Dr. Fariz Xəlilli
MİRAS İctimai Birliyi
XÜLASƏ
Orta əsr Ağsu şəhəri XVIII əsrdə əhalisinin sayına və ərazisinə görə Azərbaycanın ən böyük şəhəri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə ən əhəmiyyətli iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər - Şirvan xanları bu qalada otururdular. Ağsu qalası Nadir şaha qarşı Şirvan zadəganlarının üsyanlarının mərkəzi də olmuşdur. Bu qalaya Şəkili Hacı Çələbi xan və Məhəmmədhəsən xan, Qubalı Hüseynəli xan, Fətəli xan və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli və Əliqulu xan, rus sərkərdəsi qraf Valeryan Zubov, Naibüssəltənə Abbas Mirzə hücum etmiş, mühasirədə saxlamış, bəziləri almış, bəziləri isə uğur əldə edə bilməyərək kor-peşman geri qayıtmışlar. XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında yazmışlar. Ağsuda iki dəfə taun xəstəliyi yayılmış, xeyli insan bundan vəfat etmişdi. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdi.
2010-cu ilin mart ayından etibarən MİRAS İctimai Birliyinin təşəbbüsü və ağsulu ziyalıların yaxından dəstəyi ilə “Orta əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksi layihəsinin həyata keçirilməsinə başlanmışdır. Məqsəd Azərbaycanın turizm marşurutlarından kənarda qalmış Ağsu rayonunun tarixi abidələrini tədqiq etmək və nümayişə hazır vəziyyətə gətirməklə turistlərin diqqətini bu bölgəyə çəkməkdir. “Orta əsr Ağsu şəhəri” Arxeoloji Turizm Kompleksi layihəsi çərçivəsində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası orta əsr Ağsu şəhərində tədqiqat aparmış və burada müasir turizm kompleksi yaradılmışdır.
ABSTRACT
Medieval Agsu town was the largest city of Azerbaijan in 18th century for the number of population and the area. The castle which was built in May, 1735 by Nader shah near Agsu Village was for a long time the significant stronghold in this area. Rulers assigned by Nader, Shirvan khans resided in this castle. Agsu castle was the centre of Shirvan royals’ riots against Nader shah. This castle was stormed, sieged by Haji Chelebi khan and Muhammadhasan khan from Shaki, Husseinali khan, Fatali khan and Shaikali khan from Guba, viceroys of Agha Muhammad shah, Mustafa khan Davali and Aligulu khan, Russian warlord count Valeryan Zubov, Naibussaltana Abbas Mirza. They seized some of them and defeated. Known travellers of XVIII century-Samuel Gmelin, Bieberstein, Bronevski and others wrote about this castle. Taun epydemy widely spread in Agsu twice and many people died of this. Craftmanship, trade, culture developed rather much in Agsu during Shirvan khanate.
Since March, 2010 Medieval Agsu Town archaeological tourism complex project was realized at initiative of MIRAS Social Organization and Agsu intellectuals. The purpose was to study historical monuments of Agsu region beyond the tourism routes and draw the tourists’ attention. Within the project of “Medieval Agsu Town archaeological tourism complex” Agsu archaeological expedition of ANAS Institute of Archaeology and Ethnography and National Musuem of History of Azerbaijan conducted research in medieval Agsu town and modern tourism complex was created.
Ağsu toponimi. Ağsu rayonunun Ülgüc kəndi yaxınlığında yerləşən orta əsr Ağsu şəhərinin adı XVI-XVII əsrdən tarixə bəllidir. 1735-ci ildə Nadirqulu xan (1736-cı ildən sonra Nadir şah) zəlzələ və ara müharibələrindən zərər çəkmiş və yararsız hala düşmüş Şamaxı şəhərinin əhalisini Ağsuya köçürüb, ciddi plan əsasında şəhəri yenidən tikdirib. Azərbaycanın tarixi-coğrafiyasını yazan Zəki Vəlidi Toğan bu haqda yazır: “Nadir şah 1735-ci ilin martında Şamaxını tutduqdan sonra Şirvanın hökumət mərkəzini [şəhərin] 30 km cənubi-qərbində əvvəllər mövcud olan Ağsu qəsəbəsinə keçirib Şamaxının əhalisini də oraya köçürür. 1767-ci ildə hökumət mərkəzi az vaxt müddətinə Ağsudan Şamaxıya qaytarılsa da, həmin ildə yenidən Ağsuya gətirilmiş və 1795-ci ilədək burada qalmışdır” (Vəlidi Ə.Z. 2009).
Həmin dövrdə və sonralar yaşamış yerli müəlliflər - Haşimi Şirvani, Zülali Şirvani, Ağa Məsih Şirvani, Şakir Şirvani, Hacı Zeynalabdin Şirvani, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani və başqaları öz əsərlərində bir qayda olaraq bu şəhəri Ağsu adlandırıblar.
