Tariximizdə kimlik problemi

Çox insanlar, savadlı və ya savadsız, toplumun hər təbəqəsindən olan vətəndaşlarımız sual edirlər, biz kimik? Bu mənada talış, ləzgi, tat, saxur, avar, kürd yurddaşlarımız çox şanslıdırlar. Çünki, kimlik problemləri yoxdur. Onlar elə özləridir, tarixləri də bəllidir. Bu torpaqlarda necə məskən saldıqları, necə yaşadıqları, tarix yaratdıqları, bu günə hansı tarixi missiya ilə gəldikləri bəllidir.
Bəs mən kiməm, biz kimik? Azərbaycanlı, Azərbaycan türkü, oğuz türkü, türk… Özümə ad tapa bilmirəm, öz adımı bilməyimə rəğmən. Mən deyə bilmirəm ki, mən böyük türkün bir parçasıyam, mənim tarixim bu tarixin bir fəsilidir. Olmaz, ola bilməz, mən ayrılmalıyam, ayrı olmalıyam, mənim tarixim Altayla, Orta Asiya, Şimali Qafqazla bağlı ola bilməz. Mənim babalarım məhz buralı olmalıdır, yoxsa mən kimliyimi sübut edə bilmərəm, mütləq alban və ya atropatenli ilə evlənməli, buranın övladı olmalıdır.
Azərbaycan coğrafi məfhumdur, onun sakinləri azərbaycanlılardır. Amma Azərbaycanın sakinləri bizim başa düşdüyümüz azərbaycanlılar deyil, bu sakinlikdə, azərbaycanlılıqda burada yaşayan bütün xalqların payı var, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar azərbaycanlıdır. Bu mənada mənə kimlik problemi qalmır. O zaman tarix də bu coğrafi məkanın, Azərbaycanın tarixi olur, hər kəs öz adı ilə çağırılır, təqdim olunur, amma yekunda Azərbaycan tarixi yazılır. O zaman burada yaşamış, savaşmış, tarix yazmış hər kəs bütün ziddiyyətlərə rəğmən, davası bəlli olmadan da olsa, Azərbaycanın milli qəhrəmanıdır, İranzu, Kiaksar, Atropat, Oroys, Cavanşir, Babək, Əbu Sac Divdad, Şəmsəddin Eldəniz, Qara Yusif, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və b.
Kimlik problemi bizim bayrağımızda öz əksini, həllini tapıb, bizim babalarımız kimliyimizi bizə göstəriblər, biz türkük, irəliyə, daim yeniliyə baxan müsəlman türk. XX əsrin əvvəlində Mirzə Ələkbər Sabirin “Osmanlıdan türkə tərcümə, nə demək” dediyini xatırlayıram. XX əsrin sonunda Ümummilli Lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” ifadəsinin tarixi yükü də hamıya bəllidir.
Unutmamalıyıq ki, hal-hazırda biz Sovet tarixşünaslığının ənənəsinə sadiq qalaraq tariximizə “dost-düşmən” prizmasından baxırıq, unuduruq ki, dost da özümüzük, düşmən də. Hər dövrün tarixinə elə cür reaksiya veririk ki, sanki düşməni müəyyən edib, onu edam etməliyik.
Romalılar respublika dövründə Albaniyaya yürüş edirlər, düşməndirlər. İmperiya dövründə siyasi vəziyyətdən asılı olaraq romalılar Albaniyaya dostdurlar. Müasir tarixçi problemi özününkü kimi qəbul edir, obyektivlikdən uzaqlaşır, bir zaman düşmənçilik, bir zaman dostluq edən xalqların problemini bu gün həll etməyə çalışır.
İstər Arşakilər, istərsə də Sasanilər dövründə İranın Albaniya ilə dostluq və düşmənçilik vəziyyəti mövcud olmuşdur, baxmayaraq ki, Albaniya hökmdarları daim bu sülalələrlə qohum olmuş, həmin soydan gəlmişlər. Müasir tarixçi bugünkü prizmasından dost və düşmən axtarışına çıxır, sasanilər və mehranilər arasındakı düşmənçiliyi özününküləşdirir və “sasanilər onlar, mehranilər biz” nəticəsinə gəlir.
