Azərbaycanın elm xadimləri içərisində Abbasqulu Ağa Bakıxanovun (1794-1846) özünəməxsus yeri vardır. O, ensiklopedik biliyə malik olub, tarix, dil-ədəbiyyat, coğrafıya, fəlsəfə, məntiq, astronomiya elmlərindən bəhs edən əsərlərin müəllifidir. A.A.Bakıxanovun həyatı, fəaliyyəti və əsərləri görkəmli alimlərimiz tərəfindən tədqiq olunmuş, haqqında kitablar nəşr edilmişdir. Bununla yanaşı, A.A.Bakıxanovun elmi-ədəbi fəaliyyətinin, irsinin təsəvvüflə bağlılığı haqqında az yazılmışdır. Bəzən bu mövzuya toxunulmamış, bəzən inkar edilmiş, bəzən təsəvvüflə bağlı olduğunu dünyagörüşünün ziddiyyətliliyi ilə əlaqələndirmişlər. Mərhum Ənvər Əhmədov A.A.Bakıxanovun fəlsəfi dünyagörüşünü şərh edərkən bu məsələyə diqqətlə yanaşmışdır.
A.A.Bakıxanov nəzm əsərlərində təsəvvüflə bağlı çoxlu sayda sözlər (həqiqət, mərifət, yol, fəna, bəqa, hal, sirr, eşq, məhəbbət, saqi, mey, şərab, kəşf, nəfs, aşiq, məşuq, vəhdət və s.) işlətmişdir. Bəzən təsəvvüfi mənada işlətdiyi anlayışların mənasını da açıqlamış, bu mənalar arasındakı ayrılığı incəliklə izah etmişdir:
Bir mey istər, qüvvət verə o mey dinə, ağıla,
O mey yox ki, onunla din, ağıl, hünər dağıla.
Nəsr formasında yazılmış “Təhzibi-əxlaq” əsəri əxlaq məsələlərinə həsr olunsa da, müəllifin təsəvvüfi baxışları burada da ön plandadır. O, tez-tez sufilərdən (Sənai, Mövlanə, Sədi, Qasımi-Ənvar, Hafiz, Şəbüstəri və b.) iqtibaslar gətirir, onların əxlaqın gözəlliyinə dair yazdıqlarını təqdir edir. Hakim Sənai (1070-1140/41) A.A.Bakıxanovun daha çox müraciət etdiyi sufidir ki, Əbdürrəhman Cami (1414-1492) onun haqqında yazmışdır: “Sufilər tayfasının ən böyük şairlərindəndir. Sufilər, sözlərini qüvvələndirmək üçün bu şəxsin şeirlərindən daim dəlil və şahid olaraq istifadə etmişlər”. Əsərinin xatimə hissəsində A.A.Bakıxanov təsəvvüfi görüşlərini daha qabarıq vermişdir:
Mərifət ücün eşqdən başqa həqiqi yol yoxdur,
Hər məqama ancaq bu yolla gedib çatmaq olur.
Hər kəs həqiqət və mərifətə, fəna və bəqa aləminə eşq və məhəbbət ilə yetişə bilər. Eşqin məskəni kimi ürəyi həmişə təmiz, pak saxlamaq, onu nəfsani pisliklərdən qorumaq lazımdır. Orada o, Allahın nurlarını, bütün şeylərin həqiqətini əks etdirər.
Beləliklə, A.A.Bakıxanovun sufilərin “vəhdəti-vücud” anlayışını qəbul etdiyi aydın görünür. Hətta məşhur “vəhdəti-vücud” alimlərindən İbnül Fəridə (v. 1234) yönələrək
İbn əl-Fərid kimi fürsət tapa bilsəm mən hərgah,
Xalqı yeni xəbərlərdən eyləyərdim mən agah,
- deyir.
A.A.Bakıxanovun əsərlərində elmi ciddilik və səmimilik vardır. O, Quran ayələrinə və hədisi-şəriflərə tez-tez müraciət etmiş, Şərq və Qərb mütəfəkkirlərinin dəyərli fikir və ideyalarından bəhrələnmişdir.