Daha çox ruslar, xüsusilə də rus tacirləri əvvəllər Şamaxıda olduqlarına və ticarət etdiklərinə görə şəhər köçürüldükdən sonra gəldikləri yeni şəhərə Yeni Şamaxı da deyiblər. Çünki, Yeni Şamaxı və Köhnə Şamaxı ifadələri məhz rus mənbələrində, o cümlədən onlardan təsirlənən Avropa və sonrakı Azərbaycan müəlliflərinin əsərlərində səslənir. Fars mənbələri isə Ağsunu bəzən Cəlalabad da adlandırıblar.
Şəhərin rəsmi adı istər Nadir şah, istər Hacı Məhəmmədəli xan, istər Məhəmmədsəid xan, istərsə də Mustafa xan dövründə Ağsu olmuşdur. Xaraba şəhər şəhərin adı deyil, dağıldıqdan sonra bu cür adlanıb. Yeni Şamaxı isə heç bir rəsmi əhəmiyyət daşımır, Şamaxıya nisbətdə deyilib.
Ağsu adı isə şəhərin rəsmi adı olub, tarixi əhəmiyyət daşıyır. Zülali demişkən:
Qürbətdə deyirdin ki, Zülali vətənim var,
Ensin gözünə qarə su, Ağsu vətən oldu…
Ağsu adının oğuzlarla bağlı olması Şərqi Türküstan və Anadoluda olduğu kimi tarixən yaxınlığında Sincan adının çəkilməsi ilə əlaqələndirlir. Həqiqətən XX əsrin əvvəllərinə qədər Ağsu qəsəbəsinin yaxınlığında Sincan obasının yaşaması rəsmi sənədlərdən bəllidir. Hal-hazırda Çinin Sincan-Uyğur Muxtar Respublikasında ən böyük şəhərlərdən biri məhz, Ağsudur.
Beləliklə, Ağsu adı oğuz türkləri ilə bu bölgəyə gətirilmiş, suyunun xüsusən yay aylarında duru olması səbəbi ilə toponim kimi işlədilmişdir.
Ağsunun mədəni irs abidələri. Ağsuda müxtəlif dövrlərə aid Nərgizava antik və ilk orta əsr yaşayış yeri və qəbiristanlığı (Gəgəli kəndi), Nüydi antik dövr yaşayış yeri və qəbiristanlığı (Nüydi kəndi), Qırlartəpə antik dövr yaşayış yeri və qəbiristanlığı (Qırlar kəndi), Xanyurdu antik dövr yaşayış yeri (Ərəbuşağı kəndi), Qaraçıbulaq antik dövr yaşayış yeri (Nuran kəndi), Xəzinədağı qalası (Padar kəndi), Şeyx Dursun Türbəsi (1399-cu il, Ağsu şəhəri qəbiristanlığı), Pir Bəxtiyar Türbəsi (XIX əsr, Cavanşir qəbiristanlığı), Ağ Günbəz (1897-ci il, Qaraqoyunlu kəndi), Qırmızı Günbəz (1909-cu il, Qaraqoyunlu kəndi), Bilal Əfəndi məscidi (XIX əsr, Padar kəndi), Şeyx Əmir Əhməd Türbəsi (1722-ci il, Xəlilli kəndi) vardır.
Ağsuda arxeoloji tədqiqatlar. Orta əsr Ağsu şəhərində ilk arxeoloji kəşfiyyat işləri 1983-cü ildə Fazil Osmanovun rəhbərliyi ilə Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən aparılmışdır. Tədqiqatlar Ağsu şəhərinin birtəbəqəli (XVIII əsr) abidə olduğunu üzə çıxarmış, xanlıqlar dövrünü arxeoloji baxımdan öyrənmək üçün önəmi anlaşılmışdır.
Orta əsr Ağsu şəhərində genişmiqyaslı arxeoloji tədqiqatlara 2010-cu il mart ayından Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu arxeoloji ekspedisiyası başlamış və 2012-ci ilin sonlarına qədər davam etmişdir. 3 illik arxeoloji qazıntılar nəticəsində 1,5 hektar sahə açılmış, Azərbaycan və dünya tarixi üçün maraqlı tapıntılar üzə çıxmışdır.
Sürətlə tikilməsinə baxmayaraq, dövrünün ən mükəmməl şəhər planlaşdırması tətbiq edilmişdir. Qazıntılar zamanı, daş döşənmiş küçə və yollar, su və kanalizasiya xətləri, zibil çeşidləri üçün ayrıca quyular, sənətkarlıq emalatxanaları və s. aşkar edilmişdir.
Topoqrafik plan hazırlandıqda məlum olmuşdur ki, düzbucaqlı şəkildə üzü qiblə istiqamətinə tikilmiş şəhərin şimalı ilə cənubu arasında dəniz səviyyəsindən 10 metr hündürlük fərqi var. Şəhərdə arxeoloji tədqiqatlar aparılanda bu fərqin evlərin və məhəllələrin su ilə təchiz edilməsində mühüm rol oynadığı görünmüşdür.
