Makedoniya konfransında Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Habibe Aliyeva, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Khalilli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Konul Hacıyeva, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Tahirə Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Gunel Seyidehmedli və Məhbarə Abbasova Azərbaycanı təmsil edəcəkdilər.
Konfransa getmək üçün maliyyə tapmaq çox çətin idi. İnstitut və universitetlər, iş yerləri ezamiyyələri artıq dəstəkləmirlər. QHT Şurasına müraciətimiz isə müsbət həll olunmamışdı. Hamı borc-xərc edib, “Terrorizm, Miqrasiyalar, Köçkünlər - Mədəni İrs və Dəyərlər, İqtisadiyyat, Turizm və Media ilə bağlı Müasir Çağırışlar” IV Beynəlxalq konfransına gedirdi.
AZALın və Bakıdan uçmağın qiymətlərinin iki dəfə baha olmasının ucbatından Skopyeyə Tiflis üzərindən getməyə qərar verdik. Cəmi 550 manata Bakıdan Tiflisə avtobusla gedir, Tiflisdən İstanbula oradan Skopyeyə Türk Hava Yolları aparır və geri qaytarırdı. Bura həm avtobus, həm də təyyarə xərcləri daxil idi.
Sürücümüz Orxan Qazaxdan olub, MİRASa könüldən bağlı insandır. Qardaşı Elxan isə Kəpəzdə oynamış futbolçulardandır, yol boyunca Makedoniya xarirələrindən danışdı.
Yolumuzda əsas dayanacağımız gəncəli rəssam Tahir Abbasovun evi oldu. Çay içdik, söhbət etdik. Qızı Məhbarə Abbasova da Makedoniyadakı konfransda məruzə edəcəkdi. Lakin o, Tiflis üzərindən deyil, Gəncədən uçacaqdı. Gəncə biletlərini məcburən almalı olmuşdu.
Avtobusumuz sərhəddə bizi düşürdü, sərhəddi keçdik, adam demək olar ki, yox idi. Bu tərəfdən danışdığımız taksi sərhədin o biri tərəfində bizi gözləyirdi. Azərbaycanda iqtisadi vəziyyətin çətinləşməsinin gürcü tərəfinə də təsir etməsindən gileylənirdi, sürücü.
Tiflisdən səhərə yaxın təyyarə ilə İstanbula gəldik. Hava şəraiti və təyyarənin dolmaması üzündən Skopye reysimiz dəyişmişdi. İstanbulda bir neçə yerə baş çəkə bilərdik.
İstanbuldakı Qız qalasında olmamışdım. Razılaşdıq, oranı ziyarət elədik. Qaladan çox restoranı xatırlatdığını etiraf etməliyəm. Ən yaxşısı ora getməməkdir, kənardan daha möhtəşəm görüntüsü var.
Minyatürkdə bir dəfə olmuşdum. Dostların istəyi ilə yenidən ora getdik. İstanbul Bələdiyyəsinin İCOM biletini tanımaması xoşuma gəlmədi, hamıdan pul alınırdı, güzəşt yox idi. Olsun, ona görə də bələdiyyənin nəzərinə çatdırmaq istəyirəm ki, artıq deqradasiyaya uğrayan, dağılan maketlərə qulluq eləmək, yeniləmək, eləcə də işləməyən elektron informasiya vasitələrinə yenidən baxmaq, işlətmək lazımdır. Axı ordakı turistlərdən göründüyü kimi, az pul qazanmırsınız. Əvvəl gördüyüm və dağılmağa üz tutan maketlərdən xoşhal olmadığım üçün gedib çay içməyə üstünlük verdim, dostlar gəzdilər.
İstanbulda Gəncədən gələn sənətşünas Məhbarə Abbasova və Konyadan gələn sənət tarixçisi Ahmet Aytaç bizə qoşuldu.
