Azərbaycanda yeni sufi məktəbi: Şeyx Eyyub və Zikrçilər
24-11-2014

 
ÖZET
19. yüzyılın başlarında Azerbaycanın Şirvan bölgesinde nakşibendilerle yanısıra zikrçiler adlanan ayrı bir tasavvufi mekteb yaranmışdı. Acıdereli Şeyh Eyyubun adı ile bağlı olan bu mektebin devamçıları hem Çarlık Rusyası, hem de Sovyet devrinde bölgede büyük tesir gücüne sahip idiler. Sesli zikrleri ve “cezv” adlanan cezbe merasimleri Şamahı ve Ağsunun bir çok köylerinde uzun zaman icra edilmiştir. Bu hakda devrin resmi evrakları ile yanısıra, Mahmud bey Mahmudbeyovun “Kafkasda müridizm cereyanları” eserinde özellikle behs olunur. Babadağa ve Diri Baba Türbesine büyük önem veren zikrçilerin mürşidi Şeyh Eyyub vefat ettikden sonra Şamahının Acıdere köyünde defn olunmuştur. Bu araştırma arşiv belgeleri ve yerli sakinlerin revayetleri esas alınarak yapılmıştır.
Anahtar kelimeler: Şeyh Eyyub, Zikrçiler, Cümle, Cezv, Şirvan
ABSTRACT
Sufism school called Zikrchis school was established in Shirvan region of Azerbaijan in early 19th century along with Nagshibandis. Followers of this school connected with the name of Sheikh Eyyub from Ajidere, had influence in the region not only in the time of Tsarist Russia but also Soviet rule. Sounded prayers and delusion ceremonies called “jumla” (sentence) had been long-term executed in many villages of Shamakhi and Agsu. This is dealt in the work of Mahmud bey Mahmudbeyov "Sufizm Sects in Caucasus" along with official documents of the time. Mentor of Zikrchis, who pay special attention to Babadagh and Diri Baba Tomb, Sheik Eyyub was buried in Ajidere Village of Shamakhi. The research conducted on the basis of archive and local population’s rumors is interesting.
Keywords: Sheikh Eyyub, Zikrchis, Jumla, Jezv, Shirvan

Giriş. XIX əsrin əvvəllərində Azərbaycanın Şirvan bölgəsində təsəvvüfi fəaliyyətlər yenidən dirçəlir və genişlənir. Bu fəaliyyətləri bölgəyə yenicə girmiş rus salnaməçiləri müridizm hərəkatı adlandırırlar. Müridizm hərəkatı xristian ölkəsində İslamı gündəlik yaşam tərzi kimi davam etdirmək cəhdi idi. Sufi və övliyalar bu fəaliyyətlərin həyata keçirilməsində əsas qüvvə olub, əsrlərlə davam edən təlimləri praktik olaraq tətbiq edirdilər.
Şirvan xanlığının Rusiyaya birləşdirildiyi dövrdə Azərbaycanda yeni sufi məktəbi formalaşmağa başlandı. Bu məktəbin yaradıcısı Şeyx Eyyub, məktəbi isə zikrçilər məktəbi adlanırdı. Bu məktəb lokal xarakter daşımış, yalnız Şirvan bölgəsində yayılmışdır. Məktəbin formalaşmasında Şirvandakı sufizm ənənələri və yerli şeyx arayışı əsas rol oynamışdır.
Mənbə bazası. Şeyx Eyyub və onun zikrçilər məktəbi haqqında qaynaqlarımız əsasən XIX əsrdə yazılmış məqalələr, Rusiyaya məxsus arxiv sənədləri və yerli əhalinin rəvayətləridir. XIX əsrdə yazılmış məqalələrin içərisində ən dolğun yazılmışı Mahmud bəy Mahmudbəyovun “Qaqfazda müridizm cərəyanları” məqaləsidir (Mahmudbəyov 1898). Mahmud bəy Qafqazdakı təriqətləri əsas alan məqaləsində Şeyx Eyyub və onun məktəbi haqqında ayrıca bəhs etmişdir. Şeyx Eyyubun övliyalıq mərtəbəsinə gəlib çatmasında nəfsi mücahidə və şeyxi adlandırğı Həzrət Baba ilə üveysi bağlılığı göstərilmişdir. Təriqətləri tənqid etməyi qarşısına qoymuş məqalə müəllifi nəinki zikrçilər məktəbi, eləcə də bütün digər təriqətlər haqqında onların cahillik yayması haqqında tezislə çıxış etmişdir. Buna baxmayaraq, Mahmud bəyin məqaləsi Şirvandakı təriqətləri öyrənmək üçün dövrünün əksər məlumatlarını özündə ehtiva etdiyi üçün mənbə mahiyyətindədir.
