Azərbaycanda Şirvan bölgəsinin iri obalarından biri olmasına rəğmən Axtaçı obası haqqında az yazılmış, etnoqraf və folklorşünasların tədqiqatlarından kənarda qalmışdır. Axtaçı obasını oğuz boy təşkilatı ilə əlaqələndirən Zəki Vəlidi Toğan onların getdikləri yerlərdə geniş torpaqlara malik olduğu və tümənlərə rəhbərlik etdiklərini yazır. Axtaçı obasının əsasını təşkil etdiyi kəndlərimizdən biri Ağsu rayonunun Gəgəli kəndidir. Əhalisi tarixən qışlaq, yaylaq və yazlaq torpaqlarında maldarlıqla məşğul olmuş bu türk obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Axır çərşənbədə oturma hadisəsi və insanlarla yanaşı heyvanların da çərşənbədən keçirilməsi adətinin təhlili bu obanın timsalında əski türklərdə axır çərşənbə mərasiminin necə önəmə malik olduğunu görməyə imkan verəcək.
Axtaçı adının etimologiyası, yerləşdiyi coğrafi məkanın tarixi, axır çərşənbədə gecənin qaranlığından səhərin alatoranına qədər oturmaq, insanların və ev heyvanlarının iki odun arasından keçməsi, atın gövşəməsinə inam kimi folklor hadisələri haqqında maraqlı etnoqrafik müşahidələr tədqiqata cəlb edilmişdir.
Açar sözlər: çərşənbə, tərəkəmə, oba, oturma
Axtaçı-Gəgəli obası və Nərgizava nekropolu. Axtaçı obasının adında at saxlamaq, ata baxmaq ifadəsi var. Bu gün axtaçı obasının yaşadığı, məskunlaşdığı ərazinin altında qədim bir yaşayış yerinin – Nərgizavanın qəbiristanlığı yerləşir, orada antik nekropol var. Həmin nekropoldan aşkar olunan maddi-mədəniyət nümunələri də məhz axtaçı adı ilə əlaqəlidir. Buradan xüsusilə tunc atlı, at və ikibaşlı at fiqurları aşkar olunub. Bu faktlar məhz bağlılığı, ardıcıllığı göstərir (1).
Nərgizava adına 1851-ci ilin rəsmi dövlət sənədlərində rast gəlinir. Belə ki, Şirvan əyalətinin Ağsu kəndi ətrafında Hacı Səmədli obasının əkib-becərdiyi Nərgizava və Sincan torpaqlarından bəhs edilir (2). Həmin torpaqlar Axtaçı obasının yaxınlığında yerləşdiyindən yaddaşlardan silinməmiş, Nərgizava abidəsi ilə bilavasitə bağlanmışdır.
Nərgizava oykonimi iki hissədən («nərgiz» - gül, nərgiz gülü və «ava» - çöl, düz) ibarət olub, «nərgiz gülünün bitdiyi, çox olduğu çöl, düz» mənasındadır. Əlbəttə, orta əsrlərdə Nərgizava kimi tanınan yaşayış yeri qədim dövrlərdə başqa cür adlanmışdır.
Nərgizavaya məxsus nekropol yaşayış yerindən təxminən 2 km aralıda, Gəgəli kəndinin şimal-şərqində Salman dərəsi ilə Şamı dərəsi arasında, müasir Məmmədli və Təhməzli məhəllələrində yerləşir. Nekropolun sahəsi 4 hektara yaxındır. Nekropolun ərazisində müasir Gəgəli kəndinin məhəllələrinə məxsus yaşayış evləri və həyətyanı sahələri yerləşir.
Nərgizava nekropolunda təsərrüfat-tikinti işləri görülərkən sadə torpaq, daş qutu, küp və təknə tipli qəbir abidələri aşkara çıxarılmış, daş heykəlcik, saxsı məmulatı və müxtəlif metal əşyalar əldə edilmişdir. Bu qəbirlərin əksəriyyəti 0,2-1 m, daş qutu və küp qəbirlər isə 3-4 m dərinlikdə yerləşir.