Axşam İstanbuldan Skopyeyə uçduq. Türk Hava Yolları dünya üçün bir nemətdir, istifadə edənlər necə də xoşbəxtdir. Skopyedə bizi İzo qarşıladı, sədaqətli İzo. Hər dəfə bizi o qarşılayır və yola salır. İzo dedi ki, konfransın təşkilatçısı professor Rubin Zemon Ohriddədir və bizi gözləyir. Bayıra çıxdıqda havanın sakitliyi fonunda ağ örpəyə bürünmüş Skopye bizi qarşıladı. Asan olmayacaqdı, onsuz da dolanbaclı yolların üzərinə qar düşmüşdü. Makedoniyalı İsgəndərin Skopyedəki möhtəşəm heykəlinin yanında bizi gözləyən Əlyazmalar İnstitutunun əməkdaşı Tahirə Əliyeva və oğlu Kamal Vəlixanovu da götürüb Ohridə yola düşdük. Yollar doğrudan da çətin keçilirdi, hər yer qar, sərt döngələr. Nəhayət gecə saat 1 radələrində DJ Apartments mehmanxanasına çatdıq. Professor Rubin Zemonla görüşdük, sabahkı proqramı öyrəndik. Məlum oldu ki, Bolqarıstandan keçə bilməyən misirli rəssamın sərgisi aş tutmayacaq, başqa yerlərdən gələnlərin də yetişməsində problemlər yaşanırdı. Binaların qızdırılmasında Makedoniyanın əziyyət çəkdiyi aydın görünür. Hər halda bütün çətinliklərin asan yolu da tapılır. Ahmet Aytaçla bir otaqda qalmağımız gecə keçənə qədər layihələr haqqında söhbət etməyimiz üçün şərait yaratmışdı. Moldova, Konya, Ağsu və Monqolustan konfransları ətrafında fikir mübadiləsi etdik.
Səhər yeməyindən sonra nümayəndə heyəti ilə qısa şəhər gəzintisi elədik. Konfransın keçirildiyi yerlə tanışlıq oldu. Saat 13.00-da konfrans öz işinə başladı. “Terrorizm, Miqrasiyalar, Köçkünlər - Mədəni İrs və Dəyərlər, İqtisadiyyat, Turizm və Media ilə bağlı Müasir Çağırışlar” IV Beynəlxalq konfransının açılış iclasında professor Rubin Zemon konfransın məqsədi və missiyası haqqında məlumat verdi, iştirakçılara təşəkkür etdi. Mən də Azərbaycan nümayəndə heyəti adından iştirakçıları salamladım, Azərbaycanın bu mövzuya həssas yanaşdığını və alimlərimizin araşdırmalarının əhəmiyyətindən danışdım. MİRAS mükafatını İdarə Heyətimiz adından Rubin Zemona təqdim etdim. Ohrid şəhər meri Angel Yanevə isə üzərində “Ağsu” yazılmış Gəgəli palazı nümunəsi hədiyyə etdim. Latviyalı alim Nadia Cherepan , Ohrid şəhər meri Angel Yanev və digər rəsmi qonaqlar çıxış etdilər.
Konfransın ilk məruzəsi Səlcuq Universitetinin əməkdaşı Ahmet Aytaç oldu. O, Gürcüstanda keçə və tikmə sənətkarlığı haqqında məruzə etdi. Azərbaycandan AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Tahirə Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Günel Seyidəhmədli və Məhbarə Abbasova müvafiq bölmələrdə çıxış etdilər. Azərbaycan alimləri konfransda Azərbaycanın üzləşdiyi işğal faktoru və qaçqınlar probleminə diqqət çəkiblər.
