrlə Orta əsr Şıxməzid qəsəbəsində də arxeoloji tədqiqatlar aparmış, XIV-XVII əsrlərə aid türbə, onun ətrafında qəbirlərinin əksəriyyətinin üzəri səhənglərlə örtülmüş məzarlıq və məscidə məxsus tikililər aşkar etmişdir.
Ağsu toponimi. Ağsu rayonunun Ülgüc kəndi yaxınlığında yerləşən orta əsr Ağsu şəhərinin adı XVI-XVII əsrdən tarixə bəllidir. 1735-ci ildə Nadirqulu xan (1736-cı ildən sonra Nadir şah) zəlzələ və ara müharibələrindən zərər çəkmiş və yararsız hala düşmüş Şamaxı şəhərinin əhalisini Ağsuya köçürüb, ciddi plan əsasında şəhəri yenidən tikdirib. Azərbaycanın tarixi-coğrafiyasını yazan Zəki Vəlidi Toğan bu haqda bildirir: “Nadir şah 1735-ci ilin martında Şamaxını tutduqdan sonra Şirvanın hökumət mərkəzini [şəhərin] 30 km cənubi-qərbində əvvəllər mövcud olan Ağsu qəsəbəsinə keçirib Şamaxının əhalisini də oraya köçürür. 1767-ci ildə hökumət mərkəzi az vaxt müddətinə Ağsudan Şamaxıya qaytarılsa da, həmin ildə yenidən Ağsuya gətirilmiş və 1795-ci ilədək burada qalmışdır” (Vəlidi Ə.Z. 2009).
Həmin dövrdə və sonralar yaşamış yerli müəlliflər - Haşimi Şirvani, Zülali Şirvani, Ağa Məsih Şirvani, Şakir Şirvani, Hacı Zeynalabdin Şirvani, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani və başqaları öz əsərlərində bir qayda olaraq bu şəhəri Ağsu adlandırıblar.
Şəhərin rəsmi adı istər Nadir şah, istər Hacı Məhəmmədəli xan, istər Məhəmmədsəid xan, istərsə də Mustafa xan dövründə Ağsu olmuşdur. Xaraba şəhər şəhərin adı deyil, dağıldıqdan sonra bu cür adlanıb. Yeni Şamaxı isə heç bir rəsmi əhəmiyyət daşımır, Şamaxıya nisbətdə deyilib.
Ağsu adı isə şəhərin rəsmi adı olub, tarixi əhəmiyyət daşıyır. Zülali demişkən:
Qürbətdə deyirdin ki, Zülali vətənim var,
Ensin gözünə qarə su, Ağsu vətən oldu…
Ağsu adının oğuzlarla bağlı olması Şərqi Türküstan və Anadoluda olduğu kimi tarixən yaxınlığında Sincan adının çəkilməsi ilə əlaqələndirilir. Həqiqətən XX əsrin əvvəllərinə qədər Ağsu qəsəbəsinin yaxınlığında Sincan obasının yaşaması rəsmi sənədlərdən bəllidir. Hal-hazırda Çinin Sincan-Uyğur Muxtar Respublikasında ən böyük şəhərlərdən biri məhz, Ağsudur.
Beləliklə, Ağsu adı oğuz türkləri ilə bu bölgəyə gətirilmiş, suyunun xüsusən yay aylarında duru olması səbəbi ilə toponim kimi işlədilmişdir.