Artıq XIX əsrin 40-50-ci illərindən başlayaraq Dəyəli-Gəgəli adlı Axtaçı obası Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəni daimi binə yeri seçmişdir. Həmin binə yeri Nərgizava yaşayış yerinin qalıqlarını tamam əhatə edir və Yasamal torpağı adlanır. 1862-63-cü illərin rəsmi dövlət sənədində belə arayış var:
«Bakı Quberniyasının Yerölçmə Mütəxəssisi cənablarına. Xançoban dairəsi Gəgəli obasının sakinləri Şamaxı Qəza Rəisi cənablarına Yasamal adlanan məxsusi torpaqda və icma qışlaqlarında oturaq həyata başlamağa icazə haqqında ərizə ilə müraciət etmişlər. Şamaxı Qəza Rəisinin topladığı məlumatlardan aydın olur ki: 1. Yasamal torpağı Gəgəlilərə məxsus olub, təxminən 2,25 verst (2,4 km) uzunluğunda və 2,5 verst (2,6 km) enində sahəni əhatə edir. O şərqdən Qobu-Yasamal, qərbdən Mollalar obasına məxsus torpaqlar, cənubdan Söyüdlü-Arx və şimaldan Qərib-Yalı adlanan dərə ilə sərhəddir. 2. Gəgəlilərin istifadə etdiyi Qobu-Qışlaq, Həsən-Təpəsi, Çoban-Təpəsi, Şirin-Əli, Buğnuca, Yarımca-Amdam adlı qışlaqlar şərqdən Hacı Qədirli obasının torpaqları, qərbdən Ərəb obasının torpaqları, cənubdan Cani-Qobusu, şimaldan Şamaxıya gedən yolla sərhəd olub, 6,5 verst (6,9 km) uzunluğunda və 6 verst (6,4 km) enində sahəni əhatə edir. 3. Baxmayaraq ki, yuxarıda təsvir olunmuş torpağın yaxınlığında tarlaları suvarmaq üçün su var, amma istifadə üçün yararsızdır. Odur ki, lazım olan içməli suyu Ağsu çayından gəgəlilərin çoxdan çəkdikləri Ömər-Laic və Qazan-Arxı adlı arxlar vasitəsilə götürürlər. 4. Şamaxı Qəza Rəisinin təminatına görə yuxarıda adı çəkilən torpaqda məskunlaşan 74 ailə ətraf sakinlərdən heç kimi sıxışdırmayıblar. Şamaxı Qəza Rəisinin keçən 31 yanvar 602 saylı raportuna əsasən Sizin Cənabınıza əmr edirəm ki, yuxarıda adı çəkilən torpağın planını çəkəsiniz və gəgəlilərə qanuna uyğun hər ailəyə 25 desyatin (27 hektar) olmaqla bölüb verəsiniz. Planı əllə çəkilmiş layihə ilə birlikdə Quberniya idarəsinə iki nüsxədə gələcək sərəncamlar üçün təqdim edəsiniz. Qubernator əvəzi - Vitse Qubernator Müşavir və Stolonaçalnik əvəzi» (3).
Yasamal adına Səfəvi dövrü mənbələrində rast gəlinir. 1604-cü ildə Səfəvi ordusu Cusri-Cavaddan (Cavad körpüsü) Kür çayını keçdikdən sonra Qarasuyu və Yasamal dağ keçidini keçərək Şamaxıya yaxınlaşmışdır (4).
Qədim zamanlardan qərb və cənub istiqamətlərdən gələn «karvan», «dəvə», «dib» yolları Yasamal torpağında birləşir, Ortabulaq dərəsi boyunca Şamaxıya aparırdı. Axtaçı zamanında işlək olan bu yol heç şübhəsiz, Nərgizava dövründə də intensiv olmuşdur. Təsadüfi deyil ki, Xınıslı maddi-mədəniyyət abidəsinə tam oxşar Nərgizava maddi-mədəniyyət abidəsinin aşkara çıxarılması həmin yolun iqtisadi, siyasi və mədəni səmərəliliyindən xəbər verir.
Axtaçı obasının tarixi ilə məşğul olmağa başlayanda qarşıya çıxan sənədlərdə çox az sayda məlumat vardı. 1850-ci illərə aid sənədlərdə Gəgəli obasının adı Axtaçı-Gəgəli kimi yazılırdı. 1821 və 1831-ci ilin kameral təsvirlərində isə 5 hissəyə parçalanmış və 5 yüzbaşılığı olan Axtaçı obası vardı (5).
Oturma hadisəsi. Axtaçı-Gəgəli obasının sakinləri ənənəvi olaraq hər il axır çərşənbə gecəsi səhərin alatoranına qədər otururlar. Onlar niyyət edir, bir növ səhəri bu cür bir yerdə ictimai həmrəylikə açırlar. Bu ictimai həmrəylik (qohum-əqraba, qonum-qonşu) tərəfləri uzun müddətdir ki, bir-birlərini görmürlər. Başqa şəhərdə, başqa yerdə yaşayan gəgəlilər hamısı oturulan evə toplaşır ki, səhərə qədər bir yerdə yatmadan otursunlar. Burada keçmişi xatrlama, adət-ənənə, dastanlar, bəlkə də başqalarının eşitmədiyi, bilmədiyi bir çox məqamlar ortalığa tökülür.
At gövşəyir? Türklər islamdan öncə at ətini yedikləri və südünü içdikləri üçün islamı qəbul etdikdən sonra da bu ənənə birdən-birə aradan qalxmamışdır. Hələ də bir çox türk obalarında atın gövşəməsinə inam vardır. Axtaçı-Gəgəli obasında da niyyət tutular, axır çərşənbədə göz qırpmadan atın nə zaman gövşəyəcəyini gözləyərlər. Atın gövşədiyini görənlərin niyyəti baş tutar, görməyənlərsə gələn il yenə bunu təkrar edərlər. Beləliklə, dolayısı ilə insanlar inanırlar ki, at gövşəyən heyvanlar sırasına daxildir.
