Azərbaycanlıların soyqırımı Qafqaz İslam Ordusuna dair mənbələrdə

1917-1918-ci illərdə ermənilər təkxalqlı “Böyük Ermənistan” xülyası ilə azərbaycanlıları soyqırıma məruz qoyanda onların köməyinə qardaş Osmanlı dövlətinin iradəsinin gəldiyini hər bir azərbaycanlı istər cümhuriyyət, istər sovet, istərsə də müstəqillik illərində bu və ya digər səviyyədə xatırlamış və xatırlayır. Bu iradənin ən bariz nümunəsi “Qafqaz İslam Ordusu” olmuşdur. Bu tezisdə Qafqaz İslam Ordusu ilə əlaqəli bəzi mənbələr işığında azərbaycanlıların soyqırımına diqqət yetirilir.

Belə mənbələrdən biri 7 may 1918-ci ildə Bakıya gələn Brandner adlı alman casusunun raportlarıdır. Həmin raportların birində ermənilərin Bakıda törətdiyi qətliyamlar haqqında aşağıdakı məlumatlar vardır: “Bakı 3 apreldən etibarən bolşeviklərin əlində və Tiflislə əlaqəsi tam kəsilmiş vəziyyətdə idi… azərilərin 400–500 nəfərlik nizami birlikləri vardı. Əksinə, ermənilərin yanvar ayından bəri bir, bolşeviklərin də iki yarım alay əsgəri vardı. Qətliyam 31 mart günü başladı və 3 aprel günü qurtardı. Təxminən 12 min nəfər öldü. Bəzi evlər yandırıldı, bəzi evlər də top atəşləri nəticəsində yox edildi. Əlimdə ermənilərin qətliyam tərətdiklərini sənədləşdirən bəzi fotolar var. Burada bir azəri soyqırımından söhbət gedə bilər. Qaça bilməyən azərilər evlərində ermənilər tərəfindən öldürüldülər. Ermənilər hamilə ananın qarnındakı dölləri deşib çıxarmışlar. Uşaqlar da bu qətliyamlarda nəsibini almışdır. Bu qətliyama görə, ruslarla ermənilər arasında bir soyuqluq olduğu nəzərə çarpır…” (1).
Qafqaz İslam Ordusuna dair mənbələrdən biri isə Polkovnik Rüştü bəyin “Bakı yollarında” əsəridir. Hərbi sənədlər toplusu halında olan bu əsərdə erməni vəhşiliklərini göstərən aşağıdakı faktlar var:
“…Taborun (Qafqaz İslam Ordusuna məxsus – X.F.) bu məğlubiyyətində (Qaraməryəm tərəfdə – X.F.) havanın qızmar boğucu isti olması ilə bərabər ağrılı susuzluq da mühüm amil olmuşdur. Susuzluqdan və istidən insan boyu qədər otlu yamacda taqətsiz qalan zabit və sıravi əsgərlərimiz qaniçən ermənilər tərəfindən parça-parça edilmişdir. Sonradan diviziya tərəfindən edilən hücumda bu faciə və cinayətlər tamamilə görünmüş, məlum olmuşdur.
…Ermənilər Qutqaşen tərəflərdə iyirmidən çox müsəlman kəndini yandırmışlar. Qayabaşı hərəkatını Qutqaşen üzərindən ayrı bir qol şəklində daha da irəliyə aparmağı münasib görürəm.
“…İrandakı Baratov rus hərbi qüvvəsindən Bakıya müəyyən miqdarda qüvvə gəldiyi, ermənilərin son hərəkatlarında əllidən çox müsəlman kəndini yandırdıqları, qaça bilməyən sakinlərin öldürüldüyü” bildirildi…” (2).
Qafqaz İslam Ordusunun gənc zabiti Əbdülhadi bəy döyüş yolu ilə əlaqədar xatirə dəftəri tutmuşdur. Həmin dəftərdə ordunun keşməkeşli yolu haqqında maraqlı məlumatlar vardır. Soyqırım haqda gənc zabitin qeydləri isə bu günün gəncləri üçün ibrətamizdir. Əbdülhadi bəy dalbadal bir neçə dəfə “unudulmamalıdır, unudulmamalıdır” şəklində yazaraq özündən sonra gələn nəsillərin bu soyqırım faktlarının üzərində mütləq durmasını nəsihət edir:
“Ermənilər bu ətrafdakı bütün müsəlman kəndlərini yandırmış, əhalisini qətl və məhv etmişdir. Bu kənd həmd olsun, özünü qurtarmışdır. Burada ermənilər kişi deyiləcək heç kimi saxlamamışlar. Hamısını samanlıqlara doldurararq məhv etmişdir. Bununla yanaşı, bütün mal-qara və inəkləri güllələmişlər. Minlərlə mal-qara leşləri vardır. Bu qətliyamı görəndə qan ağlamamaq mümkün deyil. Unudulmayacaq günlərdir. Vay, zavallı müsəlmanlar (…) Müsəlmanları məhv etmək və şərqdə bir erməni höküməti təşkil etmək qayəsi ilə məmləkətimizdə çalışan və hər gün ixtilal (iğtişaş) çıxaran ermənilər müsəlmanlara nə qədər faciəli zülmlər etdikləri və neçə-neçə müsəlman kənd və qəsəbələrini məhv etdikləri məlumdur. Rusların çəkilməsindən sonra çox seri olarak toplanan və rusların silahlarından istifadə edərək tərk edilən top və tüfənglə silahlanan ermənilər, rusların işğal etdikləri məntəqələrə Böyük Zülmlər etmişlər. Şərq vilayətlərimizin ən mühümü olan Ərzurumda da eyni faciələr törətmişlər. Burada bir məlumata görə 2300, digər məlumata görə 10000 müsəlman qardaşımızı məhv etmişlər, bir çox evləri, məscidləri dağıtmışlar. Edilən faciəli zülmlər təsəvvür edilməz bir dərəcədədir. Bir çox müsəlman uşaqların kəllələrini, bir çox qadınların naməhrəm yerlərini kəsərək kəsdikləri uşağın kəlləsini ağzına verməklə, bir çox insanların ciyərlərini çıxararaq divarlara mıxla vurmuş, bir çox bədəni, əlləri, kəllələri divarlardan asmışlar. Artıq ermənilərin müsəlmanlara etdikləri zülmlər haqqında uzun-uzadı yazmağa lüzum görmürəm. Şərq vilayətlərimizdə olan müsəlman qardaşlarımız, kəndlilərimiz, qəsəbəlilərimiz bu böyük zülmlərə şahiddir. Bunun üçün müsəlmanlar bu faciəni əbədi olaraq unutmamalıdır. Bu zülmləri unutmayaq, unutmayaq, unutmayaq, unutmayaq, unutmayaq” (3).

İstifadə edilən ədəbiyyat:

1. Çolak M. Alman Arşiv Belgelerine Göre Alman İmparatorluğu’nun Doğu Siyaseti Çerçevesinde Kafkasya Politikası (1914–1918). Dokt. diss., Samsun 1999.
2. Rüştü. Büyük Harpte Bakü Yollarında 5. Kafkas Piyade Fırkası // Askeri Mecmua’nın Tarih Kısmı, 1 Haziran 1334.
3. Arslan E. Bozgundan Zafere/Musullu Abdulhadinin İzinde. İstanbul: Phoenix, 2005, 442 s.

Oxunub: 746