“Çalışırıq “islam arxeologiyası” anlayışını populyarlaşdıraq”
26-9-2012

“Media forum” saytının suallarını “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli cavablandırır.

Birlik 2010-cu ildə yaradılıb. Mədəni irsin öyrənilməsi üzrə elmi-tədqiqat işlərinin aparılmasına, milli-mənəvi dəyərlərin öyrənilməsinə və təbliğinə, tarixi abidələrin təmiri və bərpasına, yaddan çıxmış adət-ənənələrin öyrənilməsinə və gənc nəslə çatdırılmasına kömək məqsədilə fəaliyyət göstərir.

- Fariz müəllim, hazırda hansı layihələr üzərində işləyirsiz?

- Əsas layihəmiz Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlara, aşkar olunan abidələrin konservasiya və bərpasına dəstəklə bağlıdır. Bu layihə üzrə işə 2010-cu ilin mart ayında başlamışıq. Layihəmiz ianələr hesabına reallaşır. Ağsuda bəzi insanlara müraciət etdik, bizə maddi dəstək verdilər.

- İslam abidələrinin qorunması istiqamətində də çalışırsızmı?

- Ağsuda apardığımız tədqiqat işləri məhz bu istiqamətdədir. “İslam arxeologiyası” termini dünyada çox istifadə olunsa da, Azərbaycanda, demək olar, işlənməyib. Buna sovet rejimi imkan verməyib. Tədqiqatlarımız bu gün də sovet dövrünün elmi bilgiləri üzərində qurulduğuna görə bu termin o qədər də geniş yayılmayıb. Çalışırıq “islam arxeologiyası” anlayışını populyarlaşdıraq, ölkədəki islam abidələri arxeoloji cəhətdən daha sıx öyrənilsin.

Tədqiq etdiyimiz XVIII əsr müsəlman şəhərini türk-müsəlman dünyasının böyük cahangirlərindən sayılan Nadir şah 2-3 ilə tikdirib. Şəhər qiblə istiqamətində tikilib, 40 hektarı əhatə edir. O dövr üçün ən böyük və əhalisi çox olan yaşayış məskənlərindən hesab olunur. Bir ara 10 min əhalisi varmış. Demək olar ki, tikintilərin hamısı islam memarlıq üslubuna aiddir. Səfəvilərin son dövrünü, əfşarların ilk illərini əhatə etdiyinə görə burada səfəvi-əfşar memarlığı mövcuddur.

Müsəlman şəhərlərində su və kanalizasiya həmişə ön planda olub. Müsəlmanlar qüsul, dəstəmaz aldıqlarına görə mütləq şəhərin su ehtiyatı təmin olunmalı idi. Bu günə qədər maraqlı tapıntılar üzə çıxıb. Həmin yerdə böyük hamam, su anbarları aşkar olunub. Bunlardan biri Cümə məscidinin yanında 145 tonluq su anbarıdır. Bütün anbarlar, quyular su xətləri ilə təmin olunub. Çox güman ki, şəhərin kənarında daha böyük su anbarı olub və onun suyu duruldulandan sonra şəhərə daxil olub. Xətlər hamısı mailidir, bu imkan verib ki, hansı quyudan su götürülsə, əvvəlki səviyyə bərpa olunsun.

Tədqiq etdiyimiz yerdə 200 kvadrat metrdən çox ərazisi olan iri buzxana-anbar tapmışıq. Uzunluğu 30 metr, eni 8 metr, üstü tağla bağlanmış, bişmiş kərpiclə döşənmiş bu anbarda saraya məxsus ərzaq və əşyaları saxlayıblar. Anbarın cəmi bir girişi var. Ərazidə 37 qızıl, 24 gümüş pul aşkar edilib. Qızıl pullar Milli Azərbaycan Tarix Muzeyinə təhvil verilib, gümüşlərsə yerli fondumuzda saxlanacaq.

- Şəhərdə dini məzmunlu daha hansı elementlər aşkar olunub?

- Biz sırf islam şəhərini tədqiq edirik. 3 qəbiristanlığı var, üçündə də müsəlmanlar dəfn olunub. Milli Azərbaycan Tarix Muzeyinin direktor müavini, gənc epiqraf Həbibə Əliyeva qəbiristanlıqları artıq tədqiq edib. Maraqlı məlumatlar üzə çıxıb.