Şəhərin kommunikasiya şəbəkəsində əsas yerlərdən birini hamamlardan çıxan çirkab su kanalları tutmuşdur. Belə bir xətt IV qazıntı sahəsində aşkar olunmuş və ictimai yeraltı hamamdan şimala - şəhərin qala divarından bayıra çəkildiyi müəyyən edilmişdir. İstər içməli, istərsə də çirkab su xətləri yan divarları çaydaşından tikilməklə, yerinə qum verilmiş və üzərinə iri sal çaydaşları döşənmiş kəhrizlərdən ibarətdir. Su xətləri əksərən irili-xırdalı quyulara və iri anbarlara qoşulmuşdur.
Şəhərin bütün yolları çaydaşı ilə döşənmişdir. Yollar şərq-qərb istiqamətində bir-birinə paralel çəkilmişdir. Bir yerdə şimal-cənub istiqamətində iri küçə qeydə alınmışdır. Küçələrlə yanaşı kiçik və böyük olmaqla çaydaşı ilə döşənmiş meydanlar da üzə çıxmışdır. III qazıntı sahəsində boyaqçı dükanı qarşısında, IV qazıntı sahəsində hamam yaxınlığında, V qazıntı sahəsində Cümə məscidinin yanında meydanlar açılmışdır. Meydanlarda bir zamanlar əkilmiş və indi kökü belə qalmayan ağacların çuxurları da müəyyən edilmişdir.
Şəhərin bütün evlərinin bünövrəsi çaydaşından, divarları çiy kərpicdən tikilmişdir. Evlərin bir küncündə və ortasında kürsülər və ya ocaqlar aşkar edilmişdir. Şimal qala divarına bitişik iki otaqlı evin otaqlarının birində kürsünün bütün konturları aydın şəkildə müəyyən olunmuşdur. Digər otağın tən ortasından isə ərzaq saxlandığı ehtimal edilən və 6 metr dərinliyi olan quyu üzə çıxmışdır. Quyunun divarlarının və otaqların döşəməsinin torpaqla möhkəmcə döyüldüyü bəlli olmuşdur. Bütün evlərin damı ağac və qarğıların köməyi ilə bağlanmış, onların da üzərinə qalın torpaq qatı verilmişdir. Torpaq damı ilin müxtəlif fəsillərində daş diyircəklər vasitəsilə döymüşlər. Qazıntılar zamanı həmin diyircəklərdən bir neçəsi üzə çıxmışdır. Evlərin istər iç və çöl divarları, istər döşəməsi, istər damı, istərsə də təndir və ocaqları Şirvanda xüsusi süxurdan alınan və şirə adlandırılan məhlulla boyanmışdır. Nisbətən boz rəngə çalan bu boyaq məhlulu evlərə xüsusi gözəllik verməklə yanaşı, onları yağışdan qorumaq üçün təbəqə də yaratmışdır. İçərisi bəzədilmiş evlərdən birinin şimal divarında bu boyaq məhlulu aydın şəkildə izlənmişdir.
Sənətkarlıq dükanları əsasən evlər formasında tikilmiş, bəzən çardaqları da olmuşdur. Belə çardaqlardan biri III qazıntı sahəsində dərmirçi emalatxanasında müəyyən edilmişdir. Həmin emalatxanada xeyli sobalar, ocaqlar və daş dəzgahlar aşkar olunmuşdur. Bu qurğularla yanaşı, qazıntı sahəsində 150 kq-dan çox dəmir çıxarlar toplanmışdır. Bu həmin emalatxananın necə intensiv fəaliyyət göstərdiyini göstərir. Bu iri dəmirçi emalatxanasının yanında kiçik misgər emalatxanası və sümük sexi üzə çıxmışdır. Misgərlərin əşyalarla yanaşı, hətta mis pullar üçün qəlpələr hazırladıqları da müəyyən edilmişdir. Sümük işləyən ustalar isə əsasən iribuynuzlu heyvanların lülə sümüklərini, ceyran və maral buynuzlarını istifadə etdikləri bəlli olmuşdur. Sümükdən daraq, bıçaq və xəncər dəstəyi, bəzək əşyaları, düymələr və s. hazırlanmışdır. Ən maraqlı emalatxanalardan biri boyaqçının dükanıdır. Bu tapıntı şəhər əhalisinin verdiyi verginin əsasən boyaqçılıqdan gəldiyini qeyd edən yazılı vergi sənədlərini də təsdiqləyir. Aşkar olunan boyaq küpləri və ətrafına səpələnmiş boyaq tozları analiz üçün Mərmərə Universitetinin professoru Rəcəb Qaradağa göndərilmişdir. Analiz nəticəsində bəlli olmuşdur ki, həmin boyaq təbii bitki mənşəli olub, boyaqotudur (latın dilində Rubia Tinctorium L.) Boyaqotu istehsalı və ixracı XVIII əsrin əsas hadisələrindəndir, bəzən həmin əsri bu səbəbdən Boyaqotu əsri də adlandırırlar.