Müsəlmanların bütün dünyanı bürüyən fəthləri də müsəlman olmağımıza rəğmən bizə düşmənçilik prizmasından yeridilir. Müasir tarixçi həmin tarixi hadisələrə yenə də öz anlayış çərçivəsindən yanaşır, Peyğəmbər (s.a.s.) və onun səhabələrini bir fars sülaləsinin idarə etdiyi Atropatenaya və Albaniyaya niyə girdiyinə və islamı niyə gətirdiyinə görə mühakimə edir, qınayır. İslamın Azərbaycanda toleranslıqla yayılmasına, çoxsaylı müqavilələr imzalanmasına, yerli sakinlərin Quran öyrənmək istəklərinə, səhabələrin şəhidliklərinə barmaqarası baxan tarixçi hələ də sovet tarixşünaslığının çərçivəsindən çıxa bilmir, bu tarixi zamanın və insanların öz mühakiməsinə buraxa bilmir, öz prizmasından görünənləri cəmiyyətə və gələcək nəsilə təlqin edir. Yeri gəlmişkən, tarixdə Ərəb Xilafəti anlayışı yoxdur, İslam dövləti anlayışı var, ərəblərin yürüşü anlayışı yoxdur, İslam fütuhatı anlayışı var, bu olmayan anlayışlar Avropa və Sovet tarixşünaslığının qəsdən gətirdiyi anlayışlardır.
İslam dövlətini düşmən görən müasir tarixçi ondan qurtulmağa çalışan üsyançıların tərəfindədir, baxmayaraq ki, üsyan rəhbərlərinin əksəriyyəti ərəb mənşəlidir (atası ərəb, anası fars olan Babək də daxil olmaqla), mərkəzi hakimiyyətdən yayınan ərəb feodallarının mənafeyini müdafiə edir, yeni pay torpaqları və mənfəət umurdular. Bu davada isə onların köməyinə yerli feodallar gəldilər. Türk mənşəli Afşin üsyançıları məğlub etdiyinə və Babəki xəlifəyə təslim etdiyinə görə müasir tarixçinin qınaq obyektindədir.
IX-X əsrlərdə yaranan yerli feodal dövlətlərin əksəriyyəti ərəb mənşəli sülalələr tərəfindən idarə olunmasına (türk mənşəli Sacilər istisna olmaqla) rəğmən tarixçi yenidən İslam dövləti çərçivəsində xəlifənin razılığı ilə yaradılan bu dövlətləri feodallıqdan çıxarır və azərbaycanlılaşdırır (Şirvanşahlar da daxil olmaqla).
Yeni düşmənlər peyda olmağa başlayır, Azərbaycan üçün. Xəzərlər, səlcuqlar, qıpçaqlar, monqol-tatarlar, hülakülər, cəlairilər, teymurilər, qaraqoyunlular, ağqoyunlular, osmanlılar, əfşarlar, qacarlar (yalnız səfəvilər istisna olmaqla) Azərbaycana yürüş edir, işğal və istila edir, yağmalayır. Bu nə tarixdir, bu kimin tarixidir, belə Azərbaycan tarixi olarmı? Müsəlmanlar düşmən, türklər düşmən. Bəs Azərbaycanlıların tarixdə dostu kimdir?
Atəşpərəst Atropatena, bütpərəst və xristian Albaniya, şiə Səfəvilər, xristian Rusiya, ateist SSRİ, modern Avropa bizim tariximizdə mütərəqqi məqamları daşıyırmış, bizim tarix bizə bunu aşılayır. Azərbaycan adında ilk dövlət atəşpərəst Atropatenanın, yazı və mədəniyyət xristian Albaniyanın, vahid Azərbaycan şiə Səfəviliyin, milli burjuaziya xristian Rusiyanın, təhsil və sənaye uğurları ateist SSRİ-nin, texnika və müasir mədəniyyət modern Avropanın bizə gətirdikləri kimi təqdim olunur. Bəs bayrağımızdakı, az qala milli ideologiyamız səviyyəsində qəbul olunan türk-islam dünyagörüşü bizə nə verib? Bu dünyagörüşün bizim tariximizdəki yeri nədir?
Bu suallara silsilə yazılarımızda cavab tapmağa çalışacağıq…

Fariz Xəlilli
Tarix üzrə fəlsəfə doktoru


http://www.tarihistan.org/yazarlar/drfariz-khalilli/tariximizd601-kimlik-problemi/3006/

Oxunub: 1299