ADPU Şamaxı filialı Pedaqoji fakultəsinin
103-cü qrup tələbəsi
Ədilova Dürdanə Mehman qızı
Elmi rəhbər: t.ü.f.d. Xəlilli Fariz Sabir oğlu
Plan:
1. Qədim Şumer ərazisində arxeoloji tədqiqatların qısa tarixçəsi
2. Ur şəhərində son tədqiqatlar və sərgilər
3. Uruk şəhərində son tədqiqatlar və Varka maskası
5. Şumer sivilizasiyasının qalıqları və YUNESKO
Şumer e. ə. 4000-2000-ci illərdə Cənubi Mesopotamiyada mövcud olmuş qədim sivilizasiyanın mərkəzidir. Şumerlərdən bəşəriyyətə möhtəşəm mədəni irs miras qalmışdır. Tarixdə şumerlərin 40-a qədər şəhərinin olduğu bəllidir. Şumerin ən böyük şəhərləri Eridu, Ur, Uruk, Kiş, Larsa, Laqaş, Nippur, Sippara, Umma, Suruppak və s.-dır.
Qədim Şumer ərazisində arxeoloji tədqiqatlar XIX əsrin ikinci yarısında genişlənmişdir. Ur şəhər yerində hələ 1625-ci ildə Pietro Della Valle olsa da, aşkarlanması və öyrənilməsi 1853-1854-cü illərdə Bəsrədəki ingilis səfiri Con Georq Teylora nəsib olmuşdur. Onun ekspedisiyası Tell əl-Müqəyyər adlı yerdə qazıntılar aparmış, şumer kitabələri, məbəd qalığı aşkar etmişdi. 1922-1934-cü illərdə Britaniya Muzeyi və Pensilvaniya Universitetinin birgə arxeoloji ekspedisiyası Çarlz Leonard Vullinin başçılığı altında Ur şəhərini öyrənmişdir. Burada yüzlərlə qəbir açılıb və onlardan onlarla qəbir Hökmdar Məzarı adlandırılıb.
Qədim Şərq tarixinin inciləri hesab edilən Ur kimi şəhərlərin qalıqları İraq müharibəsi zamanı dağıntılara məruz qalmış, Bağdad muzeyindən bir çox dünya mirası olan arxeoloji materiallar oğurlanmışdır. Bütün bu çətinliklərlə yanaşı, 2000-2016-cı illərdə Şumer şəhərlərində fasilələrlə arxeoloji tədqiqatlar davam etdirilib.
2001-2002-ci illərdə Almaniya Arxeologiya İnstitutunun əməkdaşları Margarite Van Ess, Joerg Fassbinder və Helmut Becker Uruk ərazisində maqnitometr tədqiqatlar, geofizik araşdırmalar aparmış, ardınca aero fotolar çəkmişlər. 2005-ci ildə bu tədqiqatları yüksək keyfiyyətli peyk fotoları ilə davam etdirmişlər.
"Uruklu Xanım" və "Şumer Mona Lizası" kimi tanınan Varka maskası e.ə. 3100-cü ilə aid edilir və insan sifətinin ilk təsvirlərindən biri hesab edilir. İnannanı təsvir etdiyi düşünülən uzunluğu 20 sm olan qadın sifəti mərmərdən düzəlmişdir. Varka maskası 2003-cü ilin aprelində Bağdadın işğalı zamanı İraq Milli Muzeyindən oğurlanmışdı. 2003-cü ilin sentybarında həmin maska tapılmış və muzeyə geri qaytarılmışdır.
Ur şəhər yerindən tapılmış çoxsaylı tarixi tapıntılar əsasən Britaniya Muzeyi və Pensilvaniya Universitetinin Arxeologiya və Antropologiya Muzeyində saxlanılır. 2011-ci ilin yazında Pensilvaniya Muzeyində "İraqın Qədim Keçmişi" sərgisində Ur Hökmdar Məzarlarından tapılmış məşhur əsərlər nümayiş etdirilmişdir. Pensilvaniya Muzeyinin "Urun Hökmdar Məzarlarından İncilər" sərgisi Amerikanın səkkiz muzeyində, o cümlədən Klivlend, Vaşinqton və Dallas şəhərlərində sərgilənmiş, tur Detroyt İncəsənət İnstitutunda 2011-ci ilin may ayında yekunlaşmışdır. 2009-cu ildə Pensilvaniya Universiteti və İraqın müştərək arxeoloji ekspedisiyası Ur yaşayış yerindəki qazıntıları yekunlaşdırmışdır.
2016-cı ilin iyun ayında İraq prezidenti Fuad Mənsur İraq ərazisində yerləşən və Mesopotomiya sivilizasiyasına aid abidələrin YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsinə dəstək göstərməsi üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məktubla müraciət etmişdir. Məktubda bildirilib ki, İraq dövləti yeddi ərazinin Ümumdünya irsi siyahısına daxil edilməsi üçün YUNESKO-ya müraciət edib. Onlardan Ur, Eridu, Uruk abidələrinin mədəni və arxeoloji əhəmiyyətinə, Huveyza bataqlığı, Orta bataqlıqlar və Hammar bataqlıqlarının şərq və qərb hissələrinin əhəmiyyətli təbiətinə və mədəni özünəməxsusluğuna görə həmin siyahıya daxil edilməsi məqsədəuyğun hesab olunur. Bu ərazilər dünya əhəmiyyətli bataqlıq əraziləri, yüzlərlə canlını və bitkini əhatə edən bioloji müxtəlifliyin məskəni olmaqla yanaşı, həm də qədim Şumer sivilizasiyasının müasir qalıqları kimi Ramsar Konvensiyasının siyahısına daxil edilib. Azərbaycanın ümumdünya mədəni irsinin qorunması sahəsində mühüm rol oynadığı və buna görə də YUNESKO Ümumdünya İrsi Komitəsinə üzv seçildiyi bir daha vurğulanıb. İraq dövləti Azərbaycanın dəstəyini böyük mənəvi yardım, daimi inkişaf və sabitliyin əldə edilməsi, ekstremizm və terrorizmlə mübarizə istiqamətində İraqa göstərilən kömək kimi qiymətləndirir.
2016-cı il iyulun 18-də İstanbulda Ümumdünya İrsi Komitəsinin 40-cı iclasında həmin abidələrin müvafiq siyahıya daxil edilməsinə dair səsvermə keçirilmiş və “Cənubi İraqın Ahvar bölgəsi: Bioloji müxtəlifliyin sığınacağı və Mesopotamiya şəhərlərinin relikt landşaftı” adı ilə daxil edilmişdir.
Ədəbiyyat:
1.Yusifov Y. Qədim Şərq tarixi. Bakı: Şərq və Qərb, 2007.
2. Munchaev R.M., Abramova M.P., Markovin V.I. Majkop i Mesopotamija: Itogi izuchenija i perspektivy. Institut Arkheologii RAN, 2001
3. http://edition.cnn.com/2003/WORLD/meast/09/23/sprj.nilaw.warka.mask
4. www.sputnik.az/azerbaijan/20160702/406033764.html
5. www.theguardian.com/environment/2016/jul/18/iraqi-marshlands-named-as-unesco-world-heritage-site