Ağsunun tarixi-mədəni irsi. Ağsuda müxtəlif dövrlərə aid Nərgizava antik və ilk orta əsr yaşayış yeri və qəbiristanlığı (Gəgəli kəndi), Nüydi antik dövr yaşayış yeri və qəbiristanlığı (Nüydi kəndi), Qırlartəpə antik dövr yaşayış yeri və qəbiristanlığı (Qırlar kəndi), Xanyurdu antik dövr yaşayış yeri (Ərəbuşağı kəndi), Qaraçıbulaq antik dövr yaşayış yeri (Nuran kəndi), Xəzinədağı qalası (Padar kəndi), Şeyx Dursun Türbəsi (1399-cu il, Ağsu şəhəri qəbiristanlığı), Pir Bəxtiyar Türbəsi (XIX əsr, Cavanşir qəbiristanlığı), Ağ Günbəz (1897-ci il, Qaraqoyunlu kəndi), Qırmızı Günbəz (1909-cu il, Qaraqoyunlu kəndi), Bilal Əfəndi məscidi (XIX əsr, Padar kəndi), Şeyx Əmir Əhməd Türbəsi (1722-ci il, Xəlilli kəndi) vardır.
Arxeoloji tədqiqatların üzə çıxardığı Ağsu. Orta əsr Ağsu şəhərində ilk arxeoloji kəşfiyyat işləri 1983-cü ildə Fazil Osmanovun rəhbərliyi ilə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılmışdır. Tədqiqatlar Ağsu şəhərinin birtəbəqəli (XVIII əsr) abidə olduğunu üzə çıxarmış, xanlıqlar dövrünü arxeoloji baxımdan öyrənmək üçün önəmi anlaşılmışdır.
Orta əsr Ağsu şəhərində genişmiqyaslı arxeoloji tədqiqatlara 2010-cu il mart ayından Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu arxeoloji ekspedisiyası başlamış və 2012-ci ilin sonlarına qədər davam etmişdir. 3 illik arxeoloji qazıntılar nəticəsində 1,5 hektar sahə açılmış, Azərbaycan və dünya tarixi üçün maraqlı tapıntılar üzə çıxmışdır.
Sürətlə tikilməsinə baxmayaraq, dövrünün ən mükəmməl şəhər planlaşdırması tətbiq edilmişdir. Qazıntılar zamanı, daş döşənmiş küçə və yollar, su və kanalizasiya xətləri, zibil çeşidləri üçün ayrıca quyular, sənətkarlıq emalatxanaları və s. aşkar edilmişdir.
Topoqrafik plan hazırlandıqda məlum olmuşdur ki, düzbucaqlı şəkildə üzü qiblə istiqamətinə tikilmiş şəhərin şimalı ilə cənubu arasında dəniz səviyyəsindən 10 metr hündürlük fərqi var. Şəhərdə arxeoloji tədqiqatlar aparılanda bu fərqin evlərin və məhəllələrin su ilə təchiz edilməsində mühüm rol oynadığı görünmüşdür.
Şəhərin kommunikasiya şəbəkəsində əsas yerlərdən birini hamamlardan çıxan çirkab su kanalları tutmuşdur. Belə bir xətt IV qazıntı sahəsində aşkar olunmuş və ictimai yeraltı hamamdan şimala - şəhərin qala divarından bayıra çəkildiyi müəyyən edilmişdir. İstər içməli, istərsə də çirkab su xətləri yan divarları çaydaşından tikilməklə, yerinə qum verilmiş və üzərinə iri sal çaydaşları döşənmiş kəhrizlərdən ibarətdir. Su xətləri əksərən irili-xırdalı quyulara və iri anbarlara qoşulmuşdur.
Şəhərin bütün yolları çaydaşı ilə döşənmişdir. Yollar şərq-qərb istiqamətində bir-birinə paralel çəkilmişdir. Bir yerdə şimal-cənub istiqamətində iri küçə qeydə alınmışdır. Küçələrlə yanaşı kiçik və böyük olmaqla çaydaşı ilə döşənmiş meydanlar da üzə çıxmışdır. III qazıntı sahəsində boyaqçı dükanı qarşısında, IV qazıntı sahəsində hamam yaxınlığında, V qazıntı sahəsində Cümə məscidinin yanında meydanlar açılmışdır. Meydanlarda bir zamanlar əkilmiş və indi kökü belə qalmayan ağacların çuxurları da müəyyən edilmişdir.
