
Bayramlar və kollektiv mərasim mədəniyyəti
March 6, 202610-14 mart 2026-cı il tarixlərində Bakı şəhərində yerləşən tarixi Zərgərpalan hamamında Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan dərs proqramlarının ilk tematik qrupu – “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə təlimlər keçirilib. Bu dərslər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub.
Layihə çərçivəsində müxtəlif sahələri əhatə edən səkkiz tematik qrup üzrə yeni layihə əsaslı tədris proqramları hazırlanıb. Bu proqramlar YUNESKO-nun Qeyri-maddi mədəni irs ilkin siyahısında olan milli irsin konkret elementləri əsasında dərin düşünmə, yaradıcılıq və praktiki öyrənmə prinsiplərinə uyğun şəkildə qurulub. İlk olaraq keçirilən “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” qrupu üzrə təlimlər layihə əsaslı öyrənmə (Project-Based Learning – PBL) metodologiyası əsasında təşkil olunub.
Beş gün davam edən proqramın ümumi müddəti 20 saat olub və gündəlik tədris 4 saat təşkil edib. Tədris proqramı çərçivəsində iki mühüm qeyri-maddi mədəni irs elementi – iftar və onun sosial-mədəni ənənələri, həmçinin çay mədəniyyəti kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi mövzuları nəzəri və praktik baxımdan araşdırılıb. Proqramın əsas məqsədi qeyri-maddi mədəni irs anlayışının dərin mənimsənilməsi, iftar və çay süfrəsinin sosial-semiotik təhlili, süfrə modelinin tarixi və dini əsaslandırılması, eləcə də bu irs elementləri əsasında tətbiqi mədəni modelin qurulması olub. Təlimin əsas tədqiqat sualı isə “Qeyri-maddi mədəni irs kontekstində iftar və çay süfrəsinin müasir interpretasiyası necə qurula bilər?” kimi müəyyənləşdirilib.
Proqramın ilk günü – 10 mart tarixində qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova (“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi) tərəfindən aparılıb. Layihə haqqında məlumat Dr. Fariz Xəlilli (“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi) tərəfindən təqdim olunub. Daha sonra Prof.Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) “Qeyri-maddi mədəni irs nədir?” mövzusunda, Prof.Dr. Kübra Əliyeva (AMEA Arxeologiya və Antropologiya İnstitutu) isə “Xalqımızın süfrə və mətbəx mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib. Günün sonunda iştirakçılar üçün “Süfrə konsept xəritəsinin hazırlanması” layihə tapşırığı verilib.
11 mart tarixində keçirilən ikinci modul maddi və estetik struktura həsr olunub. Bu gün Dr. Ceyhun İsmayılov (“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu) “Azərbaycanda çay mədəniyyəti”, Prof.Dr. Vəfa Mahmudova (AMEA Arxeologiya və Antropologiya İnstitutu) isə “Azərbaycan maddi-mədəniyyətində iftar məsələsi” mövzularında çıxış ediblər. Günün praktik hissəsində aşbaz-sahibkar, dondurulmuş yeməklərin satışı üzrə mütəxəssis Könül İbrahimova – @homefoodbykonul – tərəfindən “Çay dəstgahı praktik ustad dərsi” keçirilib. İştirakçılar günün layihə tapşırığı olaraq süfrənin estetik kompozisiya planını hazırlayıblar.
12 mart tarixində keçirilən üçüncü modul iftarın dini və sosial kontekstinə həsr olunub. Bu gün Dos.Dr. Əhməd Niyazov (Azərbaycan İlahiyyat İnstitutu) “Oruc və iftar”, Dos.Dr. Ruslan Atakişiyev (İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi) isə “Zəkat və islam maliyyəsi” mövzularında məruzələr təqdim ediblər. Günün layihə tapşırığı iftar modelinin dini və sosial əsaslandırılmasının hazırlanması olub.
13 mart tarixində keçirilən dördüncü modul sosial ünsiyyət və sufi kontekstinə həsr edilib. Arzu Soltan Həsənli (“Azərbaycan məktəbi” jurnalı) “Qonaqpərvərlikdə sosial ünsiyyət bacarıqları” mövzusunda məruzə edib. Dr. Fariz Xəlilli (AMEA Arxeologiya və Antropologiya İnstitutu) isə “Seyid Yəhya Bakuvinin “Şəfaül-Əsrar” əsərində sufi orucu və Mir Həmzə Seyid Nigarinin “Çaynamə” məsnəvisində çay mədəniyyəti əsaslı sufi ədəbi” mövzusunda təqdimatla çıxış edib. Bu gün iştirakçılar süfrənin sosial ssenarisini hazırlayıblar.
14 mart tarixində keçirilən son modul çərçivəsində iştirakçılar “Mükəmməl iftar və çay süfrəsi” adlı qrup layihələrini təqdim ediblər. Təqdimat sessiyası Dr. Fariz Xəlilli tərəfindən aparılıb. İştirakçıların yekun qiymətləndirilməsi Prof.Dr. Şikar Qasımov tərəfindən həyata keçirilib. Günün sonunda aşbaz-sahibkar Könül İbrahimova tərəfindən örnək iftar süfrəsi üzrə praktik ustad dərsi keçirilib.
Proqramın yekununda iştirakçıların layihələri elmi əsaslandırma, mədəni uyğunluq, estetik quruluş, komanda işi və təqdimat bacarığı meyarları əsasında qiymətləndirilib. Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyıb.
Təlim proqramının sonunda iştirakçılar qeyri-maddi mədəni irsin nəzəri əsaslarını izah etmək, iftar və çay mədəniyyətini funksional sistem kimi təhlil etmək, süfrə modelini konseptual şəkildə layihələndirmək və elmi əsaslandırılmış təqdimat bacarığı nümayiş etdirmək kimi bilik və bacarıqlar əldə ediblər.