Müasir dövrdə belə əhəmiyyətini itirməyən və getdikcə çiçəklənən təsəvvüf elminin müxtəlif məsələləri haqqında A.A.Bakıxanovun əsərlərində bəhs etməsi, zənnimizcə, klassik irsimizə varislik hisslərindən doğmuşdur. Təsəvvüfi görüşlərini nə qədər aydın acıqlasa da, onun sufi olub-olmaması qaranlıq məsələdir.
Bütün tədqiqatçılar A.A.Bakıxanovun təsəvvüfi əsərlərini daha çox “Gülüstan” elmi-ədəbi məclisindən sonra yaratdığını dönə-dönə vurğulamışlar. Bu, həqiqətən, belədir. Belə ki, sufilərin dünyagörüşünə Sənainin, Ruminin, Sədinin, Hafizin, İbnül Fəridin, Şəbüstərinin, Caminin əsərlərini oxuduqdan sonra rəğbət bəsləyən A.A.Bakıxanov bu dəfə öz dostlarının simasında əsl sufilərə rast gəlmişdir. Həm Abdulla əl-Qadari, həm də Tahircanlı Əmirəli nəqşibəndi şeyxləri olub, “Gülüstan” elmi-ədəbi məclisinin bizə məlum olan üç üzvündən ikisidir.
Məlumdur ki, 1835-ci ildə A.A.Bakıxanov məzuniyyətə çıxmış, Qubanın Amsar kəndində, atasının malikanəsində yaşamağa başlamışdır. Həmin illərdə Abbasqulu Ağa Bakıxanov, Abdulla əl-Qadari və Əmirəli Tahircanlının iştirakı ilə “Gülüstan” elmi-ədəbi məclis təşkil olunmuşdur. Məclisin təşkil olunmasında əsas məqsəd dini elmlər (xüsusən təsəvvüf) və sufi ədəbiyyatı ətrafında müzakirələr aparmaq idi. Burada klassik şairlər, sufilər mütaliə edilir, onlara nəzirələr yazılır, yaxşı şer yazmaq məqsədilə yarışlar təşkil olunur, fəlsəfi söhbət və mübahisələr aparılırdı. Bu baxımdan, “Gülüstan” elmi-ədəbi məclisinin şeirimizin tarixində müəyyən yeri var və sonrakı şer məclislərinin başlanğıcıdır.
Abdulla əl-Qadarinin (Hacı Molla Abdulla Axund) “Gülüstan” elmi-ədəbi məclisində iştirak etdiyini ilk dəfə Firidun bəy Köçərli göstərmişdir.
Zənnimizcə, onun mənbəsi Həsən əl-Qadari olmalıdır. Sonrakı müəlliflər onu, sadəcə, xatırlamış, fəaliyyətinə isə toxunmamışlar. Abdulla əl-Qadari haqqında nisbətən dolğun məlumatı Mövlud Yarəhmədov vermiş, nəqşibəndiyyə mürşidi olduğunu isə qeyd etməmişdir.
Abdulla əl-Qadari “Asari-Dağıstan” əsərinin müəllifi olan Həsən əl-Qadarinin (1834-1910) atası, nəqşibəndiyyə mürşidi Şeyx Molla Məhəmməd Yaraqlının (1777-1839) qızı Hafizənin həyat yoldaşıdır. O, atası Qurbanəli əl-Qadaridən və Mahmudkəndli Səlim əfəndidən zahiri bilikləri öyrənmiş, Şeyx Molla Məhəmməd Yaraqlıya intisab etdikdən sonra nəqşibəndiyyə təriqətinin sirlərinə vaqif olmuşdur. 1829-cu ildə öz mürşidi ilə Avarıstana köçmüş, daim şeyxinin mənəvi xidmətində durmuşdur. Məhəmməd Yaraqlının qızı ilə evlənmiş, 1834-cü ildə oğlu Həsən doğulmuşdur.