Şəhərin evləri və dükanları ilə yanaşı çox maraqlı memarlıq həlli olan iri ictimai binaları da üzə çıxmışdır. Onlardan yeraltı hamam, Cümə məscidi və buzxananı xüsusilə qeyd edə bilərik. Yeraltı hamamın giriş qapısı, hamama düşən pilləkən, hamama gələn daş döşənmiş yol, hamama bitişik yardımçı otaqlar, həmin otaqlar qarşısındakı daş döşənmiş geniş meydan və çarhovuzu tədqiq edilmişdir. Hamam mərkəzində çarhovuzu, kənarlara doğru hücrələrə bənzər bölmələri olan istirahət otağından, soyunub-geyinmə otağından və vanna-otaqlardan ibarətdir. Hamam döşəmənin altı boyunca işlənmiş mükəmməl isitmə sisteminə malikdir. Tüstü və istiliyin hərəkəti, dövr etməsi üçün səliqə ilə yonulmuş mədən daşlarından və bişmiş kərpicdən şəbəkə işlənmişdir. Başlanğıcını hamamın şərq kənarında yerləşən və üstü tağvarı formada bağlanan ocaqdan götürən isitmə şəbəkəsi hamam otaqlarının döşəməsinin altı ilə soyunub-geyinmə otağının qərb divarınadək uzanır və oradan iki ədəd baca ilə binanın üstünə qalxır. Hamamın üstü demək olar ki, bütünlüklə çöküb. Yalnız bəzi yerlərdə qalan tikinti hissələri binanın üstünün bişmiş kərpicdən tağvari formada hörülmüş örtüklə bağlandığını deməyə əsas verir. Hamam-kompleksin digər hissələrinin, xüsusən də istirahət otağındakı çarhovuzun dövrəsində olan hücrə-mərtəbələrin də üstü bişmiş kərpiclə tağvari formada bağlanmışdır. Soyunub-geyinmə otağından istirahət otağına keçidin üstünün də məhz bişmiş kərpiclə tağvari formada bağlandığı aydın müşahidə olunur. Hamamın içərisinin işıqlandırılması onun üstündəki daş günbəzlərdə oyulmuş gözlük-pəncərələrdən düşən günəş işığı vasitəsi ilə həyata keçirilmişdir. Tədqiqatlar zamanı hamamın içərisindən bir ədəd iri, daha bir ədəd isə nisbətən kiçik ölçülü daş günbəz aşkar olunmuşdur. Aparılan tədqiqatlar, müşahidə, müqayisə və təhlillər özünün mükəmməl memarlıq həlli, daxili strukturu, xüsusilə oradakı çarhovuz, istirahət otağı, habelə ətrafdakı nisbətən elitar binalar və meydan IV sahədə aşkar edilən hamam-kompleksin şəhər elitasına aid məişət obyekti olduğunu söyləməyə əsas verir.
V qazıntı sahəsində aşkar olunan və şərti olaraq şəhərin Cümə məscidi adlandırılan nisbətən iri ölçülü binanın ümumi sahəsi 576 kvadratmetr (36x16 m) təşkil edir. Bu, hələlik Ağsuda aşkar edilən ən möhtəşəm tikinti qalığıdır. Məscidin divarlarının bünövrə hissəsi çay daşından, divarları isə çiy kərpicdən inşa edilmişdir. Tikintidə istifadə olunan çiy kərpiclərin ölçüsü 20x20x5 sm-dir. Məscidin tikintisində həmçinin çoxlu sayda ağac materialdan da istifadə olunmuşdur. Axtarışlar zamanı məscidin ağac sütunlarının, qapı altlıqlarının, kətillərin qalıqlarından ibarət olan çoxsaylı ağac materiallarının qalıqları qeydə alınmışdır. Ağac materiallar bir-birinə əsasən iri dəmir mismar və qarmaqlar vasitəsilə bərkidilmişdir. Məscid binası möhtəşəm divarlarla yanaşı, həm də bir-birindən 2,5 m məsafədə yerləşən ağac sütunlar üzərində ucaldılıb. Bunu məscidin içərisində aşkar olunmuş daş sütun altlıqları da təsdiq edir. Xatırladaq ki, orada mədən daşından səliqə ilə yonulmuş 56 ədəd sütun altlığı aşkar olunmuşdur. Sütun altlıqları əsas hissə, ağac sütunun bütün dairəsi boyunca oturduğu hamar hissə və sütunların çıxıntısının oturduğu kiçik yuvacıqdan ibarətdir. Mütəxəssislərin təyinatına əsasən məscidin sütunlarının palıd ağacından olduğu müəyyən edilib. Şirvan bölgəsində elə indinin özündə də sakinlər fərdi evlər inşa edərkən sütun kimi daha çox palıd materialından istifadə edirlər. Məscidin döşəməsinin torpağı yaxşıca döyülmüş, səliqə ilə suvanmışdır. Məscidin