Tbilisi - 2015
19-2-2015
Fevral ayının 19-da Gürcüstan Respublikasının Tbilisi şəhərində "Mədəni irs və turizmin tədrisində innovativ metodlar" II beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransı "Dostlar üçün Gürcüstan" Beynəlxalq Assosasiyası, Turizm Geo-İnformasiya Mərkəzi və Golden Travel Georgia şirkəti təşkil edib.
Konfransın əsas hədəfi mədəni irs və turizm sahəsində tədricən inkişaf, eləcə də innovativ tədris metodlarının aşılanmasına dəstək məqsədilə yaradılmış ictimai platformanı genişləndirməkdir. Konfransda Gürcüstan, Azərbaycan və Rusiyadan olan tədqiqatçılar 2010-2013-cü illər "Terrakota Ordu" beynəlxalq sərgi layihəsi: təcrübə, nəticələr və arxeoloji mobil sərgi perspektivləri, Aşağı Kartli bölgəsində arxeoloji turizm potensialı və yerüstü axtarışlar, Gürcüstan və Azərbaycan üçün elektron turist xəritəsi, Gürcüstanda inanç turizminin inkişafı, Acar bölgəsində turizm brendinin formalaşdırılması problemləri və s. kimi mövzularda məruzələr ediblər.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli "Turizmin istifadəsi üçün mədəni irsin qorunmasına gənc baxış" mövzusunda çıxış edib. Fevralın 1-2-də Bakıda keçirilən Gənclərin I Beynəlxalq Mədəni İrs və Turizm Forumunda iştirak edən gənclərin bu sahədəki maraq və təkliflərini səsləndirib. Fariz Xəlilli qonşu və dost dövlət olan Gürcüstandan Azərbaycana turistlərin az gəlməsindən təəssüfləndiyini və gələcəkdə bu sahədə irəliləyişə nail olmaq üçün yetərincə potensialın olmasını qeyd edib.
Konfransın sonunda Azərbaycandan MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstandan "Dostlar üçün Gürcüstan" Beynəlxalq Assosasiyasının birgə "Turizm Təhsili Akademik Liqası - ALTE" layihəsi üzrə anlaşma memorandumu imzalanıb.
Oxunub: 864