Heyvanlar oddan keçirilir. Axır çərşənbənin qaranlığı sona çatır. Alatorandır. Gəgəlilər özləri ilə yanaşı heyvanlarını da odun arasından keçirirlər. Tövlənin qapısı açılır və hevanlar iki tonqalın arasından keçərək sanki yeni günə, yeni ilə başlayır. Bu bizə ola bilsin ki, qapının açılıb heyvanların iki odun arasından keçərək yeniliyə, yeni həyata, yeni can qazanmış otlaqlara çıxışını göstərir. Oturaq əhalidən fərqli olaraq, bir zamanlar yarımköçəri yaşamış obalar heyvanlarını düşünür. Onun çərşənbəsində də məhz öndə gedən heyvanlardır.
Kənd sakini Muxtar kişi deyir ki, “bizim obamızda çərşənbə tonqalları hər zaman avarla, irmiylə yandırılır, odundan istifadə olunmur. İstər avar, istərsə də irmiy heyvanın qarşısından çıxan yararsız ot-ələfdir. Avarla qalanan tonqalın üzərindən hoppanan insanlar deyirlər: “Ağırlığım-uğurluğum yerlə getsin, ALLAH ruzimizi yetirsin”. Amma bir məqamı da unutmaq olmaz ki, ocağın üzərindən üzü qibləyə hoppanmasan işin avand getməz”.
Tarixi mənbələrdə insanların iki tonqalın arasından keçməsi kimi məlumatlar var. VI əsrdə Bizans salnaməçisi göytürklərin ölkəsinə səfər edir. Onu sərhəddən məhz iki tonqalın arasından keçirib ölkəyə buraxırlar. Beləliklə, türkün tarixində məlum olan iki od arasından keçmək hadisəsi var. Bu yeni qapıların açılmasının təzahürüdür hər halda (6).
Nəticə. Türkün özündən, kökündən irəli gələn bir mədəniyyət sistemi var. Bu mədəniyyət sistemində heyvandarlıq, maldarlıq, xüsusilə də köçmə maldarlıq öndə duran əsas elementdir. Onu evindən, yurdundan edən də otlaq axtarmaq hissi və istəyidir. Haqqında danışılan istər heyvanların oddan keçirilməsi, istərsə də onların yeni otlaqları qazanması, atın gövşəməsinə inam, ümumiyyətlə atla bağlı elementlər - bütün bunlar bir kompleks təşkil edir. Məhz türkə aid olduğunu ortalığa qoyur. Bu deyilənlər məhz axır çərşənbə ilə bağlıdır. Buna görə də türkün tarixində axır çərşənbə elementi var. Bunu başqalarının adına yazmaq olmaz. Bunu fars və ya ərəb, ya da ki digər toplumların adına yazmaq olmaz. Burda əsas ağırlıq-uğurluq da türkün adı ilə bağlıdır. Axır çərşənbə türkün axır çərşənbəsidir.
AKHTACHI HAMLET AND CHARSHANBA OF TEREKEME
Dr. Fariz Khalilli
“MIRAS” Social Organization in Support of Studying of Cultural Heritage
Though Akhtachi hamlet is one of largest hamlets of Shirvan region in Azerbaijan there are few writings on the hamlet and that remained behind researches of ethnographers and folklore specialists. Zaki Validi Toğan connecting Akhtachi hamlet with organization of Oghuz saga writes that they possessed large lands in their places and their ruling Tumens. One of our basic villages of Akhtachi hamlet is Gegeli village of Agsu region. Some folklore samples of this Turkic hamlet, the population of which engaged in cattle-breeding in historically grounds of winter, summer pasture and spring pastures have their own specific characteristics. Sitting during Akhir Charshanba (last Tuesday before Novruz) and the analyze of the habit of passing across the fire by people and domestic animals will provide the opportunity to see significance of Akhir Charshanba ceremony of former Turks in the example of this hamlet.
Interesting ethnographic observations on folklore events like etymology of “Akhtachi” name, history of its geographical area, belief in sitting from dark night till morning dusk during Akhir Charshanba; passing across the fire by people and domestic animals; horse’s rumination were implicated to the research.
Keywords: Charshanba, Terekeme, a hamlet, sitting
İstifadə olunmuş ədəbiyyat:
1. Xəlilli F.S. Qədim Nərgizava və Gəgəli. Bakı: Adiloğlu, 2003.
2. ADTA., fond 45, siyahı 1.
3. ADTA., fond 57, siyahı 1, iş 4.
4. Toğan Ə.Z.V. Azərbaycanın tarixi coğrafiyası (Mühazirə mətnləri). İstanbul, 1928-30.
5. ADTA., fond 24, siyahı 1, iş 348.
6. Axtaçı obası – Tərəkəmə çərşənbəsi. Sənədli film. Bakı: AktivMedia, 2011
Nəşr olunduğu yer: Materials of International Symposium Folklore and Linguo-Culturology of the Caucasian Peoples. Tbilisi: 2012, pp. 312-313.