Şəhərin bütün evlərinin bünövrəsi çaydaşından, divarları çiy kərpicdən tikilmişdir. Evlərin bir küncündə və ortasında kürsülər və ya ocaqlar aşkar edilmişdir. Evlərin döşəməsinin torpaqla möhkəmcə döyüldüyü bəlli olmuşdur. Bütün evlərin damı ağac və qarğıların köməyi ilə bağlanmış, onların da üzərinə qalın torpaq qatı verilmişdir. Torpaq damı ilin müxtəlif fəsillərində daş diyircəklər vasitəsilə döymüşlər. Qazıntılar zamanı həmin diyircəklərdən bir neçəsi üzə çıxmışdır. Evlərin istər iç və çöl divarları, istər döşəməsi, istər damı, istərsə də təndir və ocaqları Şirvanda xüsusi süxurdan alınan və "şirə" adlandırılan məhlulla boyanmışdır. Nisbətən boz rəngə çalan bu boyaq məhlulu evlərə xüsusi gözəllik verməklə yanaşı, onları yağışdan qorumaq üçün təbəqə də yaratmışdır. İçərisi bəzədilmiş evlərdən birinin şimal divarında bu boyaq məhlulu aydın şəkildə izlənmişdir.
Sənətkarlıq dükanları əsasən evlər formasında tikilmiş, bəzən çardaqları da olmuşdur. Belə çardaqlardan biri III qazıntı sahəsində dərmirçi emalatxanasında müəyyən edilmişdir. Həmin emalatxanada xeyli sobalar, ocaqlar və daş dəzgahlar aşkar olunmuşdur. Bu qurğularla yanaşı, qazıntı sahəsində 150 kq-dan çox dəmir çıxarlar toplanmışdır. Bu həmin emalatxananın necə intensiv fəaliyyət göstərdiyini göstərir. Bu iri dəmirçi emalatxanasının yanında kiçik misgər emalatxanası və sümük sexi üzə çıxmışdır. Misgərlərin əşyalarla yanaşı, hətta mis pullar üçün qəlpələr hazırladıqları da müəyyən edilmişdir. Sümük işləyən ustalar isə əsasən iribuynuzlu heyvanların lülə sümüklərini, ceyran və maral buynuzlarını istifadə etmişlər. Sümükdən daraq, bıçaq və xəncər dəstəyi, bəzək əşyaları, düymələr və s. hazırlanmışdır. Ən maraqlı emalatxanalardan biri boyaqçının dükanıdır. Bu tapıntı şəhər əhalisinin verdiyi verginin əsasən boyaqçılıqdan gəldiyini qeyd edən yazılı vergi sənədlərini də təsdiqləyir. Aşkar olunan boyaq küpləri və ətrafına səpələnmiş boyaq tozları analiz üçün Mərmərə Universitetinin professoru Rəcəb Qaradağa göndərilmişdir. Analiz nəticəsində bəlli olmuşdur ki, həmin boyaq təbii bitki mənşəli olub, boyaqotudur (latın dilində Rubia Tinctorium L.) Boyaqotu istehsalı və ixracı XVIII əsrin əsas hadisələrindəndir, bəzən həmin əsri bu səbəbdən Boyaqotu əsri də adlandırırlar.
Ağsunun Cümə məscidi. Şəhərin evləri və dükanları ilə yanaşı çox maraqlı memarlıq həlli olan iri ictimai binaları da üzə çıxmışdır. Onlardan yeraltı hamam, Cümə məscidi və buzxananı xüsusilə qeyd edə bilərik.
