Beşik eşqi

Azərbaycan… Millətin beşiyi. Dunyaya səpələnmiş əlli milyon soydaşımızın ümidi – gözünün tikəcəyi olan Vətən.
Yurd beşiyimiz. Sənin hərarətin, sənin ülfətin dunyanin harasında olsaq da yadımızdan çıxmaz. Gözümüzdən qıraq düşsə də, yurd könlümüzdən iraq düşən deyil.
Xaqani bir vaxt beşik eşqinin dili ilə deyirdi:
Şamaxı, ey mənim sevimli yurdum,
Mən sənin qoynunda xaniman qurdum.
Şamaxı sözün, sənətin, mənəvi dünyamızın ən ulu beşiklərindən biridir. Onun qoynunda pərvəriş tapmış sənətkarlar iki min illik bir dövr ərzində dünyaya baş ucalığı ilə baxır. Şirvan mənəvi mühiti dünya fikir xəzinəsinin ən büyük akademiyalarından biri olub.
“Şamaxı” fotoalbom kitabı. Tərtibçisi şair İskəndər Etibar. Yurd qarşısında mə­nəvi borcun ödənişi.
Bu borcu ancaq sevgi ilə, sonsuz məhəbbətlə qaytarmaq olar.
Şamaxının hər daşı Azərbaycan tarixinin ən qiymətli səhifələrindən biridir. Şəkillərin gözü ilə, şəkillərə hopmuş tarixin yaddaşı ilə Şamaxı Şirvan sevgisinin bir təzahürü də budur. Kitab şair İskəndər Etibarın sözün həqiqi mənasında, böyük fədakarlığı, ziyalı fədakarlığı ilə ərsəyə gəlib. Hər beşiyin öz nəğməsi var. Bu nəğmə də İskəndər Etibarın beşik eşqilə oxuduğu nəğmədir. Bu nəğmə “Sən kimsən, İskəndər Etibar?” sualına ən yaxşı cavabdır.
İskəndərin anası Anaxanım, atası Etibar kişidir. Kiçik beşiyi nənni, böyük eşq dolu beşiyi Şamaxıdır. Bu beşikdə dahilər, ədiblər, müdriklər sevgisi qaynayır. Onun xoşbəxtliyi odur ki, bu beşikdə yoğrulub, bu beşikdə laylalanıb, pərvazlanıb. Həyatın ziddiyyətli dialektikası bir də odur ki, bu torpaqda böyük dahilər, həm də onlara qənim kəsilən böyük xəbislər yetişib. Əks halda Xaqani, Nəsimi, Sabir, Hadi, Seyid Əzim faciələri də bizi narahat etməzdi. Təsəlli verən odur ki, axı, bura kəllələrin döyüş yeridir. Ağıllar, yəni şəxsiyyətlər birincilərdən da­ha yaxşı yazmaq, böyük kəşflər etmək uğrunda döyüşürlər, xəbislər isə özündən istedadını yox etməyə, kiçiltməyə çalışırlar. Bax, bu, vətənə, millətə, bəşərə ən böyük xəyanətdir.
İskəndər Etibarla о qədər doğmalaşmışam ki, bəzən elə bilirəm ki, onu beşikdə ikən tanıyıram. О çох saf insan, anadan şair doğulan, bütün ruhu, bədəni sözlə, eşqlə yoğrulan vətəndaşdır. Bütün bu dediklərimi onun axırıncı və əlimdə olan “Şa­maxı” kitab-albomu təsdiq edir.
Bu kitab-albom hər kəsin, xüsusilə, “şirvanlıyam”, “şamaxılıyam” deyənlərin qürur mənbəyi, yurda məhəbbət nümunəsi, vətəni daha dərindən öyrənmək üçün sevgi dərsliyidir. Bu kitab Şamaxı məktəblilərinin dərs vəsaiti olarsa, gələcək üçün yurd sevgisi ilə do­lu nəsil yetişər. Elə buna görə də inamla deyirəm – Şamaxı haqda neçə-neçə 300-500 səhifəlik kitab yazıla bilər. Fəqət həmin cild-cild kitablarda bu balaca kitab-albomdakı qədər İskəndər Etibar məhəbbətinin olacağına inanmıram. Bəli, quru rəqəm və faktlardan ibərət tarixi bədiiləşdirib demək üçün ancaq və ancaq İskəndər Etibar məhəbbəti gərəkdir.