cənub divarları boyunca olmaqla mehrab yeri aşkar edilmişdir. Məscidin pəncərələri tağvari formada olub, əsasən bişmiş kərpic və gəclə tikilmişdir. Qazıntılar davam etdirilərkən tikintinin xarici divarları boyunca çoxlu miqdarda kirəmit qalıqları aşkar olunub. Kirəmitlərin hamısı novvari formalıdır. Kirəmitlər məscid dağılarkən binanın ətrafına tökülmüşdür. Aşkar olunan bütöv kirəmit nümunələri azlıq təşkil etsə də, sınıq vəziyyətdə olan nümunələrin sayı minlərlədir. Kirəmitlərin çəkisi orta hesabla 800-950 qram, uzunluğu 30 sm, eni enli hissədə 12, dar hissədə 8 sm, qalınlığı isə 2 sm-dir. Qeyd edək ki, məscid binası hələlik Ağsu şəhər yerində tapılan və üstü kirəmitlə örtülmüş olan ilk binadır. Təqribi hesablamalara görə Ağsu cümə məscidinin üstünün örtülməsi məqsədilə təqribən 60 min ədəddən çox kirəmit istifadə olunmuşdur. Bu isə təqribən 50 tona yaxın yük deməkdir. Göründüyü kimi, belə bir möhtəşəm tikintini inşa etmək mühəndis-texniki baxımından o qədər də asan bir iş deyildir. Əlbəttə, belə bir tikintinin mövcudluğu XVIII əsrdə Ağsuda tikinti mədəniyyətinin mühəndis-texniki həllinin kifayət qədər yüksək səviyyədə olduğundan xəbər verir.
V sahədə qazıntı davam etdirilərkən məscidin şimala açılan geniş həyəti aşkar olunub. Maraqlıdır ki, həyət çox yerdə əhəngdaşından yonulan iri həcmli plitələrlə döşənmişdir. Məscidin həyəti qərb tərəfdə əhəngdaşı və bişmiş kərpiclə, şərq və şimal tərəfdə isə çaydaşı ilə hörülmüş hasarla əhatə edilmişdir. Həyətin ortasında məscidə gələnlərin dəstəmaz almaları üçün xüsusi su quyusu olduğu müəyyənləşdirilmişdir. Məsciddən bir qədər şimal tərəfdə məscidin mollasına məxsus qəbir daşı aşkarlanmışdır. Onun ətrafında isə bir neçə uşaq qəbiri qeydə alınmışdır.
VII qazıntı sahəsi adlandırılan şəhər ərazisindəki ən çökək yerdə aparılan tədqiqat zamanı buzxana-anbar aşkar edilmişdır. Həmin çökəklik kosmosdan çəkilmiş fotolarda belə aydın izlənilir. Buzxana-anbarın ümumi uzunluğu 30 m, eni 8 m təşkil edir. İçərisində çoxlu miqdarda daş töküntüsü vardı. Onların da hamısı tikintidə istifadə olunmuş, yəni, ən azı bir tərəfi yonulmuş daşlardır. Tədqiqatlar davam etdirilərkən tikintinin şərq divarının içəri tərəfdən gəc məhlulu ilə səliqə ilə suvandığı məlum olmuşdur. Şimal tərəfdə isə binaya girişə aid olan daş pilləkən qalıqları aşkara çıxarılmışdır. Təmizlənmiş pillələrin sayı 20 ədəddir. Pilləkənin eni 1,3 metrdir. Qazıntı işləri davam etdirilərkən qərb və cənub istiqamətlərdə də divar qalıqları aşkar edilmişdir. Diqqət çəkən məqamlardan birisi də odur ki, binanın divarlarının möhkəmliyini təmin etmək məqsədilə bir çox yerdə ağac kəmər işlənmişdir. Sonradan divar suvanarkən həmin kəmər də suvağın altında qalmışdır. Əvvəlcə şimal tərəfdə binanın içərisi döşəməyədək təmizlənib. Təmizləmə işi davam etdirilərkən tikintinin döşəməsinin bişmiş kərpicdən ibarət olduğu üzə çıxıb. Kərpiclərin ölçüsü 22x22x4 sm və 22,5x22,5x4 sm-dir. Tikintinin şimal hissəsində qazıntı davam etdirilərkən kərpic döşəmənin üzərində qalınlığı 70-80 sm olmaqla lil təbəqə qeydə alınıb. Tədqiqatın sonrakı mərhələsində lil təbəqəsinin eyni ilə bütün ərazini əhatə etdiyi müəyyən olunub. Bu o deməkdir ki, XVIII əsrin sonlarında güclü leysan yağışları və ərazini sel basması nəticəsində binanın içərisinə lilli su dolmuşdur. Suyu çəkildikdən sonra isə orada qalın lil təbəqəsindən ibarət çöküntü qalmışdır. Tikintidən və onun ətrafından tapılmış xeyli miqdarda top mərmisi və güllələr binanın rus ordusunun Şirvana hücumu zamanı tamamilə dağıdıldığını düşünməyə əsas verir.