V qazıntı sahəsində aşkar olunan və şərti olaraq şəhərin Cümə məscidi adlandırılan nisbətən iri ölçülü binanın ümumi sahəsi 576 kvadratmetr (36x16 m) təşkil edir. Bu, hələlik Ağsuda aşkar edilən ən möhtəşəm tikinti qalığıdır. Məscidin divarlarının bünövrə hissəsi çay daşından, divarları isə çiy kərpicdən inşa edilmişdir. Tikintidə istifadə olunan çiy kərpiclərin ölçüsü 20x20x5 sm-dir. Məscidin tikintisində həmçinin çoxlu sayda ağac materialdan da istifadə olunmuşdur. Axtarışlar zamanı məscidin ağac sütunlarının, qapı altlıqlarının, kətillərin qalıqlarından ibarət olan çoxsaylı ağac materiallarının qalıqları qeydə alınmışdır. Ağac materiallar bir-birinə əsasən iri dəmir mismar və qarmaqlar vasitəsilə bərkidilmişdir. Məscid binası möhtəşəm divarlarla yanaşı, həm də bir-birindən 2,5 m məsafədə yerləşən ağac sütunlar üzərində ucaldılıb. Bunu məscidin içərisində aşkar olunmuş daş sütun altlıqları da təsdiq edir. Xatırladaq ki, orada mədən daşından səliqə ilə yonulmuş 56 ədəd sütun altlığı aşkar olunmuşdur. Sütun altlıqları əsas hissə, ağac sütunun bütün dairəsi boyunca oturduğu hamar hissə və sütunların çıxıntısının oturduğu kiçik yuvacıqdan ibarətdir. Mütəxəssislərin təyinatına əsasən məscidin sütunlarının palıd ağacından olduğu müəyyən edilib. Şirvan bölgəsində elə indinin özündə də sakinlər fərdi evlər inşa edərkən sütun kimi daha çox palıd materialından istifadə edirlər.
Məscidin döşəməsinin torpağı yaxşıca döyülmüş, səliqə ilə suvanmışdır. Məscidin cənub divarları boyunca olmaqla mehrab yeri aşkar edilmişdir. Məscidin pəncərələri tağvari formada olub, əsasən bişmiş kərpic və gəclə tikilmişdir. Qazıntılar davam etdirilərkən tikintinin xarici divarları boyunca çoxlu miqdarda kirəmit qalıqları aşkar olunub. Kirəmitlərin hamısı novvari formalıdır. Kirəmitlər məscid dağılarkən binanın ətrafına tökülmüşdür. Aşkar olunan bütöv kirəmit nümunələri azlıq təşkil etsə də, sınıq vəziyyətdə olan nümunələrin sayı minlərlədir. Kirəmitlərin çəkisi orta hesabla 800-950 qram, uzunluğu 30 sm, eni enli hissədə 12, dar hissədə 8 sm, qalınlığı isə 2 sm-dir. Qeyd edək ki, məscid binası hələlik Ağsu şəhər yerində tapılan və üstü kirəmitlə örtülmüş olan ilk binadır. Təqribi hesablamalara görə Ağsu cümə məscidinin üstünün örtülməsi məqsədilə təqribən 60 min ədəddən çox kirəmit istifadə olunmuşdur. Bu isə təqribən 50 tona yaxın yük deməkdir. Göründüyü kimi, belə bir möhtəşəm tikintini inşa etmək mühəndis-texniki baxımından o qədər də asan bir iş deyildir. Əlbəttə, belə bir tikintinin mövcudluğu XVIII əsrdə Ağsuda tikinti mədəniyyətinin mühəndis-texniki həllinin kifayət qədər yüksək səviyyədə olduğundan xəbər verir.
V sahədə qazıntı davam etdirilərkən məscidin şimala açılan geniş həyəti aşkar olunub. Maraqlıdır ki, həyət çox yerdə əhəngdaşından yonulan iri həcmli plitələrlə döşənmişdir. Məscidin həyəti qərb tərəfdə əhəngdaşı və bişmiş kərpiclə, şərq və şimal tərəfdə isə çaydaşı ilə hörülmüş hasarla əhatə edilmişdir. Həyətin ortasında məscidə gələnlərin dəstəmaz almaları üçün xüsusi su quyusu olduğu müəyyənləşdirilmişdir. Məsciddən bir qədər şimal tərəfdə məscidin mollasına məxsus qəbir daşı aşkarlanmışdır. Onun ətrafında isə bir neçə uşaq qəbiri qeydə alınmışdır.