Çar Rusiyasında ruhanilər hər zaman nəzarət altında saxlanmış, nüfuzlu din xadimləri müxtəlif yollarla məhkəmələrə cəlb edilmiş, bəzən sürgün olunmuşlar. Bu Şeyx Eyyub və onun ardıcıllarından da yan keçməmiş, bəzi rəsmi sənədlərdə onların da adları çəkilmişdir.
Şeyx Eyyub və onun məktəbi haqqında məlumat toplayarkən Şamaxı rayonunun Acıdərə kəndində Hacı Mürşüd və Ağsu rayonunun Keçdiməz kəndində Zümürxan kişidən informator kimi istifadə olunmuşdur. Onlar Şirvanda geniş yayılan və bir-birinə bənzəyən rəvayətlərdən bəhs etmişr. İnformatorlardan müridlərin cəzbə mərasimlərində istifadə etdiyi zikrlər adlandırılan dördlüklər də toplanmışdır.
2010-cu ildə publisist Paşa Yaqub “Şıx Eyyub Baba” kitabını nəşr etdirib. Kitabda mövcud rəvayətlər və şeyxin ardıcılları, nəsli haqqında maraqlı söhbətlər toplanmışdır (Yaqub 2010).
Şeyx Eyyub. Şeyx Eyyubun həyatı və nəsil şəcərəsi haqqında ziddiyətli məlumatlar vardır. Mahmud bəy Mahmudbəyov zikrçilər məktəbini məqaləsində şərti olaraq sıraladığı üçüncü yerdə qeyd edir. O yazır ki, Şirvanda üçüncü müridizm məktəbi İsmayıl Şirvaninin (1782-1848) məktəbi ilə eyni zamanda meydana gəlmiş zikrçilər məktəbidir (Rıhtım 2011). Bu məktəb bizə xaricdən gətirilməyərək, yerli zəmində yaranmışdır. Bu məktəbin banisi Şamaxı qəzasının Qəbiristan dairəsinin imkanlı tərəkəmələrindən olan, bu yüzilliyin əvvəllərində yaşamış Şeyx Eyyubdur.
Mahmud bəy Mahmudbəyov Şeyx Eyyubun mürşidlik mərtəbəsinə çatmasını bir qədər ironiya ilə verir, belə tənqidi yanaşma məqalə boyunca hiss edildiyi üçün bir ayrıcalıq təşkil etmir. O, Şeyx Eyyubu yerli rəvayətlərlə yaxşı tanış olan dindar bir adam kimi xarakterizə edir. M.Mahmudbəyov qeyd edir ki, İsmayıl Şirvaninin təlimi Şeyx Eyyubun ruhuna güclü təsir etmişdi, lakin tərəkəməliyi və ümmi olması ona İsmayıl Şirvaninin irşad halqasına daxil olmağa mane olurdu (Mahmudbəyov 1898).
Şirvanın sünni əhalisinin yaxşı tanıdığı və ziyarət etdiyi Babadağla əlaqədar yad olunan Həzrət baba Şeyx Eyyubun həyatında mühüm rol oynayır. Şeyx Eyyub yaxın adamlarına bəyan edir ki, Həzrət Baba ağsaqqal bir kişi surətində, ağ çalmada və yaşıl əbada tez-tez yuxuda və ayıq olarkən onun gözünə görsənir və hər bir şeydən əl çəkərək, özünü Allaha xidmətə ithaf etməyi ondan tələb edir. M.Mahmudbəyov da səmimiyyəti ilə qeyd edir ki, həqiqətən də, Eyyub ailəsini, var-dövlətini tərk edərək, Qəbiristan çöllərinə çəkilir və zahidlik həyatını yaşayır. Yerli rəvayətlərə görə yayda, Qəbristanın bütün tərəkəmələri öz sürüləri ilə Şamaxı və Quba yaylaqlarına köç edərkən, demək olar ki, tropik istilər zamanı Qəbristan çöllərində heç kimə rast gəlinmədiyi bir zaman, Eyyub, əlinə keçəni yeyərək, bu çöllərdə tənha yaşayırdı; qışda isə o, yalnız ac canavarların dolaşdığı Babadağa köçürdü. Bir neçə il (bəzi rəvayətlərdə 7 il) bu cür zahidlik həyatından sonra Şeyx Eyyub yaxınları vasitəsilə elan edir ki, Həzrət Baba ona şeyxlik verib, qəbiristanlılar arasında təriqəti təbliğ etməyi ona əmr edib. Şeyx Eyyub Həzrət babanın adı ilə əlaqələndirilən və müridlərin həyatlarında baş verən hadisələri izah etmək üçün zikrlər söyləyir (Mahmudbəyov 1898).