Təbiidir ki, dörd tərəfi möhtəşəm divarlarla əhatə olunan və yer səthindən 7 metr dərində olan sahənin torpağını, tör-töküntü vəziyyətdə olan daş və kərpicləri təmizləmək və onları kənara çıxarmaq ekspedisiya heyəti üçün getdikcə daha artıq çətinlik yaratmışdır. İçərisi tam şəkildə təmizləndikdən sonra anbar-buzxananın ümumi görünüşü və bütün ölçüləri tam şəkildə müəyyən edilmişdir. Binanın ümumi sahəsi 243.3 kv.m, içəridən uzunluğu 30 m, çöldən-çölə uzunluğu 34.6 m, daxildən eni 8 m, çöldən eni 11.7 m, divarlarının qalınlığı 1.9 m-dir. Döşəmədə hər sırada eninə 34, uzununa 127 ədəd kərpic döşəməklə cəmi 4318 ədəd kərpicdən istifadə olunmuşdur. Tikili xanlığın baş buzxana-anbar funksiyasını daşımış, birbaşa şəhər və ya xanlığın rəhbərliyinin sərəncamında olan strateji məhsulların, həm də daha çox ərzaq məhsullarının saxlanılması üçün istifadə edilmişdir. Məlum olduğu kimi, Ağsu kifayət qədər isti iqlimə malik ərazidə yerləşir. Yay aylarında orada hərarət xüsusilə yüksək olur. Belə çətin iqlim şəraiti olan yerdə ərzaq məhsullarının, xüsusən də gündəlik tələb olunan ərzaq məhsullarını saxlamaq olduqca çətindir. Qədim və orta əsrlər dövründə bu qəbildən olan ərzaq məhsullarının saxlanması məqsədilə buna bənzər yeraltı tikili və qurğulardan geniş istifadə olunduğu bəllidir. Ağsuda aşkar edilmiş XVIII əsrə aid buzxana-anbar hələlik Azərbaycan ərazisində elmə məlum olan bu növ tikintilərin demək olar ki, ən nəhəngi və ən mükəmməlidir.
Buzxana-anbarda aşkar olunan tapıntılar içərisində misdən hazırlanmış qazan, satıl, cam, sini, piyalə və dar boğaz bardaq nümunələri xüsusi maraq doğurur. Bu tip əşyalardan buzxana-anbara nəzarət edən insanlar daha çox məhz ölçü qabları kimi istifadə etmişlər. Buzxana-anbarda iki ədəd qızıl və gümüş sikkə dəfinəsi də tapılmışdır.
Konservasiya və örtük işləri. Azərbaycanda uzun illər arxeoloji tədqiqatlar aparılsa da konservasiya və bərpa işləri diqqətdən kənarda qalmışdır. Odur ki, bu gün arxeoloji tədqqiatlar aparılan Qəbələ, Gəncə, Beyləqan, Şamaxı kimi iri şəhər yerlərində arxeoloji tədqiqatların izləri belə qalmamışdır. Arxeoloqların açdığı iri çuxurlar isə bəzən məişət və təsərrüfat tullantılarının atıldığı yerlərə çevrilmişdir.
Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsi Azərbaycanda arxeoloji baxımdan öyrənilməsinə əhəmiyyət verilməyən son orta əsr tarixini araşdırmağa imkan verdiyi kimi əsas hissəsi çiy kərpicdən olan tikili qalıqlarından ibarət arxeoloji sahələrin üzərinin örtülməsi və konservasiyası məsələsini gündəmə gətirmişdir.
İlkin mərhələdə Türkiyə Çatal-Höyük nümunəsi əsas alınaraq layihə hazırlanmış və III qazıntı sahəsinin, yəni sənətkarlıq məhəlləsinin üzərinin örtülməsi qərarlaşdırılmışdır. Çatal-Höyük nümunəsindən fərqli olaraq qazıntı sahəsində beton kəmərlər və plastik örtüklər istisna edilmiş, dəmir-beton sütunlar və metal konstruksiyalar, eləcə də metal örtüklərdən istifadə olunmuşdur. Tanınmış memar və mühəndislərin məsləhətləri nəzərə alınmış, Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsi ilə bütün layihə təklifləri razılaşdırılmışdır. Sənətkarlıq məhəlləsi layihəsi nəinki arxeoloji tikili qalıqlarını, eləcə də arxeoloji tapıntıları da sərgiləməyə imkan yaratmışdır. Taxta döşəməli marşurut boyunca ekspozisiyanı izləyən ziyarətçilər panellərdən də qazıntılarla bağlı informasiya ala bilirlər.