Bu kitab-albomdakı hər söz, hər cümlə elə məhəbbətlə yoğrulub ki, insanın ürəyini isidir, əl vursan əlini də isidər. Bəli, vətəni belə sevdirərlər. Bu kitab-alboma qiymət qoymaqda acizəm. 16-15 cildlik kitabın dəyərindən və qiymətindən yüksəkdə durub bu kitab-albom. Bütünlükdə mətni, hər şəkilaltı sözü musiqi kimi, nəğmə kimi oxumaq olar. Çünki o nəsrdən, publisistikadan daha çox poeziya ruhu ilə yazılıb.
Məni həmişə İskəndər Etibarın vətənə, xalqına, bəşərə, xüsusən də Şa­maxı və şamaxılılara olan sonsuz məhəbbəti heyrətləndirib. Əminəm ki, bu kitab-albomu oxuyan hər kəs bu heyrətin şahidi olacaq. Görəsən şamaxılılar da İskəndər onları sevən qədər onu sevirlərmi? Əminəm ki, bu məhəbbət qarşılıqlıdır.
Bu kitab-albomla yanaşı, İskəndər Eti­barın son şeirlərini də çap edir və demək istəyirik ki, o, bir şair kimi Şirvan ədəbi məktəbinin layiqli davamçısıdır. Bəli, bu şeirlər deyir ki, bax, təzə orijinal deyilmi, şeir belə olar. Dahilərdən öyrən, onları təqlid eləmə.
Sözsüz ki, istedadlı övladları sevənlər çox olur. Lakin xəbislər də az deyil. Onlar içini yesə də, dilinin zəhərini də əsirgəmirlər. Mən bir şair, publisist kimi bu kitab-albomun işıq üzü görməsi münasibəti ilə elimizi-obamızı,о cümlədən şamaxılıları və İskəndər Etibarı təbrik edir, ona – ilhamın azalmasın –deyirəm.
Bu kitab-albom haray çəkir ki, vətəni, insanı, el-obanı İskəndər Etibar ki­mi sevin ki, sevdirə biləsiniz. Mənə elə gəlir ki, kitab-albomun üz qabığındakı:
Bu, mənim məhəbbətim,
Sahili yox sevgimdir.
Ürəyimdə hər kəsin
Görmədiyi sərgimdir
misraları bizim dediklərimizi bir daha təsdiq edir.
Bir vaxt Böyük İpək Yolu həm də Şirvandan keçirdi. Bir vaxt sövdəgərlər Çindən, Hindistandan gələn dəvə karvanları ilə Uzaq Şərqin dunyanın maddi-mədəniyyət örnəklərini və ənənələrini Şirvana çatdırmağı özlərinə borc bilirdilər. Həm də bu karvanlar Şirvandan dünyanın uzaqlara gedən yolları ilə Şirvanda yaradılmış sənət abidələrini aparırdılar. Bir vaxtlar Xaqani Şirvani, Şeyx Nizami, Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Məhəmməd Füzuli bu yolla aralarında sarsılmaz inam körpüsü qururdular.
“Samaxı” fotoalbom kitabı İskəndər Eti­barın “Sirvandan dünyaya” mənəviyyat körpüsüdür – Şirvanın bu günü, dünəni haqqında həqiqətləri danışan yaddaş körpüsü.

Ə.Xələfli

“Kredo” qəzeti, 18 iyul 2009, səh. 14.

Oxunub: 1121