Mən “Tarixi Qarabağ bölgəsi irsinin sənədləşdirilməsi layihəsi”ndən bəhs edən çıxışımda bölgənin və mədəni irsin hazırki durumundan danışdəm. Qeyd etdim ki, hal-hazırda bölgə Ermənistan tərəfindən işğal altında saxlanıldığından azərbaycanlılar Qarabağ ərazisinə keçə bilmirlər (2014-cü ildə 3 nəfər qarabağlı atalarının qəbrini ziyarət etmək üçün Kəlbəcər ərazisinə keçmiş və Ermənistan silahlı qüvvələri onlardan 1-ni öldürmüş, 2-ni əsir alaraq, mühakimə etmişdir). Ərazinin böyük bir hissəsi minalanmışdır. Qarabağ ərazisi nəticədə nəzarətsiz bölgəyə çevrilmiş, narkotik istehsalı, daşınması və satışı, bölgəyə məxsus mədəni irs nümunələrinin digər ölkələrdə satışı və qaçaqmalçılıq geniş yayılmışdır. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası qətnamələr və digər hüquqi sənədlər qəbul etmiş, Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması ilə bağlı çağırışlar etmişlər. Daha sonra Qarabağın mədəni irs abidələrinə işğalçıların münasibətini göstərən “Xocalı vaxtı” filmimiz nümayiş olunub. Sonda qeyd etdim ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu gün dünyada tolerantlıq nümunəsi olan Azərbaycan Respublikası bütün Azərbaycan vətəndaşlarının, o cümlədən ermənilərin ölkədə təhlükəsiz və rahat yaşaması üçün zamindir və bu mədəni müxtəlifliyi təmin etmək üçün bütün imkanlara malikdir.
Sədr Nadzeya Çerepanın layihənin nə vaxt və hansı məqsədlə hazırlanması sualına cavabən Dünya Abidələr Fondu üçün hazırlandığını, siyasi mahiyyət daşıdığı əsas gətirilərək dəstəklənmədiyini qeyd etdim.
Konfransda keçən il baş tutmuş konfransın materillarından ibarət kitab da təqdim edildi. Kitabda Azərbaycandan çox sayda alimin elmi məqalələri yer alıb.
Konfrans yanvarın 18-də işini uğurla bitirdi.
Həmin gün köhnə dostların yanına Vevçani qəsəbəsindəki Kud-Drimkol foklor qrupunun nümayəndələri ilə görüşməyə getdik. Artıq 3-cü ildir ki, Tose Cocoroskinin rəhbərlik etdiyi qrupla mütəmadi görüşürük. Hətta qrup Azərbaycanda Ağsu şəhərində folklor konserti də verib. Maraqla qarşılanıb. Vevçani bulaqları məşhurdur. Konfrans iştirakçıları qarın səssizliyinin hökm sürdüyü meşələrin qoynundakı bulaqları ziyarət etdilər. Maraqlı gecə keçirdik. Via İqnasiya mərkəzində Bülbülün Memorial Muzeyinin təqdim etdiyi Bülbül diskinin içərisindəki Azərbaycan mahnılarını birlikdə dinləmək ayrıca zövq verdi.
Yanvarın 19-da bütün Makedoniyada Epifani bayramı keçirilir. Makedoniyada Vodiçi kimi də tanınır. Ağac xaç suya atılır, onu çıxaran həmin il qada-bəladan uzaq olur. Festival xarakteri alan Epifanidə xüsusi yemək və içkilər təqdim edilir. Dünyanın müxtəlif yerlərindən çox sayda turist Ohrid gölünün ətrafına toplaşır və mərasimi izləyirlər. Biz də izlədik.
Günortadan sonra bayram etməyən bölgələrdən biri Jupa bələdiyyəsinə qonaq getdik. Bələdiyyə binasında təşkil olunan dəyirmi masada öz problemlərimizdən danışdıq, 20 yanvar facisəsini yad etdik. Bələdiyyə sədri Ariyan Ibraim Azərbaycan nümayəndə heyətinə onlara diqqət ayırdıqları üçün minnətdarlıq edib. 20 yanvar faciəsindən xəbərdar olduqlarını və şəhidlərin ruhunu yad etdiklərini bildirib. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli və Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva 20 yanvar faciəsinin tariximizdə həm də qəhrəmanlıq səhifəsi olduğunu, şəhidlərin amalına - Azərbaycanın müstəqilliyinə qovuşduğunu qeyd ediblər. Jupa bələdiyyəsinin şöbə müdiri Sain Sakir və professor Rubin Zemon Makedoniya və Türkiyə dövlətlərinin birgə səyləri ilə türklər arasında görülən işlərdən danışıblar. Nümayəndə heyətimiz Mədəniyyət və Turizm Nazirliyi, Milli Azərbaycan Tarixi Muzeyi, Bülbülün Memorial Muzeyi, MİRAS İctimai Birliyi və ayrı-ayrı alimlərin adından Jupa bələdiyyəsinin kitabxanasına kitablar, broşürlər, jurnallar və disklər hədiyyə etdilər.