2012-ci ildə hamamın da daxil olduğu IV qazıntı sahəsinin üzəri metal konstruksiya və örtüklə örtülmüşdür. Məqsəd qazıntı sahəsinin böyüklüyünü nəzərə çatdrmaqla yanaşı, buradan aşkar olunmuş tikili qalıqlarını konservasiya edərək şəhər topoqrafiyasını əyani şəkildə təqdim etmək olmuşdur. Yaşayış evlərindən sənətkar dükanlarına, paralel küçələrdən kiçik dalanlara, məhəllə divarlarından şimal qala divarına, içməli su kəhrizlərindən kanalizasiya xətlərinə, yeraltı hamamdan şəhər meydanı və ictimai iaşə obyektlərinə qədər qalıqlar sanki bir müstəvi üzərində təqdim edilir.
Bütün ərazidə qazıntının başa çatdığı torpaq təbəqə tozlanmasın deyə palçıqla suvanmış, küllənmiş və şirələnmişdir. Bu yanaşma arxeoloji qalıqları qoruduğu kimi, bölgənin etnoqrafiyasını da ziyarətçilərə təqdim etməyə imkan verir.
Hamamın divarları italyan professor Luigi Scrinzinin məsləhəti və MİRAS İctimai Birliyinin Konservasiya və Bərpa şöbəsinin üzvlərinin iştirakı ilə konservasiya olunmuşdur. Heç bir kənar müdaxilə olmadan, müasir konservasiya üsullarına əsaslanaraq divarlar təmizlənmiş, aşınmaya və dağılmağa meylli hissələr məhlullar vasitəsilə bərkidilmişdir.
2012-ci ilin sonlarında Cümə məscidinin üzəri metal konstruksiya və örtüklə örtülmüş, içərisində “Orta əsr Ağsu şəhərində mədəniyyət” mövzusunda ekspozisiyanın hazırlanması nəzərdə tutulmuşdur.
Məscidin çiy kərpicdən divarları məhlullarla möhkəmləndirilmiş, çay daşından bünövrəsi və mədən daşından sütun altlıqları olduğu kimi saxlanılmışdır. Məscidin həyətinin ətrafına çəkilmiş hasar gəc məhlulla işlənmiş, üzərinə sudan qoruyan və şəffaf görünən, alman istehsalı olan məhlul çəkilmişdir.
Konservasiya edilmiş sahələr MİRAS İctimai Birliyinin Ağsu təcrübəsinin əsas hissəsi olmaqla yanaşı, kompleksin saxlanılması və idarə edilməsi kimi başqa bir problemi də yaratmışdır. Kompleksin konservasiya edilmiş və edilməmiş hissələrinin saxlanılması üçün xüsusi işçilər müəyyən edilmişdir ki, onlar da mütəmadi olaraq kompleksdə təmizlik işləri aparırlar.
Arxeoloji tədqiqatlar davam edir. 2012-ci ildə Ağsu arxeoloji ekspedisiyasının rəhbərliyi rayon sakinlərinin şifahi məlumatı əsasında Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki türbə yerinə baxış keçirərkən orada orta əsrlərə aid möhtəşəm tikinti qalıqlarının olduğunu aşkar ediblər. Bundan sonra Ağsu Arxeoloji Ekspedisiyasının rəhbəri Qafar Cəbiyevin rəhbərliyi ilə abidəni xilas etmək məqsədilə ilkin arxeoloji kəşfiyyat qazıntıları aparılıb. Arxeoloqlar ərazidən səliqə ilə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla üzü qiblə istiqamətində tikilən düzbucaqlı formasında binanı aşkara çıxarıblar. Bina təqribən 400 kvadratmetrə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrələrdən ibarətdir.
Qazıntı zamanı aşkar edilən tapıntılar içərisində həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir. Memarlıq xüsusiyyətləri, qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq-hücrələrinin mövcudluğu aşkar olunan binanın daha çox məscid və ya mədrəsə olması ehtimalını artırır.
Əbu Müslimin Azərbaycanda islamı yaymaq və möhkəmləndirmək fəaliyyəti ilə əlaqələndirilən və VIII əsrə aid edilən məscidlərdən birinin qalıqları Cəmil Aleksandroviç-Nasifi tərəfindən 1926-cı ildə Ağsu rayonu ərazisində aşkarlanıb tədqiq edilmişdir. Mütəxəssislərin gəldiyi qənaətə görə, Şamaxı Cümə məscidi ilə eyni plan quruluşuna malik bu tikili onunla həmdövr olmuş və dəfələrlə təmir edilmişdir (Azərbaycan Arxeologiyası 2008, səh. 189). Böyük ehtimal ki, Şıxməzid tapıntısı elə həmin məscidin qalıqlarıdır.