Ağac sütunlu məscidlər daha çox Orta Asiya şəhərlərində geniş yayılıb. Lakin, bu ənənənin türklər tərəfindən Ön Asiyaya gətirildiyi buradakı məscid nümunələrindən də görünür.
Orta əsr Şıxməzid qəsəbəsində arxeoloji tədqiqatlar. 2012-ci ildə Ağsu arxeoloji ekspedisiyasının rəhbərliyi rayon sakinlərinin şifahi məlumatı əsasında Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki türbə yerinə baxış keçirərkən orada orta əsrlərə aid möhtəşəm tikinti qalıqlarının olduğunu aşkar ediblər. Bundan sonra Ağsu arxeoloji ekspedisiyasının rəhbəri Qafar Cəbiyevin rəhbərliyi ilə abidəni xilas etmək məqsədilə ilkin arxeoloji kəşfiyyat qazıntıları aparılıb. Arxeoloqlar ərazidən səliqə ilə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla üzü qiblə istiqamətində tikilən düzbucaqlı formasında binanı aşkara çıxarıblar. Bina təqribən 400 kvadratmetrə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrələrdən ibarətdir.
Qazıntı zamanı aşkar edilən tapıntılar içərisində həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir. Memarlıq xüsusiyyətləri, qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq-hücrələrinin mövcudluğu aşkar olunan binanın daha çox məscid və ya mədrəsə olması ehtimalını artırır.
Əbu Müslimin Azərbaycanda islamı yaymaq və möhkəmləndirmək fəaliyyəti ilə əlaqələndirilən və VIII əsrə aid edilən məscidlərdən birinin qalıqları Cəmil Aleksandroviç-Nasifi tərəfindən 1926-cı ildə Ağsu rayonu ərazisində aşkarlanıb tədqiq edilmişdir. Mütəxəssislərin gəldiyi qənaətə görə, Şamaxı Cümə məscidi ilə eyni plan quruluşuna malik bu tikili onunla həmdövr olmuş və dəfələrlə təmir edilmişdir (Azərbaycan Arxeologiyası 2008, səh. 189). Böyük ehtimal ki, Şıxməzid tapıntısı elə həmin məscidin qalıqlarıdır.
Bu ərazidə aşkar edilən qəbirlərdə dəfn edilən şəxslər islam qaydası üzrə, yəni sağ çiyini və üzü qibləyə dəfn olunsa da, ortaya daha maraqlı faktlar çıxıb. Maraqlıdır ki, əksər qəbirlərin üzəri 4, 6, 8 ədəd səhənglə örtülüb. Belə dəfn adətinə hələ də heç bir müsəlman ölkəsində rast gəlinməyib.
Aparılan antropoloji ölçmələr və təhlillər müsəlmanlara məxsus olduğu şübhə doğurmayan bu kəllə nümunələrinin yerli azərbaycanlıları təqdim edən kaspi antropoloji tipinə aid olduğunu üzə çıxarmışdır (Ölçmələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Dr. Dimitri Kiriçenko aparmışdır).