Daha sonra biz Mustafa Kamal Atatürkün baba evinin yerləşdiyi Kocacık kəndindəki xatirə muzeyini ziyarət etdik. Jupalılar istiqanlı, qonaqpərvər və kökünə bağlı bir toplum kimi yadımızda qalıb. Razılaşdıq ki, avqust ayında Jupa festivalına Azərbaycandan da qatılım olsun.
Yanvarın 20-də çoxdan arzuladığım, amma gedə bilmədiyim Albaniyaya birgünlük səfər baş tutdu. Əvvəlcə professor Rubin Zemon və torbeşilərdən Šerif Ajradinoski Kavaya şəhərinə bizi gətirdi, qısa ekskursdan sonra Durresə yola düşdük. Durresdə ilk ekskursiya amfiteatrdan başlandı, şəhərin evləri alınmış, arxeoloji tədqiqat aparılmış, möhtəşəm abidə üzə çıxmışdır. Hələ də qazıntılar mövsümi olaraq davam edir. İCOM biletim burada işə yaradı, 3 euroluq bileti pulsuz əldə etdim və həmin bilet Durres Arxeologiya Muzeyində də nəzərə alındı. Bledar Bica adlı gənc arxeoloq ekskursiyanı apardı və Durresin arxeoloji materiallarının zənginliyini anlamış olduq. Doğrudan da əsərlərə söz ola bilməzdi. Geyanın heykəlindən tutmuş sümük kosmetika alətlərinə, uşaq oyuncaqlarına qədər bütün əsərlər mükəmməl idi. Qismət olsa bir mövsüm buradakı qazıntılarda iştirak etməyin yeri var...
Durresə və Adriatik dənizinə yuxarıdan bir baxış keçirdikdən sonra tələsik Tiranaya yola düşdük. Axşamçağı, gün batmasına az qalmış Tiranada İsgəndər bəyin heykəlinin qarşısında şəkil çəkdirirdik. Albanlar qürurlu millət kimi görünür, qartal kimi... Hər nə də olsa Balkanlarda ikinci dövlətlərini də yarada bildilər, Kosovo. Əksəriyyəti müsəlman olan albanlar məscidləri boş qoymurlar. Axşam namazı vaxtı Ədhəm bəy məscidinə (1794-1821-ci illərdə tikilib) gəldikdə camaatı namazda gördük. Adını soruşmadığım, danışmaqda çətinlik çəkən ortayaşlı bir məscid işçisi elə səmimi münasibət göstərdi ki, çıxanda qucaqlaşıb ayrıldıq. Qələm işinin zənginliyinə söz ola bilməzdi, heyrət etdim, fotoları çəkmək üçün isə dostumuz yetərincə köməklik etdi.
Nənə Terezanın alban olduğunu iddia edirlər. Odur ki, şəhərin mərkəzində abidəsi ucaldılıbmış, görmək üçün həmin yerə getdik. Abidə yerində yox idi, onu başqa yerə, deyəsən havalimanına köçürmüşdülər.
Kommunist Ənvər Xocanın içi boş məqbərəsini də saxlayırlar. Bayrağa abidə də ucaldıblar. Albanlarda isə bir qafqaz istiliyi hiss olunur...
Albaniya və Makedoniyaya gediş-gəlişin azərbaycanlılar üçün vizasız olması təqdirəlayiqdir, bölgəyə turistləri cəlb etmək üçün yaxşı imkandır.
Yanvarın 21-də səhər yeməyindən dərhal sonra Ohrid qalasına çıxdıq, saat 9-da qalanın işçisi gəldi, qalanın qapılarını açdı və biz qalanın ilk ziyarətçisi olduq. İCOM kartım yenə işə yaradı. Qaladan Ohrid gölü və şəhəri çox möhtəşəm görünür. Qalanı kral Samuellə əlaqələndirirlər. Osmanlılar da bu qalada oturublar.