Bu ərazidə aşkar edilən qəbirlərdə dəfn edilən şəxslər islam qaydası üzrə, yəni sağ çiyini və üzü qibləyə dəfn olunsa da, ortaya daha maraqlı faktlar çıxıb. Maraqlıdır ki, əksər qəbirlərin üzəri 4, 6, 8 ədəd səhənglə örtülüb. Belə dəfn adətinə hələ də heç bir müsəlman ölkəsində rast gəlinməyib.
Zəki Vəlidi Toğan əslən Polşa tatarı olan alim Cəmil Aleksandroviç Nasifiyə istinadən Nadir şahın dövründə Şirvanın paytaxtı kimi qəbul olunması ilə əlaqədar adı göstərilən Ağsunun hələ XIV əsrdə monqollar və Teymur zamanında böyük əhəmiyyətə malik olduğunu yazır. Nasifi Ağsunun 1,5 km şimalında olan Şeyx Məzid türbəsinin, əvvəlcə zənn edildiyi kimi, XVII əsrə aid abidə olmayıb daha qədim olduğunu göstərir. Rəvayətə görə, Şeyx Məzid bir təbib-alim imiş. Türbənin qapısında binanı tikən şamaxılı Şeyx Şəmsəddinin kitabəsində verilən yeddi yüz doqsan qeydindən abidənin 1388/89-cu ilə aid olduğu bilinir. Nasifi Ağsudan 3 km şimali-şərqdə alim və müctəhid “Şeyx Dursun ibn Əhməd bəy əl-Gilani”nin, üzərindəki kitabəsindən 806-cı ilin zilqədə ayında (may, 1404) tikildiyi bilinən, türbəsini [də] ziyarət etmişdir. Yəni hər iki abidə Teymurun və Şirvanşah Şeyx İbrahimin dövrünə aiddir. 1647-ci ildə Ağsuda olan Övliya Çələbi buranın min evli, cameli, karvansara və hamamlı, bağlı-bağçalı abad qəsəbə olduğunu yazır. Övliya, eyni zamanda həmin Ağsu çayı yanında Fərruxzar adlanan kiçik bir şəhər barədə də məlumat verir (Vəlidi Ə.Z. 2009).
Rayonun yaşlı sakinlərinin dediyinə görə, Şıxməzid məhəlləsindəki məscid və türbə ötən əsrin 30-cu illərində sovet rejimi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində dağıdılıb. İlkin tədqiqatlar zamanı üst qatdan aşkar olunan tapıntıların təhlili göstərir ki, Şıxməzid məhəlləsindəki məsciddən XVI əsrin II yarısından XX əsrin 30-cu illərinədək intensiv istifadədə olub. Ərazidə qazıntı və tədqiqat işləri gələcəkdə də davam etdiriləcək.
Ədəbiyyat:
Bakıxanov A.A. 1991.
Gülüstan-i İrəm. Bakı: Elm, 1991, s. 304.
Cəbiyev.Q.C., Xəlilli F.S. 2010
Ağsu şəhəri orta əsrlərdə. I-III cildlər. Bakı: CBS, 2010-2011.
Cəbiyev.Q.C., Xəlilli F.S. 2011
Ağsuda arxeoloji tədqiqatlar (I məqalə). Miras jurnalı, № 1, Bakı, sentyabr 2011.
Cəbiyev.Q.C., Xəlilli F.S. 2012
Ağsuda arxeoloji tədqiqatlar (II məqalə). Miras jurnalı, № 2, Bakı, mart 2012.
Cəbiyev.Q.C., Xəlilli F.S. 2012a
Ağsuda arxeoloji tədqiqatlar (III məqalə). Miras jurnalı, № 3, Bakı, iyun 2012.
Arxeoloqlar... 2012
Arxeoloqlar qızıl dəfinəsi aşkar etdilər. Miras jurnalı, № 4, Bakı, sentyabr 2012.
Azərbaycan Arxeologiyası... 2008
Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı: Şərq-Qərb, 2008, 632 səh.
Jabiyev G.J., Khalilli F.S. 2010
Medieval Agsu Town. 1st vol. Baku: CBS, 2010, p. 177.
Jabiyev.G.J., Khalilli F.S. 2012
Archaeological excavations in Agsu, Azerbaijan // Archaeology Times, Online Magazine, İssue 2, Jan-Feb, 2012, p. 62-65.
Osmanov F.L. 2006
Ağsuda arxeoloji tədqiqatlar. Bakı: Adiloğlu, 2006, s. 180.
Vəlidi Ə.Z. 2009
Azərbaycanın tarixi coğrafiyası. Bakı: Təhsil, 2009, 112 səh.
www.miras.az
www.agsuexpedition.org
Qeyd: Məqalənin fotoları Məmməd Rəhimova aiddir.