Zəki Vəlidi Toğan əslən Polşa tatarı olan alim Cəmil Aleksandroviç Nasifiyə istinadən Nadir şahın dövründə Şirvanın paytaxtı kimi qəbul olunması ilə əlaqədar adı göstərilən Ağsunun hələ XIV əsrdə monqollar və Teymur zamanında böyük əhəmiyyətə malik olduğunu yazır. Nasifi Ağsunun 1,5 km şimalında olan Şeyx Məzid türbəsinin, əvvəlcə zənn edildiyi kimi, XVII əsrə aid abidə olmayıb daha qədim olduğunu göstərir. Rəvayətə görə, Şeyx Məzid bir təbib-alim imiş. Türbənin qapısında binanı tikən şamaxılı Şeyx Şəmsəddinin kitabəsində verilən yeddi yüz doqsan qeydindən abidənin 1388/89-cu ilə aid olduğu bilinir. Nasifi Ağsudan 3 km şimali-şərqdə alim və müctəhid “Şeyx Dursun ibn Əhməd bəy əl-Gilani”nin, üzərindəki kitabəsindən 806-cı ilin zilqədə ayında (may, 1404) tikildiyi bilinən, türbəsini [də] ziyarət etmişdir. Yəni hər iki abidə Teymurun və Şirvanşah Şeyx İbrahimin dövrünə aiddir. 1647-ci ildə Ağsuda olan Övliya Çələbi buranın min evli, cameli, karvansara və hamamlı, bağlı-bağçalı abad qəsəbə olduğunu yazır. Övliya, eyni zamanda həmin Ağsu çayı yanında Fərruxzar adlanan kiçik bir şəhər barədə də məlumat verir (Vəlidi Ə.Z. 2009).
Rayonun yaşlı sakinlərinin dediyinə görə, Şıxməzid məhəlləsindəki məscid və türbə ötən əsrin 30-cu illərində sovet rejimi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində dağıdılıb. İlkin tədqiqatlar zamanı üst qatdan aşkar olunan tapıntıların təhlili göstərir ki, Şıxməzid məhəlləsindəki məsciddən XVI əsrin II yarısından XX əsrin 30-cu illərinədək intensiv istifadə olub. Ərazidə qazıntı və tədqiqat işləri gələcəkdə də davam etdiriləcək.
Ədəbiyyat:
Bakıxanov A.A. 1991.
Gülüstan-i İrəm. Bakı: Elm, 1991, s. 304.
Cəbiyev.Q.C., Xəlilli F.S. 2010
Ağsu şəhəri orta əsrlərdə. I-III cildlər. Bakı: CBS, 2010-2011.
Cəbiyev.Q.C., Xəlilli F.S. 2011
Ağsuda arxeoloji tədqiqatlar (I məqalə). Miras jurnalı, № 1, Bakı, sentyabr 2011.
Cəbiyev.Q.C., Xəlilli F.S. 2012
Ağsuda arxeoloji tədqiqatlar (II məqalə). Miras jurnalı, № 2, Bakı, mart 2012.
Cəbiyev.Q.C., Xəlilli F.S. 2012a
Ağsuda arxeoloji tədqiqatlar (III məqalə). Miras jurnalı, № 3, Bakı, iyun 2012.
Azərbaycan Arxeologiyası... 2008
Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı: Şərq-Qərb, 2008, 632 səh.
Jabiyev G.J., Khalilli F.S. 2010
Medieval Agsu Town. 1st vol. Baku: CBS, 2010, p. 177.
Jabiyev.G.J., Khalilli F.S. 2012
Archaeological excavations in Agsu, Azerbaijan // Archaeology Times, Online Magazine, İssue 2, Jan-Feb, 2012, p. 62-65.
Osmanov F.L. 2006
Ağsuda arxeoloji tədqiqatlar. Bakı: Adiloğlu, 2006, s. 180.
Vəlidi Ə.Z. 2009
Azərbaycanın tarixi coğrafiyası. Bakı: Təhsil, 2009, 112 səh.
www.miras.az
www.agsuexpedition.org
Nəşr olunduğu yer: “Orta əsr Ağsu şəhəri və ətrafında Türk İslam Abidələri (Məscid, Türbə və Qəbirlər)”, II Uluslararası Türk Sanatları, Tarihi ve Folkloru Kongresi/Sanat Etkinlikleri, 05-10.04.2014, Saray-Bosna, səh. 63-72, (Qafar Cəbiyev ilə həmmüəllif)
Oxunub: 1847