Qaladan aşağı enərək Müqəddəs Klement kilsəsi və həyətində aparılan arxeoloji qazıntı sahəsini ziyarət etdik. Burada bizi Slavian Stefanovski qarşıladı və kilsə, mozaika, freskalar haqqında məlumat verdi. Bu kilsə və kilsə qalıqlarının əhatəsində Sinan Çələbinin qəbrinin olması və TİKA tərəfindən bərpa edilməsi əlamətdar hadisədir. Osmanlı izi Balkanlarda aydın görünür.
Ohrid Arxeologiya Muzeyindəki qızıl fondu isə bronlaşdırılmış xüsusi otaqda saxlanılır. Çox maraqlı və materilları içərisində qadına məxsus yandırılmış skeleti olan qəbrin qızıl əşyaları seçilir. Robevçilərin evində yerləşən muzeydə Azərbaycan nümyəndə heyətini tanıdılar. Çünki biz iki öncə bu muzeydə Azərbaycanın arxeoloji inciləri sərgisi etmişdik.
Ohrid mirvarilərinin satıldığı dükanlarla əhatə olunmuş küçənin sonunda Kiril və Mefodinin heykəli yerləşir, oradan içəridə müsəlmanlara məxsus məscid və təkyələr yer alır.
Ohrid gölü qağayılarına çörək və peçenye yedirib Ohridlə vidalaşırıq. Yolumuz Skopyeyədir.
Skopyedə əvvəlcə Müasir İncəsənət Muzeyinə gedirik. Dünya şöhrətli rəssamların işlərindən müasir rəssamların yaradıcılığına qədər əsərlərə rast gəlmək olur. Muzey gəzintimiz Makedoniya Etnologiya Muzeyində də davam edir. Makedoniya xalqlarının və etnik qrupların əşyaları, geyimləri, sənət sahələri muzeydə aydın təqdim olunur. Muzeyin qarşısında Kurşunlu xan - karvansaray vardır. Baxımsız görünən bu Osmanlı irsinin gələcəkdə sahibləri tərəfindən bərpa ediləcəyinə inanırıq.
Gecə düşür və professor Rubin Zemonla sağollaşırıq. O, mənə Makedoniya və Albaniya arxeologiyası ilə əlaqədar kitablar bağışlayır. İzo isə bizi aeroporta gətirir. Az sonra İstanbula yetişirik. Xeyli gözlədikdən sonra Tiflisə yola düşürük. Tiflisdə və Azərbaycan sərhəddində yalnız kitablara reaksiya vermələri kitabların elm, bilik mənbəyi olması ilə yanaşı qorxulu silah olduğu da bir daha anlaşılır. Azərbaycan hərbçisi və sərhədçisinin makedon dilindəki arxeologiya kitabını vərəqləməsi və “anlaması” məni çox sevindirdi. Bizə aid deyil cümləsi isə onlara nəyin aid olması sualını beynimə qazıdı.
Vətəndən yoxdur, gəzdikcə dəyəri artır, gəzin, səyahət edin, dəyərini biləsiniz. ALLAH ölkəmizi qorusun...
Gəncəni yenidən gəzmək imkanımız oldu. Üzüldüm, bir daha. Dağıdılmış köhnə binaların yerində ikinci Bakı ab-havası məni sıxdı. Gəncə hara, əhəngdaşları hara. Qaşınmış köhnə binalar isə sanki ağlayırdı, günahımız nədir deyə, bəlkə bizi də birdəfəlik sökələr, qaşınmaqdan canımız qurtara.
Mirzə Abbas Abbaszadənin nəslindən Tahir Abbasovun evi və emalatxanası isə əsl sənət mərkəzidir. Gəncədə müasir incəsənətlə məşğul olan bir rəssamın olması və əsərlərinin düşündürücülüyü məni Gəncəyə bir daha həvəsləndirdi. Avropa otelinin yerində yaranmış şübhələrim üçün bir daha Gəncə deyib, yola düşdük. Yolboyu Həbibə xanımın aldığı Gəncə təndir çörəyi isə bizi Bakıya qədər müşaiyət elədi. Ölkəmə bolluq arzusu ilə di salamat olun, deyib evə yetişdim.
Fariz Xəlilli
tarix üzrə fəlsəfə doktoru