Cəzv. Şeyx Eyyubun təliminə görə, ruhu ilahi bərəkətin dərkinə cəzb etmək üçün cəzvlərdə 1000 dəfə “Lə iləhə illəlləh” və “Haqq Hayy” sözləri oxunurdu. Cəzvlər həftədə bir dəfə, cümə namazı qılındıqdan sonra icra olunurdu. Cümə günü bütün müridlər Acıdərədə toplaşır, günorta, cümə namazı bitdikdən sonra, şeyxin yanında yarımçevrə yaradırdılar. Əvvəlcə yeknəsək səslə 1000 dəfə “Lə iləhə illəlləh” oxuyur, sonra, həftə ərzində şeyxdən aldıqları zikrləri, əgər yeniləri yoxdursa – köhnələrini oxuyur, daha sonra, başlarını və bədənlərini tərpədərək, vəcdə gələnə qədər “Haqq Hayy” oxuyurdular (Mahmudbəyov 1898).
Cümlə. Şeyx Eyyub təmənnasız bir insan idi. O, müridlərin nəzirlərindən istifadə etmir, onlara elan edirdi ki, o yalnız, onun məktəbinə daxil olmuş bu nəzirlərin sahibi olan Həzrət babanın xəlifəsidir, lakin Həzrət babanın, yer üzündə, bu nəzirlərin adlarına çatacağı varisləri olmadığından, onlar bütün müridlərə mənsubdurlar və hamı arasında bərabər bölünməlidir. Nəzirlərin düzgün paylanması üçün o, müridlər arasında cümlə təsis etmişdi. Cümlədə müridlər dəstələrə bölünürdülər, hər bir dəstənin bir xəlifəsi olurdu. Bütün nəzirlər cümə gününədək yığılırdı. Cümə günü isə, cümə namazı və cəzv bitdikdən sonra, nəzirlər əvvəlcə dəstələr arasında bölünürdü, sonra isə dəstə xəlifəsi onları öz dəstəsinin üzvləri arasında bölürdü. Bu nəzirlər qoyun, un, yağ, çörək və s. ibarət idi (Mahmudbəyov 1898).
Zikrçilərə hansı təriqətə mənsub olmasına baxmayaraq, hər hansı bir müsəlman tərəfindən bişirilmiş qidanı yeməyə və fərq qoymadan hər bir kəslə tanışlıq və dostluq etməyə icazə verilirdi.
Molla Məhəmməd. Şeyx Eyyub vəfat etdikdən sonra, şeyxlik onun oğlu Molla Məhəmmədə keçdi. Molla Məhəmməd zikrçilik təlimində heç bir yenilik etmədi. Şeyx Eyyub kimi Molla Məhəmməd də vaxtaşırı müridlərə müxtəlif zikrləri təlqin edirdi.
Əhməd Paşa. Molla Məhəmmədin ölümündən sonra, şeyxlik oğlu Əhməd Paşaya keçdikdə daha yeni zikrlər olmadı. Zikrçilərə görə, lazım olan hər bir şey izah olunub, artıq heç bir anlaşılmayan və aydın olmayan məsələ qalmayıb (Mahmudbəyov 1898).
Əhməd paşa cəzvin mütləq cümə günü icra olunmasını ləğv edir, onları mümkün olan hər bir yerdə icra etməyi müəyyənləşdirir, qadınlara da cəzvdə iştirak etmək hüququ verir.
Əhməd Paşa atasından və babasından fərqli olaraq təsərrüfat və ticarətlə aktiv şəkildə məşğul olur. O, tezliklə Şamaxı qəzasının ən iri torpaq sahiblərindən və maldarlarından birinə çevrilir. O, xalçaçılıq, eləcə də dəvə ticarəti ilə məşğul olurdu. Əhməd Paşanın bu cür maddi imkanlara sahib olması çar hökumətini narahat edir və 1888-ci ildə ona qarşı cinayət işi qaldırılır. Əhməd Paşa Rusiyanın mərkəzi quberniyalarından birinə sürgün edilir və 1896-cı ildə orada vəfat edir (Mahmudbəyov 1898).
