Tərəkəmə folkloru araşdırılır
7-11-2017

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”-nin qalibləri sırasında olan ”Quzuçuyam, quzu məndə: Məktəb nəzdində tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması” adlı layihə tərəkəmələrin həyat tərzi barədə, onların ta qədimdən indiyə kimi yaddaşlarda qalan folklorunu, deyimlərini, bayatı, şeir yaradıcılığını araşdırır və təbliğ edir. Layihənin rəhbəri, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev agsunews.az regional xəbər portalının suallarını cavablandırıb.  

Məktəbinizin tarixi haqqında qısa məlumat verərdiniz? 

- Məktəbimiz 1990-cı ildən fəaliyyət göstərir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Həqiqət Musayevin adını daşıyır. İlkin mərhələdə ibtidai məktəb kimi fəaliyyətə başlamış sonradan ümumi orta təhsil müəssisəsi statusu verilmişdir. Hal-hazırda məktəbdə 123 şagird təhsil alır.

Məktəb direktorluğu çətin deyil ki?

- Çətindi, həm də məsuliyyətlidir. Bir var ki, bir sinfi, yaxud məktəbin hər hansı konkret sahəsini idarə edəsən, bir də var ki, məktəbə aid olan bütün sahələrin idarə olnması sənin üzərində ola. Təhsil qanunlarını mükəmməl bilməlisən, hüquqşünaslığın olmalıdır, çünki Əmək Məcəlləsinin müddəalarının məktəbdə tətbiqi sənlikdir, maliyyə sahəsində lazımi savadın olmalıdır, psixoloq bacarığın olmalıdır və nəhayətdə müəllimsən. Elm hər gün artmırsa, demək, azalır. Müəllim kimi də öz üzərində işləməyin mütləqdir.

Məktəbinizin adından fərdi olaraq Təhsil Nazirliyinin qrant müsabiqəsinin qalibi olmusunuz. Layihənizin məqsədi nədir?

- Layihəmizin məqsədi özlüyümüzü özümüzə tanıtmaq, yaddaşımızdan uzaq düşənləri  yenidən xatırlamaq və xatırlatmaq. Fikrimi daha geniş şəkildə bildirsəm,  məktəbin nəzdində Tərəkəmə folkloru qrupunu yaratmaq, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək tarix kabinetinə təsadüfən aşkar olunmuş arxeoloji, eləcə də etnoqrafik materialları toplamaq, etnoqrafik sorğular keçirmək, kəndimizin folklorunu araşdırmaq, məktəblilərə qədim tariximizi və folklorumuzu sevdirmək. 

Layihənin qarşısında duran vəzifələr və hədəfiniz barədə nə deyə bilərsiniz?

- Bayaq qeyd etdiyim kimi məktəbimizin nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunu yaratmağı planlaşdırırıq. Qrupun tərkibinə aktiv məktəblilər, maraqlı müəllimlər və savadlı valideynləri daxil edəcəyik.  Folklor qrupunun üzvləri etnoqrafik sorğular keçirəcək, kəndimizin folklorunu araşdıracaq. Həm müəllimlər, həm valideynlər, həm də məktəbliləri folklorla bağlı məqalə və esselər yazmağa, rəsm və fotolar çəkməyə həvəsləndirmək niyyətindəyik. Bu məqsədlə də layihə çərçivəsində müsabiqə elan etmək fikrindəyik. Müsabiqə təkcə öz məktəbimizi, yaxud rayonun məktəblərini deyil, respublikamızın bütün məktəblərinin şagirdlərini əhatə edəcək. Hətta dünyanın istənilən məktəbinin şagirdi layihə çərçivəsində iştirak etmək hüququ olacaq. Qaliblərə sertifikatlar və müəyyən həvəsləndirici mükafatlar veriləcək.

Layihə məktəblilərin dünyagörüşünün inkişafına və biliklərinin möhkəmləndirilməsinə necə təsir göstərəcək?

- Mədəni irsimizi, tariximizi və folklorumuzu təbliğ etməyə ən aşağı yaşlardan başlanmalı, məktəblərdə keçilən dərslərlə yanaşı müxtəlif sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərlə məktəblilərin bilik və bacarıqlarını inkişaf etdirmək lazımdır. Buna görə də pedaqoqikanın qızıl qanunu – öyrənənin öyrəndiyinə maksimum səviyyədə meyl və marağının yaradılması prinsipi tam gücü ilə işləməlidir. Əgər onların körpə beyinlərinin yaddaş tutumu ilkin olaraq evinə, ailəsinə, elinə, obasına və nəticədə yaşadığı vətəninə, onun tarixinə, folkloruna sevgi və hörmət hissi ilə dolub zənginləşsə, əlavə, lazımsız, yuxarıda söylədiklərimə əks düşüncələrə yer qalmayacaq.

Layihə digər qurumlarla münasibətlər baxımından hansı imkanları yaradacaq?

- Kəndimizdə Tərəkəmə Çərşənbəsi folklor festivalının keçirilməsinə dəstək olmaq, məktəblilərin folklor oyun və tamaşalarını hazırlamaq, digər kənd, rayon və Bakı şəhərinin məktəblərində (əlbəttə, əgər təkliflər olsa) çıxış etməkdir. Həmin məktəbin  aktiv məktəblilərinin də festivalda iştirakına kömək olmaqdır. Layihənin həyata keçirilməsində həmçinin “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi də tərəfdaş kimi yaxından iştirak edir. İctimai əlaqələrin qurulmasında, hətta beynəlxalq səviyyədə münasibətlərin yaradılmasında “Miras”ın köməyindən istifadə  olunmasına ümidliyik. 

Layihənin davamlılığı haqqında nə düşünürsünüz?

- Biz ki, hələ indi başlamışıq. Hər hansı başlanğıcın davamı mütləqdir.

 
Oxunub: 849