Qaziantep - 2015
12-2-2015

Fevralın 12-də Türkiyə Cümhuriyyətinin Qaziantep şəhərində Demar Beynəlxalq Sərgilər şirkətinin təşkil etdiyi Orta Şərq Turizm sərgisi açılıb. Sərgiyə Türkiyənin müxtəlif şəhər və bölgələrindən Mədəniyyət və Turizm idarələri, turizm şirkətləri, səyahət firmaları, otellər, iaşə və xidmət sahəsinin nümayəndələri qatılıblar.

Sərgini Qaziantep Valiliyi İl Kültür və Turizm müdiri Ergün Özsulu və Demar Beynəlxalq Sərgilər şirkətinin direktoru Recep Köymen açıb. Qaziantep və ətrafında son zamanlar turizm potensialının genişləndiyi, gələcəkdə daha da inkişaf edəcəyi vurğulanıb. 

Sərgidə Azərbaycan üçün ayrıca bölmə ayırılıb. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Heritage Travel və CTC Turizm şirkətləri Azərbaycanın mədəni irsi və turizm potensialına dair Azərbaycan Respublikası Mədəniyyət və Turzim Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş xeyli sayda kitab, kitabça, broşür, jurnal və disklər sərgiləyib. 

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli Azərbaycan bölməsini fəxri qonaqlara təqdim edib. Azərbaycanın turizm potensialının genişləndiyini və şaxələndiyini, mədəni irs turizminin, xüsusilə arxeoloji turizmin inkişaf etdiyini bildirib. 2014-cü ildə COMCEC-in dəstəklədiyi "Ümumi Mədəni İrs şəhərləri" Beynəlxalq arxeoloji turizm layihəsinin təqdim etdiyi tur-paketlərin bu sahədə daha geniş imkanlar açdığını vurğulayıb. Qaziantep Valiliyi İl Kültür və Turizm müdiri Ergün Özsulu Azərbaycanı turizm baxımından yaxından izlədiklərini qeyd edib. Demar Beynəlxalq Sərgilər şirkətinin direktoru Recep Köymen gələcəkdə də MİRAS İctimai Birliyi ilə əməkdaşlıq edəcəklərini bildirib. 

Açılış mərasimində və sərgi boyunca MİRAS Musiqi Qrupunun üzvləri (tarzən Mehman Mikayılov, kamança ustası Cahandar Mikayılov, xanəndələr Ruslan Adgözəlov və Gültəkin Qarabağlı) muğam ifa ediblər. Onların ifası sərgidə xüsusi maraqla qarşılanıb. 

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin üzvlərinin hazırladığı ağac oyma işlərinin də ayrıca satış sərgisi təqdim edilib.

Orta Şərq Turizm sərgisi 15 fevrala qədər davam edib.

Oxunub: 663