
Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti
February 26, 2026Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi yeni layihə əsaslı dərs proqramları hazırlanıb.
Azərbaycanın zəngin qeyri-maddi mədəni irsini öyrənmək, yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədilə müxtəlif istiqamətlər üzrə 8 təlim qrupuna iştirakçı qəbulu elan edilir. Təlimlər nəzəri biliklərlə yanaşı, praktiki məşğələlər, ustad dərsləri və canlı təqdimatlarla müşayiət olunacaq.
Ümumi məlumat:
Müddət: hər qrup üzrə 5 gün
Günlük tədris: 4 saat
Ümumi saat: 20 saat
Tədris forması: nəzəri dərslər, praktiki məşğələlər, ustad dərsləri, təqdimatlar
Məkan: Zərgərpalan hamamı, Bakı şəhəri Yasamal rayonu Həmidağa Hüseynzadə küçəsi 11
Tarix: 10 mart – 30 aprel 2026-cı il
Təlim qrupları və istiqamətlər:
I Qrup – Musiqi və ifaçılıq sənəti
Elementlər: Muğam, tar, kamança, balaban
Muğamın nəzəri əsasları, alətlərin hazırlanması və ifa texnikaları ustad dərsləri və praktiki məşqlərlə öyrədiləcək, yekunda canlı təqdimat təşkil olunacaq.
II Qrup – Şifahi xalq ədəbiyyatı və söz mədəniyyəti
Elementlər: Dədə Qorqud irsi, aşıq sənəti, Molla Nəsrəddin lətifələri
Dastan, nağıl və aşıq poeziyası, şifahi nəql və improvizasiya bacarıqları interaktiv məşğələlərlə inkişaf etdiriləcək.
III Qrup – Rəqs, oyun və ənənəvi idman mədəniyyəti
Elementlər: Çovqan, yallı rəqsləri, pəhləvanlıq və zorxana
Rəqs və kollektiv oyunların tarixi, sosial funksiyası və praktiki icrası ustad dərsləri və nümayişlərlə təqdim olunacaq.
IV Qrup – Ənənəvi tekstil, naxış və simvolika mədəniyyəti
Elementlər: Xalçaçılıq, kəlağayı, ipək istehsalı
Xalça və kəlağayı naxışlarının dili, təbii boyama üsulları və toxuculuq üzrə praktiki məşğələlər keçiriləcək.
V Qrup – Xalq sənətkarlığı və təsviri-dekorativ sənət
Elementlər: Lahıc misgərlik, sədəf, miniatür, təzhib
Material və texnikalar, ornament və kompozisiya prinsipləri ustad dərsləri ilə öyrədiləcək, iştirakçılar yaradıcılıq işlərini təqdim edəcəklər.
VI Qrup – Mətbəx, çörək və yemək mədəniyyəti
Elementlər: Təndir çörəyi, lavaş və nazik çörəklər, dolma
Azərbaycan mətbəxinin sosial və mənəvi dəyərləri praktiki bişirmə və süfrə təqdimatı ilə öyrədiləcək.
VII Qrup – Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti
Elementlər: İftar ənənələri, çay mədəniyyəti
Süfrə etikası, qonaqpərvərlik qaydaları və sosial ünsiyyət bacarıqları praktiki məşğələlərlə inkişaf etdiriləcək.
VIII Qrup – Bayramlar və kollektiv mərasim mədəniyyəti
Elementlər: Novruz bayramı, Nar bayramı
Bayram ritualları, kollektiv icra və mərasim təşkilatçılığı praktiki fəaliyyətlər və təqdimatlarla öyrədiləcək.
Kimlər müraciət edə bilər:
Gənclər və tələbələr;
Mədəniyyət və incəsənət sahəsinə marağı olan şəxslər;
Müəllimlər, tədqiqatçılar və yaradıcı şəxslər
Qeyri-maddi mədəni irs sahəsində bilik və bacarıqlarını artırmaq istəyən hər kəs.
Qeydiyyat:
İştirak etmək istəyənlər seçdikləri qrup üzrə müraciət etməlidirlər.
Əlaqə nömrəsi: +994 50 610 70 50
E-poçt: miraspresscenter@gmail.com
Tələb: müraciət edən şəxs qısa bioqrafik məlumatını göndərməlidir
İrsimizi birlikdə öyrənək, yaşadaq və gələcək nəsillərə ötürək. Təlimlər sizə həm nəzəri bilik, həm də canlı mədəni təcrübə qazandıracaq. İştirakınızı məmnuniyyətlə gözləyirik.




