Çar Rusiyası dövründə canişinlik mərkəzi Tiflis şəhəri olduğundan Qafqazın müxtəlif yerlərindən aşkar edilən arxeoloji materiallar bir qayda olaraq Tiflis Muzeyinə gətirilirdi. Odur ki, həmin dövrdə Azərbaycanın qazıntılar aparılmış bölgələrindən Tiflis Muzeyinə çoxlu sayda arxeoloji materiallar daxil olmuşdur. 1925-ci ildə Tiflis Muzeyi bu maddi-mədəniyyət nümunələrinin müəyyən hissəsini Davud Şərifovun bilavasitə səyi nəticəsində Azərbaycan Tarixi Muzeyinə təhvil vermişdir.
Muzeyin XX əsrin 20-ci illərində tərtib olunmuş iki cildlik baş inventar kitabını araşdırarkən məlum olmuşdur ki, Tiflis Muzeyindən verilən və «Redkin lager» adı ilə Arxeologiya fondunun inventar kitabına daxil olan arxeoloji materialların bir qismi Şuşa, Zəylik (Daşkəsən), Anenfeld (Şəmkir) və Çomaqlıdandır. Həmin materiallar müəyyən edilərək öyrənilmişdir.
Hal-hazırda Tiflis Muzeyi materialları öz elmi dəyərini yalnız əşyanın varlığında və abidənin adında saxlaya bilmişdir. Hətta nə vaxt, necə və kim tərəfindən tapılması qeyd olunmayan bu materialların bu cür yarımçıq qeydiyyatının aparılması tədqiqatçının işini çətinləşdirir. Bir sözlə, əksəriyyəti saxsı məmulatından ibarət olan Redkin lager materialları XIX-XX əsrin əvvəllərində keramikanın dövrünü təyin etmə baxımından etalon kimi götürülürdüsə, indi də elmi əhəmiyyətini itirməmişdir.
Tiflis Muzeyindən daxil olmuş Redkin lagerin tunc məmulatı xəncərlər, xəncər başlıqları, nizə ucluqları, sancaqlar, dingə, boyunbağılar, qolbaqlar, ucları bitişik qolbaqlar, ucları bir-birinin üzərinə keçmiş qolbaqlar, balıqbeli formalı və ucları kənara qatlanmış qolbaqlar, ucları döyülərək kənara qatlanmış iri qolbaqlar, muncuq keçirilmiş sırğalar, quşformalı asma, kəmər, zınqırovlar, məftildən üzük-halqalar, lövhədən üzüklər, pilək və düymələr, iynələr, sümük məmulatı əyircək, alət qırığı, maral buynuzu, dəmir məmulatı iki tərəfi kəsərli xəncər, nizə ucluğu, daş məmulatı yarımkonus daş parçası, çaxmaqdaşı qəlpələri, dəvəgözü qəlpələri, çaxmaqdaşı və dəvəgözündən ox ucları, muncuqlar isə əqiq, balıqqulağı, sümük, şüşə və tuncdan ibarətdir.
Arxeologiya fondunun inventar kitabındakı qeydlərdən Redkin lager qəbirlərindən 55 saylı qəbri Fridrix Bayernin açdığı məlum olur (inv. № 1365-1366). Fridrix Bayern XIX əsrin 70-ci illərində Tiflisdəki Qafqaz Muzeyinin dəvəti ilə Qafqazda mineral kolleksiyaları toplamağa gəlmişdir. Tezliklə onun nəzərini Qafqazda diqqətdən kənarda qalmış qədim qəbirlər cəlb etmişdir. Bu dövrdə Qafqazın Marienfeld, Sartaçalax, Samtavro-Mtsxet, Kazbek və Redkin lager abidələrində aparılan arxeoloji qazıntılar onun adı ilə bağlıdır.
Muzeydə az sayda olsa da Şuşa arxeoloji materillarının olması haqqında heç bir məlumat yox idi. Son zamanlar apardığım araşdırmalar zamanı mənə məlum oldu ki, Redkin lager materialları adı altında qeyd olunmuş tunc gəm (inv. № 1052), ox ucları (inv. № 1037; 1038), xəncər başlığı (inv. № 1057), düymələr (inv. № 1056; 1060), lövhəcik və ya kəmər hissəsi (inv. № 1058; 1051), qolbaqlar (inv. № 1045; 1046), çaxmaqdaşı və dəvəgözüdən ox ucları (inv. № 1039; 1040), əqiq və balıqqulağı muncuqlar (inv. № 1053; 1059; 1054; 1055), heyvan dişləri (inv. № 1048; 1050) və çürümüş ağac parçasından (inv. № 1049) ibarət maddi-mədəniyyət nümunələri məhz Şuşadandır.
Bununla yanaşı, Redkin lager materialları kimi qeyd olunmuş Anenfeld arxeoloji materilları [xəncərlər (inv. № 1026; 1030), nizə ucluğu (inv. № 1027), ox ucluqları (inv. № 1025; 1031; 1034-1035), qolbaq (inv. № 1033), məftildən üzük-halqa (inv. № 1028), maqqaş (inv. № 1029) və müxtəlif muncuqlar], Çomaqlı arxeoloji materilları [üzərində atlı və nəbati naxışlar olan sümük dəstə (inv. № 1095), çaxmaqdaşından bıçaq (inv. № 1505), şirli qab parçaları və kərpic (inv. № 1096-1099), dəmir halqa parçaları (inv. № 1107)], Zəylik arxeoloji materilları [tunc qolbaqlar (inv. № 1093; 1091) ucları bir-birinin üzərinə keçmiş qolbaqlar (inv. № 1089; 1090), quşformalı asma (inv. № 1021), təbərzinbaşlıqlı sancaq (inv. № 1022), dəmirdən düymə və əşyadan bir hissə (inv. № 1092), at gəmi (inv. № 1020), ağ və boz mərmərdən müxtəlif ölçülü əyircəklər (inv. № 1023), əqiq, daş və tunc muncuqlar (inv. № 1024)] dəqiqləşdirilərək seçilmişdir.
Bu arxeoloji materiallar üzərində aparılan elmi-tədqiqat işləri unudulmuş, yaddan çıxmış onlarla maddi-mədəniyyət nümunəsini elmə yenidən qazandıracaqdır.
Nəşr olunduğu yer: Azərbaycan Milli Еlmlər Akadеmiyası aspirantlarının еlmi konfransının matеrialları, iyun 2007-ci il, Bakı: Еlm, 2007, s. 238-239