MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin YOCOCU 2012 Antverpendə beynəlxalq dəyirmi masada çıxışı

Hörmətli gənc həmkarlar!

YOCOCU-nun yaranmasından onun konfranslarında iştirak edirəm. YOCOCU-nun ilk məruzəçisi də mən olmuşam, Romada… Zəif ingiliscəmlə başladığım YOCOCU keçən görüşdə mənim posterimi YOCOCU 2010-un ən yaxşı posteri kimi mükafatlandırdı. Antverpendə Simone Cagnonun təşkilatçılığı ilə hazırlanan bu görüş də öz dinamikliyi ilə seçilir.

Roma görüşündə professor Luigi Campanella məndən “Azərbaycanda mədəni irs hansı təşkilata aiddir?” – deyə soruşmuşdu. Mən cavab vermişdim ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinə. Bu gün Mədəni İrs şöbəsinin əməkdaşı Emil Səfərov bizimlədir. İkincisi mən daha irəli getdim, dostlarla Azərbaycanda mədəni irsi öyrənən, qorumağa dəstək olan, təbliğ edən bir QHT-nin – MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əsasını qoydum. Demək istəyirəm ki, Prof. Luigi Campanellanın bir sualı məni bu yerlərə gətirdi, ona buradan təşəkkürlərimi bildirirəm.

2010-cu ilin yanvarından bu günə qədər xeyli işlər görmüşük, bizim Beynəlxalq Əlaqələr və İnformasiya Şöbəsinin müdiri Şölə Bayramova bunların bir hissəsini sadaladı.

Bu ilin sentyabrında Milana gəlirik. Milanda VI Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsi Simpoziumu/İncəsənət Sərgisi (Arxeologiya, Sənət tarixi, Memarlıq, Elm, Tarix, Ədəbiyyat, İncəsənət və Folklor) olacaq. Milan Politexnik Universiteti ilə müqaviləmiz əsasında bu fəaliyyətləri həyata keçiririk. Prof. Luigi Scrinzi, Prof. Ezio Arlati, Prof. Stefano Della-Torre MİRASa öz dəstəklərini verirlər. Sizləri bu simpoziumda aktiv iştirak etməyə çağırıram.

Yeni yaranan bir ictimai təşkilat olsaq da intizuazmımız və azərbaycanlı əməksevərliyimiz bizi çox iş görməyə sövq edir… Odur ki, Sizlərlə mədəni irsin konservasiyası sahəsində geniş əməkdaşlıq etmək istəyirik. Siz əlinizdən gələn köməyi bizə edin, biz də sizə, paylaşaq, dünyamızı insanların səmimi yaşayacağı bir məkana çevirək.

Biz YOCOCU-nun gələcək görüşünün Azərbaycanda Bakıda keçirilməsini təklif etmişik… Sizlərdən də dəstək gözləyirik.

Diqqətinizə görə çox sağ olun…

Oxunub: 1142