Zikrçilər məktəbi sonralar, Sovet dövründə də ayinlərini davam etdirmiş, islami dəyərlərin unudulmamasında mühüm rol oynamışlar.
Zikrlər (dördlüklər). Qafqaz Əraziləri və Xalqlarının Təsvirinə Dair Materiallar Toplusunun (QƏXTMT) Mahmud bəy Mahmudbəyovun məqaləsi gedən sayının III buraxılışında Şeyx Eyyubun 41 zikrinin nəşr olunacağı qeyd edilmişdir. Amma araşdırmalarımız zamanı həmin zikrləri əldə edə bilmədik.
2002-ci ildə zikrçilərin hələ də fəal olduğu Ağsu rayonu Keçdiməz kəndində 80-ə yaxın yaşı olan Zümürxan kişi ilə görüşümüzdə ondan xeyli dördlük götürmüşdük. Onlardan birini burada təqdim edirik.
Siz də Allah Allah deyin
Görünür Babanın məqamı
Sidq ilə çağırın ağamı
Namud qoymaz çağıranı
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
Şıx Eyyubun nəvələri
Allah deyirdi dilləri
Öxuyur cənnət gülləri
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
Əridi Babanın qarı
Töküldü çaylara sarı
Cənnətin heyvası, narı
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
İbrahimxəlilin duası
Məkkə onun nişanası
Qurban kəsilən balası
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
Su üzündə gedən gəmi
Xıdır İlyas, Xıdır Nəbi
Yüz iyirmi dörd min Nəbi
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
Ay əlləri, ay üzləri
Qarışqa yeyib gözləri
Həsən, Hüseyn sözləri
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
Əzəl söylə “Bismillah”
Gəl Allah, gəl ay gönül
Qəlbində zikr eylə “Allah”
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
Budur sənə deyən sözüm
Qəfl ilə görməyir gözün
Günahkarsan nədir sözün
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
Aman könlüm gəl insafa
Axirətdə çəkərsən cəfa
Bu dünyaya yoxdur vəfa
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
Səsini ver müridin səsinə
Zikr eylə həvəsinə
Gir Şıx Eyyubun cümləsinə
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
Əzrayıl gələr üstünə
Baxmaz düşmənə, dostuna
Alar canın dəstinə
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
Özgə ayağı ilə getdin
Axır mənzilinə yetdin
Quru torpaq üstdə yatdın
Onlar Allah Allah deyir
Siz də Allah Allah deyin.
Çox bilinən, lakin az öyrənilən zikrçilər məktəbi gələcəkdə daha dərindən öyrəniləcək və Azərbaycan təsəvvüf tarixindəki yeri müəyyən ediləcək.

ƏDƏBİYYAT:
MAHMUDBƏYOV Mahmud bəy (1898)
Qafqazda Müridizm Cərəyanları // QƏXTMXT, 24-cü buraxılış, Tiflis (rus dilində)
RIHTIM Mehmet, XƏLİLLİ Fariz (2011)
Mövlanə İsmayıl Siracəddin Şirvani, Bakı: CBS, 168 səh.
ADTA (82)
Azərbaycan Dövlət Tarix Arxivi, fond 45, siyahı 2, iş 82 (rus dilində)
YAQUB Paşa (2010)
Şıx Eyyub Baba, Bakı: Zərdabi LTD, 96 səh.

RESİMLER:
1. Acıdere mezarlığı. Şamahı/Azerbaycan
2. Şeyh Eyyubun nesline ait türbeler
3. Şeyh Eyyubun türbesi
4. Şeyh Eyyub türbesinin temir kitabesi, 1822 yılı
5. Molla Mehemmed türbesi
6. Yazar Mahmud Bey Mahmudbeyov
Nəşr yeri: “Kafkasya’dan Anadolu’ya Kültür Köprülerimiz" Uluslararası Seyyid Yahya Şirvani ve Halvetilik Sempozyumu. Eskişehir, 21-23 Kasım 2013, Bakü, 25-27 Kasım 2013 (Editörler: Prof.Dr. Orhan Söylemez, Yrd.Doç.Dr. Ahmet İçli), səh. 137-146.

Oxunub: 5903