1835-ci ildə Abdulla Əlqadari digər nəqşibəndiyyə şeyxi Tahircanlı Əmirəli ilə Amsarkəndində Abbasqulu Ağa Bakıxanovu ziyarət etmiş, burada “Gülüstan” məclisinin əsasını qoymuşdur. O, Abbasqulu Ağa Bakıxanovun səxsi kitabxanasındakı Təftəzani Sadəddin Məsud ibn Ömərin “Mütəvvəl şərhi-təlxis” (ərəb dilində), Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüara” (fars dilində), Abbasqulu Ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərlərinin üzünü köçürmüşdür. Abbasqulu Ağa Bakıxanov ona nəqşibəndiyyə böyüklərindən Əlişir Nəvainin (v. 1501) “Çahar divan”ını (özbək dilində) bağışlamışdır.
1838-ci ildə Əlqadar kəndinə qayıdan Abdulla Əlqadari burada mədrəsə açmışdır. Mədrəsənin açılmasında Abbasqulu Ağa Bakıxanovun yeznəsi qazıqumuqlu Mirzə Məhəmməd xan yaxından köməklik göstərmişdir. Mədrəsədə Abbasqulu Ağa Bakıxanovun əsərlərinin də tədris edildiyini güman etmək olar. Sonralar şeyxin oğlu Həsən Əlqadari “Asari-Dağıstan” əsərini məhz “Gülüstani-İrəm”in təsiri altında və ona istinadən Azərbaycan türkcəsi ilə yazmışdır.
1846-cı ildə Abbasqulu Ağa Bakıxanov Abdulla Əlqadari və Əmirəli Tahircanlı ilə birlikdə Şərq səfərinə çıxır. Bu məqsədlə onlar İranda, Osmanlıda olmuş, Məkkədə Kəbəni ziyarət etmiş, Mədinəyə yollanmışlar. Lakin Abdulla Əlqadari Fatimə vadisində dostlarını – Abbasqulu Ağa Bakıxanovu və Əmirəli Tahircanlını vəba xəstəliyinin yoluxması nəticəsində əbədi itirmişdir.
Abdulla Əlqadari vətənə qayıtmış, Əlqadar mədrəsəsində tədris fəaliyyətini davam etdirmişdir. O, 1861-ci ildə Əlqadar kəndində vəfat etmişdir.
Əmirəli Tahircanlının “Gülüstan” elmi-edəbi məclisində iştirak etdiyini ilk dəfə Mövlud Yarəhmədov göstərmişdir. Onun mənbəsi Abdulla Əlqadarinin nəvələri Hüseynov Əbdülkərim, İmam və Nəcməddinin söhbətləri olmuşdur.
Əmirəli Tahircanlı 1790-cı ildə, Quba xanlığının Tahircanlı kəndində (Qusar rayonu) anadan olmuşdur. İlk təhsilini Qubada mədrəsədə almışdır. Burada Abbasqulu Ağa Bakıxanovla birlikdə oxuduğu rəvayət olunur. Təhsilini bitirdikdən sonra Yaraq kəndinə gedərək Molla Məhəmmədə intisab etmiş, onun mənəvi xidmətində durmuş, çar hökumətinin yaratdığı çətinliklərə səbr etmiş, nəqşibəndiyyə təriqətində irşad etmək üçün icazənamə almışdır. Şeyxin qardaşı qızı Məmunə ilə evlənmiş, Yaraq mədrəsəsində müəllimlik və rəhbərlik etməyə başlamışdır. 1829-1832-ci illərdə Rusiyanın ayrı-ayrı quberniyalarında sürgün həyatı keçirmişdir. Vətənə qayıtdıqdan sonra mədrəsədəki fəaliyyətini davam etdirmişdir. Abbasqulu Ağa Bakıxanov ilə eİmi-ədəbi əlaqələri “Gülüstan” məclisinin fəaliyyətində 1835-ci ildən özünü göstərmişdir. 1846-cı ildə Fatimə vadisində vəfat etmişdir.
Beləliklə, bütün bu qeyd olunan faktlardan Abbasqulu Ağa Bakıxanovun sufizmə meyl etdiyi, nəqşibəndiyyə şeyxlərinə rəğbət bəslədiyi görünür.
“Elm” qəzeti, 31 mart 2004-cü il, s. 12