Din xadimlərinin qəbirlərində “Quran”ın təsviri var. Burada aşkar olunan məscid öz dövrünün ən böyük abidələrindən sayılır. 576 kvadratmetr sahəni əhatə edən məscidin içərisində 56 taxta sütun aşkar etmişik. Divarları çiy kərpiclə hörülüb, üstünə kirəmit vurulub. Qeyd edim ki, bu, kirəmit örtüyü aşkar etdiyimiz yeganə binadır. Məscidin geniş həyəti var. Məscid mollasının qəbri də bu həyətdədir. Təxminən 1788-1789-cu illərdə dəfn olunmuş Məhəmməd adlı bu şəxsin qəbri ətrafında uşaq qəbirləri də tapılıb. Üçüncü qəbiristanlıqda səkkiz guşəli türbənin özülünü tapmışıq. Amma bu ərazini hələ qazmamışıq.

- Tədqiqat işləri təxminən nə vaxt yekunlaşacaq, ərazinin mühafizısi təmin olunubmu?

- Tədqiq etdiyimiz 40 hektarın hələ ki, 1,5 hektarını öyrənə bilmişik. Biz orta əsrin Ağsu şəhərini artıq arxeoloji turizm kompleksi halına gətiririk. Bütün cəhdlərimiz bu istiqamətdədir. Oktyabrın əvvəlində buranın açılışı olacaq, eyni zamanda IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı keçiriləcək. Konfransda Ağsu ilə bağlı məruzələr dinlənəcək, həm iştirakçıların, həm də media nümayəndələrinin tədqiq olunan ərazini görmək imkanı olacaq.

- Həyata keçirdiyiniz layihələr çərçivəsində hansı dövlət qurumları ilə çalışırsınız?

- Ağsu layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə işləyirik. Ekspedisiyasını onlar təşkil edirlər, maliyyə vəsaitini isə biz tapıb veririk. O cümlədən Ağsuda təşkil ediləcək beynəlxalq konfransı Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsi ilə birgə reallaşdıracağıq.

- İslamın tədqiqi ilə bağlı daha hansı layihələriniz var?

- “Azərbaycanın islam mədəniyyəti və tarixi-ensiklopedik məlumat kitabı” adlı layihəmiz var. Bu, Türkiyədə nəşr olunan islam ensiklopediyasının Azərbaycan variantıdır. Azərbaycanda islam mədəniyyətinin tarixi, islam abidələri və ənənələri haqqında məlumatların daxil edilməsi planlaşdırılır. İslama dair bütün termin və ifadələrin açıqlaması bu ensiklopediyada əksini tapacaq. Sahə mütəxəssislərinə də müraciət edəcəyik. Layihənin reallaşdırılması üçün müxtəlif yerlərə, xüsusən də bəzi fondlara müraciət etmişik. Hələ ki, dəstək almamışıq.

Ağsu ekspedisiyası və digər tədqiqatlarımız zamanı aşkar olunmuş materiallar əsasında “İslam arxeologiyasına giriş” adlı bir kitab hazırlamaq istəyirik. Gənc üzvlərimizi bu mövzu ilə bağlı dissertasiyalar götürməyə həvəsləndiririk.

- Siz müxtəlif pirləri və ibadət yerlərini də islam mirası kimi qəbul edirsinizmi?

- Bu yaxınlarda Qafqaz Universitetinin müəllimi Mehmet Rıhtımın “Azərbaycanda xəlvətilik və Seyid Yəhya Şirvani” adlı mükəmməl bir elmi əsəri nəşr olunub. Seyid Yəhya Şirvani Şamaxıda anadan olub, Bakıda vəfat edib. 40 il Şirvanşah Xəlilüllahın sarayında yaşayıb. O, xəlvətilik təriqətinin yaradıcısıdır. Birinci pir-ocağı Şamaxının Avaxıl kəndində, onun qəbri olan yerdədir. Ona aid ikinci pir Şirvanşah sarayında olub. Seyid Yəhya Şirvani 30-dan çox əsərin müəllifidir. Ziya Bünyadovun məlumatına görə, Seyid Yəhya Şirvani Bakıda akademiya yaradıb, dünyanın hər yerindən on minə yaxın gənc onun tələbəsi olub. Dünya miqyasında tanınmış sufi Qabriel Mandel də “xəlvəti” olub, Seyid Yəhya Şirvaninin yolunu gedib. Mehmet Rıhtım Seyid Yəhya Şirvaninin “Şəfavül-əsrar” əsərini Azərbaycan türkcəsində nəşr etdirib. Buna qədər əsər heç Türkiyə türkcəsində də dərc olunmayıb.
Lənkəranda türbəsi olan İbrahim Zahid Gilaninin də xəlvətilik təriqətinin əsas fikir babalarından olduğunu müəyyən etmişik. O ərazi də qədim şəhər xarabalığıdır. Biz layihə hazırlamışıq, dəstək olsa, bu ərazinin də tədqiqinə başlayacağıq.

www.mediaforum.az

Oxunub: 1226